Heydər Əliyev
siyasi irsi
xalqımızın zəngin xəzinəsinə çevrilmişdir
Ulu
öndərimizin müdrik siyasi kursu və zəngin idarəçilik
irsi Azərbaycanın xoşbəxt gələcəyinin
qarantıdır.
İllər ötdükcə dahi şəxsiyyətin
böyüklüyü, xalqının xoşbəxtliyi naminə
gördüyü işlərin mahiyyəti və miqyası
bizlərə daha aydın və dolğun çatır. Azərbaycanın
çoxəsrlik dövlətçilik tarixində
özünün müstəsna əhəmiyyəti,
sanbalı, nəinki bugünkü, həm də gələcək
taleyinin müəyyənləşdirilməsi
baxımından Heydər Əliyev epoxası və irsi bənzərsizdir.
Taleyüklü hadisələrlə zəngin olan, Azərbaycanın
milli intibahı kimi səciyyələnən, ən yeni
tariximizə müasir dövlət quruculuğu illəri kimi
daxil olan bu dövr Azərbaycanın ümummilli lideri Heydər
Əliyevin adı və fəaliyyəti ilə sıx
bağlıdır. Bu şanlı salnamənin hər bir səhifəsində
ulu öndərimiz Heydər Əliyevin qüdrətli izi
qalmışdır.
Dövlət o vaxt güclü və
yenilməz olur ki, onun rəhbəri ilə xalqı arasında
birlik mövcud olsun. Məhz bu birlik və həmrəylik
tarixin müxtəlif dönəmlərində ölkəmizin
taleyində əvəzsiz rol oynamış,
xalqımızı başının üstünü
almış bütün bəlalardan hifz edib qorumuşdur.
Dünyanın dahi şəxsiyyətlərindən biri olan
ulu öndərimiz Heydər Əliyevin bütün mənalı
ömrü və fəaliyyəti doğma xalqına və Vətəninə
sədaqətlə xidmətin parlaq nümunəsidir. O, fəaliyyəti dövründə
daim xalqına arxalanmış, ona güvənmiş,
gücünü xalqından almışdır.
Təsadüfi deyil ki, müasir Azərbaycan
tarixinin ən parlaq səhifələri, xüsusən də
1969-cu ildən başlayaraq respublikamızda cərəyan edən
proseslər, əldə etdiyimiz uğurların hamısı
birbaşa Heydər Əliyevin şəxsiyyətindən
qaynaqlanır. Müdrik siyasi xadim Azərbaycanı qüdrətli
bir dövlət, xalqını güclü bir millət kimi
formalaşdırmaq kimi son dərəcə çətin bir
missiyanı öz üzərinə götürmüş və
şərəflə yerinə yetirmişdir.
Heydər Əliyev hələ sovet rejimi
şəraitində bəşəriyyətin ən aktual
çağırışlarına cavab vermək
iqtidarında olan müasir ruhlu yeni rəhbər nümunəsi
idi. Rəhbərliyə gəlişinin ilk günündən
daim xalq arasında olan, onun yaşayışı,
qayğıları, problemləri və arzuları ilə
maraqlanan dahi şəxsiyyət o vaxt respublikada hökm sürən
rüşvətxorluğa və korrupsiyaya qarşı şəxsən
özü qəti və prinsipial mübarizəyə
başlamış və qısa müddətdə bunun
müsbət nəticələri hər bir insanın həyatında
özünü göstərmişdi. Azərbaycanda nizam-intizam,
qayda-qanun yaradılmışdır.
Heydər Əliyev əsl liderə məxsus
olan keyfiyyətlərdən bacarıqla istifadə edərək
respublikanın xalq təsərrüfatında qaynar həyatın
formalaşması üçün imkan və vasitələri
səfərbər etmişdir. Məhsuldar əməyə
münasibət kökündən dəyişdirilmiş, xalq
təsərrüfatının inkişafında mövcud olan
nöqsanlar, mənfi meyllər aradan qaldırılmış,
gələcək inkişafla bağlı məqsəd və
vəzifələr müəyyənləşdirilmişdir.
