ULU ÖNDƏR AZƏRBAYCANIN
İQTİSADİ UĞURLARININ BANİSİDİR
Ümummilli
lider Heydər Əliyevin ölkəmiz qarşısında
göstərdiyi misilsiz tarixi xidmətlərdən biri də
uzun illər üçün hesablanmış dəqiq və
bitkin iqtisadi inkişaf strategiyasının hazırlanması və
uğurla icrası olmuşdur.
Dövləti
uzunömürlü edən, tarixi və sosial-iqtisadi fenomenə
çevirən ən başlıca xüsusiyyət onun
üçölçülü zaman, yəni
keçmiş-indiki-gələcək zaman prizmasından
müqayisəli şəkildə təhlil imkanının
olması, ən başlıcası futuroloji baxımdan dəyərləndirmənin
mümkünlüyüdür.
Yəni bir dövlətin ali məqsədini müəyyənləşdirmək
üçün onun dünənki, bugünkü və
sabahkı milli hədəflərini öyrənmək vacib
şərtdir. Azərbaycan timsalında isə görkəmli
dövlət xadimi, ulu öndərin layiqli
davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin
vurğuladığı kimi bu hədəflər cəsarətli
və ölkəmizin dünya xəritəsindəki yeri ilə
müqayisədə müsbət mənada ambisiyalıdır. Faktlar da bunu təsdiq
edir.
Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu müstəqil və çoxşaxəli enerji siyasəti
əslində inkişafın Azərbaycan modelinin təməlini
qoyaraq ölkədə modernləşməni başlatdı və
milli iqtisadiyyatımızın inkişafını şərtləndirdi.
Heç şübhəsiz, Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən inkişaf və tərəqqi
strategiyasının mühüm istiqamətlərindən
birini də müstəqil enerji siyasəti təşkil edir.
Ümummilli liderin uzaqgörən enerji siyasətinin fonunda
milli sərvətimiz milli mənafeyə yönləndirildi və
bunun sayəsində ölkəmizin sosial-iqtisadi
inkişafı daha da sürətləndi, eyni zamanda, Azərbaycan
beynəlxalq münasibətlər sistemində etibarlı
strateji tərəfdaş imici qazandı və bununla da
dünya siyasətinin nüfuz və güc iyerarxiyasına
doğru sürətli irəliləyişin əsası
qoyulmuş oldu.
Ümummilli liderin gərgin əməyi
və qətiyyəti sayəsində neft müqaviləsi
üzrə müzakirələrə, danışıqlara
yenidən başlandı və nəhayət, çətin
danışıqlar prosesindən sonra Azərbaycanın
maraqlarına daha çox cavab verən saziş şərtləri
hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda
“Gülüstan” sarayında dünyanın 8 ölkəsindən
11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi”
adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın
dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin
enerji təhlükəsizliyinin möhkəm təməli
qoyuldu. Ulu öndər həmin sazişin respublikamızın
iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında
böyük dəyişikliklərə səbəb
olacağını bildirirdi: “1994-cü ildən Azərbaycan
dövləti özünün yeni neft strategiyasını həyata
keçirir və bu strategiyanın da əsas mənası, əsas
prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən,
o cümlədən neft və qaz sərvətlərindən
Azərbaycan xalqının rifahı naminə daha da səmərəli
istifadə etməkdən ibarətdir”.
“Əsrin müqaviləsi”nin həyata
keçirilməsinə başlanan vaxtdan Azərbaycan
iqtisadiyyatında dönüş yarandı və böyük
işlərə başlanıldı. Birinci növbədə
1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində
“Çıraq-1” özülü qərb standartlarına
uyğun olaraq bərpa olundu və böyük mailli
quyuların qazılması məqsədilə bu
özülün üst modulu modernizə edilərək yeni
qazma avadanlıqları ilə təchiz olundu. 1997-ci ilin noyabr
ayının 12-də “Çıraq-1” özülündən
qazılmış quyudan ilkin neft alındı. 1999-cu ilin
dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə
doldurulmuş tanker dünya bazarlarına
çıxarıldı.
