“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”

 

Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar bu mövzuda YAP Xətai rayon təşkilatının fəal gəncləri ilə ziyalıların görüşü keçirildi

 

Bu gün dahi  şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar paytaxt və bölgələrdə,  bütün idarə və müəssisələrdə silsilə tədbirlər keçirilir, Azərbaycanın dünəni  ilə bu gününün müqayisəli  təhlili aparılaraq bu fonda  ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın mənzərəsi görünür. Ümumi rəy budur ki, müstəqil Azərbaycan ümummilli lider  Heydər Əliyevin şah əsəridir.

 

Dünən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının qərargahında fəal gənclərlə ziyalıların keçirilən görüşü də bu tədbirlər silsiləsindəndir.

Tədbiri giriş sözü ilə açan  YAP Xətai rayon Gənclər Birliyinin sədri Sərxan Əliyev bildirdi ki, bu günümüzün  reallıqları ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycanın uğurları davamlılığı ilə diqqət çəkir. Bu uğurlarımız gənclərimizdə böyük qürur hissi yaradır, daha səylə çalışmalarına stimul verir. Tədbirin mövzusuna diqqət yetirdikdə Heydər Əliyev siyasətinin bugünkü gəncliyin həyatında önəmi daha aydın nəzərə çarpır. Azərbaycan gəncləri dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərilərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.

YAP Xətai rayon Gənclər Birliyi İdarə Heyətinin üzvləri  Könül Əfəndiyeva və Tərlan Səfərov ümummilli lider Heydər Əliyevin gənclərə diqqət və qayğısından geniş bəhs etdilər.  Vurğuladılar ki, ulu öndər Heydər Əliyev daim Azərbaycan gəncliyinə diqqət və qayğı ilə yanaşmış, onların mükəmməl təhsil almaları, həyatı dərindən öyrənmələri, dünyada gedən prosesləri bilmələri üçün ciddi səylər göstərmişdir. Əgər ümummilli lider  Heydər Əliyev hakimiyyətinin birinci  dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum ulu öndər  Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla 2 fevral  Azərbaycanda Gənclər Günü kimi elan edildi.  Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi.

 Qeyd olundu ki, Heydər Əliyev ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasını təşkil edir. “Biz gənclər bu ideyalara sadiqliyimizi, Heydər Əliyev siyasətinə dəstəyimizi bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının sıralarında birləşib, fəaliyyətimizlə təsdiqləyirik.”

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gənclərlə fikirlərini bölüşərək bir daha qeyd etdi ki, Azərbaycan və Heydər Əliyev məfhumu biri-birindən ayrılmazdır. Azərbaycanın bugünkü uğurları dahi şəxsiyyətin adı ilə bağlıdır.

Müstəqilliyimizin ilk illərində Azərbaycanın qarşılaşdığı duruma diqqət yönəldən V.Rəhimzadə ulu öndər Heydər Əliyevin aforizmə çevrilən bu fikrini xatırlatdı: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir.” 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən qurtuluşu oldu. 1993-cü il 15 iyunun tarixə Milli Qurtuluş Günü kimi daxil olması da bu səbəbdən irəli gəlir.

O da qeyd olundu ki, iqtisadiyyatı hər bir ölkənin hərtərəfli inkişafında vacib amil kimi önə çəkən ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi  ilə 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yerirolunu möhkəmləndirdi. Bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, görülən işlər bir məqsədə xidmət edir -Azərbaycanı daha da qüdrətləndirmək, gücləndirmək, müasirləşdirmək, bir sözlə inkişaf etmiş ölkələr sırasında addımlamasını təmin etmək. Bu uğurlar Azərbaycan gəncliyini daha səylə çalışmağa ruhlandırır.

V.Rəhimzadə uğurlarımızda Yeni Azərbaycan Partiyasının rolunu xüsusi qeyd edərək bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu partiyaya xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Bu gün partiyanın sıralarında yüz minlərlə üzvün birləşməsi YAP-ın siyasətinə dəstəyin, gələcəyinə inamın göstəricisidir. Ölkədə keçirilən seçki proseslərində hər zaman qələbə qazanan Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkilərində də uğur qazanacağı şəksizdir.

YAP Xətai rayon Qadınlar Şurasının sədri Aidə Hüseynzadə gənclərə öz tövsiyələrini çatdırdı. Bildirdi ki, fəal olun, Azərbaycanın dövlət müstəqiliyinin daha da möhkəmləndirilməsi, ölkənin uğurlu gələcəyi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Heydər Əliyev siyasətinə dəstək olun. Azərbaycanın bugünkü uğurları sırasında gənclərə yaradılan şərait xüsusi qeyd olunmalıdır. Gənclər bu şəraitdən səmərəli istifadə edərək öz potensiallarını nümayiş etdirməlidirlər.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən geniş bəhs etdi. Vurğuladı ki,  ümummilli liderin hakimiyyətinin hər iki dövründə xalqa xidmət, Vətənə sədaqət prinsipləri fəaliyyətinin önündə dayanıb.  Müstəqil dövlətimizin 1993-cü ildən sonra qazandığı uğurlar ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə, 1969-1982-ci illərdə gördüyü işlərin davamı kimi dəyərləndirilir. Azərbaycan gəncliyi belə bir qüdrətli, zəngin dövlətin vətəndaşı olmaqdan, Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqdan qürur duymalıdırlar.

Təşkilatın sıralarında birləşən gənclərin fəallığından razılığını ifadə edən H.Mirələmov onları 2013-cü il prezident seçkilərində daha fəal olmağa çağırdı- Heydər Əliyev siyasətinə dəstək olaq, Azərbaycanın uğurlu sabahına səs verək!

Çıxışlarda bir daha qeyd edildi ki, Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində xüsusi yer tutaraq,  dövlət idarəçiliyi məktəbinə çevrilib.  Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

 

 

Yeganə Əliyeva,

 

Vüsal Cahanov (foto), “İki sahil

 

İki sahil.- 2013.- 18 aprel.- S.18.