MÜSTƏQİLLİK YOLUMUZUN BANİSİ

 

İnsan öz Vətəninə müxtəlif yolla xidmət edir: əkinçi çörək əkir, bənna daş üstə daş qoyur.

 

Bir də başqa cür xidmət var: hər gün Vətən üçün faydalı bir iş görmək. Belə xidmətin adını demək çətindir, amma çəkisini görmək asandır: ardıcıl, nəfəs dərmədən, yorulmadan, dayanmadan öz ölkənə xidmət etmək misilsiz nəticələr verir. Belə nəticələrdən biri ölməz Heydər Əliyevin yaratdığı müasir Azərbaycandır, xalqımızın müstəqil dövləti, müasir cəmiyyətidir.

 

Bu mənada Öndər böyük Azərbaycanlıdır, çünki onu yurdumuzun digər vətənçiləri ilə müqayisə etmək çətindir. İlk növbədə, ona görə ki, Heydər Əliyevin xalqa və dövlətə xidmətlərinin hansısa birini seçib, onu əsas saymaq alınmır. Öndər ömrünü xalqa vermişdi. Hər gün faydalı bir iş görmək, məqsədə doğru bir addım atmaq onun devizi idi. Danışmaq, müzakirəyə qoymaq, lovğalanmaq, yaxşı niyyətlərdən bəhs açmaq yox, bu yöndə hər gün iş görmək, qızıldan qiymətli ömür günlərini bada verməmək Heydər Əliyevin azərbaycançı taleyi idi.

Bu praqmatizm sanki Azərbaycan xalqının çoxəsrlik arzularını gerçəklətdi, bu xalqı dünya tarixi səhnəsindəki məxsusi yerə çıxardı. Bu, misilsiz bir tarixi hünər idi. Bu hünərin sahibi yeri gəldikcə siyasətçi, ideoloq, iqtisadçı, memar, maliyyəçi, mədəniyyət və sənət mesenatı, yorulmaz təşkilatçı, hərbçi əsgər, diplomat, gələcəkşünas, hüquq nəzəriyyəçisi oldu.

O biri tərəfdən, bu hünərin yiyəsi  özü də ucaldı. Axı insanları, xalqları iş-əməl ucaldır. Öndəri də ucaltdı, onu böyük azərbaycanlılar sırasına qaldırdı. İnsanların böyüklüyü bir meyarla ölçülür: onların gördüyü işlərin sanbalı, xalq və onun gələcəyi üçün əhəmiyyəti ilə. Bu yöndə inanıram ki, öndərin rəqibi yoxdur, onunla müqayisə ediləsi şəxsiyyətimiz yoxdur. Onun Vətənə xidmətlərinin məğzi isə Azərbaycan dövlətçiliyinin tarixin ağır sınaqlarından uzaqlaşıb əminamanlıq sahilinə yan almasını ifadə edir. Bu tarixi yerişin sükançısı və qurucusu böyük Heydər Əliyev idi, onun xilaskar iradəsi idi.

Tale ona Azərbaycanın müstəqilliyini bərpa etmək, sonra isə onu dönməz etmək vəzifəsi ayırmışdı. Bu, ağlagəlməz dərəcədə çətin missiya idi. XX əsrin ikinci yarısında dünya böyük dövlətlər arasında bölünmüşdü. Müstəqil dövlətlərin yaranması şansı böyük deyildi. Amma Heydər Əliyev yeniyetmə vaxtlarından xalqımızın dünya xəritəsindəki yeri, buna çatmağın yolları barədə düşünürdü.

