Analıq,
qadınlıq, təbiblik mücəssəməsi
Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyeva haqqında
düşünərkən
Dünya xəlq olunandan
yer üzünə saysız-hesabsız insanlar gəlib-gedib.
Sirrini sirdaşa verməyən dünya indi də, min illər
boyu olduğu kimi, bir yandan boşalıb, bir yandan
dolmaqdadır. Gələnlər tanrı payı olan
ömrünü yaşayır. Gedənlərdən isə iz
qalır. Böyüklərdən böyük, kiçiklərdən
isə kiçik iz. Əlbəttə, söhbət
bütün anaların öz övladlarını sevə-sevə
oxşamalarından, qürur duymalarından deyil, əməllərin,
arzuların aliliyindən və bütün bunların
fövqündə duran, məhəbbətin
böyük-kiçikliyindən gedir.
Elə insanlar var ki, məhəbbəti
ilə böyük bir nəsli, eli, obanı isidir və həyatdan
köçəndə də el insanlar tərəfindən
xatırlanır. Belə anımın ömrü bir qədər
uzun olur – bir neçə nəsil boyu.
Lakin elə insanlar da vardır ki, günəş
timsallıdırlar. Ömürlərinin məhəbbət
işığından həm yaxına, uzağa, doğmaya,
yada, həm də bütövlükdə mənsub olduğu
xalqa, hamımızın ümumi evi olan planetimizdə bizimlə
eyni zaman kəsiyində yaşayan digər xalqlara, eləcə
də gələcək nəsillərə işıq və
hərarət payı verirlər. Təbii ki, belə insanlar
min illər boyu olumdan-ölümə köç edən bəşər
övladları arasında dərya-damla nisbətində olur.
Bu baxımdan tale həmişə xalqımızın
üzünə gülüb. Günəş timsallı
insanları tarix boyu xalqımıza bol-bol bəxş etməsi
ilə…
Nümunə üçün elə qan
yaddaşımıza ötəri bir nəzər salmaq kifayətdir
ki yaxın-uzaq tariximizdən bizə boylanan belə
insanları görə bilək. Cavanşir, Babək,
Qızıl Arslan, Nizami, Möminə xatun, Bəhmənyar,
Tusi, Sara xatun, Nəsimi, Füzuli, Şah İsmayıl, Mirzə
Fətəli, H.Z.Tağıyev, Ulu öndər Heydər Əliyev
və onlarca başqaları. Məgər onların hər biri
bir əsrdə Azərbaycanın üzərində doğan
qüdrət, zəka, mənəviyyat, xeyirxahlıq,
mübarizlik günəşi olmayıblarmı. Mən 20-ci əsrin
payına düşən görkəmli Azərbaycan
qadınlarından və alimlərindən biri,
xalqımızın böyük qızı Zərifə
zanım Əliyevanı da bu sırada görürəm.
1923-cü ilin ilıq bir bahar günü dünyaya gələn,
ürəyində və əməllərində
işıqlı amalları, nəcib duyğuları
yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə
xanım Əliyevanın olduqca mənalı və zəngin həyat
yolu, ailəsi, övladları, xalqı, dövləti
yolundakı fədakarlığı nəinki bugünkü, həm
də gələcək nəsillər üçün bir
örnək və yaşam etalonudur.
Onu yaxşı tanıyan məşhur
rus həkim alimlərindən birinin dediyi və Zərifə
xanım Əliyevanın yeganəliyini, təkrarsızlığını
çox gözəl və dəqiq ifadə edən bir fikir
yadıma düşür. «Əgər mən peşəkar ədəbiyyatçı
kimi Zərifə xanım Əliyeva haqqında əsər
yazmış olsaydım, heç şübhəsiz onu «Əvəzolunmaz
insan haqqında povest» adlandırardım. Bəli, həmkarı
Zərifə xanımı həqiqətən də çox
yaxşı tanıyırmış. O bir insan kimi də, ana
kimi də vəfalı həyat yoldaşı kimi də, həkim-alim
kimi də, ictimai xadim kimi də əvəzolunmaz idi. Elm, bilik,
mərifət sahiblərini, qəlbində böyük eşq
gəzdirənləri çox yüksək qiymətləndirən
ulu Nizami alimin rütbəsini bütün rütbələrdən
uca sayırdı. Bu alimi cənnətin fövqundə duran ana
olduqda isə bu ucalığın necə əlçatmaz
olduğunu təsəvvür etmək çətin deyil.
Zərifə xanımı yaxından
tanıyanların, sağlığında onunla birlikdə
işləmək, ictimai-mədəni tədbirlərdə
birgə iştirak etmək səadətinə nail olanların
hamısı bu zərif və nəzakətli, alicənab və
ziyalı Azəri xanımını, hər şeydən əvvəl,
məhz sadə bir insan, olduqca səmimi,
ölçülü-biçili hərəkət və
davranış yiyəsi, böyük mədəniyyət
sahibi kimi səciyyələndirirlər. Sadəliyi,
xeyirxahlığı sevdirirdi onu hər kəsə. Kimsənin
dərdinə, kədərinə biganə qalmazdı. Dara
düşənə dayaq durardı, yıxılana söykək.
Hamı onu belə tanıyırdı. Belə sevirdi. Və
onu bir nəfər də sevirdi. Amma fərqli məhəbbətlə.