Ulu öndər Heydər Əliyev neft
strategiyasının əsas istiqamətlərindən biri kimi,
Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab
edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin
uzunmüddətli şəkildə qorunması,
genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın
inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar
neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi
ilə strateji əhəmiyyətli Şərq-Qərb
marşrutunun yaradılması başlıca məqsədlər
idi. Məhz bu məqsədlə “Azəri-Çıraq-Günəşli”
yataqlarından hasil olunan yanacağın Avropaya boru kəmərləri
ilə nəqlini təmin edə biləcək transkommunikasiya
dəhlizinin yaradılması olduqca vacib sayılırdı.
Ulu öndər Heydər Əliyev dünyanın ən
nüfuzlu siyasi liderləri, müxtəlif ölkələrin
dövlət və hökumət başçıları,
işgüzar dairələrin nümayəndələri, neft
şirkətlərinin rəhbərləri ilə mütəmadi
danışıqlar apararaq Azərbaycan neftinin Türkiyə
vasitəsilə Qərbə ixracını nəzərdə
tutan strateji boru kəmərinin çəkilməsi
üçün dövlətlərarası sazişin
imzalanmasına çalışırdı. Bunun
üçün regionda ən təhlükəsiz və
uzunömürlü, rentabelli marşrut olan
Bakı-Tbilisi-Ceyhanın (BTC) çəkilməsi təklif
olunurdu. Həmin dövrdə Bakı-Novorossiysk və
Bakı-Supsa neft kəmərləri Azərbaycan neftinin
dünya bazarlarına çıxarılmasında rol oynasa da,
BTC qədər beynəlxalq əhəmiyyətli ixrac dəhlizi
sayıla bilməzdilər. İlkin dövrlərdə BTC-nin
reallaşmasını istəməyən qüvvələr
çox idi və onlar neftin digər marşrutlarla nəqlinə
çalışırdı. Lakin həmin qüvvələrin
müxtəlif təxribatlarına və təzyiqlərinə
baxmayaraq, Heydər Əliyevin əzmkarlığı və qətiyyəti
nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə
dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan
dövlətlərinin birliyi, Amerika Birləşmiş
Ştatlarının dəstəyi nəticəsində, ən
əsası isə, ulu öndərin qəti əzmkarlığı
sayəsində bəzilərinin əfsanə hesab etdiyi layihə
reallığa çevrildi.
2006-cı il mayın 28-də Azərbaycan
nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə
yüklənmiş ilk tanker buradan yola salındı. İyulun
13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin
ən böyük enerji layihəsi olan Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli
açılış mərasimi keçirildi. BTC dünya
dövlətləri ilə Azərbaycan dövlətinin yeni
münasibətlərinin yaranmasına, dünya xalqları ilə
Azərbaycan xalqının əlaqələrinin yenidən
qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin
güclənməsinə və inkişaf etməsinə səbəb
oldu. Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu neft strategiyası, çəkilişinə nail
olduğu Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ölkəmizin
müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin
etibarlı təmin olunması, zəngin və qüdrətli
dövlətə çevrilməsi, eləcə də regionun
və dünyanın enerji təhlükəsizliyində əsas
yer tutan dövlət kimi nüfuzunun artmasına səbəb
oldu. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti
həyata keçirərək Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində başlıca rol oynamaqdadır.
Beləliklə, ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu müstəqil enerji
siyasəti və gerçəkləşdirilən nəhəng
layihələr həm də milli iqtisadiyyatımızın
inkişafına fundamental töhfələr bəxş
etmiş oldu.
Ölkə iqtisadiyyatının
inkişafında neft-qaz amilinin rolu inkaredilməzdir. Lakin cənab
İlham Əliyev Prezident kimi fəaliyyətə
başladığı gündən iqtisadi artımın
qeyri-neft sektorunun hesabına olmasını qarşıya
mühüm vəzifə kimi qoydu. Regional inkişaf
proqramlarının uğurlu icrası da bu məqsədə
xidmət edir.
