Xeyirxahlıq onun amalı idi

 

Milli oftalmologiyamızın banisi Zərifə xanım Əliyevanın xalqına göstərdiyi misilsiz xidmətlər, tibb elminin inkişafı naminə apardığı tədqiqatlar əsl vətəndaş fədakarlığı idi

 

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyinə hazırlıqla əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunduğu kimi həkimlərin yeni nəslinin yetişməsində, elmi-pedaqoji kadrların hazırlanmasında, Azərbaycanda oftalmologiya elminin inkişafında ONUN güclü təsiri olmuşdur.

 

...Müdriklər söyləmişlər ki, el hörmətini pulla, var- dövlətlə qazanmaq olmaz. Onu yalnız insanlara olan məhəbbətin, səmimiyyətin, mərhəmətin qüdrəti ilə əldə etmək mümkündür. İnsanlığa məxsus ən ülvi keyfiyyətləri özündə birləşdirən, içdiyi Hippokrat andına sədaqətini xəstələrinə göstərdiyi nəvazişi ilə doğruldan, sadəliyin fövqündə dayanan Zərifə xanım Əliyeva belə zirvələri fəth edənlərdən idi.

Bütün xəstələri üçün sadəcə xalatlı şəfalı əllər sahibi, dünya işığından məhrum olanlar üçün ümid yeri, həyat qaynağı idi. Bənzərsiz insan, səmimi, mehriban rəfiqə, sədaqətli həyat yoldaşı, cəfakeş ana olan Zərifə xanım Tanrının bu qismətindən məhrum olanlara nuru şəfalı əlləri, tibbin imkanları tükənəndə isə insanlara yaşamaq ümidini səmimiyyəti ilə bəxş edirdi. “Ümid sonda ölür” fəlsəfəsinin hikmətini çoxillik təcrübəsi ilə dəfələrlə sınaqdan keçirən Zərifə xanım həyatın son anına kimi şirin nemət olduğunu xəstələrinin simasında dəfələrlə hiss etmişdi.

Böyük şəxsiyyətlərin fəaliyyətləri də əməlləri kimi şərəfli olduğundan onlar haqqında danışmaq, münasibət bildirmək də asan deyil. Necə deyərlər, əlçatmaz zirvənin ucalığını görmək üçün ən azından bu məsafənin yarısını qət etməlisən.  Zərifə xanım həyatda az ömür sürsə də, qısa vaxtda belə xeyirxah əməlləri ilə insanlığın əlçatmaz zirvəsinə ucaldı.  Əsl xanımlara məxsus davranışı ilə seçilən,  hamının sevimlisi,  ən müsbət keyfiyyətləri özündə birləşdirən Zərifə xanım cəmiyyətdə, ictimaiyyət və çalışdığı kollektiv arasında ehtiram qazanan əsl ziyalılardan olub.

Onunla birgə çalışan həmkarları da Zərifə xanımı vəfalı, sədaqətli dost, mehriban rəfiqə, təcrübəli oftalmoloq kimi xatırlayırlar.

Həkim kimi fəaliyyətə başlayan gənclərə  Zərifə xanım  həqiqi mənada dayaq olub. İllərdən bəri əldə etdiyi təcrübəni hər kəslə paylaşıb, öyrədib, özü də öyrənib. Əvəzolunmaz insan, peşəsinin vurğunu ifadəsi sanki onun üçün deyilmişdi. Azərbaycanda milli oftalmologiya elmi ONUN adı ilə bağlıdır. Zərifə xanımdan “yoruldum” kəlməsini eşidən olmazdı. Tanrı ona elə bir səbir, peşəsinə, insanlara vurğunluq bəxş etmişdi ki, başqa keyfiyyətlər işinə bağlılıqla müqayisədə kölgədə qalırdı.

Uşaqlıqdan həkim ailəsində böyüdüyündən həyat yolunu seçməkdə çətinlik çəkməyən gənc Zərifə ədəbiyyata, musiqi və incəsənətə nə qədər bağlı olsa da, atasının yolunu davam etdirməyə üstünlük verdi.

“Həyat mübarizlər üçündür” şüarı onun devizi, prinsipi idi. Fədakarlığı nəticəsində əldə etdiyi hər müvəffəqiyyət , elmə gətirdiyi yeniliklər bu gün də aktuallığını qoruyur. Daim tibbin çətin yolları ilə addımlamağı xoşlayırdı. Təki nəticə müsbət olsun. Elmə olan həvəsi, peşəsinə vurğunluğu onu daim qaliblər zirvəsinə yüksəldirdi.