Bütün bunların nəticəsində sənaye, kənd
təsərrüfatı məhsulları istehsalında, tikinti
və quruculuq işlərində qısa müddətdə
uğurlara imza atılmışdır. Cəmi bir neçə
ildə respublikamızda yeni tipli sənaye müəssisələri,
istehsal sahələri istifadəyə verilmiş, on minlərlə
yeni iş yerləri yaradılmış, sənayenin ixrac
potensialı artmış, istehsalın maddi-texniki səviyyəsi
yüksəlmişdir. Heydər Əliyevin bilavasitə rəhbərliyi
ilə ötən əsrin 70-80-ci illərində
respublikamızın həyatının bütün sahə və
istiqamətlərində nəhəng işlər
görülmüş və möhtəşəm nailiyyətlər
əldə olunmuşdur.
Statistik rəqəmlər həmin illərdəki
sürətli inkişaf dinamikasını dolğunluğu ilə
təcəssüm etdirir. O dövrdə Azərbaycanın
sosial-iqtisadi sahələrinin inkişafına əvvəlki 50
ildə olduğundan 1,4 dəfə çox vəsait
qoyulmuşdur. Belə ki, 250-dən çox zavod, fabrik, istehsal
və emal müəssisələri, Bakı Dərin
Özülləri Zavodu, Respublika Sarayı, Konsert-İdman
kompleksi, “Gülüstan” Sarayı və digər möhtəşəm
obyektlər tikilib istifadəyə
verilmiş, çox gəlirli sahə olan
üzümçülük və şərabçılığın,
pambıqçılığın sürətli tərəqqisinə
nail olunmuşdur. Bu zaman kəsiyində respublikamızda məhsul
istehsalı əvvəlki əlli ildəki bütün həcmə
bərabər səviyyəyə çatmışdır.
Həmin dövrdə Azərbaycanda milli
gəlir 2,5 dəfə artaraq, adambaşına ictimai məhsul
istehsalının artım tempi 2 dəfədən çox
olmuşdur. Sənaye məhsullarının istehsalı 2,7 dəfə
artmışdır ki, bu da əvvəlki 30 ildə istehsal
olunan məhsulun həcmindən iki dəfə çox
idi. Meliorasiya və irriqasiya
işlərində də çox nəhəng layihələr
həyata keçirilmiş, Araz su anbarı, Mil-Muğan
hidroqovşağı, Baş Mil kanalı, Abşeron, Naxçıvan
və Lənkəranda suvarma sistemləri, onlarca meliorasiya və
irriqasiya obyektləri inşa edilmişdir.
İnsanların yaşayış şəraitinin
yaxşılaşdırılması ulu öndərimizin daim
diqqət mərkəzində olmuşdur. Yeni
yaşayış massivlərinin, kənd və qəsəbələrin
salınması, mənzil tikintisinin geniş vüsət
alması həmin illərin sürətli inkişaf
dinamikasını şərtləndirən əsas amillərdəndir.
Həmin dövrdə milli gəlirin artımı, yeni nəhəng
yaşayış massivlərinin və mikrorayonların
salınması, abadlıq-quruculuq və tikinti işlərinin
maksimum sürətlə aparılması hesabına 18,5 milyon
kvadratmetrlik mənzil sahəsi tikilmişdir ki, bu da 2 milyon 200
min insanın yeni mənzilə köçməsi və ya mənzil
şəraitini yaxşılaşdırması demək idi.
Başqa sözlə, qısa müddətdə Bakı şəhərinin
əvvəlki yaşayış fonduna bərabər bir şəhər
salınmışdı.
Ulu öndərimiz Heydər Əliyevin
müstəsna şəxsi keyfiyyətləri onun rəhbərlik
etdiyi dövrün bütün mərhələlərində
özünü bariz şəkildə büruzə
vermişdir. Heydər Əliyevin rəhbərliyi ilə
respublikamızın dinamik inkişafı üçün
kompleks proqramların işlənib hazırlanmasında yorulmaz
fəaliyyət, misilsiz təşəbbüskarlıq və
tükənməz enerji istər ötən əsrin 70-80-ci
illəri, istərsə də 93-cü ildən sonrakı
dövrü xarakterizə edən başlıca amillərdir.
Həmin dövrü xarakterizə edən
başlıca amillərdən biri də odur ki, Heydər Əliyev
özünün dövlət idarəçiliyi strateji
proqramında mədəni və mənəvi intibahı
iqtisadi uğurlarla paralel olaraq nəzərdə tutmuş və
yüksək zirvələrə ucaltmışdır.