Öz sevgisi uğrunda çox çətin
sınaqlardan çıxdığını da sübut
etmiş, bununla da sevgisi yolunda mübarizə, dözüm, qətiyyət
nümunəsi göstərmişdi. Bu, az sonra dünyanın
siyasət aləmində imzası ilə seçilən
böyük azərbaycanlının məhəbbəti idi.
Bu, xalqının milli liderinə çevriləcək Heydər
Əliyevin sevgisi idi. Bu müqəddəs duyğu onları
yumruq kimi birləşdirəcəkdi. Bu sevda iki ürəkdə
bir olacaqdı. Və bu məhəbbət ölüncəyə
qədərdi. Zərifə xanım son nəfəsinədək
onu başının tacı kimi qoruyacaqdı. O isə Zərifəsindən
sonra nə az, nə çox, düz 18 il ömrünün ən
böyük məhəbbətinin nisgilini yaşayacaqdı.
Hər birimiz şahidik. Heydər Əliyev
kimi möhkəm iradəli bir insan, qüdrətli bir şəxsiyyət
yalnız onun, sonsuz məhəbbətlə sevdiyi bir
qadının xatirələri qarşısında kövrəlirdi.
Bəli,
onların arasında olan bu saf və sarsılmaz məhəbbət
ilahi bir sevgi idi və onlar bu məhəbbətləri ilə
də nəsillərə böyük bir örnək
qoymuşlar.
Zərifə
xanım Əliyevanın parlaq səhifələrlə dolu zəngin
ömür kitabında məni özünə ən çox
cəzb edən, ilk növbədə, onun analıq fenomenidir.
Mən analığı təbiətin ən böyük
möcüzəsi sayıram. Çünki Allahdan sonra yeganə
yaradıcı varlıq məhz anadır. Balaca zərif bir
ananın necə böyük qüdrət daşıması
məgər möcüzə deyilmi? Dünyaya böyük
insanlar bəxş etməyə xalqların taleyində misilsiz
iz qoymağa məgər analardan başqa kimsə qadirdirmi?
Analar həm də böyük tale, böyük xoşbəxtlik
bəxş edə bilmək qüdrətinə malikdirlər.
Zərifə xanım Əliyeva da bu baxımdan nadir, unikal bir
qadın idi.
Filosoflar
və pedaqoqlar əsrlər boyu insanların həyat qayəsini
açmağa çalışıblar və son nəticədə
bu qənaətə gəliblər ki, buna təsirgöstərən
başlıca tərbiyəvi faktor şəxsiyyətin
formalaşdığı ailə mühitdir. Bu baxımdan tale
Zərifə xanımın üzünə
gülmüşdü. O, nəcib bir ailədə, görkəmli
ictimai-siyasi və dövlət xadimi, tanınmış təbib,
vətənini alovlu məhəbbətlə sevən və
bütün ömrü boyu inandığı və xidmət
etdiyi ideologiyanın əsgəri olan Əziz Əliyevin ailəsində
dünyaya gəlmişdi.
Mən
övladların çox şeyi valideynlərindən,
xüsusən də analarından irsən miras almasına
inanıram. Və buna görə də qəti əminəm
ki, Zərifə xanım Əliyevanın hər bir insanın
həsəd aparmalı olduğu dərəcədə
yüksək xarakterinin formalaşmasının kökündə
Zərifənin valideynlərinin, Əliyevlər ailəsinin
sadə dolanışığı, xeyirxah, nəcib, diqqətli,
qonaqpərvər ruhu, burada qərarlaşan mənəvi
ovqatın təmizliyi durur. Ona da qəti surətdə əminəm
ki, insanın qəlbini, ruhunu, xeyirxahlığa və gözəlliyə
canatmanı yaradan, formalaşdıran ev tərbiyəsini
dünyanın heç bir universiteti əvəz edə bilməz.
Əliyevlər ailəsindəki uşaqların hamısı
məhz belə mühitdə tərbiyə
almışdılar.
Zərifə
xanımın anası Leyla xanım xoşbəxt taleli bir
qadın idi. Bu xoşbəxtlikdən isə dörd
övladının dördünə də pay duşmuşdu.
Onların hamısı həyatda istedadlı və xoşbəxt
taleli insanlar oldu. Qızı Gülarə gözəl
ifaçı və bəstəkar kimi şöhrətləndi.
İki oğlu – Tamerlan və Cəmil isə görkəmli
tibb alimləri kimi ad-san qazandılar. Lakin ailənin ilki olan Zərifə
xanıma isə daha nurlu və uğurlu tale payı
düşdü. Görünür, həm də buna görə
valideynlərinin məhəbbət payınına da çoxu
ona çatmışdı. Deyirlər, uşaqlıqdan qismət
olan ana məhəbbəti insanı xoşbəxt edir. Zərifə
xanımı da anası Leyla xanım və atası Əziz
çox istəyirdilər.
Xalqımızın
tarixində özünəməxsus izi olan Əliyevlər ailəsi
sovet dövrünün tipik ziyalı ailələrindən
idi. Ailənin dünyaya pəncərəsi Naxçıvan
Muxtar Respublikasının Şərur rayonunun məşhur
Şahtaxtlı kəndində açılmışdı. Əziz
Əliyevin ailəsi buraya 1918-ci ildə ermənilərin
növbəti fitnəkarlıqları baş qaldıranda, azərbaycanlılara
qarşı deportasiya siyasətinin ikinci mərhələsi
başlayanda, soyqırım tüğyan edəndə
köçmüşdü.