Zərifə Əliyevanın həyat yolu o qədər də hamar olmayıb. Bəlkə də çətinliyə dözümü ona həyat özü öyrətmişdi.

...İkinci Dünya müharibəsinin qızğın dövründə, 1942-ci ildə orta məktəbi bitirən Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə- profilaktik fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra sevib- seçdiyi peşənin sirlərinə daha dərindən yiyələnmək üçün Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisasartırma kursunda çalışıb. Əvvəlcədən elmi tədqiqat işlərinə, araşdırmalara, yeniliyə böyük həvəsi var idi. Gənc həkim kimi Azərbaycan Oftalmologiya Elmi Tədqiqat İnstitutunda həkim-ordinator işləsə də, dünyada tətbiq olunan tibb elminin ən müasir texnologiyalarının təcrübədə tətbiqinə çalışırdı. Buna görə də 1950 -ci ildə aspiranturaya daxil olaraq oftalmologiya institutunda elmi işçi kimi fəaliyyətini davam etdirir.

Tibbi kadrların, xüsusilə göz həkimlərinin azlıq etdiyi o dövrlərdə respublikada traxoma xəstəliyi geniş yayılmışdı. Bu xəstəliyə qarşı mübarizə təkcə oftalmologiyada deyil, səhiyyənin bütün sahələrində problemlər yaradır, respublika əhalisinin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyırdı. Həyatın çətin sınaqlarından çıxmaq üçün qətiyyətin tələb olunduğunu bilən Zərifə xanım bilik və bacarığını bu istiqamətə yönəltdi. Yoluxucu, yayılma imkanları böyük olan bu xəstəliklə mübarizə onu qorxutmadı. Xəstəliyin yaranma səbəblərini elmi şəkildə öyrənmək və profilaktik tədbirlərin aparılmasını sürətləndirmək üçün tez-tez ucqar kəndlərə belə gedir, əhali arasında olur, maarifləndirmə işlərinə xüsusi diqqət yetirirdi. Nəhayət, bu sahədə topladığı təcrübə onun elmi axtarışlarının istiqamətini müəyyənləşdirdi.

Apardığı tədqiqatlara əsasən yazdığı  “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicə” adlı elmi əsəri ona elmlər namizədi adını qazandırdı. Daim axtarışda olan gənc alim kimi qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində elmi işini davam etdirdi. 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur.

Tibbi təcrübə və kadr hazırlığında olduğu kimi oftalmologiyada  həkimləri düşündürən problemlərin həllində gördüyü işlər, təcrübə və tədqiqatları sayəsində əldə etdiyi nailiyyətlər bu gün də aktuallığını saxlayır, geniş tətbiq olunur.

Oftalmologiya elminin ən çətin sahələrinə, problemlərinə müraciət etməkdən çəkinməyən bacarıqlı alim kimi elmi axtarışlarının bəhrəsindən zövq alırdı. Az araşdırılan, lakin aktual məsələlərdən sayılan diaqnostika, qlaukoma və görmə orqanının iltihabının müalicəsi kimi məsələlərə xüsusi diqqət yetirirdi. Peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin araşdırılması oftalmologiyada demək olar ki, yeni bir sahə kimi onun diqqətini cəlb etdi.

Xəstəliyin tam öyrənilməsi üçün mütəmadi sənaye müəssisələrində olur, zəhərli maddələrin görmə orqanlarına təsiretmə yollarını araşdırırdı. Çoxillik təcrübə və tədqiqatlarının nəticəsi olan “ Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini aldı. Əldə etdiyi nailiyyətlər onun vəzifədə də yüksəlməsinə imkan yaratdı. O, əvvəlcə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə kafedra müdiri oldu.

Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü qaldıran da Zərifə xanım olur. Zərifə xanımın təşkilatçılığı və iştirakı ilə yaradılan həmin laboratoriyada az intensiv zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıldı. Dünyanın elmi ictimaiyyətinin marağına səbəb olanXroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası”, “Şin istehsalında gözün peşə patologiyası” adlı monoqrafiyalar həmin elmi axtarışların nəticəsi kimi maraq doğurdu. Bu sahədəki misilsiz xidmətləri nəzərə alınaraq Zərifə xanım oftalmologiya elmində ən yüksək təltif olan M.İ.Averbax adına mükafata layiq görüldü. O həm də gözün zədələnməsinin profilaktikası, görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və öyrənilməsinə aid kitablar da yazmış, 1983- ildə AMEA-nın akademiki seçilmişdir.

