Uğurlar yeni hədəflərə yol açır

 

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirdi ki, ötən illərin uğurlarının, təcrübəsinin təhlili və yüksək dəyərləndirilməsi qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi üçün əsasdır

 

Dünən Biznes Universitetində  YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun  YAP Yasamal rayon təşkilatının özündə birləşdirdiyi  ilk ərazi təşkilatları sədrləri ilə  görüşü keçirildi.  Ə.Əhmədov bildirdi ki, YAP qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olaraq ayrı-ayrı rayon təşkilatlarının fəalları ilə görüşlər keçirir. Bu görüşlərin keçirilməsində qarşıya qoyulan  əsas məqsəd YAP-ın yerli strukturlarının qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar səfərbər edilməsi, seçki kampaniyasında partiya üzvlərinin fəallığının artırılmasıdır.

 

Qeyd olundu ki, prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri,  Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi təkcə Yeni Azərbaycan Partiyasının təşəbbüsü  deyil,  Azərbaycan xalqının mütləq əksəriyyətinin  istəyidir. Bu dəstək  10 il ərzində cənab İlham Əliyevin rəbhərliyi altında ölkədə  görülən işlərdən, davamlı inkişafdan irəli gəlir. Bu illər ərzində Azərbaycanın iqtisadiyyatı böyük inkişaf mərhələsi keçib. Statistik göstəricilərə diqqət yetirsək, 10 ilin aydın mənzərəsini görə bilərik.     İqtisadiyyatımız 3 dəfə artıb. Uğurlar yeni hədəflərin  müəyyənləşdirilməsinə stimul verir. Qarşıdakı on il üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu məqsədə çatmağın yolları öz əksini tapıb. Təbii ki, bu sənədin hazırlanıb təsdiqlənməsində ölkəmizin ötən illərdə qazandığı uğurlar əsas rol oynayıb.  Son on ildə iqtisadiyyatın aynası kimi dəyərləndirilən dövlət büdcəsi 20 dəfədən çox  artıb. Bu,  böyük uğurdur. Dövlət başçısı İlham Əliyev hər zaman bildirir ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əməkhaqları, pensiyalar, əhalinin pul gəlirləri artır.  Bu göstəricilər Azərbaycanın bir dövlət olaraq gücünün, qüdrətinin artmasının, həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsinin ifadəsidir. İqtisadi tərəqqi  bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə iqtisadisiyasi mövqeyini möhkəmləndiribsə, digər tərəfdən insanların sosial müdafiəsi gücləndirilib. Dövlət başçısı İlham Əliyev hər zaman bəyan edir ki, iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. İqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Bir sözlə, Azərbaycanın inkişafı, həyata keçirilən islahatların uğurlu nəticələri, ölkəmizin iqtisadiyyatının güclənməsi, insanların rifahının yaxşılaşdırılması üçün Prezidentin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və  bu istiqamətdə daha əhəmiyyətli niyyətlərin ortaya qoyulması, respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması  kompleks halda ölkəmizin yeni imicini formalaşdırıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  Azərbaycan dünya mərkəzlərindən birinə çevrilib. “Azərbaycanın bu imici gündən-günə möhkəmlənir,  müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də, gözlərimizin önündə yeni, müasirləşən, modernləşən, müasir dünyanın çox layiqli üzvünə çevrilmiş Azərbaycan dayanır. İqtisadi möcüzələr ölkəsi kimi tanınan və nüfuz qazanan Azərbaycan bu günlərdə Ümumdünya İqtisadi Forumuna ev sahibliyi etməklə bir daha malik olduğu imkanların, qazandığı uğurların, təcrübənin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı, siyasi həyatımızın gerçəkliyi olaraq ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir. Bu uğurlar insanların İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətə münasibətini formalaşdırıb. Hər bir çıxışında həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşının dayandığını qeyd edən dövlət başçısı İlham Əliyevin son on ildə gördüyü işlər, həyata keçirdiyi tədbirlər bu fikrin reallığa əsaslandığını təsdiqləyir. İnsan amilinə verilən yüksək dəyər beynəlxalq səviyyədə də təqdir olunur. O da bildirildi ki, ölkə Prezidenti  İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsini və qələbəsini şərtləndirən amillərdən biri də ölkədə sabitliyin, əmin-amanlığın mövcudluğudur. Təbii ki, ictimai-siyasi sabitlik olmasa, heç bir sosial-iqtisadi proqramın icrasından söhbət gedə bilməz.  Bu gün nəinki paytaxt Bakının, bölgələrimizin, kənd və qəsəbələrimizin  siması dəyişir, yeniləşir, müasirləşir, insanların daha rahat yaşaması üçün şərait yaradılır.

