Azərbaycanın
içməli su təchizatı sahəsinin inkişafı ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır
XX əsrin
ən böyük şəxsiyyətlərindən biri,
xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın
dövlət müstəqilliyinin qorunub saxlanılması,
milli təhlükəsizliyin təmin olunması, sosial-iqtisadi
inkişafda misilsiz xidmətləri vardır. Azərbaycanın
və dünyanın siyasi tarixinə öz adını əbədi
həkk etmiş böyük dövlət xadiminin 90 illik
yubileyi ərəfəsində ulu öndərin Azərbaycan
dövləti və xalqı qarşısında xidmətləri
bir daha anılır, yaxın keçmişimizdə baş
verənlər xatırlanır.
Azərbaycan tarixinin 30 ildən artıq
bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Onun 14 iyul 1969-cu ildə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi
ilə iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə
təkan vermiş, qısa müddətdə böyük
nailiyyətlər əldə olunmuş, mədəniyyətin
yüksəlişi və milli-mənəvi dəyərlərin
dirçəlişi istiqamətində mühüm
addımlar atılmışdır. Ulu öndərin iradəsi,
zəngin təcrübəsi və güclü idarəçilik
qabiliyyətinin nəticəsi idi ki, 1982-ci ildə Kommunist
Partiyası Mərkəzi Komitəsi onu SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsinə irəli
çəkmiş və ittifaq miqyasında tikinti sahəsinə
rəhbərlik ona tapşırılmışdı.
Böyük dövlət xadimi bu vəzifəni də
uğurla icra etmiş və bilavasitə onun rəhbərliyi
altında Uzaq Şərqdən tutmuş Avropaya qədər
onlarla iri beynəlxalq və ümumittifaq əhəmiyyətli
layihə reallaşmışdır. Təsadüfi deyil ki, həmin
illərdə Azərbaycanda yaradılan güclü sənaye,
dayanıqlı infrastruktur müstəqillik illərində
iqtisadiyyatın inkişafına öz töhfəsini
vermişdir.
1990-cı illərin əvvəllərində
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən
sonra, xarici təzyiqlər və daxili çəkişmələr
nəticəsində yaranmış təhlükəli vəziyyətdə
xalqımız öz taleyini yenidən böyük dövlət
xadimi Heydər Əliyevə etibar etmişdir. Xalqın təkidli
tələbi ilə 1993-cü ildə hakimiyyətə
qayıdan ulu öndər ölkəni vətəndaş
müharibəsi təhlükəsindən xilas etmiş,
dövlətçiliyin bərpası və möhkəmləndirilməsi
istiqamətində böyük işlər
görmüşdür.
Ümummilli liderin müəllifi
olduğu yeni neft strategiyası ölkəmizin dinamik
inkişafını təmin etmək üçün möhkəm
təməllər yaratmışdır. Ölkədə həyata
keçirilən sosial-iqtisadi islahatlar, Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyası, neft
strategiyasının müəyyənləşdirilməsi, “Əsrin
müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin
həyata keçirilməsi kimi şərəfli tarixi
missiyalara ulu öndər Heydər Əliyev imza atmışdır.
Mübaliğəsiz demək olar ki, Azərbaycan
iqtisadiyyatının bütün sahələrinin
bugünkü inkişafı ulu öndər Heydər Əliyevin
müəyyənləşdirildiyi siyasətin onun layiqli
davamçısı möhtərəm Prezident İlham Əliyev
tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Bu yubiley günlərində ümummilli
lider Heydər Əliyevin Azərbaycanın su təchizatı və
kanalizasiya sistemlərinin yaxşılaşdırılması
istiqamətində gördüyü işlərə bir daha nəzər
salmaq istərdim. Uzaqgörən siyasətçi və
böyük dövlət xadimi əhalinin həyat səviyyəsinin
yüksəldiməsinin başlıca amillərindən olan
içməli su ehtiyatlarından səmərəli istifadə,
əhaliyə verilən suyun keyfiyyətinin
yaxşılaşdırılması məsələsini həmişə
önə çəkmişdir.
