AZƏRBAYCANLA ADI QOŞA
ÇƏKİLƏN ÜMUMMİLLİ LİDER
Siyasət,
dövlətçilik sənəti incəsənətə bənzər.
İncəsənətdə olduğu kimi, siyasət sahəsində
də çox zəhmət çəkməklə, xüsusi
məktəblər qurtarmaqla dahilik zirvəsinə qalxmaq
mümkün deyil. Bunun üçün həm də fitri
istedad - Allah vergisi lazımdır. İncəsənət aləminin
Motsart, Bethoven, elə bizim Üzeyir bəy kimi dahiləri
öz ölməz əsərlərini fitri istedadları sayəsində
yaratmışlar. Siyasət dünyasının Bismark,
Lloyd-Corc, Atatürk, Stalin, Ruzvelt, Çörçill... kimi nəhəng
simaları da bütün digər xüsusiyyətləri ilə
yanaşı, həm də fitri istedadları ilə fərqlənmişlər.
Adı zəmanəmizin dövlətçilik və siyasət
tarixinə əbədi yazılan, bu sahədə Allah vergisinə
malik olan qüdrətli dövlət xadimlərindən biri də
nəhəng siyasətçi Heydər Əliyevdir.
Məlum olduğu kimi, tarix boyu
çoxları hakimiyyətə can atmış və bir
çox hallarda da buna nail olmuşlar. Lakin bunların bəziləri
öz təfəkkür məhdudluqları üzündən
son nəticədə diktatorlara, digərləri isə öz
iradə zəiflikləri ucbatından ətrafdakıların
oyuncağına çevrilmişlər. Məhz bunları nəzərdə
tutaraq, böyük fransız mütəfəkkiri Pol Anri
Holbax yazırdı: “Hakimiyyət yalnız o vaxt böyük
nemət olur ki, onu əldə edən adama təbiət və
tərbiyə alicənablıq, qüvvətli ruh, geniş
ürək, dərin ağıl, böyük təcrübə
vermişdir”.
Nəsrəddin Tusi isə
yazırdı: “Hökmranlıq o adama yaraşır ki, cəmiyyət
xəstələndikdə onu müalicə edə bilsin. Çünki hökmdar
ölkənin həkimi yerində olmalıdır”.
Təbiət
və tarixsə öz varlığında bu kimi ülvi
keyfiyyətlərin üzvi bir vəhdət halında birləşdiyi
fenomenal şəxsiyyətləri çox az-az yetirir.
Müasir dünya siyasətində qəbul edilmiş,
bütün dünyanı idarə edə bilən dövlət
xadimi, ümummilli lider, siyasət patriarxlarından biri Heydər
Əliyev kimi. Məhz bu keyfiyyətlərin sayəsindədir
ki, o öz hakimiyyətini səlahiyyətlərinin
gücü ilə deyil, şəxsiyyətinin qüdrəti,
idarəetmə məharətinin gücü ilə həyata
keçirir, qarşısındakını zəkası,
ağlı, məntiqi təfəkkürü, müdrikliyi, qərəzsiz
mövqeyi, uzaqgörənliyi, səbirliliyi.. ilə əfsunlayırdı.
Heydər
Əliyev və Azərbaycan. Bu adlar həmişə qoşa
çəkilir. Bu təsadüfi deyildir. Azərbaycanı Azərbaycan
edən, onu dünyada tanıdan ulu öndər Heydər Əliyev
olmuşdur. Heydər Əliyevə qədər, yəni onun
hakimiyyətə gələnə qədərki Azərbaycan və
hakimiyyətdə olduğu dövrdəki Azərbaycan.
Müqayisədə fərq və təzadlar ortaya
çıxır.
Ötən
əsrin 60-cı illərinin sonlarına doğru sovet dövlət
və hökumət dairələrində kifayət qədər
tanınan Heydər Əliyev Moskvanın diqqətini cəlb
etmişdi. Lakin Sovetlər Birliyində belə bir fakta təsadüf
edilməmişdir ki, respublika DTK-nın sədri ölkə rəhbəri
olsun. Heç beynəlxalq aləmdə də bu
yaxşı qarşılanmırdı. Lakin bu dövr
sosial-iqtisadi böhran keçirən, korrupsiya, səriştəsizlik,
məsuliyyətsizliyin hökm sürdüyü Azərbaycanı
yalnız bu cür dəmir iradəli, coşğun enerjiyə,
iti ağıla və zəngin təcrübəyə malik
dinamik bir lider ayağa qaldıra bilərdi. Belə də
oldu. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci
katibi seçilən Heydər Əliyev düz 14 il bu vəzifədə
respublikanı idarə etdi. Bu illər ərzində
Azərbaycan həyatının bütün sahələrinə
yeni ab-hava gətirdi, qurdu, yaratdı, doğma respublikanı
ucaltmaqla bərabər özü də ucaldı. Ən ali
dövlət təltifləri ilə
mükafatlandırıldı, lakin ən böyük
mükafatı tükənməz el sevgisi, böyük
ümumxalq məhəbbəti oldu.
