TALEYİN ƏN BÖYÜK TÖHFƏSİ

 

Dağın ucalığı və əzəməti uzaqdan daha aydın görünür.

Böyük şəxsiyyətlər də belədir. Yalnız aradan zaman keçəndən sonra onların möhtəşəmliyi, xalqın tarixində və insanların ürəyində qoyduqları izlərin əbədiliyi, eləcə də həyatdan köçmələri ilə bağlı yaranmış itkinin ağırlığı daha bariz şəkildə meydana çıxır.  Anadan olmasının 90 illiyini Azərbaycan xalqının, eləcə də dünyanın müxtəlif ölkələrində on minlərlə insanın ehtiramla qeyd etdikləri böyük dövlət adamı və təkrarsız siyasətçi Heydər Əliyev sağlığında da kifayət qədər nüfuz və şöhrətə malik idi. İnsanların ürəyində özünə yer tapmışdı. Fövqəldövlətin - keçmiş Sovet İttifaqının liderlərindən biri kimi dünya miqyasında tanınırdı. Müstəqil Azərbaycanın dövlət başçısı kimi böyük uğurlara imza atmışdı. Bir sözlə, tarixdə öz yerini tutmuşdu. Vəfatından on il ötəndən sonra isə onun şəxsiyyəti və irsi, planları və niyyətləri bizə daha çox aydın olur. Zaman baxımından Heydər Əliyevdən nə qədər uzaqlaşırıqsa, o, gözlərimiz önündə bir o qədər böyüyür. Aradan ötən hər il bizə Heydər Əliyev fenomenini dərk etməyə, onun gördüyü işlərin miqyasını və zəngin irsinin dəyərini dərindən anlamağa imkan verir.

 

*          *          *

 

Siyasi lider, dövlət xadimi və bir insan kimi Heydər Əliyevi yaxından tanımaq, heç şübhəsiz, ailə üzvlərini və doğmalarını çıxmaq şərti ilə ilk növbədə onun rəhbərliyi altında çalışanlara, onunla mütəmadi təmas qura bilənlərə nəsib olmuşdur. Heç gözləmədiyim halda mən də belə seçilmişlərin sırasına düşdüm.

1999-cu il oktyabrın 26-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə xarici işlər naziri vəzifəsinə təyin olundum. Təbii ki, bu təyinat bütün cəmiyyət üçün gözlənilməz oldu. Doğrudur, o zaman Milli Məclisin üzvü idim. Müəyyən ictimai fəaliyyətim vardı. Cəmiyyətdə az-çox tanınırdım. Lakin istənilən halda hansı bucaq altından baxılırsa-baxılsın, birdən-birə çiyinlərimə düşən yükün ağırlığı həddindən çox ağır idi.

Əvəzində isə hər ikisi Heydər Əliyevin adı ilə bağlı iki böyük üstünlük vardı: Birincisi, təyinatın bütün gözlənilməzliyinə baxmayaraq cəmiyyətin mütləq əksəriyyəti düşünürdü ki, əgər Heydər Əliyev belə seçim etmişdirsə, deməli müəyyən qənaətlərə əsaslanmışdır. İkincisi isə, birbaşa Heydər Əliyev kimi böyü dövlət adamının rəhbərliyi altında çalışacaqdım. Onun komandasının üzvü sayılacaqdım. Ümummilli liderin ölkəmizin və xalqımızın gələcəyi naminə həyata keçirdiyi işlərdə mənim də hansısa kiçik bir payım olacaqdı! Məhz bu amillərdən çıxış edərək yanaşdıqda üzərimə son dərəcə çətin vəzifə qoyulmasından asılı olmayaraq  Prezidentə minnətdar idim.

Minnətdarlıq öz yerində. Problemlər də yetərincə idi. Dağlıq Qarabağ kimi qanayan yarası olan bir məmləkətdə nəinki yüksək vəzifəli şəxs, sıravi vətəndaş da özünü daim ağır bir yükün altında hiss etməlidir. Təbii ki, idarəçilik sahəsində təcrübəmin kifayət qədər olmaması nəticəsində ilk vaxtlar ciddi çətinliklərlə qarşılaşırdım. Bəzən səhvlərə də yol verirdim. Belə məqamlarda Prezidentin nə qədər böyük səbir və təmkin, ən başlıcası isə ağsaqqallıq və xeyirxahlıq göstərdiyinin şahidi olurdum.