Təsadüfi deyil ki, hazırda Bakı
şəhərini içməli su ilə təmin edən 5 mənbənin
2-si - Kür və Oğuz-Qəbələ-Bakı su kəmərləri
Heydər Əliyevin təşəbbüsü ilə
yaradılmışdır. Ən böyük mənbə olan
Ceyranbatan sutəmizləyici qurğular kompleksinin genişləndirilərək
məhsuldarlığının artırılması da Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə
təsadüf edir. Göründüyü kimi, ulu öndər
həm SSRİ dövründə, həm də müstəqillik
illərində Azərbaycanın, xüsusən də paytaxt
Bakının içməli su təchizatının
yaxşılaşdırılması üçün
bütün mümkün imkanlardan istifadə etmişdir.
1970-ci illərdə Bakı şəhərinin, ətraf kənd
və qəsəbələrin içməli suya artan tələbatı
Kür su kəmərləri sisteminin yaradılması və
Ceyranbatandakı qurğuların məhsuldarlığının
artırılması hesabına təmin edilmişdir.
Qısa da olsa, Kür
çayının suyunun təmizlənərək Bakıya nəqlini
əhatə edən layihənin tarixinə toxunmaq istəyirəm.
Kompleksin layihə-smeta sənədləri 1960-cı illərdə
hazırlansa da, onun tikintisi yubanırdı. Burada əsas
işlər 1969-cu ilin ikinci yarısından sonra
görülmüşdür. Heydər Əliyevin 1970-ci il iyun
ayının 10-da Azərbaycan KP MK-nın iclasında Kür
su kəmərləri sisteminin birinci növbəsinin
tikintisinin başa çatdırılması ilə
bağlı verdiyi konkret tapşırıqlardan sonra bu sahədə
ciddi dönüş yaranmışdı. Respublikanın iri
tikinti təşkilatlarının bu vacib işə səfərbər
edilməsi, mütəşəkkil şəkildə iməciliklərin
keçirilməsi Kür su kəmərinin çəkilişini
“ümumxalq tikintisi”nə çevirmişdi. Məhz bunun nəticəsi
idi ki, 30 aya görülməli olan işlər təqribən
4 ay ərzində başa çatdırılmışdı.
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki,
tikinti işlərinin qısa vaxtda başa
çatdırılmasında Heydər Əliyevin SSRİ rəhbərləri
arasında böyük nüfuzu əhəmiyyətli rol
oynamışdır. Belə ki, RSFSR, Özbəkistan,
Belarusiya, Gürcüstan və digər sovet
respublikalarının sənaye müəssisələri bu
layihənin icrasına köməklik göstərmiş, 8 min
vahiddən çox avadanlıq və materiallar vaxtından əvvəl
hazırlanaraq Azərbaycana göndərilmişdir.
28 sentyabr 1970-ci il. Azərbaycanın su
sektorunda mühüm hadisə baş verir. Böyük zəhmət,
gərgin əmək hesabına Kür su kəmərləri
sisteminin birinci növbəsi istifadəyə verilir. Bakı
şəhəri və Abşeron yarımadası
üçün böyük tarixi əhəmiyyəti olan bu
hadisə ilə əlaqədar təntənəli
açılış mərasimi keçirilir. Mərasimdə
iştirak edən ulu öndər obyektin
açılışını bildirən rəmzi lenti kəsir.
Kür suyunun radial durulduculara axması və kəmərin
89-cu kilometrliyində nasos stansiyasının işə
salınması ilə Bakı şəhərinin içməli
su təchizatında yeni mərhələ başlanır. Həmin
mərasimdə çıxış edən respublika rəhbəri
Heydər Əliyev Bakı və Sumqayıt sakinlərinə səmimi
təbriklərini çatdırır və layihənin
faydası barədə fikirlərini bildirir: “Bu gün biz
Kür su kəmərinin çəkilişinin birinci mərhələsində
qazanılan qələbəni bayram edirik. Su hər bir kəs
üçün sevinc və səadət rəmzidir. Əgər
bu gün Kür suyu Bakıya axırsa, bu, böyük sevinc və
səadət bayramıdır, bunu təmin etmiş
adamların hamısı isə nəcib hünər göstərmişdir.