Onun yüksəlişi Naxçıvandan başladı. Onda bu qədim şəhər balaca və bağlı sərhəd ərazisi idi. O, böyük, çoxuşaqlı ailədə böyüyürdü. İntizam və zəhmətkeşlik bu ailənin əsas xüsusiyyətləri idi. Təhsilə başlayan kimi bunlar balaca Heydərin uğurlarında əsas rol oynadı. Onun gözəl xətti, misilsiz bir yaddaşı vardı. Uşaqlıqda onu ən çox maraqlandıran ədəbiyyat və tarix idi. Hüseyn Cavidi, Səməd Vurğunu sevə- sevə oxuyur, hərdən gizlicə şeir yazırdı. “Komsomol” poemasını əzbər bilirdi. Məktəbdə dram dərnəyində iştirak edirdi. Sinifdən sinfə keçdikcə tarix dərslərini daha səylə öyrənirdi: qədim dövlətlər, xalqlar, onların müharibələri, böyük imperiyaların yaranması və süqutu. Tarixdə, sovet dərsliklərində hər şey vardı, bircə Azərbaycanın tarixi və yeri yox idi.

İllər ötdükcə bu suallar böyüyürdü, ona rahatlıq vermirdi. Nə üçün bu tarix dərslərində və kitablarında Azərbaycan türkləri haqqında heç nə yoxdur? Bizim tariximiz yoxdur? Bu sual onun bütün taleyini dəyişdirdi. Bir dəfə ədəbiyyat müəlliminə bu barədə sual verdi. Müəllimin rəngi ağardı, sağa, sola baxdı. Söhbətlərini eşidən yox idi. O əlini Heydərin çiyninə qoyub dedi: Heydər,  cavabı  sən özün,  təkcə özün tapıb öyrənməlisən...

İllər keçdikcə Heydər bu cavabın mənasını, həm də müəllimin qorxusunu  daha dərindən başa düşürdü. Gözlənilməz təsadüf onu dövlət təhlükəsizliyi orqanlarında işə gətirib çıxardı. Bu iş ülgüc tiyəsi üzərində gəzmək kimi idi. Həyatının çətin vaxtlarında bu sözlər onun qulağında səslənirdi, ona qüvvət verirdi. “özün təkcə tapıb öyrənməlisən...” Sovet quruluşu şəraitində o təkliyin zəruriliyini anladı, amma buna həm də tale qisməti kimi baxmağa başladı. Beləcə o, həyatın, xalqın  ən çətin düyünləri barədə təkbaşına qərarlar verməyə adət elədi.

Çalışdığı təhlükəsizlik orqanlarında bütün rəhbər vəzifələrdə qeyri millətlərdən olanlar oturmuşdu. Yerli kadrlara yuxarıdan aşağı baxırdılar. Torpağımız üstündə ağa qüruru ilə yeriyirdilər. Xüsusilə ermənilər bu orqanda at oynadır, azərbaycanlıların yüksəlişinin qarşısını alır, irəli çəkəndə isə ən zəif və iradəsiz adamları çəkirdilər. Bütün dövlət orqanlarında, təsərrüfat sahələrində də vəziyyət təxminən eyni idi. Bakı partiya təşkilatının, prokurorluq və milis orqanlarının bütün aparıcı vəzifələrində ermənilər oturmuşdular. Hətta elm və tarix problemləri müzakirə olunanda da Moskva ancaq onların rəyi ilə hesablaşırdı. Bütün gəlirli sahələrdə, hətta ictimai iaşədə də  xalqın sərvətlərinə nəzarət edilən noqtələrdə ermənilər oturmuşdu. 1920-ci ilin 27 aprelindən sonra bu, yazılmamış qanun kimi davam edirdi. Əslində isə yerli kadrlara Moskvada  inam yox idi. Bununla barışmaq isə çox ağır idi.

Bütün bu xalqa zidd vəziyyəti dəyişmək üçün, ilk növbədə,  siyasi hakimiyyət və nüfuz qazanmaq lazım idi. 50-ci illərdən   Heydər Əliyev öz  siyasi yüksəliş planlarını pillə-pillə həyata keçirməyə başladı. Onun məxsus olduğu ailə üçün bu heç də qeyri-real bir iş deyildi. Hələ 1952-ci ildə onun böyük qardaşı Həsən Əliyev  Azərbaycan KP MK katibi seçilmişdi. Qayınatası Əziz Əliyev də böyük dövlət vəzifələrində olmuşdu və onun partiya və dövlət işləri  barədə məsləhətləşməyə, lazımi informasiyalara malik olmağa hər cür imkanları var idi. Hələ bu illərdən o ətrafa diqqətlə nəzər yetirir, xalqa bağlı, işbilən, etibarlı kadrları seçib ehtiyatda saxlamağa çalışırdı.