Əziz
Əliyev o vaxt böyük xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin dəstəyi ilə Peterburq Hərbi Tibb
Akademiyasında təhsil alırdı. Ermənilərin məkrli
planlarını yenidən ortaya atdıqlarını və azərbaycanlıları
öz dədə-baba torpaqlarından didərgin salmağa
hazırlaşdıqlarını biləndə təhsilini
yarımçıq qoyaraq evinə qayıtmış və
ailəsini Naxçıvana, Şərurun Şahtaxtlı kəndinə
köçürmüşdü. Təhsilini başa vurduqdan
sonra Şahtaxtlıya dönən Əziz Əliyev həkimlik
fəaliyyətinə də burada başlamışdı.
Onlara böyük sevinc bəxş edən elə
övladları da burada dünyaya gəlmişdi.
Doğma
yerlərdən didərgin düşmüş ailə
1923-cü ildə Bakıya köçməyi qərara
alır. Həmin ilin yayında Bakıya gələn Əziz Əliyev
tanışların köməyi ilə rus dilini yaxşı
bilən gənc kimi dövlət işinə qəbul olunur və
beləliklə vəzifə pillələrində yüksəliş
başlanır. Əlbəttə, onun karyera yüksəlişinin
təməlində aldığı mükəmməl gimnaziya
təhsili, Peterburq Hərbi Tibb Akademiyasında əldə
etdiyi yüksək nəzəri və praktik
hazırlığı çoxlarında qibtə doğuran
işgüzarlığı, xalqının, dövlətinin
yolunda hər cür fədakarlığa daim hazır olmaq istəyi
dururdu. Gimnaziyanı qızıl medalla bitirmiş böyük
bir imperiyanın ikinci ən böyük şəhərində
ali təhsil almış Əziz Əliyev o vaxt barmaqla
sayılacaq yüksək ixtisaslı peşəkar mütəxəssislərdən
idi. O həm də ideallarına inandığı və hədsiz
sədaqət göstərdiyi partiyanın yorulmaz əsgəri
idi. Partiya onu hara göndərirdisə gedir və çox
tezliklə də göstərilən etimadı doğruldurdu.
20-30-cu illərdə o maarif, səhiyyə sahəsində
çalışmaqla bu sahələrin dirçəlməsinə
və inkişafına öz töhfəsini vermiş, bununla
da Vətənə olan övladlıq borcunu
qaytarmışdı. Yüksək işgüzarlığı
və rəhbərlik bacarığı sayəsində o, bir
sıra rəhbər vəzifələrə irəli çəkilərək
Azərbaycan Tibb Universitetinin ilk rektorlarından biri, sonra isə
xalq səhiyyə komissarı oldu.
O
dövrdə ölkə sanki hərbi rejimlə işləyirdi.
Rəhbər işçilərin və yüksək ranqlı
partiya funksionerlərinin həyatı, iş rejimi peşəkar
zabitlərinkindən fərqlənmirdi. Hamıdan güclü
intizam tələb olunurdu. Belə şəraitdə səhərdən
gecə keçmişədək iş başında olmaq,
bütün enerjini işə vermək lazım gəlirdi. Həyat
yoldaşı və övladları Əziz Əliyevin
üzünü ancaq gecələr görə bilirdilər.
Ona görə də evdə uşaqların tərbiyəsi ilə
əslən bəy nəslindən olan Leyla xanım məşğul
olurdu. Leyla xanım ləyaqət mücəssəməsi idi.
Həyat tərzinə görə çox sadə
davranmağı sevən bu qadın övladlarına da həyatda
təvazökar olmaq mədəniyyəti
aşılamışdı.
Elm, təhsil,
mədəniyyətlə nəfəs alan Əliyevlər ailəsində
yüksək intellektual mühit mövcud idi. Balaca Zərifə
və onun bacı-qardaşları belə bir ziyalı
mühitində böyüyüb tərbiyə
alırdılar. Ətraflarında müşahidə etdikləri
təhsilə, elmə, müasirliyə maraq onlara da sirayət
edir və həyat yollarını seçməkdə müəyyənedici
rol oynayırdı. Güclü təsirə malik ailə ənənəsi
vardı – ata tanınmış həkim idi. Üstəlik o
dövrdə həkimlik və müəllimlik peşələri
cəmiyyətdə ən prestijli peşələr hesab
olunurdu. Müəllimin və həkimin nüfuzu xalq
arasında yüksək idi. Onların hər ikisi cəmiyyətin
ən savadlı, hörmətli şəxsləri
sayılırdılar. Oxuyana, təhsil alana hamı hörmət
edirdi. Cəmiyyətdə layiqli yer tutmaq üçün təhsil
zəruri vasitə sayılırdı.
Ata Əziz
Əliyev səhiyyə sistemində
çalışdığından ölkə səhiyyəsinin
problemlərini ailədə də hamı bilirdi. Problemlər
isə çox idi. Ölkədə həkimlər
çatışmırdı. Kütləvi epidemiyalar baş
alıb gedirdi, uşaq ölümünün faizi yüksək
olaraq qalırdı. Bu kimi problem və çətinliklərin
dəf olunması üçün böyük işlər
görülür, yeni Avropa tipli səhiyyə formalaşaraq
kütləvi epidemiyalara qarşı mübarizə
aparılırdı, yeni dərman preparatları tətbiq
olunur, klinik müalicənin əsası qoyulurdu. Əziz Əliyev
sonralar bir sıra partiya vəzifələrində işləsə
də onun ailəsində tibb elminin, təbibliyin nüfuzu
yüksək olaraq qalırdı.