“Heydər Əliyev idarəçilik məktəbi” heç şübhəsiz, indiyə qədər keçdiyim “həyat universitetlərinin” ən mürəkkəbi və eyni dərəcədə də ən şərəflisidir. Bu böyük insanla gündəlik təmas, fikir mübadiləsi, eşitdiyim müdrik məsləhətlər bir çox məsələlərə münasibətimi kökündən dəyişdirdi. Həm o zaman, həm də indi dörd ildən çox rəhbərliyi altında işlədiyim Prezident haqqında haqsız, əsassız iradları, iddiaları eşidəndə daxilimdə baş qaldıran qəzəbi boğa bilmirəm. Təəssüf ki, öz fantaziyalarında hansısa mifik, gerçəklikdən uzaq, öz xülyalarının tələblərinə cavab verən bir obraz yaradan və tanımadan, bilmədən onu Heydər Əliyev kimi qələmə vermək niyyətinə düşənləri bir yerə yığıb onlara əsl həqiqəti anlatmaq, onları səhvləri inandırmaq qeyri-mümkündür. Kor işığı görə bilmədiyi kimi siyasi müxaliflik havasından başları gicəllənmiş belə adamlar da Heydər Əliyevin böyük insanlığını, nəcibliyini, xeyirxahlığını, daxilində yaşatdığı nuru və işığı, onun sonsuz Azərbaycan sevgisini görə bilmirlər.

Əslində, mənim mənsub olduğum nəsil həyatda qazandığı bir çox uğurlar üçün Heydər Əliyevə, dəqiq desəm, 1969-cu ildən sonra onun Azərbaycanda uzaqgörənliklə formalaşdırdığı mühitə borclu idi. Ötən yüzilliyin 90-cı illərində sovet cəmiyyətində daha çox boş şüarçılıq və kampaniya şəklində meydana çıxan “yenidənqurma” öz həqiqi miqyas və mahiyyəti ilə ilk dəfə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bizim respublikamızda başlanmışdı. Onun ardıcıllıqla həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində bir sıra neqativ hallara son qoyulmuşdu. Böyük quruculuq işləri başlanmışdı. İqtisadi tərəqqi ilə bir sırada Azərbaycan həm də o dövrə qədər misli bərabəri görünməmiş mədəni və mənəvi intibah dövrünə qədəm qoymuşdu. Nizami Gəncəvinin “Qoy ədalət zəfər çalsın!” sözlərini mübarizəsinin devizinə çevirən ölkə rəhbəri həqiqətən də insanların həyatını asanlaşdıran bir sıra köklü dəyişikliklərə imza atmışdı. Həmyaşıdım olan minlərlə gənc kimi mən də orta məktəbi bitirən kimi heç bir çətinlik çəkmədən qəbul imtahanlarını verərək universitet tələbəsi olmuşdum.

Bir sözlə, hələ sovet rejiminin arasıkəsilməz nəzarəti altında Azərbaycanın təkcə bu gününü deyil, həm də gələcəyini düşünən, bəlkə də yalnız özünə bəlli bir intuisiya, bir sövq-təbii ilə ölkəni qarşıdan gələn müstəqilliyə hazırlayan Heydər Əliyevə inanırdım.  1993-cü ildə Azərbaycanın yenicə qazandığı dövlət müstəqilliyinin taleyi həll olunanda heç bir vəzifə tutmasam da, bir yaradıcı ziyalı, öz məsuliyyətini dərk edən vətəndaş kimi onun tərəfində idim...

 

*          *          *

 

Zəmanəmizin bu böyük insanı ilə şəxsi tanışlığım 1992-ci il sentyabrın 27-də olmuşdu. Həmin dövrdə Azərbaycanda həm iqtisadi, həm də mənəvi cəhətdən çox ağır dövr yaşandığından Türkiyənin Ərzurum Atatürk universitetinin dəvəti ilə işləmək üçün bir illiyinə bu ölkəyə gedirdim. İki ölkəni birləşdirən, Naxçıvanı çətin blokada şəraitindən çıxarmaqda böyük rol oynayan “Ümid körpüsü” Heydər Əliyevin və Prezident Süleyman Dəmirəlin birgə səyi ilə yenicə tikilib istifadəyə verilmişdi. Naxçıvanın bir neçə yüz kilometrliyində yerləşən Ərzuruma bu yolla getmək niyyətində idim.