Tarix kitablarından
oxumuşuq ki, 20-30-cu illərdə SSRİ-də sənayeləşmə
həyata keçrilib. SSRİ dövründə
çoxları bilmirdi ki, bu, ucqarların soyulması və
müflisləşdirilməsi hesabına Rusiyanın sənayeləşdirilməsi
idi. Bunun nəticəsi idi ki, Azərbaycanda sənayeləşmə
sahəsində elə ciddi uğurlar qazanılmadı. Əslində
respublikamızda sənayeləşmə sözün həqiqi
mənasında Heydər Əliyevin adı ilə
bağlıdır. Onun rəhbərliyi, təşəbbüsü,
bəzən də inadı və öz nüfuzundan istifadə
etməsi nəticəsində 14 il ərzində Azərbaycanda
250-dən artıq sənaye müəssisəsi istifadəyə
verildi. Bunun üçün ilk növbədə sənayedə
struktur dəyişiklikləri aparıldı və bu problemi
Azərbaycanın inkişaf strategiyasında prioritet istiqamət
hesab edildi. Çətinlik onda idi ki, respublikadakı sənaye
müəssisələrinin 90 faizi ittifaq mülkiyyətində
idi. Belə vəziyyətdə sənayeni necə inkişaf
etdirmək, hansı struktur dəyişiklikləri aparmaq
olardı. Lakin Heydər Əliyevin məqsədyönlü fəaliyyəti
və inadlı mübarizəsi nəticəsində
Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanda sənayenin
strukturunun təkmilləşməsinə dair çox
mühüm qərar qəbul etdi. Nəticədə, sənayenin
yeni sahələri yaradıldı, istehsalın mədəni-texniki
səviyyəsi yüksəldi. Azərbaycan
1976-1980-ci illərdə sənayedə məhsul
istehsalının artımına görə ittifaqda birinci yerə
çıxdı. Sənayenin strukturunda maşınqayırma
və metal emalı sənayesinin payı 6 faizdən çox
artdı. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının
maddi-texniki bazasının möhkəmləndirilməsi,
yeni-yeni sənaye sahələrinin, istehsal obyektlərinin
istifadəyə verilməsi məqsədilə keyfiyyətli
investisiya strategiyasını hazırladı və onun
uğurlu həllinə nail oldu. Nəticədə, tikilən,
qurulan müəssisələrin hamısı o dövrün
texnikasının və elminin son sözü ilə, əksəriyyəti
də ittifaq büdcəsi hesabına.
Heydər
Əliyevin gündəlik qayğısı və səyi nəticəsində
respublikada kənd təsərrüfatı, tikinti, nəqliyyat,
rabitə demək olar ki, yenidən quruldu. Heydər Əliyev
böyük bir metsenat səxavəti, qayğısı ilə
elm, təhsil, mədəniyyət və incəsənətimizin
həm qurucusu, həm himayəçisi, həm də pərəstişkarı
oldu. Onun iti nəzərlərindən, məqsədyönlü
fəaliyyətindən cəmiyyət həyatının
heç bir sahəsi, hətta ilk baxışdan diqqəti cəlb
etməyən bir guşəsi belə yayınmırdı.
Məsələn,
Heydər Əliyev hakimiyyətdə olduğu ilk illərdə
aşkar etdi ki, respublikada mövcud olan iki ali hərbi məktəbdə
professor-müəllim heyəti və tələbələr
arasında Azərbaycan millətindən olanlar barmaqla
sayıla bilən qədər azdır. Bir neçə il bu sahədə
lazimi işlər aparıldıqdan sonra vəziyyət tamamilə
dəyişdi. Bununla bərabər SSRİ-nin ən nüfuzlu
ali hərbi məktəblərinə hər il 800 nəfərdən
artıq azərbaycanlı gənc təhsilə göndərildi.