Bütün
bunlar balaca Zərifənin qəlbində hələ
kiçik yaşlarından həkim olmaq, xalqın
sağlamlığı keşiyində durmaq arzusu
doğurmuşdu. 30-cu illərdə orta məktəbdə
oxuyanda, xüsusən son siniflərdə onun həyatı gələcək
fəaliyyəti haqqında təsəvvürləri artıq
dəqiqləşmişdi. O, özünü xalqın
sağlamlıq durumunun mühafizəçisi kimi
görürdü. Həyat amalı da bu idi: «Elə
yaşamalı, elə mübarizə aparmalıyıq ki, qəlbimizdəki
xeyir həmişə qonşuluqda yaşayan şərə
qalib gəlsin». Bu sözlər isə hələ
uşaqlıqdan onun necə böyük bir ürək sahibi
olduğunu aydın göstərir: «Elə hey
düşünürəm, necə edim ki, insanlara sevinc bəxş
edim».
Əliyevlər
ailəsində musiqiyə böyük maraq və həvəs
vardı. Bu maraq Zərifə xanımda da uşaqlıqdan
özünü büruzə vermişdi. Həm də bu təkcə
maraq deyildi, onda qeyri-adi improvizasiya istedadı var idi. Orta məktəblə
yanaşı musiqi dərslərinə də gedirdi. Pianoda və
akkoordeonda gözəl çalırdı. Kiçik
bacısı Gülarə ilə birlikdə evdə konsertlər
verirdi. Həm də yaxşı rəqs edirdi.
Gələcək
həyatını tibb elminə həsr etməyi qəti
müəyyənləşdirmiş gənc Zərifə
1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Tibb İnstitutuna daxil oldu. Onun ali məktəbdə
oxuduğu illər Əliyevlər ailəsi üçün
çətin dövr idi. Müharibənin ən ağır
illərində – 1941-1942-ci illərdə Əziz Əliyev Azərbaycan
KP MK-nın katibi, sonra isə 6 il Dağıstan Vilayət
Partiya Komitəsinin birinci katibi işləmişdi.
Böyük təşkilatçılıq
bacarığını, partiya, dövlət işinə sədaqətini,
ən çətin situasiyalarda belə ən optimal qərarlar
qəbul etmək qabiliyyətini nəzərə alıb onu ən
çətin sahələrə göndərirdilər. Hətta
bir müddət İranda da səlahiyyətli partiya
işçisi kimi çalışmışdı.
Bütün bunlar, təbii ki, ailəyə də təsirsiz
ötüşmürdü. Evdə daim bir
nigarançılıq və gərginlik hiss olunurdu. Zərifə
də anası ilə birgə atası üçün həyəcan
keçirirdi. Belə gərgin vaxtlarda anası Leyla
xanımın səbri, iradəsi, dözümü,
özünün başını bir şeylə qatması, gələcəklə
yaşamaq nikbinliyi ona dayaq dururdu.
1947-ci
ildə Zərifə Əliyeva Tibb İnstitutunu əla qiymətlərlə
bitirdi. Lakin bu hələ oxumağın, təhsilin sonu
deyildi. Gənc Zərifə təbabətin ən incə, eyni
zamanda, ən vacib bir sahəsini - oftalmologiyanı özünə
ixtisas seçmişdi. Göz həkimi olmaq, adamlara
dünyanın ən böyük, ən əvəzsiz nemətini
- dünya işığını qaytarmaq arzusu onun qəlbində
hələ özünü təbabətə həsr etmək
qərarını verdiyi gündən çox-çox əvvəl
baş qaldırmışdı. Bir gün Zərifə
xanım rəfiqəsi ilə küçədə gedərkən
gözləri görməyən, lakin olduqca gözəl bir
qadının necə çətinliklə hərəkət
etdiyini görmüşdü və bu mənzərə
qızın həssas qəlbini göynətmişdi.
İnstitutda
oxuduğu illərdə müəllimi, tanınmış
göz həkimi Umnisə xanım Musabəyovanın ona
göz xəstəlikləri üzrə ixtisaslaşmanı məsləhət
görəndə bu, onun ürəyindən oldu.
Yaddaşında bir-neçə il əvvəl
gördüyü həmin mənzərə yenidən
canlandı. Sonralar həyat bu seçimin müdrikcəsinə
bir seçim olduğunu sübut etdi. Zərifə xanım bu
sahənin ən gözəl, ən kamil, bütün
dünyada tanınan mütəxəssislərindən oldu.
Seçdiyi
ixtisasa daha da dərindən yiyələnmək
üçün Zərifə Əliyeva 1947-ci ildə
Moskvadakı Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun ordinaturasında oxumağa getdi və iki il
ixtisası üzrə nəzəri və praktik
hazırlığını artırdı. O zaman bu institut SSRİ-də
ən nüfuzlu elmi və klinik mərkəz idi. Burada ölkənin
ən tanınmış oftalmoloq alimləri
çalışırdılar. İnstitutdakı elmi mühit
çox yüksək olub özünəməxsusluğu,
inkişafetdiriciliyi, səmimiliyi ilə fərqlənirdi. Elmi
diskussiya və seminarlarda dünyadakı və ölkədəki
ən son elmi yeniliklər müzakirə olunur, müzakirələrdə
hərə öz fikrini, nöqteyi-nəzərini ortaya qoyurdu.
