Kitabsız bir ömrün nə mənası var?

 

Harda idrak olsa, orada ululuq olar,

Kimdə bilik olsa o, böyük olar.

 

Yusif Xas Xasibin, “Kutadqu Bilik”

 

Danılmaz həqiqətdir ki, hər kəsin cəmiyyətdə yeri, nüfuzu, mövqeyi ilk növbədə onun biliyi, savadı, intellektual səviyyəsi ilə müəyyən edilir və bu da inkaredilməz faktdır ki, bütün bunlar oxumaqla, mütaliə etməklə mənimsənilir. Deməli, insanın kamilləşməsində, yüksək keyfiyyətlərə yiyələnməsində kitab əvəzsiz vasitədir. Didronun fikrincə desək, “O adam fikirləşmir ki, kitab oxumur. Demək, yaşamaq kitab oxumaqdır”. Unutmayaq ki, dahi Eynşteyn də Didronun fikrinə uyğun olaraq yazmaq və oxumaqdan çox fikirləşərdi. Tarixin bütün dövrlərində böyük mütəfəkkirlər, filosoflar kitabın insan həyatında müstəsna roluna yüksək qiymət vermişlər. Məsələn, Maksim Qorki kitabı “bilik, xoşbəxtlik və səadət mənbəyi”, Komenski “müdrikliyin yayma vasitəsi” adlandırmışdır. Bu mühüm amildən yanaşsaq, demək olar ki, kitab cəmiyyət həyatının inkişafını tənzimləyən vasitə, insanı xoşbəxt gələcəyə aparan yolun bələdçisidir.

Sözə qüvvət olaraq milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun mətbuatımızn banisi Həsən bəy Zərdabiyə yazdığı məktubu xatırlatmaq yerinə düşər. Böyük mütəfəkkir xalqı hürriyyətə səsləyən maarifpərvər alimə yazırdı: “Sənin muradın o vaxt kamilən bitər ki, bizim hətta çobanlarımız da... oxumaq bilə”.

Kitab dünyaya açılan bir pəncərədir, sivilizasiyaları birləşdirən, sosial və mədəni tərəqqiyə təkan verən qüvvədir, keçmişimizdən bu günümüzə körpü salan əsrlərin salnaməsidir. Böyük ədib Cəlil Məmmədquluzadə isə səmimiyyətlə etiraf edirdi: “Pul qalmadı, baxmışam hesabə, getdi qələmə, kağız, kitabə”.

Mənəvi həyatımızın tarixi ən qədim dövrlərdən başlayaraq kitabla sıx bağlı olub və məhz onun ehtiyacları müqabilində kitab yeni-yeni formalara düşərək təkmilləşib, formalaşıb. Daş kitabələr, gil lövhələr, papiruslar, perqamentlər, yeni müasir kitabların ulu əcdadları, antik dünya mədəniyyətinin mənəvi sərvətidir.  

Bu gün dövlətimiz   cəmiyyətin inkişafında, şəxsiyyətin formalaşmasında əvəzsiz rola malik olan kitabların və onların qorunduğu yer-kitabxanaların inkişaf etdirilib təkmilləşdirilməsinə, onun cəmiyyətdəki sosial rolunun və funksiyasının daha da artırılmasına  böyük əhəmiyyət verir. Elə buna görə də xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə nəşriyyatların maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana şəbəkələrinin genişləndirilməsi, onların keyfiyyətli çap məhsulları ilə təmin olunması istiqamətində misilsiz işlər görmüşdür. Klassik Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin, oncildlik Azərbaycan ensiklopediyasının nəşri ulu öndərin bu istiqamətdə həyata keçirdiyi böyük işlərin kiçik bir qismidir.

Sevindirici haldır ki, bu gün ölkəmizdə təməlini ulu öndərin qoyduğu uzaqgörən siyasət Heydər Əliyev siyasi kursunun davamçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün milli sərvətimizin, mədəni irsimizin qorunub saxlanılmasını, onun gələcək nəsillərə çatdırılmasını, bəşər sivilizasiyasına hərtərəfli inteqrasiyasını təmin edən kitabxana şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq informasiya məkanında mövqelərinin möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılan məsələlərdəndir.