İqtisadiyyatın şaxələndirilməsi
istiqamətində atılan addımların nəticəsi
olaraq, paytaxt və bölgələrdə quruculuq-abadlıq
işləri geniş vüsət almış,
regionlarımız sosial-iqtisadi inkişafı ilə
dünyanın diqqətində olmuşdur. Ölkənin hərtərəfli
tərəqqisində regionların inkişafını vacib
amil kimi önə çəkən dövlət
başçısı İlham Əliyev bildirir ki, inkişaf
etmiş ölkələrdə də paytaxtla bölgələr
arasında fərq olmur. Biz də buna
çalışırıq.
Bu gün Azərbaycanın iqtisadi
inkişaf modelinin geniş təhlil olunması, ölkəmizin
təcrübəsinin öyrənilməsinə dünya
dövlətlərinin xüsusi maraq göstərməsi bir
daha bu gerçəkliyi təsdiqləyir ki, qarşıya
qoyulan məqsədlərə yüksək səviyyədə
nail olunub. Bir faktı da qeyd etmək kifayətdir ki, 2008-ci ildən
dünyanı iqtisadi və maliyyə böhranı
bürüsə də, Azərbaycan iqtisadiyyatının
düzgün təməl üzərində qurulması sayəsində
ölkəmiz bu problemləri yaşamadı. Əksinə
ölkəmiz iqtisadi artımın sürətinə görə
yenə də dünyada birinciliyini qorudu.
Bir faktı da qeyd edək ki, Azərbaycan
bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə
sahibdir. Hazırda Azərbaycanın iştirakı olmadan
bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata
keçirilməsi mümkünsüzdür. Ölkəmizin təşəbbüsçüsü
və iştirakçısı olduğu layihələr
ölkələr arasında körpü rolunu oynayır. Azərbaycan
bu təşəbbüsləri gerçəkləşdirməklə
iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin
gündəmə gətirilməsinə, enerji
daşıyıcılarının dünya bazarlarına
çıxarılması üçün yeni
marşrutların müəyyənləşdirilməsinə
maraq göstərir.
Qeyd edək ki, cari ildə istifadəsi nəzərdə
tutulan, əhəmiyyətinə görə BTC və BTƏ
neft-qaz boru kəmərlərindən geri qalmayan, dünyaya
açılan üçüncü qapı kimi dəyərləndirilən
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Azərbaycanın
səyləri nəticəsində gerçəkləşir.
Məlum olduğu kimi, maliyyə probleminin mövcudluğu
layihənin icrasını mümkünsüz etmişdi. Lakin
Azərbaycan dövləti dəmir yolunun Gürcüstan hissəsinin
də maliyyəsini öz üzərinə götürməklə
layihənin reallaşmasına stimul verdi. Gürcüstan tərəfi
həmin vəsaiti kredit əsasında ödəyəcək.
XXI əsrin sürətli qloballaşma
şəraitində dünyada gedən proseslər onu göstərir
ki, ölkənin inkişafının əsasını
dövlət başçılarının və səlahiyyətli
qurumların müəyyənləşdirdiyi düzgün
siyasət nəticəsində iqtisadi potensialın səmərəli
istifadə edilməsi, beynəlxalq inteqrasiya, elmi əsaslar və
uzaqgörənliklə tənzimləmə təşkil edir.
İqtisadi cəhətdən inkişaf etmiş hər bir
dövlət dünyada öz yerini daha da möhkəm tutur,
siyasətini daha da cəsarətli və sərbəst aparır.
Deməli iqtisadi müstəqillik siyasi müstəqilliyə
öz töhfəsini verir.
Hələ ötən əsrin 20-30-cu
illərində bazar iqtisadiyyatının dövlət tənzimlənməsinin
vacibliyini göstərən məşhur iqtisadçı alim
C.M.Keynes öz elmi tədqiqatları əsasında belə bir
qənaətə gəlmişdir ki,
“Özü-özünü tənzimləyən bazar
iqtisadiyyatı dövlət tərəfindən də tənzimlənməlidir”.