“Ötən illərin uğurlarının, təcrübəsinin  dəyərləndirilməsi qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün əsasdır” söyləyən YAP sədrinin müavini onu da bildirdi ki, rasional düşüncənin bir hissəsi fəaliyyətin  ədalətli qiymətləndirilməsidirsə, ikinci tərəfi gələcək perspektivlərin qiymətləndirilməsi ilə əlaqədardır. “Təbii ki, hər bir vətəndaş qarşıdan gələn prezident seçkilərində öz namizədi ilə əlaqədar düşüncələrində gələcəkdə nələrin baş verəcəyini, perspektivlərin nədən  ibarət olduğunu düşünür. Güman edirəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı düşünür ki, növbəti beş ildə də Azərbaycanın inkişafını təmin edə biləcək bir siyasətçi varsa, o da cənab İlham Əliyevdir. Bütün təhlillərimiz, araşdırmalarımız, ictimai rəyin dəyərləndirilməsi  bu fikri birmənalı şəkildə təsdiqləyir ki, xalqımızın, seçicilərin böyük əksəriyyəti İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir. Təbii ki, hər bir kəs dərk edir ki, qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin uğur qazanması şübhəsizdir.  İstər daxildə, istərsə də Azərbaycandan kənarda  ölkəmizdəki ictimai-siyasi prosesləri diqqətlə  izləyən və prezident seçkilərinin perspektivləri haqqında təhlillər aparan mərkəzlər də seçki prosesində İlham Əliyevin inamlı qələbə qazanacağını qeyd edirlər. Belə olan halda bizim qarşımızda duran vəzifələrin nədən ibarət olması barədə də düşünürük. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri olaraq, bizim üzərimizə çox  məsuliyyətli və şərəfli vəzifə düşür. Bu vəzifənin həqiqi mahiyyəti ondan ibarət deyildir ki, biz yüksək fəallıq göstərib İlham Əliyevin  seçki qələbəsini təmin edəcəyik. Seçki  qələbəsini Azərbaycan xalqı təmin edəcək. Amma YAP cənab İlham Əliyevin rəhbərlik etdiyi partiya olaraq    bu seçki kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsinə və İlham Əliyevin qələbəsinin əldə olunmasına layiqli töhfə verməyə çalışmalıdır.  Bu, bizim partiya üzvü olaraq üzərimizə düşən məsuliyyətli və şərəfli vəzifədir. Həmin vəzifənin yerinə yetirilməsi ilə əlaqədar  qarşımızda çox vacib işlər dayanır.”

Qeyd olundu ki, partiyanın sıralarında 600 min üzv birləşir. Təkcə YAP Yasamal rayon təşkilatının üzvlərinin sayı 26 mindən çoxdur. “Həqiqətən bu böyük gücdür. Amma YAP-ın gücü yalnız üzvlərinin sayının 600 min olmasından ibarət deyil. Bu gücü artıran digər bir məqam ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının sıralarında ziyalılarımız, gənclərimiz, ölkənin ictimai-siyasi həyatında fəallığı ilə diqqət çəkən  qadınlarımız, bir sözlə, cəmiyyətdə böyük nüfuza malik olan  insanlar birləşiblər. Partiyanın tərkibi kəmiyyət və keyfiyyət baxımından günbəgün möhkəmlənir. Təbii ki, bu, partiyanın yeritdiyi siyasətə dəstəyin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir.”

YAP sədrinin müavini təşkilat üzvlərini bir daha prezident seçkilərində daha fəal olmağa, üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çağırdı.

Sonra müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, tövsiyələr verildi.

 

 

Yeganə Əliyeva,

 

Vüsal Cahanov (foto)

 

İki sahil.- 2013.- 18 aprel.- S.11.