Doğma yurdumuz, odlar diyarının dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahədə görülən işlər təqdirəlayiqdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonra əhalinin istifadəsinə verilməsi, Naxçıvan Dövlət Universitetində Elektron kitabxananın, Naxçıvan şəhərində Kitab evinin, rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin və onların kənd filiallarının fəaliyyət göstərdiyi binaların əsaslı təmir olunması və ya həmin obyektlər üçün yeni binaların tikilib istifadəyə verilməsi muxtar respublikamızda da bu sahədə mühüm işlərin görüldüyünü təsdiqləyən amillərdir. Bu kitabxanalar minlərlə insanın mənəvi-estetik və intellektual dünyagörüşünün formalaşdırılmasına xidmət edir.

Bəs, nədən məbəd qədər müqəddəs olan kitabxanaya getmək, mütaliə etmək unudulub? Olmaya gənclərimizin mütaliə həvəsi azalıb? Çoxlarımız bunun səbəbini yaşadığımız texniki tərəqqi əsrində, daha operativ informasiya vasitələrinin olmasında, internetin hətta evlərə belə yol açmasında, çoxsaylı televiziya kanallarının, rəngarəng, əyləncəli proqramların olduğunda görürük. Amma düşünsək ki, bütün bunlar mütaliəsi yüksək olan ölkələrdə də var, bəs onda? Etiraf etməliyik ki, bu işdə valideynlərin, ziyalıların, xüsusilə bu sahə ilə məşğul olan qurumların, kitabxanaçıların da günahı az deyil. Hər birimiz bununla razılaşarıq ki, mütaliə mədəniyyəti və kitaba münasibət ailədən başlanır. Valideynlər kiçik yaşlarından uşaqlarına müntəzəm kitab oxuyarlarsa, evdə bu və ya digər miqdarda kitab varsa, ümid etmək olar ki, uşaq da gələcəkdə kitabla maraqlanacaq. Psixiatrların fikrincə də kitaba məhəbbəti uşaqlıqdan tərbiyə etmək lazımdır. Belə ki, uşaqlıqda kitabı sevməyənlər böyüyəndə heç vaxt sevə bilməzlər. Uşaqlıqda kitaba marağı isə valideynlər öz öyüd-nəsihəti ilə, müəllim öz tövsiyəsi ilə, “oxumaq, oxumaq, yenə də oxumaq” kəlamı, yaxud Sokratın: “Mütaliə bir cəmiyyətin vərdişinə çevrilsə, o cəmiyyət xoşbəxt olar” sözlərinin müdrikliyini anlatmaqla çalışmalıdırlar. Xalqın, millətin mənəvi potensialının inkişafında kitabxanaların böyük rol oynadığını nəzərə alsaq onda etiraf etməliyik ki, bu işdə kitabxanaçılar da fəal olmalıdırlar. Çünki onların başlıca peşə vəzifəsi kitabı sevməklə bərabər, həm də sevdirməyi bacarmalıdır.        

Bu gün dövlətimizin də bu sahəyə qayğısını nəzərə alsaq, oxucu-kitab ünsiyyətini yaratmaq, bərpa etmək üçün bütün imkanlardan istifadə olunmalıdır. Kitab müzakirələrinin, disskusiyaların, sənət adamları ilə görüşlərin və sair elmi kütləvi tədbirlərin keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. Böyük Atatürk deyirdi: “Bir millətin əsgər ordusu nə qədər çox olursa olsun, qazandığı zəfər nə qədər uca olursa olsun, bir millət elm ordusuna malik deyilsə, döyüş meydanlarında qazanılmış zəfərlərin nəticəsi olmayacaqdır. Buna görə də tezliklə böyük və mükəmməl bir elm ordusuna malik olmaq məcburiyyəti var”.

Mənəvi sərvətimiz olan, bizi xoşbəxt gələcəyə aparan yolda çıraq olan kitaba isə etinasızlıq bağışlanılmazdır. Çünki dövlətimiz də milyardlarla vəsait xərcləyib kitabxanaları ona görə yaşadır ki, sabahımız, gələcəyimiz üçün zəmin olan mənəvi potensialımız formalaşsın, inkişaf etsin.

Kitab həmişə bütün dövrlərdə insanlara gərək olub, gələcəkdə də insanın sadiq dostu olaraq qalacaqdır. Ona görə də bu qiymətli sərvətlərin təbliğini gücləndirmək, oxucuların kitabxanalarla əlaqəsini genişləndirməklə kitaba və mütaliəyə olan münasibətlərini yeni qaydada qurmaq ən vacib vəzifələrdən biridir.

 

 

Arzu Abdullayev

 

İki sahil.- 2013.- 19 aprel.- S.29.