Dünyanı bürüyən son qlobal maliyyə-iqtisadi
böhranı görkəmli iqtisadçının bu
konsepsiyasının həqiqətən universal əsaslara
söykəndiyini göstərdi. Azərbaycanın ilk müstəqillik
illərində düşdüyü iqtisadi tənəzzül
dövrü dövlətin iqtisadiyyatı düzgün tənzimləyə
bilməməsi səbəblərindən biri olub, bu fikri bir
daha təsdiq etmişdir. Ümummilli lider Heydər Əliyevin
müdrik siyasəti nəticəsində, ölkədə bərqərar
olmuş ictimai-siyasi sabitlik və sosial-iqtisadi inkişaf,
bütün sahələri əhatə edən islahatlara
kompleks yanaşma və koordinasiya iqtisadiyyatın dövlət
tənzimlənməsinin əsası kimi qəbul
edilmişdir.
Ölkənin üstün siyasi təsisatlarının
formalaşmasını məhz iqtisadi islahatların həyata
keçirilməsi ilə əldə olunan sosial-iqtisadi
inkişaf səviyyəsi müəyyən edir. Çox
mürəkkəb olan, bazar iqtisadiyyatının
formalaşması onun qanunlarının, konsepsiyalarının
həyata keçirilməsi və işləmə mexanizminin
dövlət tərəfindən nə dərəcədə
tənzimlənməsindən asılıdır. Azərbaycanda
sosial-iqtisadi inkişaf strategiyasındakı uğurlar məhz
dövlət başçısı, Prezident İlham Əliyevin
həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir.
Son illər Azərbaycan Respublikasında
dövlətin həyata keçirdiyi çoxşaxəli
uğurlu iqtisadi islahatlar nəticəsində ölkədə
makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi
artımın davamlılığı təmin edilmiş, əhalinin
gəlirlərinin artırılması və rifahının əhəmiyyətli
dərəcədə yaxşılaşdırılmasına
nail olunmuşdur. Dövlət idarəçilik sistemində hər
bir transformasiya, yeni ideya və konsepsiyaların
reallaşması üçün iqtisadi islahatların
aparılması xasdır. Azərbaycanda dövlətin həyata
keçirdiyi iqtisadi islahatlar yeni iqtisadi eranın
başlanması ssenariyasının konturlarını özündə
əks etdirir. Azərbaycanın uzunmüddətli dinamik
inkişafı iqtisadi islahatların koordinasiya olunmuş fəaliyyətilə
təmin edilməsinə, informasiya-kommunikasiya
texnologiyalarının bütün sahələrdə tətbiqinə,
uğurla həyata keçirilən neft strategiyası nəticəsində
ölkəyə gələn valyutanın səmərəli və
şəffaflıqla istifadəsinə, beynəlxalq qurumlarla
uğurlu əməkdaşlıq nümunələrinə əsaslanır.
İqtisadiyyatın dövlət tənzimlənməsinin
miqyası və metodları müxtəlif ölkələrdə
əsaslı surətdə fərqlənir. Bu ölkənin
mövcud tarixi ənənələri, həyat tərzi, milli
təsərrüfatçılıq mədəniyyəti,
geosiyasi vəziyyəti və s. ilə əlaqədardır.
Bu baxımdan bazar münasibətlərinə keçən
ölkələrdə tamamilə hazır reseptlərdən
istifadə edilməsi mümkün deyil. Hər bir ölkənin
yerli xüsusiyyətləri və iqtisadi potensialı
islahatların aparılmasında nəzərə
alınmalıdır. Bunun üçün beynəlxalq təcrübədən
istifadə etməklə, yerli şəraitə uyğun
olaraq, dövlət daha fundamental makroiqtisadi tənzimlənmə
vasitələrini həyata keçirməli, bazar
aqreqatlarının yaratdığı qeyri-mütənasibliklərdə
qayda yaratmalıdır. Bunu xüsusilə ekoloji balansın və
eləcə də makroiqtisadi tarazlıqların təmin
olunması məsələlərinə aid etmək olar.