Kür su kəmərinin birinci növbəsinin, gələcəkdə
isə bütün kompleksinin işə salınması
Bakı, Sumqayıt şəhərlərində və
bütün Abşeronda əhalinin və xalq təsərrüfatının
suya artan tələbatının ödənilməsində,
sözsüz, böyük rol oynayacaqdır... Mübaliğəsiz
demək olar ki, Kür su kəmərinin çəkilişi
respublikamızda əsl ümumxalq tikintisi olmuşdur.
Bakıya Kür suyunun gəlməsi minlərlə adamın—fəhlələrin,
ustaların, briqadirlərin, mühəndislərin əmək
qəhrəmanlığının və vətənpərvərliyinin
nəticəsidir”.
Bu sahədə qazanılmış zəngin
təcrübə Kürdən Bakıya ikinci xəttin çəkilişini
də qısa müddətdə başa çatdırmağa
imkan vermişdir. Cəmi bir il sonra - 1971-ci il sentyabrın 15-də
birinci növbə çərçivəsində ikinci
Kür-Bakı su kəməri istifadəyə verilmişdir.
Bakı və Sumqayıt şəhərlərində
yeni sənaye müəssisələrinin yaradılması,
yeni yaşayış massivlərinin salınması içməli
suya tələbatı artırırdı. Artan tələbatı
qarşılamaq üçün 1970-ci illərin sonlarında
ulu öndərin səyi nəticəsində SSRİ rəhbərliyi
Kür su kəmərləri sisteminin ikinci növbəsinin
tikintisinə razılıq verir. 1980-88-ci illərdə
Bakıya daha üç magistral su kəməri çəkilir.
Bununla da, Kür su kəmərləri ilə Bakı və
Abşerona nəql olunan suyun həcmi 3 dəfəyə
yaxın artırılaraq saniyədə 9,5 kubmetrə və
ya sutkada 820 min kubmetrə çatdırılır.
Bu layihə təkcə həmin dövr
uçun deyil, on illər sonra yeni bir məqsəd
üçün də əhəmiyyətli olacaqdı.
Oğuz-Qəbələ-Bakı su kəmərinin işə
düşməsi, yeni tikilən Ceyranbatan ultrasüzgəcli
sutəmizləyici qurğu imkan verəcək ki, gələcəkdə
Kürdən Bakıya verilən suyun bir hissəsi ölkənin
aran rayonlarının tələbatının ödənilməsinə
yönəldilsin. Yeri gəlmişkən, 2012-ci ilin iyulun 16-da
təməli möhtərəm Prezident İlham Əliyev tərəfindən
qoyulmuş Şirvan-Muğan qrup su kəməri Hacıqabul,
Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərini,
həmçinin Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23,
Sabirabadda 13 kənd olmaqla ümumilikdə 121 kəndin
içməli su problemini birdəfəlik çözəcəkdir.
Bu kəmərin istismara verilməsi ilə 470 min Azərbaycan
vətəndaşı keyfiyyətli və fasiləsiz
içməli su ilə təmin olunacaqdır.
Kür su kəmərləri sisteminin
yaradılması təkcə içməli suyun Bakı şəhərinə
çatdırlması ilə yekunlaşmır. Ulu öndərin
rəhbərliyi altında bu layihə kompleks şəkildə
həyata keçirilir. Həmin illərdə Bakı və
Abşerona verilən suyun həcminin xeyli artması, eləcə
də yeni yaşayış massivlərinin salınması nəzərə
alınaraq şəhərin içməli su və kanalizasiya
infrastrukturuna yenidən nəzər salınır. Həmin illərdə
Abşeron yarımadasında minlərlə kilometr magistral və
paylayıcı su xətləri çəkilir, yeni su
anbarları, nasosxanalar tikilib istismara verilir.