Polad iradəsi, yorulmazlığı, qeyri -adi müdrikliyi, dövlət siyasətindən və professional işdən  gözəl baş çıxarması nəticəsində Heydər Əliyev  Azərbaycanın dövlət təhlükəsizliyi sistemindən böyük avtoritetə çevrildi. Hətta Moskvada da onun rəyini diqqətlə dinləyir, peşəkar kimi onunla məsləhətləşirdilər. Lakin Heydər Əliyev öz nüfuzundan ilk növbədə bir məqsədlə - xalqa sədaqətli, yetkin azərbaycanlı kadrları irəli çəkmək üçün istifadə edirdi. Elə bir vəziyyət gəlib çıxdı ki, ermənilər onun nüfuzu qarşısında geri çəkildilər. Xalqın böyük oğlu əvvəlcə təhlükəsizlik orqanında ikinci, sonra isə birinci şəxs oldu.

Bu, xalqın qələbəsi idi. Bununla öndərin siyasi yüksəlişinin bir mərhələsi bitir, yenisi başlanır. Bu, Azərbaycanda real rəhbərlik dövrüdür. Azərbaycanda xalq üçün hər hansı iş görmək naminə, ilk növbədə, dövlət təhlükəsizliyi orqanlarında lazımi  adamları vəzifələrdə oturtmaq və  bu orqanı neytrallaşdırmaq lazım idi. O zamanlar bu orqanın nüfuzu yüksək idi, Moskvadakı partiya rəhbərliyi onun rəyinə böyük əhəmiyyət verirdi.

Bu, öndərin Moskva siyasətində də nüfuza çevrilməsi demək idi. Sürətli yüksəliş illərində Heydər Əliyevin  başlıca keyfiyyəti - onun parlaq dövlətçilik  bacarığı özünü qabarıq göstərdi. O, öz siyasi planlarını  çılpaq əmrlər şəklində yox, gündəlik və yorulmaz təşkilatçılıq yolu ilə həyata keçirirdi. Ətrafdakı insanlar, cəmiyyət bunu çox vaxt hadisələrin təbii axarı kimi qəbul edirdilər. Əslində isə onun hər bir kadr dəyişikliyinin uzaqgörən məqsədləri var idi. Həmişə yeni bir Azərbaycan qurmaq planları ilə bağlı idi.

Bu planlar onun idarəçilik üslubuna da təsir edirdi. Bu üslubun digər   xüsusiyyəti onun   uzaqgörənliyində, siyasi və iradə ardıcıllığında özünü göstərirdi. Uzaq və böyük planlar qurmaq milli liderimizin siyasi rəhbərliyinin mühüm cizgisi idi. Amma kənardan onun bu xüsusiyyəti də demək olar ki, sezilmirdi. Səbəb isə o idi ki,  öndərin siyasi qərarları və gedişləri üç-beş il sonraya yönəlirdi. Ona görə Heydər Əliyevin qəbul etdiyi qərarların mənası ancaq  beş, yeddi il keçdikdən sonra sezilə bilərdi. Həm də hamı tərəfindən yox, onun Azərbaycanda yeritdiyi milliləşdirmə siyasətini duyanlar tərəfindən.