Həmin illər bir tərəfdən,
nəhəng abadlıq-quruculuq, iqtisadiyyatımızın
sürətli inkişafı, digər tərəfdən mədəniyyətimizin,
elmimizin, təhsilimizin intibah dövrləri kimi tarixə
düşmüşdür.
Ümummilli liderimiz Heydər Əliyevin
on illik prezidentliyi dövrü
müstəqillik tariximizə qlobal iqtisadi və aqrar islahatlar,
abadlıq və quruculuq işlərinin geniş vüsət
alması, daxili və xarici siyasətdə qazanılan
sanballı nəticələrlə də müşahidə
olunmuşdur. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda
torpaq islahatı həyata keçirilmiş, ölkənin sənaye
və kənd təsərrüfatı məhsulları
istehsalında özəl sektorun payı ilbəil
artırılmışdır. Artıq 1996-97-ci illərdən
başlayaraq ölkəmiz nəinki böhranın fəsadlarını
aradan götürməyə, hətta sürətli inkişaf
mərhələsinə qədəm qoymağa müvəffəq
olmuşdur. Bazar iqtisadiyyatına keçidlə bağlı həmin
illərdə çox böyük və mühüm tədbirlər
həyata keçirilmiş, sahibkarlığın
inkişafına güclü dəstək verilmişdir.
Hər bir xalqın və dövlətin
taleyində, xüsusilə də onun çətinlikləri
arxada qoyaraq inkişaf mərhələsinə
başladığı bir mərhələdə böyük
nüfuza malik, qloballaşan dünyadakı proseslərə təsir
etmək iqtidarında olan liderə böyük ehtiyac duyulur.
Müstəqil dövlət kimi çox gənc olan Azərbaycanın
bu sarıdan da bəxti gətirmişdir. Ulu öndərimiz
Heydər Əliyevdən sonra onun ideyalarını yaşadan,
siyasi kursunu yeni dövrün tələblərinə uyğun
yeni keyfiyyətdə uğurla davam etdirən Prezident İlham Əliyevin simasında Azərbaycanın və
regionun yeni lideri, müasir ruhlu, praqmatik düşüncəli
rəhbəri yetişmişdir. Təsadüfi deyil ki,
2003-cü il prezident seçkilərindən başlanan
dövr müasir tariximizə yeni hərtərəfli
inkişaf illəri kimi daxil olmuşdur. Müstəqil Azərbaycan
dünya ailəsinin ən önəmli və dəyərli
üzvlərindən birinə çevrilmişdir.
Müstəqil Azərbaycan yeni minilliyin
başlanğıcında ulu öndərimizin layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurlu gələcəyə doğru inamla irəliləyir,
bu yolda möhtəşəm nailiyyətlərə imza
atır. Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən ilk növbədə sabitlik,
sıçrayışlı inkişaf və
demokratikləşmə ön plana çəkilir.
Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji
mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında
getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə
olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz
mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini
müəyyən edən aparıcı rola malikdir və təsadüfi
deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən
dünya dövlətləri, beynəlxalq təşkilatlar,
ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə
alır, onunla hesablaşırlar. Bütün bunlar bir daha
ölkədə həyata keçirilən daxili və xarici
siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində
qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini
əyani surətdə təsdiqləyir. Bu illər ərzində
Prezident İlham Əliyev Azərbaycanın dünya
arenasında nüfuzunu daha da
yüksəklərə qaldırmış, xalqının məhəbbətini
qazanmışdır.
Son illərin dinamik inkişaf və tərəqqi
dövrünün statistikası real həyat həqiqətlərində
- sosial problemlərin davamlı həllində, işsizliyin,
yoxsulluğun aradan qaldırılmasında, regionların
davamlı tərəqqisində, nəhəng infrastruktur və
enerji layihələrinin reallaşdırılmasında, cəmiyyətdə işgüzar fəallığın
artmasında, mənəvi-psixoloji ovqatın yüksəlməsində
özünü əks etdirir.
Bütün bu uğurlar ulu öndərimizin
həmişəyaşar müdrik siyasi kursundan qaynaqlanır.
Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin
qarantı olmuş dahi şəxsiyyətin ölkəmiz və
xalqımız üçün etdikləri əsrlər
keçsə də tarixi dəyərini itirməyəcəkdir.
Ulu öndər Heydər Əliyevin siyasi irsi
xalqımızın zəngin xəzinəsinə
çevrilmişdir.
AzərTAc
İki
sahil.- 2013.- 23 aprel.- S.21.