Hər bir alimin öz fikri, öz yolu var idi. Heç bir elmi
avtoritet bütləşdirilmirdi. Hamı tənqid
üçün açıq idi. Bu institutda Zərifə
xanım elmi və təcrübi biliklər qazanmaqla, həkimlik
sənətinin incəliklərinə yiyələnməklə
bir həqiqəti də dərk etdi. Elmdə öz yolunu
tapmalı, öz axtarış cığırına
düşməlidir. Yaxşı həkim və alim
olmağın yolu məhz bundan keçir.
Moskva
mühiti həm də Zərifənin mənəvi cəhətdən
inkişafına güclü təsir göstərdi. Daim ailəsi
ilə birlikdə anasına sığınıb
yaşamış gənc qız burada müstəqil
yaşamaq vərdişləri qazandı. Böyük bir
ölkənin paytaxtı olmasına baxmayaraq Moskvada da
müharibənin ağır izləri qalmaqda idi. Hər yerdə
qıtlıq və yoxsulluq hiss olunurdu. Lakin müharibə səngərlərindən
universitetlərə gəlmiş gənc nəsli bütün
bunlar qorxutmurdu. Onlar ölkənin gələcəyinə,
çətinliklərin aradan qalxacağına, insanların
müharibəsiz dünyada, sülh və əmin-amanlıq
şəraitində yaşayacağına inanırdılar. Bu
inam Zərifədə də güclü idi. O sonralar belə
bir dünyanın qurulmasına Sovet Sülhü Müdafiə
Komitəsi İdarə Heyətinin üzvü olaraq öz əməli
töhfəsini də vermişdi.
İki
illik ordinatura başa çatdıqdan sonra Zərifə Əliyeva
Bakıya qayıdaraq buradakı Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda çalışmağa, elmi fəaliyyətini
davam etdirməyə başladı və elə həmin il
institutun aspiranturasına daxil oldu. Moskvada, mərkəzi
institutda qazandığı nəzəri biliklər və təcrübə
gənc araşdırıcının səmərəli
işləməsinə imkan verirdi.
Zərifə
xanımı elmə həyat özü gətirmişdi. O
dövrdə, Zərifə xanım təzə-təzə
elmi fəaliyyətə başlayanda Azərbaycanda gözü
zədələyən və ağır nəticələrə,
hətta tam korluğa səbəb olan traxoma adlı infeksion xəstəlik
geniş yayılmışdı. Ona qarşı təsirli
müalicə üsulları yox idi. Ona görə də bu
infeksiya və onun ağır nəticəsi ilə səmərəli
mübarizə təkcə oftalmologiya elmi üçün
deyil, bütövlükdə respublikanın səhiyyəsi
üçün mühüm əhəmiyyət
daşıyrdı. Göz xəstəlikləri institutuna
traxoma epidemiyası əleyhinə preparat və antibiotiklər
hazırlamaq tapşırılmışdı. Gənc alim
institutun bu yöndəki tədqiqatlarında yaxından
iştirak edirdi.
Zərifə
xanım institutundakı fəaliyyəti ilə kifayətlənmir,
cavan həkim oftalmoloq həmkarları ilə birlikdə tez-tez
xəstəliyin daha geniş yayıldığı rayonlara
gedir, ağır xəstələri müalicə edir, yerli həkimlər
qarşısında elmi mühazirələr oxuyur, əhali
arasında maarifləndirici söhbətlər, izahat işləri
aparırdı. Məhz bu ekspedisiyaların səmərəli
işi və onun üzvləri olan oftalmoloq alim-həkimlərin
fədakarlığı sayəsində traxoma epidemiyası
qısa bir zaman ərzində lokallaşdırıldı.
Bəzən
bu təşəbbüslərə, gənc həkimin fədakarlığına
ağız büzənlər də olurdu. Lakin xalqına xidmətdən
dərin mənəvi zövq alan Zərifə xanım belələrinə
qətiyyən məhəl qoymur, xəstələrə şəfa
verməyi özünün vətəndaşlıq və həkimlik
borcu sayırdı.
Tale Zərifə
xanıma qeyri-adi gözəllik və cazibədarlıq bəxş
etmişdi. Onun xarici görkəmi, gur saçları, sifətinin
mütənasib cizgiləri, açıq alnı, insanın qəlbini
riqqətə gətirən qara gözləri hər kəsi
heyran edirdi. O hələ qız vaxtında şəhərin
say-seçmə gözlərindən biri sayırdı. Lakin
illər bir-bir ötsə də o heç kəsə
könül verməyib, öz qismətini gözləyirdi.
Elmdə realist olduğu qədər həyatda, xüsusən
də sevib-sevilmək məsələsində romantik olan gənc
Zərifənin məhəbbət haqqında öz qənaətləri
var idi.