Həmin dövrdə körpüdən keçmək üçün bəlli  rüsum ödəmək lazım idi. Lakin Heydər Əliyev bu məsələdə də təbiətinə xas olan diqqətcillik və qayğıkeşlik nümayiş etdirmişdi: qonşu ölkəyə elmi ezamiyyətə gedən akademiya işçiləri, universitet müəllimləri rüsum ödənişindən azad olunmuşdu. Bu icazə Naxçıvan Muxtar Respublikasının Nazirlər Soveti tərəfindən rəsmiləşdirilirdi.

Məni aeroportda qarşılayan dostum, indi Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili, akademik İsa Həbibbəyli ilə birlikdə Nazirlər Sovetinə getdik. Lakin o zamankı baş nazir Şəmsəddin Xanbabayev İranda səfərdə olduğundan Bakıdan, Elmlər Akademiyasından gətirdiyim məktuba razılıq vizası qoyulması ilə bağlı problem yarandı.

Gözləmədiyim halda İsa məsələnin həlli üçün Ali Məclisə, Heydər Əliyevin yanına getməyi təklif etdi. Belə xırda bir işdən ötrü başı onsuz da blokada şəraitindəki  Naxçıvanın çoxsaylı problemlərinə qarışmış Heydər Əliyevi narahat etməyi ağlıma da sığışdırmırdım. Amma İsa onun alimlərə, ziyalılara son dərəcə diqqətli münasibəti barəsində bəziləri mənə də yaxşı məlum olan çoxlu misallar gətirərək təkid edirdi. Digər tərəfdən  əvvəllər ya televiziya ekranlarında, ya da müxtəlif tədbirlərdə uzaqdan-uzağa gördüyüm Heydər Əliyevlə bir neçə dəqiqəliyinə də olsa üzbəsurət görüşmək, həmsöhbət olmaq mənim özüm üçün də son dərəcə maraqlı idi.

 

Naxçıvan Ali Məclisinə getdik və təəccübümə rəğmən bir neçə dəqiqədən sonra sədr tərəfindən qəbul edildik. Ən təəccüblüsü isə Heydər Əliyevin məni, daha doğrusu imzamı tanıması oldu. Həmin vaxta qədər də onun fenomenal yaddaşı haqqında çox eşitmişdim. Lakin heç bir halda bu yaddaşın küncündə özümə - ədəbiyyat, yaxud siyasət Olimpində elə də ciddi yer tutmayan nisbətən gənc alimə də yer tapıldığını ağlıma gətirə bilməzdim.

Nəhayət, üçüncü təəccüblü məqam: Ali Məclis sədrinin kabinetində yalnız bir neçə dəqiqə qalacağımızı düşündüyüm halda söhbətimiz iki saatdan çox çəkdi. Heydər Əliyev ilk dəqiqələrdən yalnız onun özünə məxsus olan məharətlə elə bir atmosfer yaratdı ki, biz on dörd il Azərbaycana, beş il isə dünyanın altıda birini tutan nəhəng ölkəyə rəhbərlik etmiş, sovet elitasının “ölməzləri” - Siyasi Büro üzvləri sırasında yer almış dünya miqyaslı bir siyasətçi və dövlət xadimi ilə deyil, sanki yaxşı tanıdığımız bir şəxslə söhbətləşirdik.

Həmin gecə zülmətə qərq olmuş Naxçıvanda, İsan müəllimin universitet şəhərciyindəki  qazsız, işıqsız mənzilində uzun müddət yaddaşlarımıza əbədilik hopmuş bu görüşün təəssüratını bölüşdük. Heç birimizin hansısa siyasi, yaxud vəzifə iddialarımız yox idi. Lakin bir həqiqəti başa düşürdük: Bu ağır günlərdə Azərbaycanın Heydər Əliyevə böyük ehtiyacı var. Yalnız o, ümumi xaos və anarxiya şəraitində hər an qərq ola biləcək Azərbaycan dövlətçiliyi gəmisini fırtına və tufanlardan qurtara bilər, qələbəyə aparan düzgün yol seçə bilərdi.