Rəhbərin strateji ustalığını onun nitqləri və sözləri ilə real siyasi qərarları arasındakı  əkslikdə görmək olardı. Çıxışlarında o, alovlu bir beynəlmiləlçi kimi danışır və düşmənlərinin, erməni daşnakların  istifadə edəcəyi arqumentləri onların əlindən alırdı. Əməldə isə bütün qərarlar Azərbaycan respublikasını addım-addım bütün sahələrdə milliləşdirməyə yönəlmişdi. Bu xətt əvvəlcə milli ruhlu kadrların iş başına yerləşdirilməsində, ikinci isə  erməni millətindən olan şəxslərin mühüm və çox gəlirli iqtisadi postlardan uzaqlaşdırılmasında öz əksini tapırdı.

1969-cu il müstəqil Azərbaycan qurmaq yolunda mühüm mərhələ oldu. Heydər Əliyev artıq dövlət təhlükəsizliyi orqanlarını milliləşdirmək vəzifəsini yerinə yetirmişdi. İndi partiya rəhbərliyinə keçmək olardı. Həmin ildə Azərbaycanın rəhbərliyini yeniləşdirmək ideyası ortaya çıxanda  Heydər Əliyevin Moskvadakı tərəfdarları və dostları onun namizədliyini irəli sürdülər. 1969-cu ilin iyulunda öndər Azərbaycan KP MK-nın birinci katibi seçildi. Beləliklə, xalqın müdrik oğlu müstəqil Azərbaycan Respublikasının yaradılması mərhələsinə qədəm qoydu. O zamanlar ölkədəki inzibati, iqtisadi və siyasi hakimiyyətin hamısı birinci katibin nəzarətində olurdu.

Zaman ölkə qarşısında iki əsas vəzifə qoyurdu: birinci  Azərbaycanın iqtisadiyyatını inkişaf etdirib müstəqil ölkə kimi yaşaya biləcək bir səviyyəyə qaldırmaq idi. Ona görə 1969-1982-ci illəri müstəqilliyin iqtisadi əsaslarını yaratmaq mərhələsi adlandırmaq olar. İkinci vəzifə isə Azərbaycan sovet respublikasının bütün hüceyrələrində yuva salmış erməni hökmranlığını hiss olunmadan dağıtmaq. Bu mürəkkəb vəzifələri Heydər Əliyev cəmi on üç il ərzində həyata keçirdi.

Sürətli iqtisadi quruculuq xalqımızın azadlığa və müstəqilliyə nail olması yolunda köklü əhəmiyyət daşıyırdı. Güclü iqtisadiyyatı olmayan xalq və onun dövləti xarici düşmənlərin müqavimətinə tab gətirə bilməzdi. Uzaqgörən bir siyasətçi kimi öndər Azərbaycanın müstəqilliyinə hansı  beynəlxalq qüvvələrin və dairələrin müqavimət göstərəcəyini yaxşı bilirdi. Bu amillər iyirmi üç ay yaşamış Demokratik  Cümhuriyyətin taleyi  timsalında çox yaxşı məlum idi. 1918-1920-ci illərdə də ermənilər xarici qüvvələrin və dövlətlərin aləti kimi çıxış edərək gənc respublikada talanlar törətmiş, sərhəd müharibəsini alovlandırmağa nail olmuşdular.

70-ci illərdə gedən iqtisadi tərəqqinin, onlarla yeni zavod və fabriklərin tikintisinin bir əhəmiyyəti   Bakı şəhərinin böyüməsi və onun əhalisinin tərkibində Azərbaycanlıların tam əksəriyyət təşkil edə bilməsi idi. Yeni tikilən sənaye müəssisələrinə və zavodlara lazım olan işçi qüvvəsi paytaxta kənd rayonlarından gəlir və Bakının milli bir şəhərə çevrilməsi prosesini həll edirdi. Bakının müəssisələrində çalışan qeyri millətlərdən olan fəhlələr böyük fəlakətlərin səbəbkarı olmuşdular. Rəhbər bunu bilir və vəziyyəti düzəldirdi.