Onun
qisməti, gözlədiyi romantik qəhrəman 1951-ci ildə
gəldi. Bu gələcəyin böyük siyasətçisi,
Zərifə Əliyevanın ona verdiyi sevgini
ömrünün sonuna qədər ən dəyərli əmanət
kimi qoruyub saxlayan Heydər Əliyev idi. O vaxt Dövlət Təhlükəsizliyi
orqanlarında işləyən gənc Heydərin ara-bir Əziz
Əliyevgilə yolu düşürdü. Çünki Əziz
Əliyevin şəhərin mərkəzində yerləşən
mənzili o vaxt ziyalıların, tanınmış elm, sənət
adamlarının bir növ görüş yeri idi. Üzeyir
Hacıbəyli, Müslüm Maqomayev, Səməd Vurğun,
Qara Qarayev, Bülbül, Niyazi, Mirəsədulla Mirqasımov və
başqaları buraya tez-tez gəlirdilər. Heydər Əliyevin
qardaşı, tanınmış alim Həsən Əliyevin də
Zərifənin atası ilə ailəvi
yaxınlığı vardı. Evin böyük qızı
onlara gəldiyi ilk gündən Heydərin diqqətini cəlb
etmişdi. Zərifə də bunu duymuş və qəlbində
bu alagözlü, ucaboylu, təndürüst gəncə, rus
və Azərbaycan dillərində səlist danışan gənc
oğlana qarşı məhrəm duyğular baş
qaldırmışdı. Bu iki böyük şəxsiyyətin
arasında sonralar yaranmış və öz möhkəmliyi,
aliliyi ilə örnəyə çevrilmiş məhəbbətin
ilk cücərtiləri idi. Tezliklə gənc zabit
qızın qəlbinə hakim oldu və onlar
görüşməyə başladılar. Elə ilk
görüşlərindən, söhbətlərindən həssas
qəlbli Zərifə hiss etdi ki, axtardığı bəxt
ulduzu elə bu cavan oğlandır. Tale onu Zərifəyə
bütün ideallarını gerçəkləşdirmək
üçün öz lütfi kimi göndərmişdi.
Lakin
aralarında baş qaldıran məhəbbət elə ilk
günlərdən ciddi sınaqdan keçməli oldu. Təhlükəsizlik
xidməti zabitinin şəxsi həyatı işlədiyi
qurumun nəzarəti altında idi. Ona görə də onun
respublikada yaxşı tanınan Əziz Əliyevin
qızı ilə münasibətləri artıq rəhbərliyə
məlum idi. Bu o vaxt idi ki, artıq Əziz Əliyevin
başı üstündə qara buludlar dolaşmağa
başlamışdı. 1952-ci ildə o zaman Dövlət Təhlükəsizliyi
naziri olan Yemelyanov onu iki dəfə kabinetinə
çağırıb ölkə rəhbərliyinin
gözündən düşmüş Əziz Əliyevin
qızı ilə görüşməyin gənc zabit
üçün pis nəticələr verə biləcəyini
xatırlatmışdı.
Gənc
Heydər çıxılmaz vəziyyətdə
qalmışdı. Çox sevdiyi işini də itirmək istəmirdi,
Zərifədən də əl çəkməyi
ağlına gətirmirdi. Belə qeyri-müəyyən vəziyyət
altı ay davam etdi.
Bu
müddətdə vəzifəsində işləməkdə
davam edən Heydər Zərifə ilə də əlaqəsini
kəsmirdi. Lakin qaranlıqları aydınlığa
çıxaran qüvvə tezliklə onların da
üzünə güldü. «Ellər atası» Stalin
öldü. Bununla da Mir Cəfərin hakimiyyətinin
dayaqları sarsıldı. Bir müddət keçdikdən
sonra təqib olunanlar, haqsız incidilənlər nicat
tapdılar. Əziz Əliyev də layiq olduğu vəzifəyə
qaytarıldı. 1954-cü ildə Heydər Əliyevlə Zərifə
Əliyeva ailə qurdular.
Qarşılıqlı
məhəbbət üzərində qurulan ailə xoşbəxt
idi. Gənc zabit həyat yoldaşının simasında
özünə həqiqi bir dayaq tapdı. Məhz o dayağa
söykənərək o bütün vaxtını çox
sevdiyi dövlət işinə ayırır, evlə, ailə
ilə məşğul olmağa imkanı qalmırdı.
O vaxt Zərifənin
ailə üçün göstərdiyi fədakarlıqları
Ulu Öndər sonralar, Zərifənin artıq həyatda
olmadığı vaxlar onun məzarı önündə
durub əziz xatirəsini yad edərkən çox yüksək
qiymətləndirirdi. Blə məqamların birində
demişdi: «Gənc yaşlarımdan mənim həyatım
dövlət işi ilə bağlı olubdur. Mən
bütün həyatımı buna sərf etmişəm. Bu
yolda mənim həmişə səmərəli
çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin
çox böyük rolu olub.
Zərifə
xanım kimi həyat yoldaşımın olduğuna və o
ailəmdə çox yüksək mənəvi mühit
yaratdığına görə mən xoşbəxt
olmuşam. Həyatımın bütün dövrlərində
işlə məşğul olduğuma görə ailə məsələlərinə
fikir verməyə vaxtım olmayıb. Bunların
hamısı Zərifə xanımın üzərinə
düşüb və o da bu vəzifəni şərəflə,
sədaqətlə, çox böyük məharətlə
yerinə yetirib. O çox istedadlı, çox xeyirxah,
çox sadə insan idi».
Bəli,
bu böyük insanın, sadiq ömür-gün
yoldaşının həyatını xoşbəxt etmiş
insan haqqında etiraflarıdır. Bu həm də fədakarlığa,
ananın, qadının ailədəki əvəzsiz roluna
verilən yüksək qiymət və bu məhəbbətin
böyüklüyünün sübutudur.
