Prezident İlham Əliyev:
Azərbaycan xalqı xoşbəxt, firavan yaşamağa
layiqdir
Hər
bir vətəndaş respublikamızın ictimai, siyasi, iqtisadi
həyatında fəal iştirak etməklə, baş verən
prosesləri yaxından izləməli, ölkəmizin
bütün sahələrdə qazandığı uğurlara
sevinməklə yanaşı bu uğurların
qazanılmasında öz töhfələrini verməlidir. Azərbaycan
cəmi 21 ildir müstəqillik əldə edib. Ölkəmizin
bu illər ərzində sürətli inkişaf yoluna baxmaq
üçün bəzi statistik məlumatlara müraciət
etmək istəyirəm.
Müstəqilliyimizin ilk illərində
Azərbaycan beynəlxalq aləmdə kasıb ölkələrdən
hesab olunurdu, ölkə əhalisinin 50%-ə qədəri
kasıblıq həddi səviyyəsində
yaşayırdı, dövlət büdcəsi 1,5-2,0 milyard
dollar səviyyəsində, ölkədə işsizliyin səviyyəsi
yüksək və inflyasiyanın səviyyəsi 30% həddində
idi. Ermənistanın işğalçılıq siyasəti
nəticəsində öz yurd-yuvalarından didərgin
düşmüş qaçqın və köçkünlərimiz
dözülməz, ağır şəraitlərdə
çadır düşərgələrində, vaqonlarda, bəzi
qeyri-yaşayış obyektlərində məskunlaşmışdılar.
Onlar əsasən beynəlxalq hümanitar təşkilatların
yardımları hesabına yaşayırdılar.
İqtisadiyyat bərbad vəziyyətdə idi, ölkənin
müdafiə qabiliyyəti aşağı səviyyədə
idi, orduda hərc-mərclik hökm sürürdü.
Bir tərəfdən Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
torpaqlarımızın 20%-nin işğal
edilməsi, digər tərəfdən Azərbaycanı sevməyən,
onun müstəqilliyini istəməyən
dövlətlərin siyasəti, təzyiqləri ölkəmizin
daxilində sapı özümüzdən
olan dağıdıcı müxalifətin
“fəaliyyəti” Azərbaycanı parçalanmaq,
bir dövlət kimi məhv
olmaq təhlükəsi ilə
üz-üzə qoymuşdu. Lakin bu ağır vaxtda
xalqın istəyi və tələbi ilə ulu
öndər Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra ölkəmizdə vəziyyət
kökündən dəyişməyə başladı.
Qısa bir müddət ərzində ulu öndər bütün
bu hərc-mərcliyə,
özbaşınalığa son qoydu, həm iqtisadiyyatda, həm
ordu quruculuğunda əsaslı
dönüş yaratdı. Beynəlxalq aləmdə
siyasi vəziyyəti düzgün,
uzaqgörənliklə qiymətləndirərək dövlətin
siyasi kursunda dəyişiklik
etdi.
Ulu öndərin bu gərgin, ağır, böyük
zəhmət tələb edən işlərinin nəticəsi
olaraq Azərbaycanda stabil,
etibarlı, beynəlxalq aləmdə tanınan, öz yeri olan
dövlət formalaşdırdı. 1994-cü il
sentyabr ayının 20-də bütün xarici və daxili təzyiqlərə baxmayaraq
ümummilli lider Heydər
Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti
sayəsində Azərbaycan xalqının, dövlətinin
tarixində şanlı bir səhifə
yazıldı. Belə ki, dünyanın nəhəng
neft şirkətlərinin iştirakı
ilə “Əsrin müqaviləsi” imzalandı. Beləliklə,
Azərbaycan xalqının, dövlətinin
həm iqtisadi, həm siyasi
inkişafının təməli qoyuldu.
2003-cü ildən Azərbaycan xalqının dəstəyi ilə
Prezident seçilən İlham
Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən
müəyyən edilən iqtisadi və siyasi kursu layiqincə davam etdirir. Cənab İlham Əliyev həmin ildə andiçmə
mərasimində bəyan etmişdir ki, Azərbaycanın daha
qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyevin siyasəti
davam etdirilməlidir. Bu yerdə qardaş
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın
Bakıda Türkiyə səfirliyinin yeni
binasının və Atatürkün abidəsinin
açılış mərasimində ölkə
başçısı İlham Əliyev
haqqında söylədiyi bir fikri vurğulamaq istərdim.
O demişdir: “İlham
Əliyev bacarıqlı və güclü
dövlət başçısı olmaqla,
eyni zamanda bir “baba” yadigarı və
davamçısıdır...” Cənab İlham Əliyev hakimiyyətə gəlişi
ilə Heydər Əliyev kursunu layiqincə
davam etdirməklə yanaşı, eyni zamanda müasir
dövrün siyasi və
iqtisadi ab-havasına, beynəlxalq aləmin
mövcud tələblərinə, Azərbaycanın
milli mənafeyinə uyğun
daxili və xarici siyasət
həyata keçirir. Bu siyasətin nəticəsi olaraq
Azərbaycan son bir
neçə il ərzində çox sürətli inkişaf
yolu keçmişdir.