Azərbaycan müstəqilliyə nail olmaq üçün müəyyən hərbi potensiala malik olmalıdır. Ona görə Moskvanın milli hərbi kadrlara inamsızlıq siyasətinin əksinə olaraq xalqımızın müdrik rəhbəri azərbaycanlıların hərbi və zabit peşələrinə kütləvi şəkildə getməsi üçün müxtəlif tədbirlər görürdü. Cəmşid Naxçıvanski adına Hərbi məktəbin yaradılması  bunlardan biri idi. Bu məktəbdə onuncu sinfi bitirən gənclər ölkənin hərbi ali təhsil ocaqlarına qəbul olunurdu. Heydər Əliyev azərbaycanlı gənclər üçün bu məktəblərdə hər il müəyyən miqdar konkurssuz yerlər alırdı.

Qısa bir vaxtda SSRİ müdafiə sənayesinin Azərbaycanda on bir böyük zavodu tikildi. Bu zavodlar bir tərəfdən hərbi sənaye ocaqları kimi müstəqillik dövrü üçün hava və su kimi vacib idi. O biri tərəfdən, bu zavodlarda keçmiş sovetlərin ən müasir və qabaqcıl texnologiyaları tətbiq olunurdu. Bu zavodlar da Azərbaycanın hərbi kadr potensialının mənbələrindən biri idi.

Ulu öndərin siyasəti nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksi bir necə dəfə artdı və Vətənin nəinki ərzaq müstəqilliyi təmin olundu, üstəlik daxili məhsulun yarısından da artıq çəkisi olan bir sahəyə çevrildi. Kənd rayonlarında yüzlərlə zavod və fabriklər tikildi. Kənddə əhalinin əksəriyyəti dövlətdən əmək haqqı almağa başladı. Maddi yüksəliş Vətənimizdə həm də mənəvi yüksəlişə, Azərbaycan milli şüurunun yeni bir səviyyəsinin gerçəkləşməsinə səbəb oldu. Məhz bu şüur səviyyəsi 1988-1992-ci illərdə Qarabağ torpaqları uğrunda xalq hərəkatının mənəvi əsasını təşkil edirdi.

Biz müstəqil, azad  dövlətdə yaşayırıq, ona görə gənc nəsil ana dilimizin bir vaxtlar yarıqadağalı bir status daşıdığını təsəvvür edə bilməz. Şəxsən mənim şagird və tələbə olduğum 60-cı illərdə rəsmi yığıncaqlarda ancaq rus dilində danışılırdı. Bu gün bunu təsəvvür etmək çətindir. Lakin bu gün sərbəst işlənən ana dilimiz bir vaxtlar öz varlığını yaşatmaq üçün mübarizələr aparırdı.

Bu mübarizələrin tarixində Heydər Əliyevin xüsusi rolu var. O, ana dilimizin işlənmə azadlığı uğrunda iki cəbhədə mübarizə aparırdi. Birinci, o özü ana dilində danışırdı. İkinci tərəfdən isə qanunverici və rəsmi yollarla dilimizin statusunun artırılmasına çalışırdı. Sovet vaxtı hakimiyyət kommunist partiyasında idi. Bu partiyanın dili isə rus dili idi. Onun dəhlizlərində ana dilində sənəd hazırlana bilməzdi. Rəsmi yığıncaqların da dili rus dili idi.

Lakin respublikanın birinci şəxsi də azad və müstəqil deyildi. Bütün vəzifəli şəxslər kimi o da Moskvaya tabe idi, hər gün Moskvadakı nəzarətçilərlə ünsiyyətdə olmalı idi. Belə çətin şəraitdə Heydər Əliyev Azərbaycan dilində nitqlər etməyə başladı. Əvvəllər bu nitqləri Azərbaycan rayonlarındakı partiya məclislərində, təsərrüfat yığıncaqlarında edirdi. Bunun üçün əsas da vardı: yerlərdəki kadrlar və sadə adamlar rus dilini pis bilirdi və ya heç bilmirdi.