Dövlətin iqtisadiyyatdakı tənzimedici
rolunun mərkəzi məsələsi - islahatlar nəticəsində
sosial-iqtisadi yenidənqurmanın strategiyasını, onun mərhələlərini,
prioritetlərini və son məqsədini müəyyənləşdirmək
və həyata keçirməkdir. Dövlətin
iqtisadiyyatdakı funksiyasının əsasını fəaliyyətin
hüquqi bazasının yaradılması və bunların əsasında
tənzimlənmənin formalaşması və
reallaşmasının təmin edilməsi təşkil edir.
Azərbaycan iqtisadiyyatının dinamik və sürətli
inkişafı göstərir ki, dövlətin
apardığı islahatlar düşünülmüş və
tələbata uyğun olduğundan səmərəlidir.
Azərbaycanda dövlətin iqtisadi siyasətinin
mərkəzində insan amili, hər bir vətəndaşın
sosial-maddi durumunun yüksəldilməsi, insanların öz
maddi və mənəvi tələbatlarını gerçəkləşdirməsi,
bunun üçün isə ölkədə əlverişli
sosial-iqtisadi şəraitin yaradılması dayanır. “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər) Dövlət Proqramı” və “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrası Respublikanın bütün regionlarının
balanslı inkişafına şərait yaratmışdır.
Dövlət proqramlarının əsas məqsədləri
ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olunması
kimi müəyyənləşdirilmişdir. Sosial-iqtisadi
inkişaf proqramları çərçivəsində
respublikanın bütün bölgələrində
infrastruktur yenidən qurulmuş, yol və körpülər
salınmış, məktəblər, tibb müəssisələri
və digər sosial obyektlər tikilərək istifadəyə
verilmişdir.
“2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı”nın
da mühüm rolu vardır. Ərzaq təhlükəsizliyinin
təminatı daim prioritet sahələrdən biri olmuşdur.
Dünyada enerjidaşıyıcılarının qiymətinin
kəskin artdığı, aparıcı ölkələrin
maliyyə bazarında neqativ meyillərin gücləndiyi və
bəzi ölkələrdə ərzaq
qıtlığının real təhlükəyə
çevrildiyi bir dövrdə Azərbaycanda əhalinin
etibarlı ərzaq təminatı təşkil olunmuşdur.
2012-ci ilin iyulunda İngiltərənin “Economist İntelligence
Unit” araşdırma mərkəzinin tərtib etdiyi ərzaq təhlükəsizliyi
reytinqinə əsasən Azərbaycan 105 ölkə
arasında 67-cidir. Reytinq ərzaq bolluğu, insanların
yüksək gəlirləri, başqa mal və məhsullarla
müqayisədə ərzağa daha az pul xərclənməsi,
kənd təsərrüfatı sahəsində elmi-tədqiqat
və inkişafa böyük sərmayə
yatırılması meyarlarına əsaslanmışdır.
Dünya ölkələrində biznes
sahəsində aparılan islahatların qiymətləndirilməsinə
görə tərtib edilən dünyanın nüfuzlu iqtisadi
reytinq agentlikləri “Moody`s” və
“Doing Business”in hesabatlarında Azərbaycanın ardıcıl
olaraq, reytinq balının yüksəldilməsi, məhz qeyd
etdiyimiz islahatların uğurlu nəticəsidir.
Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu
beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini
tapmışdır. Məsələn, ötən il “Moody’s
Investors Service” agentliyinin avqustun 1-də dərc olunmuş
“Banking System Outlook” (Bank Sisteminin Perspektivləri) adlı
hesabatına əsasən, Azərbaycanın bank sistemi
proqnozunun 2013-cü ildə stabil olaraq qalması gözlənilir.
Hesabatda bildirilir ki, neft ixracından gələn gəlirlər
və dövlət tərəfindən ayrılan vəsaitlər
sayəsində qeyri- neft sektorunun inkişafı üçün müvafiq əlverişli
şərait yaranacaq və ölkədəki kreditləşmə
şərtləri yaxşılaşacaq. Eyni zamanda ölkədə
bank sektoruna müdaxilə səviyyəsi aşağı
olduğu üçün, bankların uzunmüddətli
artıma nail olmaq baxımından yaxşı imkanları
vardır.
2012-ci il oktyabrın 23-də Dünya
Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə
qiymətləndirməni özündə əks etdirən
nüfuzlu “Doing Business 2013” hesabatında Azərbaycan 185
ölkə arasında 67-ci yerdə qərarlaşmışdır.