Bu böyük dövlət adamı SSRİ
dövlətinin ən möhtəşəm nəzərə
çarpdığı 70-ci illərin sonlarında yalnız
bir neçə nəfərin görə biləcəyi nadir
uzaqgörənliklə ittifaqın içəridən
dağılacağını görür, müstəqil Azərbaycana
milli zabit kadrların necə vacib olduğunu bilirdi. Elə
bu səbəbdən də Bakı şəhərində Cəmşid
Naxçıvanski adına hərbi liseyin yaradılmasına
nail oldu. Bu çox çətin şəraitdə,
Heydər Əliyev uzaqgörənliyi və mübarizəsi
hesabına Sovet İttifaqında Moskva şəhərindən
başqa ilk dəfə idi ki, hərbi təmayüllü məktəb
yaradılırdı. Çox-çox irəliləri görməyi
bacaran dövlət xadimi bunu edə bilərdi. Heydər Əliyevin
həyatı, bütün fəaliyyəti bir amala qulluq edirdi.
Azərbaycançılıq, Azərbaycan dövlətinə,
Azərbaycan xalqına xidmət, millətimizə xidmət etmək
onun həyatının ən ümdə amalı idi. O
dövrün statistik məlumatlarına görə Sovet
İttifaqında yalnız iki respublika mənfəətlə
işləyirdi, onlardan biri də Azərbaycan idi.
İllər
ötdükcə Heydər Əliyevin siyasi nüfuzu, dövlətçilik
təcrübəsi, diplomatik bacarığı artır,
şöhrəti respublika hüdudlarını aşıb
Sovet İttifaqına və beynəlxalq aləmə
yayılırdı. 1976-cı ildə Heydər Əliyevin
MK-nın Siyası Bürosu üzvlüyünə namizəd
seçilməsi də
onun böyük siyasi yetkinliyinə, rəhbərlik və təşkilatçılıq
bacarığına dövlət səviyyəsində verilən
yüksək qiymət idi. Nəzərə almaq
lazımdır ki, o zamanlar dünyanın bu nəhəng
partiyasının 22 milyon nəfər üzvü, siyasi elita
olan Siyasi Büronun isə cəmi 27 nəfər üzvü və
üzvlüyə namizədi var idi.
1982-ci
ildə Heydər Əliyev daha bir pillə yüksələrək
MK Siyasi Bürosu üzvlüyünə seçildi. SSRİ
deyilən bu nəhəng dövlətin ali rəhbərliyində
təmsil olunmaq Heydər Əliyev potensialına, idarəçilik
qabiliyyətinə və fəaliyyətinə verilən qiymət
idi. Bir neçə gündən sonra isə ona yüksək
bir vəzifə - SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsi həvalə olundu. Heydər Əliyev
təqribən beş il bu vəzifədə işlədi,
özünün parlaq siyasi-mənəvi keyfiyyətlərini,
yüksək təşkilatçılıq qabiliyyətini,
çevik idarəçilik bacarığını burada da
göstərdi. Bu illər ərzində
İttifaqın, dünyanın bir çox mürəkkəb
problemlərinin həllində yaxından və mütəmadi
məşğul olmasına baxmayaraq, Azərbaycanı bir
gün də unutmadı, doğma respublika üçün nə
etmək mümkün idisə, hamısını etdi.
Türk-müsəlman
dünyasının ən qatı düşmənlərindən
biri olan M.Qorbaçov və onun ətrafındakı erməni
mafıyası 1985-ci ildə hakimiyyətə gəldikdən
sonra öz məkrli məqsədlərini həyata keçirmək
yolunda Heydər Əliyevi ən başlıca maneə bilirdilər. Bu da təsadüfi
deyildi. Partiya və hökumətdə öz
xüsusi çəkisi, ölkə ictimaiyyəti arasında
böyük nüfuzu, dövlətçilik məsələlərində
dərin təcrübəsi olan bu müdrik siyasətçini
Siyasi Bürodan uzaqlaşdırmadan Qorbaçov güruhu
öz çirkin məqsədlərinə çata bilməzdi.
Və... tədricən təzyiqlər,
sıxışdırmalar, dedi-qodular işə
düşdü. 1985-ci ildə öz vəfalı dostu,
ömür-gün yoldaşı Zərifə xanımı
itirən Heydər Əliyevə 1987-ci ilin oktyabrında ikinci
zərbə dəydi. Xəstəlik bəhanə edilərək
tutduğu vəzifələrdən uzaqlaşdırıldı.
Mərkəzdəki
erməni mafiyası, Azərbaycanda isə erməni xislətli
nankorlar sanki bir himə bənd imiş kimi bunu gözləyirdilər.