Rəhbərin ana dilində ilk nitqləri tarixi bir məna kəsb etdi. Onun 1969-cu ildə hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesi mən deyərdim ki, bu nitqlərin təsiri ilə başladı. Həm də ən mühümü odur ki, əyalətdə, xalq kütləsinin içində başladı. İnsanlar rəhbərin ana dilində  etdiyi gözəl, ifadəli çıxışlarında, onun dövlətçilik məntiqində, Vətənimizi sürətlə qurub qüdrətli dövlətə çevirmək çağırışlarında  müstəqil dövlətimizin doğma sədalarını eşitdilər.

Sonralar öndər Bakıdakı məclislərdə də ana dilində danışmaq üçün fürsətlər tapdı. Yaradıcılıq ittifaqlarının, xüsusilə Yazıçılar İttifaqının məclislərində  parlaq Azərbaycan türkcəsində çıxışlar etməyə başladı. Onun rəsmi partiya tədbirlərindəki çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratmışdı. Bunun özü də tarixi bir xidmət idi.

Yad dildə danışan dövlət milli ola bilməz. Ona görə rəhbərin nitqləri  onun rəhbərlik etdiyi hakimiyyətə qarşı da doğmalıq hissləri yaradırdı. Yüzlərlə məmurlar, sadə insanlar anlayırdılar ki, Heydər Əliyevin yorulmadan qurub yüksəltdiyi Azərbaycan iqtisadiyyatı özümüzündür. Bunu dərk edən, rəhbərə sidqlə inanan yüzlərlə məmurlar sonralar  Azərbaycanın müstəqilliyini müdafiə etdilər, bu müstəqilliyin memarının yaxın köməkçiləri və silahdaşları oldular.

1978-ci il Konstitusiyası layihə kimi müzakirə edilən zaman orada Azərbaycan dili dövlət dili kimi göstərilmirdi. Belə vaxtda Heydər Əliyev öz iştirakı ilə Elmlər Akademiyasında böyük alimlərin iştirakı ilə Konstitusiya layihəsinin müzakirəsini təşkil etdi. Onun verdiyi qeyri-rəsmi istiqamət nəticəsində yığıncaq Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi göstərilməsi barədə təklif verdi. Milli ziyalı təbəqəsinin timsalı olan təklifi Moskva qulaqardına vura bilmədi.

Bu qeyddən sonra ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, kino, teatr quruculuğunda milli dilin tətbiqini gücləndirmək daha asan oldu. Kino kimi mühüm sahədə Moskva Bakıdan gələn ssenariləri belə rus dilində tələb edirdi. Ona görə kinostudiya əcnəbi millətindən olan qələm adamları ilə dolmuşdu. Bunu aradan qaldırmaq üçün rəhbər ora ana dilinə, xalqa bağlı olan kadrlar göndərdi. Məhz Heydər Əliyevin vaxtında və onun bilavasitə himayəsi  ilə xalqımızın tarixi qəhrəmanlıq keçmişini əks edən filmlər kinomuzun əsas mövzusu oldu.  “Babək”, “Nəsimi” kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində və sonralar kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı.

İnamla demək olar ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ədəbiyyat və incəsənətimizdə milli cərəyanın yüksəlişinə səbəb oldu. Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov  kimi milli zəminə bağlı və istedadlı sənətkarları daim himayə edirdi. Belə sənətkarlar isə ədəbiyyatın milli varlığımız, azərbaycançı dəyərlərimizlə bağlılığı mövzularını uğurla işləyib inkişaf etdirirdilər.

Heydər Əliyev irsinin ayrılmaz bir qanadı onun milli tariximizə və tarix elmimizə qayğısı ilə bağlıdır. Milli keçmişimizi gözəl bilən öndər  dövlət üçün milli tarixin və tarixçilik elminin fundamental əhəmiyyətini gözəl bilirdi. Ona görə Nizami Gəncəvinin, Nəsiminin, Səməd Vurğunun yubileylərinin dünya miqyasında qeyd olunması üçün partiya qərarları çıxardı. O zaman bu qərarlar inqilabi bir təzəlik idi.Bunlar həqiqi azərbaycançılıq nümunəsi idi.