1955-ci
ildə onların ilk övladları Sevil dünyaya gələndə
gənc ailənin sevincinin həddi-hüdudu yox idi.
Dünyanın
ən gözəl simfoniyası hesab olunan körpə
qığıltısı onların da isti yuvasına yeni
arzular, ümidlər, qayğılar gətirdi.
1961-ci
il dekabrın 24-də isə ikinci övladları dünyaya gəldi.
O da özü ilə gənc ailəyə bir dünya bəxş
etdi. Böyüyəndə bütün ölkəni daha
aydın və işıqlı sabaha
ilhamlandıracağını sanki duyubmuşlar kimi
uşağın adını İlham qoydular. İlham gənc
ailəyə yeni qol-qanad, ilham verdi.
O,
qeyri-adi ana idi. Onun övladlarına münasibəti də xüsusi olub başqalarından seçilirdi. Belə münasibətin bənzərini tapmaq çətindir. O uşaqları sanki ulu Tanrı tərəfindən bəxş olunmuş bir nur payı kimi qəbul edirdi. Analıq
borcunu yerinə yetirməkdə özünə rəhm
etmirdi. Elmi və ictimai işlər onun həddən artıq
vaxtını aparsa da İlhamın böyüməsi, təhsili
ilə bağlı hər şeyə özü diqqət
yetirir, hər xırda məsələdə, hadisədə
şəxsən özü iştirak edirdi.
Bu baxımdan onu öz ailəsinin xeyirxah
dahisi adlandırmaq olardı. Çünki, məhz onun sayəsində
ailə rahatlıq tapır, məhz onun ana müdrikliyi, ana
ürəyi övladlarını xəstəliklərdən,
bədnəzərdən qoruyur, onun şəfqətli əlləri
ağrını və yorğunluğu götürürdü.
İlhamın 7 yaşı olanda Heydər Əliyev
respublikanın rəhbəri seçildi.
Təbii ki, bütün xalqımız
üçün sevinc, gələcək uğurlu inkişaf mənbəyi
olan bu hadisə Zərifə xanım üçün də,
ailə üçün də bir fərəh və təntənə
anı oldu. Lakin ziyalı ana onu da bilirdi və nəzərə
alırdı ki, rəhbərin ailəsində böyüyən
uşaqların tərbiyələndirilməsi təhsil
alması çox çətin məsələdir. Elə etmək
lazımdır ki, onlara heç bir güzəşt
olunmasın, ən müasir mükəmməl təhsil ala
bilsinlər. Sonralar həyat sübut etdi ki, Zərifə
xanım vaxtında bu çətin və mürəkkəb
işin, vəzifənin öhdəsindən necə
bacarıqla gəlib. Zaman onu da göstərdi ki, bu müdrik
ana övladlarına zəhməti, təhsili sevməyi
çox mükəmməl öyrətmiş, onlarda ail dəyərlərinin
əsasını təşkil edən sadəlik, səmimiyyət,
təvəzükarliq, xeyirxahlıq tərbiyə edə
bilmişdir. Bu əlbəttə, böyük səbr, zəhmət,
qətiyyət, məhəbbət tələb etmişdi.
Bunlar isə onda bol idi.
Ölkənin birinci xanımı olmaq ona əlavə
məsuliyyət gətirsə də, problemlərini artırsa
da, xarakterində, xasiyyətində dəyişiklik edə bilmədi.
O elə əvvəlki sadə, xeyirxah, üzügülər
Zərifə xanım olaraq qaldı. O, ailədə də əvvəlki
həyat prinsiplərini dəyişməz olaraq saxladı, ailənin
sabitliyini qorumaq, narahat etməmək. O buna ustalıqla nail
olurdu. İşlədiyi kollektivdə də iş
yoldaşları ərinin statusunun dəyişilməsi ilə
onun davranış və rəftarında heç bir dəyişiklik
hiss etmirdilər. O əvvəlki kimi qayğıkeş,
mehriban idi. Zərifə xanım hər bir insana həyatının
çətin anında dayaq olmaq, ona kömək etmək
amalı ilə yaşayan bir insan idi. Bir çox məişət
problemlərini həll etməkdə iş yoldaşlarına
kömək göstərirdi. O, güclü şəxsiyyət
idi. Mənliyində qalmaq şərti ilə bir kimsənin xətrinə
dəyməzdi. Hamı bilirdi ki, Zərifə xanım ona
üz tutanların hamısına imkanı daxilində kömək
etməyə hazırdır. O, insanlara dayaq olmaqdan
böyük zövq alırdı.
Zərifə xanım Əliyeva ailənin
qayğılarını çəkməklə
yanaşı, elmdə də sürətlə irəliləməkdə
idi. Göz Xəstəlikləri İnstitutunda
çalışır, bir neçə istiqamətlərdə
tədqiqat işləri aparırdı. Onun elmi fəaliyyətinin
əsas istiqamətini görmə orqanının peşə
patologiyası müəyyənləşdirirdi. Bu problemin həllinə
çoxları girişə bilmirdi. Çünki bu sahə
olduqca ağır idi. Onun araşdırılması təkcə
dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi
biliklər tələb edirdi. Bu keyfiyyətlər isə Zərifə
Əliyevada var idi. Peşə oftalmologiyasının pioneri
sayılan Zərifə xanım Əliyeva dünyada ilk dəfə
olaraq görmə orqanının peşə
patologiyasını araşdıran elmi-tədqiqat
laboratoriyası yaratmışdı.