Belə yüksək etimadı qazanmaq o qədər də asan deyildi. O beş il ərzində şin istehsalında çalışan 1281 nəfər üzərində kliniki müşahidə aparmışdır. Onun elmi axtarışları oftalmologiya elminə yenilik gətirirdi. Bakıda məişət kondisionerləri zavodunda yaratdığı laboratoriya demək olar ki, onun ikinci yeri idi. Burada apardığı tədqiqatlar daha çox səmərə verirdi. Müəssisədə çalışanlar arasında qadınlar çoxluq təşkil etdiyindən daha artıq diqqət tələb olunurdu. Zərifə xanım aydın başa düşürdü ki, istehsalatda çalışan qadınlar həm də ana kimi ailənin qayğısını çəkməli, cəmiyyət üçün layiqli övlad yetişdirib tərbiyə etməlidir. Bunun üçün isə qadın fiziki cəhətdən sağlam olmalıdır. Sadə, xeyirxah insan kimi həkimlik fəaliyyətinə vətəndaş mövqeyindən yanaşan Zərifə xanım çalışdığı kollektivdə olduğu kimi zavodda işləyən qadınların da hamisi idi. O, diqqət çəkmədən hər kəsin problemləri, ailə vəziyyəti, yaşayış tərzi ilə maraqlanır, onlara yardım göstərirdi. Kiminsə dərdinə şərik olduğu, tələbatını, ehtiyacını ödədiyi günü həyatının mənalı anları hesab edirdi.

Qismətinə belə xoşbəxtlik, el məhəbbəti qazanmaq nəsib olan Zərifə xanım baharda 28 aprel, 1923-cü ildə dünyaya gəlib. İlin ən gözəl fəsillərindən sayılan yazda da həyata “əlvida” deyib.  Zərifə xanım Əliyeva həm də cəfakeş həyat yoldaşı idi. Çətin və məsuliyyətli sahələrdə çalışan, çekistlik məktəbinin yetirməsi kimi Azərbaycana rəhbərliyinin bütün dövrlərində dövlət, siyasi xadim kimi xalqına sədaqətlə xidmət edən ümummilli lider Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq asan deyildi. Zərifə xanım sədaqətli ömür-gün yoldaşı kimi ulu öndərə həmişə mənəvi dayaq olurdu.

Bunu Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasında tanınmış oftalmoloqun həyat və fəaliyyətinə həsr olunmuş müzeyinin açılış mərasimində də etiraf edən ümummilli lider Heydər Əliyev  xatirə kitabında yazmışdı: “Mənim ömür-gün yoldaşım mərhum Zərifə xanımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr edilmiş guşəni seyr etmək məni dərin hissiyyatlara gətirdi. Xatirimdən heç vaxt çıxmayan, mənim üçün çox əziz olan insanın həyat və yaradıcılığını əks etdirən bu guşə məni coşdurdu. Bunların hamısı onun insani keyfiyyətlərinin böyüklüyünə, böyük elmi və həkimlik xidmətinə layiqli abidədir. Bu xeyirxah işdə zəhmət çəkənlərin hamısına təşəkkür edirəm”

Maraqlı həmsöhbət, sadə insan olan Zərifə xanım tibb elminə xeyir verə biləcək prinsiplərini müdafiə edəndə inadkarmübariz olurdu. Kiminsə xatirinə dəyəcək halların baş verməməsi üçün diqqətcilliyi unutmurdu. Elə buna görə də gözlərə işıq verdiyi kimi xoş sözləri ilə də insanların yaşamaq sevincini artırırdı. Məqsədi , amalı xalqına xeyir vermək, insanlara mənəvi yardım göstərmək idi. Azərbaycan xalqı qarşısında ən böyük xidməti isə  Prezident İlham Əliyev kimi torpağına, vətəninə, elinə-obasına, milli mənəvi dəyərlərə bağlı övlad yetirməsidir.

Həyata sonsuz dərəcədə vurğun olan, akademik, Əməkdar elm xadimi Zərifə xanımın böyüklüyü onda idi ki, xəstə halında da insanlara qarşı səmimi, mülayim idi. Hamıya ürək yanğısı ilə qayğı göstərir, ürək- dirək verir, həyatın qanunauyğunluğundan qacmağı mümkünsüz sayırdı.

Belə deyirlər ki, gözlər qəlbin aynasıdır. Gözlərdən qəlblərə uzanan yolun bələdçisi kimi Zərifə xanım bir çox insana Günəş işığını görmək səadətini bəxş edib. Bu nurda daim yaşayan isə onun unudulmaz xatirəsi, xəstələrinə bəxş etdiyi həyat sevincidir.

 

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2013.- 19 aprel.- S.7.