Müqayisə üçün statistik rəqəmlərə müraciət
edək. Müstəqilliyin ilk illərində
kasıb ölkələr arasında olan
Azərbaycan hal-hazırda inkişaf etmiş ölkələrin sırasına
qatılıb. Ölkədə yoxsulluğun
səviyyəsi 4-5%-ə düşüb,
işsizliyin sayı kəskin azalıb.
Dövlət büdcəsi 20 milyard manat, inflyasiya 1,7% təşkil
edir. Əhalinin həyat səviyyəsi durmadan artır. Bütün
bunlar əsası ulu
öndər tərəfindən qoyulan və
Prezident İlham Əliyev
tərəfindən uğurla davam və inkişaf
etdirilən siyasət sayəsində mümkün
olmuşdur.
Reallığa
yüksək dəyər verən xalqımız bu gün Azərbaycanın
böyük inkişaf
yolunda olduğunu görür və qiymətləndirir. Cənab
İlham Əliyev qeyd
etmişdir ki, son illərin statistikası Azərbaycanın
inkişafı barədə aydın təsəvvür
yaradır. Hazırda ölkəmizin böyük
quruculuq meydanına çevrilməsi iqtisadi uğurların təsdiqidir. Ulu öndər Heydər Əliyevin
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri Azərbaycanın
bugünkü gerçəkliklərində
öz təsdiqini tapır. Artıq Azərbaycan
iqtisadi cəhətdən inkişaf
etmiş güclü
dövlətdir, regionun aparıcı
dövlətinə çevrilmişdir.
Ölkəmizin iştirakı olmadan
bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkün deyil. Görkəmli
dövlət xadimləri, diplomatlar Azərbaycanı
Cənubi Qafqazın parlayan ulduzu kimi qiymətləndirirlər.
Prezident İlham Əliyevin
iqtisadi və siyasi sahədə
siyasətinin əsas prioritetlərindən biri
ölkəmizin qarşıdakı illərdə inkişaf etmiş dövlətlər
sırasında birgə addımlamasıdır. Prezident hər zaman bildirir ki, inkişaf
etmiş ölkələrdə paytaxtla regionlar arasında
fərq olmur. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə
başladığı gündən regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi
istiqamətində atdığı addımların nəticəsidir
ki, bu gün
nəinki paytaxt Bakı, bölgələrimiz
belə öz inkişafı ilə
dünyanın diqqətindədir.
Bütün beynəlxalq
təşkilatlar birmənalı şəkildə etiraf edirlər ki, cənab
İlham Əliyev dövlət
sükanı arxasına keçdikdən sonra
Azərbaycanın inkişafı sürətlənib, ümumi daxili məhsul
istehsalının artım tempinə görə
dünyanın lider dövlətlərindən
birinə çevrilib. Ölkəmizdə qeyri-neft sektoru sürətlə
inkişaf edir. 2012-ci
ildə qeyri-neft sektorunun
inkişaf göstəriciləri 10%-dən
çox olmuşdur. Bu onu göstərir ki, neft və qazdan əldə edilən gəlirlərdən
iqtisadiyyatın şaxələndirilməsi üçün
məqsədyönlü şəkildə istifadə edilməsi
özünü doğruldur.
Bu da ölkə
büdcəsinin neftdən asılılığının aradan qaldırılması istiqamətində
aparılan siyasətin prioritet sahələrindən
biridir.
Dövlət
başçısı İlham Əliyevin
apardığı müdrik və
uzaqgörən siyasətin nəticəsində Azərbaycan dünya birliyində özünə layiqli yer tutaraq
söz sahibinə çevrilmişdir.
Xəzər neftinin və
qazının çoxvariantlı marşrutla
dünya bazarına
çıxarılmasına, tikinti, quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsinə,
enerji və nəqliyyat təhlükəsizliyinin
davamlılığına, ölkənin ərzaq təhlükəsizliyinin
təmin olunmasına, sahibkarlığın inkişafına və
yeni iş yerlərinin
açılmasına, güclü və müasir ordu quruculuğuna, bütövlükdə Azərbaycanın
sürətli və davamlı inkişafının yeni mərhələyə
qaldırılmasına, ölkə vətəndaşlarının
xoşbəxt yaşayışının etibarlı şəkildə
təmin edilməsinə məhz bu siyasətin
nəticəsində nail olunmuşdur.
Bir Lider
və şəxsiyyət kimi İlham Əliyev xarakterinin
ən bariz xüsusiyyətlərindən biri sözünün sahibi olmasıdır. Azərbaycan xalqı qəti
əmindir ki, onun Prezidenti vəd veribsə, sözsüz
yerinə yetirəcək.
“Azərbaycan
xalqı xoşbəxt, firavan yaşamağa layiqdir və
bundan ötrü əlimizdən
gələni əsirgəməyəcəyik”- vədini də
Prezident İlham Əliyev
şərəflə yerinə yetirməkdədir.
