Ümummilli lider Heydər
Əliyevin ideyaları
Azərbaycanın modern
dövlətə çevrilməsinə səbəb olub
Bu
gün ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümü ümumrespublika
miqyasında böyük ruh yüksəkliyilə qeyd
olunmaqdadır.
Bununla
yanaşı, 2013-cü ildə ulu öndər Heydər Əliyevin
müasir Azərbaycan Respublikasının Prezidenti seçilməsindən
də 20 il ötür. Bu isə o deməkdir ki, xalqın təkidilə
20 il öncə hakimiyyətə gələn ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi və
siyasi inkişaf strategiyası bu gün də yaşayır və
Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan
yeni inkişaf erasına qədəm qoyur.
Düşünürəm ki, həm
ümummilli lider Heydər Əliyevin anadan olmasının
90-cı ildönümünün, həm də xalqın təkidilə
hakimiyyətə gəlişinin 20-ci ilinin 2013-cü ilə təsadüf
etməsinin xüsusi mənası vardır. Məhz ötən
20 il nəinki Azərbaycan, hətta region üçün
çox əhəmiyyətli olub. Məsələyə bu
kontekstdən yanaşdıqda əminliklə söyləmək
olar ki, Heydər Əliyev siyasəti ölkəmiz və
bütün bölgəyə yeni-yeni nailiyyətlər
qazandırmaqdadır.
Qeyd edək ki, hər bir ölkənin
inkişafı, sosial tərəqqisi onun hərtərəfli
iqtisadi təhlükəsizliyini təmin edən və
inkişaf meyarlarının konturlarını əks etdirən
milli konsepsiyasının hazırlanması ilə sıx
bağlıdır. Eyni zamanda, müstəqilliyin dayaq
sütunlarını, milli-ideoloji əsaslarını, suveren
respublikanın dövlətçilik institutlarını
yaratmaq, güclü dövlət siyasətini hazırlamaqla
onu həyata keçirmək milli liderin olmasını tələb
edir. Dövlət müstəqilliyini yenicə bərpa
etmiş bütün Azərbaycanın da qarşısında
yeni formasiyanın mühüm zəruri siyasi, sosial, iqtisadi,
hüquqi qanunauyğunluqları dururdu. Bu tarixi missiyanın
gerçəyə çevrilməsi ümummilli lider faktorunun
fonunda tam mümkün ola bilər. Məhz bu baxımdan
ölkənin milli dövlətçilik konsepsiyasını
müəyyən etmək, iqtisadi-siyasi sabitliyin
davamlılığını möhkəmləndirmək,
islahatların konseptlərini və strategiyasını
hazırlamaq da lider faktoru ilə sıx bağlıdır. Azərbaycanın
hazırkı inkişaf və tərəqqi zirvəsinə
çatmasının təməlində də məhz
ümummilli lider Heydər Əliyevin hazırlayaraq həyata
keçirdiyi inkişaf doktrinası dayanır.
Ulu öndərin müəyyən etdiyi
mükəmməl inkişaf konsepsiyasının həyata
keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda
demokratik dövlət quruculuğu və institusional kompleks
islahatların reallaşmasına, azad bazar münasibətlərinə
əsaslanan milli iqtisadiyyatın
formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə
uyğun təsərrüfat sisteminin yaradılmasına və
sıçrayışlı inkişafın təmin
olunmasına dərin təməllər yaratdı. Ümummilli
liderin zəngin siyasi idarəetmə məharəti, milli
dövlətçilik ənənələrinə dərindən
bələd olması, reformaların mahiyyətini bütün
təfərrüatları ilə dərk etməsi və həyata
keçirmək qüdrətində olması, praqmatik keyfiyyətləri
və digər nadir xüsusiyyətləri müstəqil Azərbaycanın
əhatəli inkişaf strategiyasının
hazırlanmasını təşkil etdi. Ümummilli lider Heydər
Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini
dərinliklərinə qədər məharətlə tədqiq
edərək fundamental iqtisadi model hazırladı. Bu model
çoxistiqamətli və uzunmüddətli dinamik
inkişafın alt sütunlarını təşkil etməklə
perspektiv siyasi-iqtisadi proseslərin nəticələri də nəzərə
alınmaqla tərtib olunan zəngin konsepsiya idi.
Azərbaycan hökuməti 1994-cü ildən
başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə
uyğun qətiyyətli addımlar atdı, dövlətin
tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə
verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat
aparan ölkə hesab olunur. Digər sahələrdə də
özəlləşdirmənin həyata keçirilməsi nəticəsində
iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri
baş verdi və liberal iqtisadiyyatın formalaşması
üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində
ölkədə maliyyə vəziyyəti sabitləşdi,
iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə
artdı, xalqın həyat səviyyəsi
yaxşılaşmağa başladı. İqtisadi
transformasiyanın sürətləndirilməsi sayəsində
planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına
keçid üçün münbit şərait
formalaşdı. İqtisadiyyatın əsasını təşkil
edən neft sektoru ilə yanaşı, digər sahələrdə
də genişmiqyaslı islahatlara başlanıldı.