Abşeron yarımadasının
içməli su təchizatında mühüm əhəmiyyət
daşıyan Ceyranbatan sutəmizləyici qurğular
kompleksinin inşasında da ümummilli lider Heydər Əliyevin
müstəsna xidmətləri olmuşdur. Ceyranbatan sutəmizləyici
qurğular kompleksi 1961-ci ildə istismara verilsə də,
burada 1970-ci illərdə böyük işlər
görülmüşdür. Belə ki, kompleksin
üçüncü növbəsi 1978-ci ildə işə
salınmış, bununla da mənbənin məhsuldarlığı
saniyədə 7,5 kubmetrə
çatdırılmışdır.
Bakı şəhərinə
böyük həcmdə içməli suyun daxil olması
kanalizasiya infrastrukturunun genişləndirilməsi zərurətini
yaratmışdı. Ümummilli lider Heydər Əliyevin
göstərişi əsasında 1970-ci ildə əhalinin
2000-ci ilə qədər perspektiv artımı nəzərə
alınmaqla paytaxtın “Böyük kanalizasiya” layihəsi
işlənib hazırlanmışdır. Bu layihə çərçivəsində
Hövsan Aerasiya Stansiyası, “Sənaye zonası”, “Şəhərkənarı”
və “Sahil” kollektorları tikilib istifadəyə
verilmişdir. Bunun nəticəsində yalnız mexaniki təmizləmədən
keçən və ya təmizlənmədən Xəzər
dənizinə axıdılan çirkab suların
böyük hissəsinin toplanaraq Hövsan Aerasiya
Stansiyasına axıdılması və burada zərərsizləşdirilməsi
təmin edilmişdir.
Sovet iqtisadi münasibətlər
sisteminin iflasa uğraması ilə 1980-ci illərin sonu,
90-cı illərin əvvəli bütün sahələrdə
olduğu kimi su təchizatı və kanalizasiya sektorunda da tənəzzül
yaşanırdı. Bir tərəfdən maliyyə
imkanlarının məhdudluğu, digər tərəfdən
sahənin pərakəndə idarə edilməsi nəticəsində
bu sektorda əsaslı iş aparılmır, fiziki və mənəvi
köhnəlmə nəticəsində qurğuların,
avadanlıqların istismarı çətinləşirdi.
Artaraq geniş miqyas alan problemlər bu sahədə kompleks
işlərin görülməsini şərtləndirirdi. Fərəhlə
demək lazımdır ki, bu problemləri də Azərbaycan
xalqının xilaskarı ulu öndər Heydər Əliyev
yenidən hakimiyyətə qayıtdıqdan sonra həll etdi.
1990-cı ilin birinci yarısında ölkədə
ictimai-siyasi sabitliyi təmin edən Heydər Əliyev sosial
sahədə həlli vacib problemlərin çözülməsi
istiqamətində işlərə başladı. Müstəqilliyini
yenicə qazanmış Azərbaycanın maliyyə vəziyyəti
içməli su təchizatı sektorunda iri həcmli layihələri
həyata keçirməyə imkan vermirdi. Bunu nəzərə
alan ümummilli lider əhalinin su təminatının
yaxşılaşdırılması üçün beynəlxalq
maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü
irəli sürur. 1995-ci ildə fiziki və mənəvi cəhətdən
köhnəlmiş Ceyranbatan və Kür Sutəmizləyici
Qurğularının yenidən qurulması üçün
Dünya, həmçinin Avropa Yenidənqurma və
İnkişaf banklarından dövlət zəmanətli
kreditlərin cəlbi üçün danışıqlara
başlanılır. Həmin illərdə maliyyə
qurumları yenicə müstəqillik qazanmış postsovet
ölkələrinə irihəcmli güzəştli kredit
ayırmağa ehtiyatla yanaşırdı. Mahir siyasətçi
və strateq bu məsələni də asanlıqla həll
etdi və beynəlxalq maliyyə qurumları “Böyük
Bakının su təchizatı sisteminin yenidənqurulması”
layihəsinə güzəştli şərtlərlə 88,7
milyon dollar kredit ayırmağa razılıq verdi. Bunu fəxrlə
deyə bilərik ki, beynəlxalq maliyyə qurumları MDB
ölkələri arasında ilk dəfə belə iri məbləğdə
güzəştli krediti Azərbaycana
ayırmışdır.