Hesabatda “investorların maraqlarının qorunması” göstəricisi
üzrə Azərbaycan ilk onluğa daxil olmuşdur. “Doing
Business 2013” hesabatında biznes mühitinin
yaxşılaşdırılması sahəsində 2005-ci ildən
etibarən Azərbaycanın əldə etdiyi nailiyyətlər
yüksək qiymətləndirilmiş, ölkəmiz bu sahədə
məqsədyönlü islahatlar həyata keçirən
qabaqcıl ölkələr sırasına daxil
edilmişdir. Habelə,
Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə,
Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə
görə dünyada 46-cı, MDB məkanında isə
birinci yerdədir.
Təkcə ötən ilin makroiqtisadi
göstəriciləri ölkəmizin iqtisadi
potensialının və sahib olduğu resurslardan istifadə
mexanizmlərinin dinamik artan templə
inkişafının əyani təsdiqidir. Belə ki, 2012-ci
ildə ÜDM 2,2 faiz, qeyri-neft sektoru 9,7 faiz, kənd təsərrüfatı
isə 6 faiz artım göstərmişdir. Ötən il
ölkə iqtisadiyyatına 22 milyard dollardan çox investisiya
qoyulmuşdur ki, bunun da 9 milyard dolları xarici
investisiyalardır. Azərbaycanın valyuta ehtiyatları
ÜDM-in 70 faizini təşkil edir ki, bu da olduqca pozitiv bir rəqəmdir.
Əldə olunmuş iqtisadi uğurlar heç şübhəsiz
sosial sferaya da öz müsbət təsirini göstərir.
Belə ki, ötən il inflyasiyanın cəmi 1,1 faiz
olması müqabilində əhalinin pul gəlirləri 13,8
faiz artmışdır. Dövlət Neft Fondundan ayrılan 300
milyon manat vəsait sayəsində 20 mindən məcburi
köçkün yeni mənzillə təmin edilmişdir. Həmçinin
keçən il 117 min yeni iş yeri açılmış,
işsizliyin səviyyəsi 5,2 faizə
düşmüşdür. Eyni zamanda işsizliyin faizində
də ciddi azalma müşahidə olunur və bu rəqəm
hazırda 6 faiz həcmindədir.
Digər sosial proqramlar da uğurla icra edilir. Paytaxt və
bölgələrdə yeni məktəblər, xəstəxanalar,
idman kompleksləri tikilib, istifadəyə verilib. Bütün
bunlar Azərbaycanın hərtərəfli
inkişafını təsdiqləyir.
Ölkəmizin valyuta ehtiyatları 46
milyard ABŞ dollarına yaxındır. Son
15 ildə ölkə iqtisadiyyatına onlarla milyard dollardan
artıq vəsait qoyulub. Bu,
sözsüz ki, Azərbaycanın bu gününə və gələcəyinə
olan inamdan irəli gəlir. Ölkəmizlə
iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin
sayı günbəgün artır. Ötən il neft-qaz sektorunda əldə olunan uğurlara
diqqət yetirməklə qarşıdakı illərdə əldə
olunacaq uğurlar barədə aydın təsəvvür
yarana bilər. Yeni neft-qaz yataqlarının
aşkarlanması, müxtəlif ölkələrlə
imzalanan sazişlər, xüsusilə TANAP layihəsi bunu
söyləməyə əsas verir. Dövlət
başçısı İlham Əliyev bu əminliyi ifadə
edir ki, ölkəmiz qarşıdakı illərdə regionun
və Avropa ölkələrinin enerji təhlükəsizliyinin
təminatında rolunu daha da artıracaq. “Azərbaycanda
aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər,
ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim
ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş
kimi Azərbaycan gələcəkdə də öz müsbət
rolunu oynayacaqdır.”
Azərbaycanın artan iqtisadi imkanları
siyasi mövqeyinin möhkəmlənməsinə də öz
müsbət təsirini göstərir.
Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın dəyişməz
mövqeyini bir daha bəyan edən dövlət
başçısı İlham Əliyev bildirir ki, biz bu
mövqedən bir addım geri çəkilməyəcəyik.
Dağlıq Qarabağ Azərbaycanın tarixi
torpağıdır. Birləşmiş
Millətlər Təşkilatının 4 qətnaməsində
Azərbaycanın ərazi bütövlüyü dəstəklənir,
erməni işğalçılarının bu ərazilərdən
qeyd-şərtsiz çıxarılması qeyd olunur.
Dövlət başçısı bir daha bəyan etdi: “Biz
heç vaxt imkan verə bilmərik ki, ikinci dəfə əzəli
Azərbaycan torpağında ikinci qondarma erməni dövləti
yaradılsın. Bu, bizim prinsipial
mövqeyimizdir. Bir daha demək istəyirəm
ki, bu mövqe həm tarixə, həm hüquq normalarına, həm
də ədalətə əsaslanır”. Qürür
hissi ilə deyə bilərik ki, bu sözlər sadəcə
ritorika deyil, Ermənistanın dövlət büdcəsini az
qala iki dəfə üstələyən, 3,7
milyard dollara çatan hərbi xərclərimizin
yaratdığı yeni geopolitik reallıqdır. Habelə ölkəmiz 2013-cü ildə
özünün ilk süni peykini kosmosa göndərə biləcək
iqtisadi qüdrətə və gücə qovuşmuşdur.
Azərbaycanın diplomatiya sahəsində
uğurları göz qabağındadır.
Ötən il ölkəmizin BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi onun bir daha
artan nüfuzunu və siyasi çəkisini təsdiqlədi. Azərbaycanın dünyanın 155 ölkəsinin dəstəyini
qazanması böyük uğurdur. Artıq
ölkəmiz yeni ilin ilk ayından BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi öz səlahiyyətlərinin
icrasına başlayıb və hazırda quruma sədrlik edir.
Düşünürük ki, bu uğurumuz ən
mühüm problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə
öz müsbət təsirini göstərəcək.
Atılan addımların, görülən
işlərin əsasında Azərbaycan vətəndaşı,
Azərbaycan ailəsi dayanır. 2013-cü ilin prioritetlərini açıqlayan
dövlət başçısı onların həlli
yollarını da diqqətə çatdırdı. Qeyd
edək ki, dövlət başçısı İlham Əliyevin
29 noyabr 2011-ci il tarixli “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının
hazırlanması barədə sərəncamında da qeyd
edilir ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə
qədəm qoyur. Bu mərhələnin əsas hədəfi
çoxşaxəli, səmərəli və innovasiya
yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır. Bütün bu faktorlar müvəffəqiyyətlərimizin
davamlılığına, gələcəyə daha
böyük inamla irəliləməyimizə, yeni vəzifələrin
müəyyən edilərək, onların həlli istiqamətində
əhəmiyyətli addımların atılmasına stimul
verir. Yeni dövrün
çağırışı olaraq təhsilin, elmin və
iqtisadiyyatın vəhdətinin yaradılmasının
vacibliyi bildirilir.
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının
hazırlanması barədə Prezident İlham Əliyevin Sərəncamının
başlıca əhəmiyyəti ondan ibarətdir ki, bu sənəd
ölkəmizin yeni inkişaf mərhələsinə qədəm
qoyması ilə bağlıdır. Yeni inkişaf mərhələsinin əsas
xüsusiyyəti qarşımızda duran məqsədlərin
daha yüksək səviyyəli, çoxşaxəli
olması və zamanın
çağırışlarının nəzərə
alınması ilə bağlıdır. Bu məqsədlərə
nail olmaq üçün ciddi elmi əsaslara söykənən
ən müasir idarəetmə üsullarının tətbiqi
tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli
dövrü əhatə etməsi zərurəti yaranır. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin
öyrənilməsində və tətbiqində maraqlı
olan dövlətimiz Konsepsiyanın hazırlanmasında və
icrasında bu meyarlara önəm verməkdə qərarlıdır.
Aydın
HÜSEYNOV
İki
sahil.- 2013.- 20 aprel.- S.12.