Xarici siyasət sahəsində
də cənab İlham Əliyev çox böyük uğurlar qazanıb. Məlum olduğu
kimi, coğrafi
mövqeyinə görə Azərbaycan çox
mühüm strateji məkanda
yerləşir. Müstəqilliyimizin birinci
ilində səriştəsiz və naşı rəhbərlərin
apardıqları birtərəfli, səriştəsiz siyasətin
acı nəticələri Azərbaycan xalqının
yaxşı yadındadır. Lakin ulu öndər Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə həm daxili, həm də xarici
siyasət sahəsində əsaslı dönüş
edildi. Məhz ulu öndərin, sonralar
isə onun layiqli
davamçısı İlham Əliyevin
apardıqları müdrik, düşünülmüş, uzaqgörən,
məqsədyönlü və
balanslaşdırılmış siyasət nəticəsində
Azərbaycan xarici siyasətdə böyük uğurlar
qazanmış və beynəlxalq aləmdə layiqli
yer tutmuşdur.
Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan BMT üzvü
olan 193 ölkədən 155-nin dəstəyini
qazanaraq BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv
seçilmişdir.
Ermənistan
silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi
təcavüzü nəticəsində doğma
yurdlarından didərgin salınmış bir
milyon nəfərədək
soydaşımızın bütün
qayğıları, sosial problemləri,
münaqişənin siyasi cəhətdən
həlli Azərbaycan dövlətinin, onun Prezidentinin gündəlik qayğısına çevrilib. Prezident İlham Əliyev dövlət
başçıları ilə keçirilən
çoxsaylı görüşlərdə, beynəlxalq və
yerli qurumların tədbirlərində
mütləq bir hal kimi bu problemə toxunaraq, onu ölkədə
bir nömrəli problem
adlandırır.
Prezident tərəfindən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı qəti mövqe ortaya qoyulub. Ölkə
başçısı dəfələrlə bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və
biz hansı yolla olursa olsun işğal
altında olan torpaqlarımızı işğaldan
azad edəcəyik. Hələ ki, bunu siyasi
yolla, danışıqlar vasitəsilə
həll etmək istəyirik, lakin Azərbaycanın
ərazi bütövlüyü heç vaxt
danışıqlar predmeti olmayıb və
bundan sonra da olmayacaq.
Danışıqlar nəticə verməsə başqa yollardan istifadə
ediləcək. Buna Azərbaycanın həm
iqtisadi, həm də hərbi gücü yetərlidir.”
Ordu quruculuğuna,
ölkənin hərbi gücünün
artırılmasına xüsusi diqqət yetirilir. Dövlət büdcəsindən
silahlı qüvvələrə ayrılan vəsait Ermənistanın
dövlət büdcəsindən dəfələrlə çoxdur. Məcburi köçkünlərə
xüsusi diqqət ayrılır, prioritet məsələlərdən biri kimi bu
istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər
həyata keçirilib. Hələ
2003-cü il oktyabrın 1-də cənab İlham Əliyev prezident
seçkiləri ərəfəsində ilk
görüşünü Biləsuvar rayonu ərazisində məcburi
köçkünlər üçün
salınmış yeni qəsəbələrdə
keçirərkən bəyan etmişdir.
“Ölkədə bir dənə də olsun çadır düşərgəsi
qalmayacaq.” Bu mənada
“Qaçqın və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması məqsədi ilə Prezidentin
sərəncamı ilə Dövlət Proqramı
hazırlanıb. Bu proqrama uyğun
olaraq Azərbaycan Respublikasının
Dövlət Neft Fondu
tərəfindən ayrılmış vəsait hesabına Azərbaycanın
müxtəlif bölgələrində enerji,
qaz, su təchizatı,
digər zəruri sosial-mədəni və texniki
infrastruktur sistemləri ilə təmin
edilən yeni yaşayış məntəqələri
inşa olunub.
1994-cü
ildə ümummilli liderin
təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin
imzalanması ilə əsası qoyulan yeni neft
strategiyasının uğurlu icrası nəticəsində
Dövlət Neft Şirkəti “SOCAR” brendi ilə dünya
bazarlarına daxil oldu.
Bu gün ARDNŞ-in dünyanın bir
çox ölkələrində nümayəndəlikləri
var. Şirkət qlobal
enerji layihələrinin əsas
iştirakçısı və təşəbbüskarıdır.
Bildiyiniz kimi,
qarşıdan prezident seçkiləri gəlir.
Ölkə başçısı İlham
Əliyevin 2003-2008-ci illərdə gördüyü
işlər ona 2008-ci il
prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini
qazandıraraq yenidən Prezident
seçilməsini şərtləndirmişdir. Heç şübhəsiz ki, bu siyasi
kampaniyada da
xalqımız cənab İlham Əliyevin
namizədliyini dəstəkləyəcək. 2008-ci ildən bu günə qədər ötən dövr ərzində qazanılan nəticələrə
diqqət yetirsək bir daha
bu inamı qeyd edə
bilərik ki, İlham
Əliyevin 2013-cü il prezident seçkilərində qələbəsi
şəksizdir.
Yusif Ələkbərov
İki
sahil.- 2013.- 24 aprel.- S.14.