1998-ci ildə “Böyük
Bakının su təchizatı sisteminin yenidənqurulması”
layihəsinin icrasına başlanılır. Qısa müddətdə
Ceyranbatan və Kür sutəmizləyici qurğular komplekslərində,
Bakı şəhərinin su təchizatı sisteminin əsas
istehsal sahələrində yenidənqurma işləri
aparılır və layihə çərçivəsində
Azərbaycan hökumətinin iştirak payı da daxil olmaqla
100,93 milyon dollar xərclənir. ABŞ, Almaniya, Böyük
Britaniya, İtaliya şirkətlərinin iştirakı ilə
sutəmizləyici qurğular əsaslı təmir edilir,
burada istifadə olunan avadanlıqlar yeniləri ilə əvəzlənir,
Bakı şəhərində 80-dən artıq nasosxana və
istehsalat bazaları tikilir, ən müasir texnika alınır.
Nəticədə mənbələrdə emal olunan suyun
keyfiyyət göstəriciləri standartlara
uyğunlaşdırılır və paytaxt sakinlərinin
dayanıqlı içməli su təchizatı təmin
edilir.
Bundan başqa Bakı və Sumqayıt
şəhərlərini içməli su ilə təmin edən
Ceyranbatan su anbarının ekoloji cəhətdən çirklənməsinin
qarşısını almaq məqsədilə Avropa Birliyinin
Azərbaycana fövqəladə yardım proqramı üzrə
ayrılmış qrantı hesabına bir neçə layihə
həyata keçirilmişdir. Bütövlükdə
Ceyranbatan su anbarının ekoloji mühafizəsi layihəsi
üzrə işlər 2003-cü ilin sonunda başa
çatdırılmış və Avropa Komissiyası tərəfindən
yüksək qiymətləndirilmişdir. Azərbaycanın
müstəqillik tarixində ölkə daxilində
reallaşdırılmış ən böyük infrastruktur
layihəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin
ideya müəllifi ulu öndər Heydər Əliyevdir.
2002-ci il. Sürətli iqtisadi
inkişafın astanasında olan Azərbaycanı böyük
neft gəlirləri gözləyir. Artıq qərara
alınıb ki, Dövlət Neft Fondunda toplanacaq vəsaitin
bir hissəsi iqtisadiyyatın digər sahələrinə, o
cümlədən infrastruktur layihələrinin icrasına
yönəldiləcək. Belə şəraitdə Bakı
şəhərinə yeni mənbədən suyun gətirilməsinin
yenidən aktual olacağını görən dahi şəxsiyyət
tarixi təşəbbüslə çıxış edir.
2002-ci il dekabrın 19-da keçirilən müşavirədə
Prezident Heydər Əliyev Bakı şəhərinin su təchizatının
yaxşılaşdırılması məsələsi üzərində
xüsusi dayanır. O, paytaxta yüksək keyfiyyətli bulaq
suyunun gətirilməsi vaxtının
çatdığını bildirir və bu məqsədlə
Oğuz-Qəbələ zonasının yeraltı
sularının öyrənilməsi barədə
tapşırıqlarını verir: “Vaxtilə akademik Həsən
Əliyev təklif vermişdi ki, Qəbələ, Oğuz və
oradakı dağlardan gələn bulaqlarda çox su var, onu
oradan çəkək gətirək Bakıya... O vaxt həmin
sulara baxmışdılar, çox dadlı sular idi. İstəyirdik
həmin təklifə baxaq, ancaq ondan sonra mən buradan getdim. O
layihə qaldı... Bakıya biz gərək daha çox su gətirək.
Özü də təmiz bulaq suyu. Bunu biz edə bilərik.
Bu, çox gözəl bir iş olacaqdır. Bakıya bol-bol
təmiz su gətirəcəyik. Deyirlər, orada çox
gözəl sular var”.