Heydər Əliyevin mənəvi irsinin və milli tarix konsepsiyasının mühüm bir istiqaməti Azərbaycan Sovet Sosialist Respublikasının tarixinin  milli xəttini görməsi, ardıcıl surətdə üzə çıxarması və təbliğ etməsi idi. Hələ indiyə qədər bu konsepsiyanın əhəmiyyətini dərk etməmək hallarına təsadüf olunur. Rəhbər çox haqlı olaraq sayırdı ki, bütün səhv və əyintilərlə yanaşı, 70 illik Azərbaycan sovet hökuməti zamanında xalqımız misilsiz tərəqqi yolu keçib və başlıcası isə müstəqillik üçün iqtisadi və dövləti əsasları yaradıb. Bu əsaslar olmadan indiki müstəqil dövlətimiz mümkün deyildı.

Heydər Əliyev sovet Azərbaycanı tarixində Nəriman Nərimanovla başlanan, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə kimi sırf milli ruhlu və milli ovqatlı  yazıçı və alimlərin fəaliyyətini  qırılmaz bir milli xətt sayırdı. Təsadüfi deyil ki, hakimiyyətə gəldiyi vaxtdan ilk böyük yubiley kompaniyası N.Nərimanova və Səməd Vurğuna həsr edildi. Onların fəaliyyəti və irsi ədib üçün əziz və misilsiz dərəcədə qiymətli idi. Rəhbər hələ o zaman mübahisələr doğuran “26-lar” kimi milli ruhlu filmin çəkilişinə, N.Nərimanovun gözəl obrazının yaradılmasına nail oldu. Səməd Vurğun yaradıcılığını isə öndər əzbər bilirdi və bədii şəkildə ifa etməyi sevirdi. Rəhbər sovet vaxtı yaranmış mədəniyyətimizə böyük məhəbbətlə yanaşır və bunu bizə aşılamağa çalışırdı.

Rəhbərin xarici siyasət kursu və təcrübəsi bizi buna yönəldir.  SSRi-nin dağılmasından sonra dünyada mürəkkəb və çoxbaxımlı proseslər gedir. Belə şəraitdə Azərbaycan dünya siyasətində və regionumuzda Ermənistana nisbətən daha  çevik, daha uzaqgörən siyasət aparmalıdır. Öndər məhz belə siyasət nəticəsində milli dövlətimizi bütün qəsdlərdən və intriqalardan qorudu. Həm də nəinki qorudu: düşünülmüş xarici siyasət  ölkəmizin regionda və dünyada mövqeyini daha da möhkəmlətdi və sabitləşdirdi.

Heydər Əliyev bioqrafiyasının əsas xətlərindən birini onun erməni fitnəkarlığına qarşı mübarizəsi təşkil edir. Ölkənin heç bir rəhbəri Azərbaycanda erməni siyasətinə qarşı  öndər qədər ardıcıl və sərt mübarizə aparmayıb. Bu mübarizənin dərsləri bu gün çox aktualdır.

Heydər Əliyev ölkəyə rəhbərliyə gələndən sonra qısa bir vaxtda Azərbaycan iqtisadiyyatında hakim olan erməni hörümçək torunu dağıtdı. Vətənimizin güc orqanlarında işləyən bütün ermənilər  təchizat və ticarət sahəsində işləyən ermənilər tərəfindən maliyyələşirdi. Öndərin bu mübarizəsinin dərsləri, strategiyası bu gün bizim üçün çox qiymətlidir. Erməni millətçiliyini üstələmək üçün onlardan ağıllı, onlardan məlumatlı və uzaqgörən olmalısan.