Azərbaycan oftalmologiyasını dünya
səviyyəsində tanıdan Zərifə Əliyeva təbabətdə
öz dəsti xətti olan novator alim idi. Bu istedadlı alimin
gözün oftomoloji, histomikroskopik və histokimyəvi tədqiqi,
klinik diaqnostika və s. istiqamətlərdə də dərin
elmi araşdırmalar aparırdı. Bütün bu
axtarışlarının nəticəsi olaraq o 1976-cı ildə
vaxtilə ordinator olduğu Helmholts adına Mərkəzi
Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda
müvəffəqiyyətlə doktorluq disertasiyasını
müdafiə etdi. Oftalmologiyada hadisəyə çevrilən
bu müdafiədən bir müddət sonra o, kafedra müdiri
seçildi.
Ümumiyyətlə ailədə və cəmiyyətdə
apardığı işlərin çoxluğuna baxmayaraq təbabət
elmində məhsuldar alim kimi tanınan Zərifə xanım
göz xəstəliklərinə dair 140 elmi məqalə, bir
neçə monoqrafiya və kitab yazıb, çap etdirdi.
Çoxillik elmi axtarışlardan belə qənaətə gəlmişdi
ki, insanların xəstə gözlərinin müalicəsi
çətin və ağrılı prosesdir. Ona görə də
o göz xəstəlikləri sahəsində profilaktika
metodlarına daha çox əhəmiyyət verməyə
başladı. Bu, dövri üçün olduqca uzaqgörən
və müasir bir məsələ idi. Zərifə xanım
bu zəmində sonralar ona böyük şöhrət gətirmiş
göz xəstəliklərinin profilaktikası
üçün öz metodikasını hazırladı.
O artıq elmin zirvəsində idi.
1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan
Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi
bunun təsdiqi oldu. O həm də keçmiş SSRİ-də
ilk qadın həkim olaraq Tibb Elmləri Akademiyasının
akademik Aberbax mükafatına layiq görüldü. Bunlar həm
də onun apardığı çoxillik elmi-tədqiqatların
yüksək səviyyəsinə, sosial əhəmiyyətinə,
ictimai fəallığına, pedaqoji istedadına verilən
yüksk qiymət idi. Onun alim şöhrəti artıq
dünyanı dolaşmaqda idi.
Zərifə xanımın bir yüksək
keyfiyyəti də vardı; ürəkdən və ilhamla
çalışardı. Ətrafındakılar ondakı
tükənməz həyat enerjisinə heyran idilər.
1982-ci ildə Heydər Əliyev Siyasi
Büroya üzv seçilib Nazirlər Soveti sədrinin birinci
müavini təyin olunduqdan sonra ailə Moskvaya
köçdü. Bura Zərifə xanımın gəncliyinin
şəhəri idi. Moskva elitası ilə təmasda olmaq, ailəsini
sevən hörmətli adamlarla ünsiyyətə girmək
onun üçün xoş və fərəh mənbəyi
idi. İşdə, ailədə hər şey yaxşı
gedirdir. Lakin birdən hər şey dəyişdi. İnsanlara
şəfa verən bu ülvi insanın, qadir həkimin
özündə sağalmaz xəstəlik tapıldı. Və
bu amansız xəstəlik müqtədir həkimi,
hamının sevdiyi böyük bir insanı, alimi əbədiyyətə
apardı.
Gözünün nuru olan əziz
İlhamının uzun illər təhsilinə, tərbiyəsinə,
insan və şəxsiyyət kimi yetşməsinə bir fədakar
ana kimi özünü həsr edən Zərifə xanıma
onun yüksəliş yollarını görmədi, ölkə
prezidenti kimi əziz oğlunun andiçmə mərasimində
iştirak etmədi. Respublikanı məharətlə idarə
etməsini, Azərbaycanı necə yüksəklərə
qaldırmasını, beynəlxalq aləmdə yüksək
nüfuz qazanmasını görmək ona qismət olmadı.
Zərifə xanımın arzularının fərəhini bu
gün bütün Azərbaycan yaşayır. Bu fərəh
və qürur üçün biz Zərifə xanıma, onun
övladlarına verdiyi yüksək tərbiyəyə
görə cox minnətdarıq.
Ana məhəbbəti heç vaxt
azalmır. O daim güclüdür. Öz gücü ilə də
xariqələr yaradır. Bu gün Zərifə Əliyevanın
övladları ilə, xüsusən də əziz oglu,
Prezident İlham Əliyevlə bütün ölkə fəxr
edir. Bu fəxarət
hisslərində həm də onu dünyaya gətirib
boya-başa çatdırmış, soy-kökə layiqli
övlad olaraq tərbiyə etmiş, Zərifə Anaya dərin
bir minnətdarlıq duyğuları var.
Bu
günlər bu böyük insanın 90 illik yubileyini əziz
xatirəsinə sonsuz hörmətlə qeyd edirik. Onunla
bağlı hadisələr yaddaşların dərin
qatlarından üzə çıxdıqca bu bənzərsiz
insanın işıqlı obrazı sönməz günəş
kimi gözlərimiz önündə bərq vurur və mənəviyyat
tariximizin örnəyinə çevrilir.
Nurlana
Əliyeva
İki
sahil.- 2013.- 23 aprel.- S.8; 12-13.