Ulu öndərin irəli
sürdüyü bu ideya Heydər Əliyev kursunun layiqli
davamçısı möhtərəm Prezident İlham Əliyev
tərəfindən uğurla həyata keçirildi. 2005-ci
ilin sentyabrında Prezident İlham Əliyevin sədrliyi ilə
Böyük Bakının su təchizatının
yaxşılaşdırılmasına həsr olunmuş
müşavirədə layihənin parametrləri müzakirə
edilir və qısa müddətdə işlərin
başlanmasına qərar verilir. 2007-ci ilin mart ayında
dövlət başçısının iştirakı ilə
təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri
3 ildən sonra istifadəyə verilir. Layihə çərçivəsində
diametri 2 min millimetr olan şüşəlifli (GRP) borulardan
istifadə etməklə 262,5 kilometr uzunluğunda kəmər
çəkilmiş, 100-dən artıq subartezian quyu
qazılmış, baş suqəbuledici qurğular kompleksi və
suyun təzyiqinin tənzimlənməsi üçün kəmər
üzərində təzyiqqırıcı qurğular
inşa olunmuş, yarımstansiya
quraşdırılmışdır. Dövlət Neft Fondunun
vəsaiti hesabına maliyyələşdirilən və məhsuldarlığı
saniyədə 5 kubmetr olan Oğuz-Qəbələ-Bakı su
kəmərinin istismara verilməsi ilə Bakı şəhərinin
içməli su təchizatında stabillik
yaranmışdır. Yeni mənbədən əlavə suyun
gətirilməsi hesabına bu gün paytaxt sakinlərinin 60
faizindən çoxu 24 saat içməli su ilə təmin
edilir.
Azərbaycanda su təchizatı və
kanalizasiya infrastrukturunun yaradılması istiqamətində
ulu öndərin başladığı işlər bu gün
ümummilli liderin layiqli davamçısı cənab Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda
dövlət başçısının bilavasitə rəhbərliyi
ilə Bakı şəhəri və Abşeron
yarımadasında, həmçinin ölkənin
regionlarında su və kanalizasiya layihələri uğurla
icra olunur. Bakı şəhəri və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun
olaraq Abşeron yarımadasının hər bir
yaşayış massivində fasiləsiz su təchizatına
nail olmağı hədəfləmişik. Bu məqsədlə
Ceyranbatanda dünyanın ən böyük ultrasüzgəcli
sutəmizləyici qurğusu tikilir. Məhsuldarlığı
saniyədə 6 kubmetr olacaq bu qurğuda Dünya Səhiyyə
Təşkilatının standartlarına uyğun təmizlənəcək
su Bakı, Sumqayıt və Xırdalan şəhərləri,
bütövlükdə Abşeron yarımadasında
yaşayan 1 milyona yaxın insanın içməli su təminatına
öz töhfəsini verəcəkdir.
Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su kəmərinin
tikintisi indiyə qədər mərkəzləşdirilmiş
qaydada su almayan kənd və qəsəbələrdə
problemin birdəfəlik həllinə gətirib
çıxaracaqdır. Eyni zamanda gələcəkdə
tikintisi planlaşdırılan 11 ədəd çirkab sutəmizləyici
qurğu Xəzər dənizinin ekoloji vəziyyətinin
yaxşılaşdırılmasında müstəsna əhəmiyyətə
malik olacaqdır.
Dövlət
başçısının təsdiq etdiyi “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”na uyğun olaraq büdcə vəsaitləri
və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş
kreditlər hesabına 38 şəhər və rayon mərkəzində,
həmçinin 350-dən çox kənddə su və
kanalizasiya layihələrinin icrası uğurla davam etdirilir. Əsas
hədəfimiz cənab Prezidentin tapşırıqlarına
uyğun olaraq hər bir kəndi, qəsəbəni və
şəhəri fasiləsiz və keyfiyyətli içməli
su ilə təmin etməkdir. Əminik ki, “Azərsu” ASC-nin
çoxminli kollektivi əzmlə çalışaraq
qarşıya qoyulan tapşırıqları uğurla yerinə
yetirəcək və qısa müddətdə bu hədəflərə
çatacaqdır.
İki
sahil.- 2013.- 26 aprel.- S.16; 23.