Heç bir ay keçmədi ki, Qorbaçovun yaxın əsabələrindən
olan Aqambekyan Fransada ermənilərin “Qarabağ iddiaları” ilə
çıxış etdi, “Humanite” qəzetinə müsahibə
verdi. Bir sıra Azərbaycan mətbuatı
böhtan və qərəzkarlıq kampaniyasında sanki Moskva
mətbuatı ilə yarışırdı. Lakin ən
acınacaqlısı bu idi ki, Heydər Əliyevin hakimiyyətdən
uzaqlaşdırılmasına sevinənlərin, əleyhinə
böhtançı çızma-qaralar yazanların xeyli hissəsi
onun irəli çəkdiyi, çörək verdiyi
nankorlar, vəzifə düşkünləri idilər.
Düşmənlər isə böhtan və hədyanlarla
kifayətlənmir, Heydər Əliyevi fiziki cəhətdən
məhv etməyə çalışırdılar. Bu
böyük insan Moskvadakı bağ evində sanki günah
işlətmiş kimi nəzarətdə saxlanılır, hər
addımı, hətta telefon danışıqları və məktublaşması
belə izlənilirdi.
Lakin
tanrının hifz etməsi, vətən sevgisi, xalq istəyi,
şəxsiyyətindəki yenilməzlik, polad iradə
bütün qəsdləri və xəyanətkar planları
boşa çıxardı...Və tariximizin ən
həyəcanlı, qorxulu, məsuliyyətli məqamlarından
birində - 1990-cı ilin iyulunda bu böyük insan onu
gözləyən, ona ehtiyacı olan xalqına döndü.
Lakin bir zamanlar sevə-sevə tikib-qurduğu, yüz minlərlə
insana mənzil verdiyi Bakıda ölkəmizə və
xalqımıza xidmət etməyən, lakin bu gün də
prezident statusundan istifadə edən Mütəllibov kimi vətən
xainlərinin ucbatından ona bir mənzili də çox
gördülər. Heydər Əliyev doğma ata
ocağına - qədim Naxçıvana gəlməli oldu. Bu
dönüş qalan ömrünü istirahətdə
keçirmək istəyən, böyük siyasətdən,
ali vəzifələrdən yorulan bir insanın təqaüdə
çıxması demək deyildi. Bu dönüş
böyük siyasətə ikinci qayıdışın, Azərbaycanı
özünə qaytarmağın, siyasətin yeni zirvələrini
fəth etmənin başlanğıcı idi. Rus
yazıçısı Maksim Qorkinin “Şahin nəğməsi”
əsərində qələmə alındığı
kimi, “Göydə uçmaq üçün
yaradılmışlar, yerlərdə yaşaya bilməzlər”
ifadəsi sanki bu cür insanlar üçün deyilmişdi.
Doğma
Naxçıvanda o, sevgi və hörmətlə əhatə
olundu, yaşadığı ata ocağı isə
insanların ziyarətgahına, inam və güvənc yerinə
çevrildi. Ermənilər tərəfindən
blokadaya alınmış, Azərbaycan rəhbərləri tərəfindən
isə unudulmuş və taleyin ümidinə
buraxılmış muxtar respublikada o, xalqı ilə
baş-başa qaldı, soyuğa, elektrik enerjisinin
olmamasına, hər cür məşəqqətlərə
hamı ilə birlikdə sinə gərdi. 1991-ci ilin payızında
xalqın tələbi və təkidi ilə Naxçıvan
MR-in Ali Məclisinə sədr, Azərbaycan
Respublikasının Milli Məclisinə deputat seçildi.
Onun
müdrik rəhbərliyi sayəsində Naxçıvan erməni
təhlükəsindən xilas edildi, itirilmiş dövlətçilik
atributları bərpa olundu, Muxtar Respublikanın bir
qarış torpağı da düşmənə verilmədi.
Azərbaycana 14 illik rəhbərlik etdiyi dövrdə
olduğu kimi. Halbuki ta 1918-ci ildən 1969-cu ilə qədərki zamanlarda - Heydər Əliyevin hakimiyyətindən
kənar dövrlərdə - Azərbaycan və eləcə də
Naxçıvan torpaqları hissə-hissə,
qarış-qarış satılmış, bir çox ərazilər
ermənilərə ərmağan edilmişdi.
Bu
müdrik insanın səriştəli siyasəti və
uzaqgörən rəhbərliyi sayəsində Bakı inzibati
mərkəz kimi qalsa da, Azərbaycanın ideoloji və siyasi
mərkəzi Naxçıvan olmuşdu.