Heydər Əliyev Naxçıvana qayıdanda heç bir vəzifəsi yox idi. Amma  o artıq xalqımızın ümummilli lideri, həqiqi ağsaqqal idi. Ona görə Naxçıvan əhalisi onu vilayətin ali sovetinə deputat, ali sovet isə sədr seçdi. Müdrik rəhbər bütün səylərini  Naxçıvan torpaqlarının erməni aqressiyasından qorumağa yönəltdi. Ölkədəki hakimiyyətsizlik şəraitində hər şey baş verə bilirdi, buna isə yol vermək olmazdı.

Azərbaycanın müstəqilliyi ideyası  bütün mərhələlərdə olduğu kimi, 90-cı illərdə də rəhbərin siyasi fəaliyyətinin əsas qayəsi idi. Məhz buna görə o, səriştəsiz Xalq cəbhəsi hökuməti ilə əməkdaşlıq edir, ölkədə siyasi böhranı dərinləşdirə bilən  bütün meyillərin qarşısını almağa çalışırdı. Lakin 1993-cü ilin ilk günlərində  müstəqil Azərbaycan respublikasının mövcudluğu təhlükə qarşısında qaldı: sərhəddə müharibənin qızğın çağında  cəbhəçilər ikiyə bölünüb bir-birilərinə silah qaldırdılar. Gəncədə qardaş qanı töküldü. Real vətəndaş müharibəsinin yayılması təhlükəsi yarandı.

Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi vətəndaş müharibəsindən çıxmağın əsas formulu kimi qəbul edildi. İyun ayının on beşində  bir ovuc səviyyəsiz cəbhəçinin müqaviməti qırıldı və  öndər səsçoxluğu ilə Ali Sovetin sədri seçildi. Rəhbərin doğma xalqı rahat nəfəs aldı. İnsanlar xalqın sınaqlardan çıxmış vətənpərvər oğluna, müstəqillik ideyalarının əsas memarına inanırdı.

Azərbaycanın müstəqilliyinin dönməzliyi rəhbərin uzaqgörən siyasətinin əsas hədəfi idi. Ona görə qısa bir vaxtda müstəqil Azərbaycanın yeni konstitusiyası hazırlandı və  referendum yolu ilə1995-ci ilin dekabrında  qəbul olundu. Bununla Azərbaycanın müstəqilləşməsi  formal qanun baxımından da bitmiş oldu. Heydər Əliyev Konstitusiyası Azərbaycanın ərazi  bütövlüyünün toxunulmazlığı prinsipini  birmənalı şəkildə təsbit etdi. Azərbaycan ərazi quruluşu dəyişilməz olan unitar bir dövlətdir.

Heydər Əliyevin strategiyası və siyasəti İlham Əliyev tərəfindən  davam etdirilir. Rəhbərin siyasi varisi onun milli tərəqqi və quruculuq xəttinə sadiqdir. Ölkəmizdə misilsiz dəyişikliklər baş verir, onun arxitektura görkəmi tamam təzələnir. İnsanların rifahı, yeni iş yerlərinin açılışı, yeni iqtisadi layihələrin gerçəkləşdirilməsi ölkə rəhbərinin daimi diqqət mərkəzindədir. İlham Əliyev dünya maliyyə böhranının ölkəmizə daha az ziyan vurması üçün gərək olan bütün tədbirləri görür, sadə, sıravi vətəndaşların bu böhrandan ziyan çəkməməsi üçün hər  şeyi edir. Ölkəmiz regionda lider dövlətə çevrilib.

Müstəqil Azərbaycan dünya siyasətinin reallığıdır. Bayrağımız bayraqlar sırasında, Millətlər Evi üzərində dalğalanır. Bu, böyük azərbaycanlı Heydər Əliyevin doğma xalqına yarım əsrlik xidmətinin ən yüksək bəhrəsidir. Xalqımızın ən böyük  qoruyucu və irəli aparıcı dəyəridir. Bu gün isə Heydər Əliyev, ilk növbədə, yaratdığı müstəqil dövlətimizin timsalında yaşayır və yaşayacaqdır.

 

 

Nurlana ƏLİYEVA

 

İki sahil.- 2013.- 19 aprel.- S.12-13.