 

*          *          *

 

Sovet dövründə Heydər Əliyev həm Azərbaycanda, həm də Moskvada əsasən partiya-təsərrüfat rəhbərliyini həyata keçirmişdi. Doğrudur, müxtəlif vaxtlarda o, respublikamıza və Sovet İttifaqına gələn ayrı-ayrı əcnəbi nümayəndə heyətlərini qəbul etmişdi. Habelə sovet nümayəndə heyətinin başçısı kimi dünyanın müxtəlif ölkələrinə səfərə çıxmışdı. Lakin fəaliyyətinin bu sahəsi müəyyən dərəcədə pərdə arxasında qaldığından onun diplomatiya və xarici siyasət sahəsindəki qeyri-adi bacarığı yalnız müstəqil Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı dövrdə ortaya çıxmışdı. Bütün digər fəaliyyət sahələri kimi bu sahədə də Heydər Əliyev sözün həqiqi mənasında as idi.

O, son dərəcə mürəkkəb şəraitdə yalnız Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmirdi, eyni zamanda həmin siyasəti həyata keçirirdi. Bu mənada Heydər Əliyevin rəhbərliyi altında işləyən xarici işlər nazirlərinin həm bir sıra üstünlükləri, həm də çətinlikləri vardı. Üstünlük ondan ibarət idi ki, Heydər Əliyev, necə deyərlər, həmişə atəşi öz üzərinə çəkirdi, ən çətin məsələlərin həllini öz üzərinə götürürdü. Çətinlik isə tələbkarlığın son dərəcə yüksək olmasında, hər bir məsələdə onun meyarlarına, ölçülərinə cavab verməkdə idi.

Geniş yayılmış ifadədə də deyildiyi kimi, diplomatiya mümkün olanı həyata keçirmək sənətidir. Mübaliğəsiz deyə bilərəm ki, Heydər Əliyev bəzən böyük vətən sevgisi, inandırmaq qabiliyyəti, nitq məharəti, ürəyinin odu və ehtirası ilə mümkün olmayanın da gerçəkləşməsinə nail olurdu. Təbii ki, onun yalnız daxili siyasətinin deyil, xarici siyasətinin mərkəzində də ölkəmizin mənafe və maraqları, Azərbaycan insanının bu günü və gələcəyi dayanırdı. Hər dəfə öz həllini tapmamış Dağlıq Qarabağ münaqişəsindən, itirilmiş torpaqlarımızdan, suverenlik haqqımızın tam şəkildə həyata keçirilməməsindən söhbət düşəndə Prezidentin  dövlət başçısı kimi necə iztirab keçirdiyini sezməmək mümkün deyildi.

 Azərbaycanla, onun dövlətçiliyi, tarixi, mədəniyyəti ilə bağlı məsələlərdə Heydər Əliyev dönməz prinsipiallıq nümayiş etdirirdi. Belə məsələlərdə onun üçün ikinci dərəcəli, qeyri-vacib sayıla biləcək heç bir şey yox idi. Bəlkə də başqalarının əhəmiyyət verməyəcəyi, üzərindən sükutla keçə biləcəyi ən xırda detallar da  gözündən, nəzərindən qaçmırdı. Belə detallar isə protokol məsələlərindən tutmuş siyasi müzakirələrə qədər çox geniş bir dairəni əhatə edirdi.

Ölkəmizə, milli müstəqilliyimizə, dövlət atributlarımıza göstərilən ən kiçik diqqətsizlik də Heydər Əliyevin diqqətindən yayınmır və onun kəskin, qətiyyətli etirazı ilə qarşılanırdı. Belə epizodlardan biri 2002-ci ildə İranda olmuşdu.

İran səfərinin sonuncu günü ölkənin ali dini lideri Əli Xameneyi ilə ilə Heydər Əliyevin görüşü nəzərdə tutulmuşdu. Biz dini rəhbərin kiçik, sadə, lakin son dərəcə ciddi qorunan iqamətgahına gələndə artıq prezident Xatəmi, xarici işlər naziri Xərrazi, Xameneyinin xarici siyasət məsələləri üzrə müşaviri Vilayəti burada idilər. Hamısı İranda qəbul olunmuş qayda üzrə ayaqqabılarını soyunmuşdu. Bizim üçün istisnaya yol verdilər.

Rusiyanın İran səfiri, böyük dramaturq A.S.Qriboyedovun faciəli taleyini xatırladım. Fətəli şahın hüzuruna yalnız saray əyan-əşrəfi deyil, diplomatlar da corabla gəlməli idilər. Avropa diplomatları İran protokolunun bu qəribə qaydasını  öz aralarında “corab diplomatiyası” adlandırırdılar. Qalib rus imperiyasını təmsil edən Qriboyedov həmin qaydanı pozmuşdu. Saraya uzunboğaz süvari çəkmələri ilə gəlmişdi. Üstəlik, şahın qarşısında bardaş qurub oturmaq istəməmiş, kreslo tələb etmişdi. Sarayın rus diplomatı ilə düşmənçiliyi belə başlanmışdı. Ayaqqabısını çıxarmaq istəməyən səfir başını itirməli olmuşdu...

