Ölkənin ictimai-siyasi həyatında qadınların rolu artır

  

YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının konfransı keçirildi

 

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Qadınlar Şurasının II konfransı keçirildi. Azərbaycanın dövlət himni səsləndikdən sonra bu il anadan olmalarının 90 illiyi qeyd olunacaq ümummilli lider, YAP-ın yaradıcısı Heydər Əliyevin və akademik, milli oftolmologiya elminin banisi Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov rayonun sosial- iqtisadi inkişafında, ictimai-siyasi həyatında önəmli rolu olan qadınların fəaliyyətini yüksək dəyərləndirdi.

Ötən konfransdan sonra görülən işlər barədə hesabat verən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Tünzalə Süleymanova bildirdi ki, Azərbaycan tarixində əbədiyaşarlıq qazanan siyasətçi, dövlət xadimi, sərkərdə qadınların ənənələrini bu gün davam etdirən qadınlar cəmiyyətin aparıcı qüvvəsi kimi üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər:

Suraxanı rayonunun qadınları da ölkədə aparılan geniş quruculuq işlərində, təhsildə, səhiyyədə, milli mənəvi dəyərlərimizin qorunub, təbliğ edilməsində fərqlənirlər. Qadın hüquqlarının qorunması üçün mükəmməl hüquqi baza formalaşmışdır. Gender siyasətinin yerinə yetirilməsi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, qadın hüquqlarının qorunması ilə məşğul olan QHT-nin fəaliyyəti üçün demokratik şəraitin mövcudluğu zərif cinsin nümayəndələrinə inam və hörmətdən, diqqət və qayğıdan irəli gəlir.

Konfransda bildirildi ki, ulu öndər Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasında olduğu kimi millət vəkili, ictimai- siyasi xadim, dövlət qulluqçusu, diplomatik korpusun nümayəndələri arasında da qadınlar çoxluq təşkil edirlər. Ölkəmizdə ana və uşaqların fiziki və mənəvi cəhətdən sağlam böyüməsi naminə qanunların qəbulunda da məqsəd gələcəyimizi etibar edəcəyimiz varislərin illərdən bəri qorunub saxlanılan mənəviyyata bağlılıq ruhunda tərbiyə olunmasıdır.

Rayonun təhsil ocaqlarında , səhiyyə-sağlamlıq müəssisələrində çalışanlar qadınlarımız, elm xadimlərimiz onlara etibar olunan müqəddəs missiyanı quruculuq işlərində fəallıqları ilə doğruldurlar” söyləyən Qadınlar Şurasının sədri bildirdi ki, bizim üçün örnək olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə dəstəklənən xeyirxahlıq və humanistlik təşəbbüsləri, həyata keçirdiyi layihələr hər birimiz üçün nümunə və örnəkdir.

Məruzə ətrafında çıxış edən 8 saylı birləşmiş uşaq xəstəxanasının baş həkimi Səfiyyə Məmmədova, 275 saylı məktəbin direktoru Elmira İsmayılova, Neft Kəmərləri İdarəsi Nəqliyyat Departamentinin əməkdaşı Arzu Əkbərova, 2 saylı uşaq evinin müdiri Sevda Hacıyeva və başqaları bildirdilər ki, beynəlxalq miqyasda tanınıb, nüfuzu artan Azərbaycanda aparılan islahatqlobal layihələrin beynəlxalq səviyyədə dəstəklənməsi, dünya dövlətlərinin ölkəmizə marağının artması daxilixarici siyasətimizin uğurudur. Bütün Azərbaycan xalqı bu siyasətin davamına tərəfdardır. Suraxanı sakinləri, o cümlədən qadınlar bu il keçiriləcək prezident seçkilərində quruculuq missiyasını ümumxalq işinə çevirən cənab İlham Əliyevi dəstəkləyəcək, ona etibar və etimadını bir daha təkrarlayacaqlar.

Milli Məclisin üzvü Sevinc Fətəliyeva, Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov, Yeni Azərbaycan Partiyası Qadınlar Şurası sədrinin müavini Məhəbbət İbrahimova çıxış edərək qadınların cəmiyyətdə artan rolundan danışaraq Suraxanı rayonu qadınlarına bundan sonrakı fəaliyyətlərində də uğurlar arzuladılar.

Konfransda YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının 47 nəfərdən ibarət yeni tərkibi və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Respublika konfransına nümayəndələr seçildi.

Solmaz Səfərova YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri seçildi. Konfrans iştirakçıları adından Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olundu .

 

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2013.- 17 aprel.- S.25.