1993-cü
ilin yayında öz tarixinin ən faciəli günlərini
yaşayan Azərbaycan xalqı hamılıqla
özünün yeganə pənahına üz tutdu. Cəbhələrdə məğlub olan, daxildə
vətəndaş müharibəsi təhlükəsi ilə
üz-üzə gələn, antitürk qüvvələr tərəfındən
təklənən ulu bir xalq öz nicatını Heydər Əliyevdə
görürdü. Öz “qalan ömrünü xalqına
qurban demiş” 70 yaşlı müdrik el
ağsaqqalının böyük siyasətə, dövlət
sükanı arxasına ikinci qayıdışı beləcə
başlandı. Ulu bir xalqın yüz min illik tarix
kitabının yeni səhifələri yazılmağa
başlandı. Bir sözlə, Heydər Əliyev Azərbaycanı
Azərbaycana və xalqımıza qaytardı. Bu
müdrik dövlət xadimi on il Azərbaycana uğurla rəhbərlik
etdi. Azərbaycanı xaos və böhrandan, dağılmaqdan
xilas etdi. O, Azərbaycanı beynəlxalq təcriddən
qurtardı. Azərbaycan beynəlxalq aləmdə çox
görkəmli yer tutdu, beynəlxalq təşkilatların
üzvü oldu, onların işində fəal iştirak etdi.
Azərbaycan region üçün mərkəzə
çevrildi. Günbəgün Azərbaycanın rolu,
gücü və nüfuzu artdı.
Heydər
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
iqtisadi siyasət və iqtisadi islahatlar nəticəsində Azərbaycan
tez bir zamanda dirçəldi. Azərbaycan keçmiş sovet
respublikaları arasında iqtisadiyyatın inkişaf ahənginə
görə birinci yerə çıxdı.
Artıq
Azərbaycan dünyada islahatçı və dinamik inkişaf
edən ölkə kimi tanınır. Ölkəmizdə
keçirilən çoxsaylı beynəlxalq tədbirlər
onun dünyada oynadığı rolunu və əhəmiyyətini
əyani olaraq göstərir. Cənubi Qafqaz respublikalarında
istehsal olunan Ümumi Daxili Məhsulun 83 faizi Azərbaycanın
payına düşür.
Heydər
Əliyevin heyranedici uzaqgörənliyi, titanik fəaliyyəti
sayəsində müasir müstəqil Azərbaycan dövləti
yaradılmışdır. Ulu öndər Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
sarsılmazlığını və dönməzliyini ölkənin
siyasi, iqtisadi və mədəni inkişafını təmin
etmişdir. Heydər Əliyevin ideyaları Azərbaycan
Respublikasının davamlı inkişafının əsasını
təşkil edir. Nə qədər ki, Azərbaycan var Heydər
Əliyev də olacaqdır. Heydər Əliyev deyəndə
Azərbaycan xatırlanırsa, Azərbaycan deyiləndə
Heydər Əliyev yada düşür, çünki Azərbaycan dövlətini xilas edən,
onu strateji inkişaf yoluna çıxaran və uğurlu
inkişafını təmin edən Heydər Əliyev
olmuşdur.
Bütün
bunlara görə, xalqımız onu əsrin böyük azərbaycanlısı,
xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin
memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi
qəbul edir, hörmət bəsləyir və ürəkdən
sevir.
Heydər
Əliyev dühası azərbaycançılığı
milli ideologiyaya çevirdi. O bununla cəmiyyətin həmrəylik
və bütövlüyünə, mənəvi birliyinə
nail olmuşdur. Xalqımızın ümummilli
liderinin “Mən həmişə fəxr etmişəm, bu
gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
sözləri dünya azərbaycanlılarının
şüarı olmaqla soydaşlarımızın həmrəyliyinin
təməl daşına çevrilmişdir.
Müasir
Azərbaycan dövlətinin banisi olan ulu öndər Heydər
Əliyev ölkəmizin dəyişməz və dönməz
inkişaf strategiyasının müəllifi kimi əbədiyaşarlıq
qazanmışdır. Zəmanəmizin ən
görkəmli siyasi xadimi siyasi uzaqgörənliyi, qətiyyəti
və əzmkarlığı ilə Azərbaycanın yeni
tarixində dövlətçiliyimizin möhkəmlənməsinə,
müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə
görə xalqımızın ümummilli liderinə
çevrilmişdir.
İsmayıl
Hacıyev
İki
sahil.- 2013.- 23 aprel.- S.11.