Ali dini lider Heydər Əliyevi danışıqlar keçiriləcək zalın qarşısında qarşıladı. İki əlli görüşdü. Azərbaycan dilində sözə başlayıb hal-əhval tutdu. Həm biz, həm də İran nümayəndə heyətinin üzvləri sakitcə dayanıb söhbətə qulaq asırdıq.

Heydər Əliyev özünəməxsus ərkyanalıqla Xameneyinin doğulduğu yerə - Təbriz yaxınlığındakı məşhur Xamnə kəndinə işarə edərək:

- Xamnədə nə var, nə yox? - deyə soruşdu.

- Sən Xamnəni də bilirsən? - İran lideri təəccübünü gizlətmədi.

- Əlbəttə. Xamnə bizim Azərbaycanda da məşhurdur. Həm də bu kənd təkcə sizin vətəniniz kimi tanınmır.  Azərbaycanın çox məşhur şəxsiyyətlərindən biri olan Mirzə Fətəli Axundzadə də sizinlə eyni kənddə doğulub. Yəqin, Axundzadənin adını eşitməmiş olmazsınız.

- Eşitmişəm, - deyə Xameneyi həvəssiz cavab verdi. Şübhəsiz, hələ 150 il bundan əvvəl öz əsərlərində İran mühitini kəskin tənqid edən Mirzə Fətəlinin adı bu ölkədə tarixin təkərini yenidən geriyə çevirənlərin xoşuna gələ bilməzdi.

İki liderin arasındakı şəxsi xarakterli söhbət daha bir neçə dəqiqə çəkdi. Sonra heyətlər masa arxasında yerlərini tutdular. Xameneyi Azərbaycan Prezidentini fars dilində salamladı, onun səfərinin tarixi əhəmiyyət daşıdığını dedi. Təbii ki, farsca İranın dövlət dili olduğundan ali dini rəhbərin bu dildə danışması anlaşılan idi. Lakin gözləmədiyimiz halda Xameneyi nitqinə ara verən kimi yanında əyləşmiş tərcüməçi onun dediklərini çox naşı, qeyri-dəqiq və savadsız şəkildə ruscaya çevirməyə başladı.

Heydər Əliyev “Podojdite!” -deyə elə ilk cümlədən sonra sərt şəkildə onu dayandırdı. Sonra üzünü Xameyniyə tutub dedi.

- Ağayi Xameyni! İki dəqiqə bundan əvvəl biz burada öz ana dilimizdə danışırdıq və biri-birimizi də yaxşıca anlayırdıq. Mən başa düşürəm ki, bura İrandır, siz də bu dövlətin ali dini rəhbərisiniz. Ona görə də rəsmi danışıqlarınızı fars dilində aparmalısınız. Bunlar aydındır. Amma başa düşmürəm ki, nə üçün tərcümə rus dilinə edilir?

- Bəs mən elə bilirəm ki, sizin dövlətin dili rus dilidir... - deyə Xameneyi vəziyyətdən çıxmağa çalışdı.

- Ay kişi, - deyə Xameneyinin özünü sadəlövhlüyə vurmasından əsəbiləşən Heydər Əliyev kəskin şəkildə sözünə davam etdi. - Azərbaycan dili sovet hakimiyyəti dövründə də bizim ölkəmizin dövlət dili idi. Hətta o dövrdə bizim  Konstitusiyada ayrıca maddə ilə dövlətimizin dilinin Azərbaycan dili olduğu göstərilmişdi. Moskvanın bütün təzyiqlərinə baxmayaraq dilimizi qorumuşuq, saxlamışıq, zənginləşdirmişik. Məktəblərimiz, institutlarımız bu dildə olub, idarələrimiz bu dildə işləyib, kitablarımız, qəzetlərimiz bu dildə çıxıb. Müstəqillik qazanandan sonra isə biz beynəlxalq miqyasda da danışıqları öz dilimizdə aparırıq. Haradan sizin ağlınıza gəlib ki, Moskvanın asılılığından şəhid qanları bahasına qurtaran Azərbaycan bu gün özünün min illik bir tarixə malik  doğma dilini bir kənara qoyub rus dilindən istifadə edəcək? Axı Azərbaycanla İran qonşu ölkələrdir. İnsanlarımız sıx münasibət saxlayır. Siz, sizin nazirliyiniz, protokolunuz belə sadə həqiqətlərdən xəbərdar olmalıdır. Əgər bilmək istəsəniz, mən rus dilinə də çox dərindən bələdəm. Ancaq Azərbaycan dövlətinin Prezidenti kimi yalnız öz dilimdə danışmağı üstün tuturam.