1994-cü il sentyabrın 20-də ulu
öndərin gərgin əməyinin, qətiyyətinin və
möhtəşəmliyinin nəticəsi olaraq “Əsrin
müqaviləsi”nin imzalanması ilə yeni neft
strategiyasının əsası qoyuldu. Bu kontrakt siyasi-iqtisadi
və hüquqi baxımdan qlobal əhəmiyyəti ilə bərabər,
milli maraqlarımızın təmin olunması
üçün güclü strateji saziş idi. Bununla da Azərbaycan
öz maddi sərvətlərinə, neft-qaz ehtiyatlarına
sahibliyini qətiyyətlə təsdiqlədi. Bu müqavilə
ölkəmizin tarixində yeni dövr açaraq dinamik
inkişafın təməl prinsiplərindən birinə
çevrildi. “Əsrin müqaviləsi” ölkəmizin
müstəqilliyinin, iqtisadi bünövrəsinin möhkəmlənməsi
və Azərbaycanın dünyada analoqu olmayan templə
davamlı inkişafı üçün dərin zəmin
yaratmaqla yanaşı, respublikamızın iri trans-kommunikasiya
və qlobal layihələrdə iştirakına, Böyük
İpək Yolunun bərpasına, trans-nəqliyyat dəhlizlərinin
ölkəmizin ərazisindən keçməsinə yol
açdı. Bu saziş Azərbaycanın enerji və iqtisadi
təhlükəsizliyinin möhkəmlənməsi,
güclü maliyyə ehtiyatlarının formalaşması,
iqtisadiyyatın kapital resurslarına olan ehtiyacının
ödənilməsi üçün möhkəm əsaslar
demək idi.
1995-ci ildə qəbul olunan müstəqil
Azərbaycanın ilk Konstitusiyası isə
respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri
ilə bağlı bütün təfərrüatları
özündə əks etdirməklə strateji əhəmiyyətinə
görə seçildi. Beləliklə, iqtisadi sahədə
yeni qanunların qəbul olunması, Azərbaycanın iqtisadi
qanunlarının Avropa standartlarına
uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri
respublikamızın milli inkişafını təmin etməklə
bərabər, dünya ölkələri ilə sıx
inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına
çıxışı üçün əlverişli
imkanlar yaratdı. Bazar iqtisadiyyatının tənzimlənmə
mexanizmləri və iqtisadi subyektlərin fəaliyyətinə
dövlət nəzarət sistemini gücləndirilməsi,
yeni iqtisadi münasibətlərin fəlsəfi-hüquqi-iqtisadi
əsaslarının möhkəmlənməsi, yeni iqtisadi təfəkkürün
formalaşması milli iqtisadiyyatın inkişafını
sürətləndirdi. Konstitusiyada təsbit olunmuş hakimiyyət
bölgüsü prinsipinə uyğun dövlət idarəetmə
sistemi formalaşdı, icra, qanunvericilik və məhkəmə
orqanlarının səmərəli fəaliyyəti təmin
edildi. Ölkəmizdə müxtəlif yönlü siyasi
partiyaların, ictimai təşkilatların, həmçinin
kütləvi informasiya vasitələrinin azad fəaliyyəti
üçün yaradılmış şərait memarı və
qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə
siyasi plüralizmin, fikir azadlığının,
demokratiyanın bərqərar olduğunu bariz şəkildə
təsdiqləyir.
Ulu öndərin yürütdüyü
siyasət ilk növbədə, ölkədə sosial iqtisadi
inkişafın və regional siyasətin gücləndirilməsi,
sahibkarlığa dövlət qayğısının
artırılması, iş adamları üçün əlverişli
şəraitin yaradılması, yeni iş yerlərinin
açılması, inzibati idarəetmə
strukturlarının təkmilləşdirilməsi kimi mühüm
həlqələri əhatə etməklə bu iqtisadi
strategiyanın uğurla həyata keçirilməsinə
güclü təkan vermiş oldu. Bu siyasətin nəticəsi
olaraq Azərbaycan iqtisadiyyatında müşahidə olunan
müsbət dəyişikliklər özünü təkcə
bazar münasibətlərinin dərinləşməsində
deyil, həm də işgüzar mühitin aktivləşməsi
və dinamikləşməsində, sahibkarlıq subyektlərinin
sayının gündən-günə artmasında göstərdi.