Heydər Əliyevin belə kəskin və qətiyyətli etirazından sonra iranlılar özlərini itirmişdilər. Nə edəcəklərini bilmirdilər. Xarici İşlər Nazirliyindən təcili tərcüməçi çağırılmasını müzakirə edirdilər.

- Yaxşı, bu dəfə bizim səfir tərcümə edər, - deyə Heydər Əliyev qarşı tərəfin pərtliyinə son qoydu.  Sonra isə yüngülvari zarafat etdi: - Amma fikirləşirəm ki, elə Azərbaycan dilində danışsaq da buradakılar hamısı başa düşərdi.

Görüş bitəndən sonra qapı ağzında Xameneyi ilə vidalaşan Heydər Əliyev yenə də qarşı tərəfin Azərbaycan dilinə sayğısızlığı məsələsinin üzərinə qayıtdı.

-Ağayi Xameneyi, - dedi. - Burada çox məsələlərdən danışdıq. İndi bilmirəm, hansı yerinə yetəcək, hansı unudulacaq. Ancaq əminəm ki, bir məsələ həmişə sizin yadınızda qalacaq - xatırlayacaqsınız ki, Azərbaycan Respublikasının dövlət dili rus dili deyil, Azərbaycan dilidir.

Pərtliyini gizlədə bilməyən ali dini lider sadəcə iki dəfə “Əstəğfürullah!” - deməklə kifayətləndi.

 

*          *          *

 

Heydər Əliyev dünya miqyasına çıxan, dünya liderləri və beynəlxalq qurumların başçıları ilə Azərbaycanın problemləri ətrafında bərabər səviyyəli müzakirələr aparan, zərurət duyulduğu məqamlarda öz iradəsini diqtə etməyi bacaran (məşhur Lissabon sammitində olduğu kimi), mühüm əməkdaşlıq sənədləri imzalayan ilk milli lider idi.  Xarici səfərlər zamanı onun beynəlxalq cameədə necə hörmət və ehtirama layiq görüldüyünü dəfələrlə müşahidə etmişəm.

2000-ci ildə Nyu-Yorkda BMT-nin yaradılmasının 55 illiyi qeyd olunurdu. Yubiley sammitinə dünyanın 150-dən çox ölkəsinin dövlət və hökumət başçısı gəlmişdi. BMT-nin böyük zalı müxtəlif milli geyimlərin nümayiş etdirildiyi etnoqrafik sərgini xatırladırdı. Hər dəfə iclas zalına gedəndə yol boyu rastlaşdığımız nümayəndə heyətlərinin çoxu Heydər Əliyevi tanıyırdı. Bəziləri ayaq saxlayıb özlərini təqdim edir, ayaqüstü söhbət aparırdılar.

Bir dəfə bizim üçün ayrılan yerin yaxınlığında dayanıb iclasın başlanmasını gözləyirdik. Birdən hər tərəfdə canlanma yarandı. Uzun illər ABŞ imperializminə qarşı mübarizənin simvolu kimi tanınan Kuba dövlət başçısı Fidel Kastro zala daxil oldu. Hər tərəfdən ona əllər uzanırdı. Öz masasına yaxınlaşan Kastronun nəzərləri bizim Prezidentə sataşdı. “O, sinyor Aliev, Moskva, Sovyetiko” - deyə köhnə dost kimi onu qucaqladı. Təəssüf ki, yaxınlıqda tərcüməçi olmadığından söhbəti davam etdirmək mümkün olmadı. Amma dünyanın ən tanınmış liderlərindən birinin heyranlıqla dolu bu münasibəti tərcüməçisiz də çox şey deyirdi.