1995-2003-cü illər ərzində ölkəmizdə
böyük sosial-iqtisadi dəyişikliklər müşahidə
olunmağa başladı.
Ulu öndərin əsasını qoyduğu
tərəqqi strategiyasını müasir dövrün tələblərinə
uyğun zənginləşdirən Prezident İlham Əliyev
respublikamızın davamlı inkişafını sürətləndirən
kompleks islahatlar həyata keçirir. Hazırda Azərbaycan
iqtisadiyyatının strukturundakı keyfiyyət dəyişikliyini,
sosial islahatların modernizasiyasını təmin edən
konsepsiya isə məhz ulu öndər Heydər Əliyevin
müəllifi olduğu iqtisadi modelin məntiqi nəticəsidir.
Ulu öndərin inkişaf doktrinasının dayaqları
üzərində yeni dövrün meyarları fonunda
inkişaf edən milli iqtisadi model modernizasiyanın
çoxseqmentli trendlərinə söykənir.
Ulu öndər Heydər Əliyevin
müəyyən etdiyi fundamental dövlətçilik ənənələrini
möhkəmləndirən və yeni dövrün
reallıqlarına uyğun inkişaf etdirən Prezident
İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin
ilk dövründən etibarən ölkədə demokratik cəmiyyət
quruculuğu, siyasi və iqtisadi islahatların dönməzliyinin
təmin edilməsi, yeni reformalar kursu hazırlayaraq həyata
keçirməklə respublikamızın proqressiv
sıçrayışı üçün dərin baza
yaratmış oldu. Cənab İlham Əliyev xalq hakimiyyətinin
bütün prinsip və metodlarını nəzərə
alaraq ilk növbədə, xalqın, ictimai fikrin tələblərinə
uyğun, onların istək və arzularına xidmət edən
və xalqın maddi və mənəvi ehtiyaclarını
ödəyən, vətəndaş həmrəyliyinin
möhkəmlənməsini təmin edən, insanların
dövlətə dərin inam və etibarını gücləndirən
fəaliyyət institutu yaratdı. Bu demokratikləşmə
prosesinin əsas avanqardına çevrilməklə ölkədə
milli birliyin, vətəndaş cəmiyyətinin möhkəm
bazalarını daha da gücləndirib.
İlk gündən hakimiyyətin xalqa
xidmət vasitəsi olduğunu bəyan etmiş ölkə rəhbəri
ötən müddətdə verdiyi bütün vədləri
əməli işi ilə doğrultmaq üçün əzmlə
çalışıb, hər bir addımda vətəndaşların
mənafeyini hər şeydən üstün tutub. Prezident
İlham Əliyev yeni inkişaf erasının tələblərinə
uyğun olaraq respublikamızın tərəqqisi və zənginləşməsi
üçün islahatlar kursunun yeni konturlarını müəyyən
etdi və reformaların miqyasının daha da genişlənməsinə
təkan verən prinsipial addımlar atdı. Bu siyasət
ölkə iqtisadiyyatında liberalizmin dərinləşməsinə
impuls verməklə bərabər, sosioekonomik inkişafın
və demokratik cəmiyyətin möhkəmliyini təmin etdi,
eyni zamanda, azad biznes və maliyyə-kredit institutlarının
statusunu gücləndirdi.
Hazırda neft sektoru qeyri-neft sektorunun
inkişafında təkanverici faktor qismində
çıxış edir, uzunmüddətli intibah və
inkişaf fazası üçün imkanlar açır. Bu
iqtisadi dialektika ümumilikdə, ölkə
iqtisadiyyatının çoxvektorlu inkişafı
üçün fundamental sütun deməkdir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş
sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst
bazar münasibətlərinə və
özünüinkişaf qabiliyyətinə malik olan
sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın
formalaşdırılması və dünya təsərrüfat
sisteminə inteqrasiyasının təmin edilməsidir.
Davamlı və dinamik inkişafa əsaslanan bu siyasətin həyata
keçirilməsi nəticəsində qazanılmış
uğurlar daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik
qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası,
qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib,
strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi
təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin
etibarlılığı artırılıb,
sahibkarlığa dövlət dəstəyi gücləndirilib,
əhalinin sosial rifahı davamlı olaraq
yaxşılaşıb.
Ümumiləşmiş şəkildə
deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin
ideyalarının və siyasi irsinin
reallaşdırılması bir daha Azərbaycanın modern
dövlətə çevrilməsinə səbəb olub. 20
ildir bu siyasətin Azərbaycanda reallaşdırılması
isbatlayır ki, ölkəmizdə Heydər Əliyev siyasətinə
böyük dəstək var və biz bunu qarşıdan gələn
prezident seçkilərində də görəcəyik.
Sədaqət
VƏLİYEVA
İki
sahil.- 2013.- 20 aprel.- S.8.