Keçmiş Sovet İttifaqı, habelə Qərbi və Şərqi Avropa liderlərinin hansıları ilə Heydər Əliyevi daha sıx tellər bağlayırdı? Bir neçə illik müşahidələrim əsasında bu suala cavab verə bilərəm. Təbii ki, ilk növbədə Türkiyə Cümhuriyyətinin doqquzuncu prezidenti Süleyman Dəmirəlin, Rusiya prezidenti Vladimir Putinin, Fransa, Gürcüstan və Ukraynanın keçmiş prezidentləri Jak Şirak, Eduard Şevardnadze və Leonid Kuçmanın adlarını çəkə bilərəm. Əlbəttə, bu siyahı tam sayıla bilməz. Çünki bir sıra digər ölkələrin dövlət və hökumət başçılarının da Heydər Əliyevə son dərəcə böyük ehtiramla yanaşdıqlarını, onun şəxsində dövrümüzün diqqətəlayiq siyasətçilərindən birini gördüklərini dəfələrlə müşahidə etmişəm. Onların sırasına ABŞ-nın keçmiş prezidentləri Bill Klintonu, ata və oğul Buşu,  keçmiş dövlət katibləri Madelin Olbrayt, Kolin Pauell və Kondoliza Raysı, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, İranın keçmiş prezidenti Məhəmməd Xatəmini, Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevskini, Səudiyyə Ərəbistanının mərhum kralı Fəhdi, Rusiya Federasiyasının keçmiş baş nazirləri Vladimir Çernomırdini və Yevgeni Primakovu, İtaliyanın keçmiş baş naziri Ronamo Pridini, İsrailin baş naziri Beniamin Netenyahunu, Türkiyənin mərhum baş naziri Bülənd Eceviti, Pakistanın mərhum baş naziri xanım Benazir Bhuttonu  və digərlərini daxil etmək mümkümdür.

Heydər Əliyevlə Dəmirəlin münasibətləri son dərəcə səmimi  idi, özlərinin də vurğuladıqları kimi dostluq və qardaşlıq səviyyəsinə yüksəlmişdi. Bəzən mənə elə gəlirdi ki, bu iki siyasət ustası bir-birlərini sözsüz də başa düşürlər. Onlar Türkiyə və Azərbaycanın maraqlarını qarşılıqlı şəkildə qorumaq baxımından çox gözəl bir tandem yaratmışdılar və Dəmirəlin hakimiyyətdə olduğu dövrdə qarşılıqlı münasibətlərdə hər hansı bir problem yaşanmamışdı.

Süleyman Dəmirəl xəstəliyi səbəbindən Heydər Əliyevin dəfn mərasiminə gələ bilməmişdi. Çoxillik dostu qarşısında son borcunu yalnız 2004-cü ilin fevralında yerinə yetirdi. Onun Bakıda müşaiyət olunması mənə tapşırılmışdı. Hava limanından birbaşa Fəxri xiyabana getdik. O, məşhur şlyapasını əlində tutaraq ümummilli liderin təzə məzarı qarşısında xeyli dayandı. Deyəsən dua edirdi. Sonra sanki öz-özü ilə danışırmış kimi dedi: “Rahmetlikle 1967-den irtibatımız vardı. Onu gerçekden de bir kardeş kibi seviyordum. Haydar Aliyevin vefati son senelerde kardeş Azerbaycanın verdiyi en büyük kayıpdır. Bu kayıpın yanqısını uzun yıllar hissedeceksiniz. Azerbaycanın başı sağ olsun. Türkiyenin başı saq olsun”. Bu sözləri söyləyərkən Türkiyənin doqquzuncu prezidentinin gözlərinin yaşarması heç kimin diqqətindən yayınmadı.

Vladimir Putin həm təhlükəsizlik orqanlarının veteranı, həm də keçmiş Sovet İttifaqının liderlərindən biri və müstəqil Azərbaycanın dövlət başçısı kimi Heydər Əliyevi yüksək qiymətləndirirdi. Superdövlətin başçısı olsa da, Heydər Əliyevə münasibətdə özünü “böyük qardaş” kimi yox, əgər belə demək mümkünsə, “oğul” kimi aparırdı. MDB sammitlərində və digər beynəlxalq tədbirlərdə bu ehtiramlı münasibəti daim nümayiş etdirirdi.

Azərbaycan Prezidenti də özünəməxsus uzaqgörənlik və siyasi fəhmlə “Putin fenomenini” birincilər sırasında qiymətləndirmişdi. Onların ilk görüşü 2000-ci ilin yanvarında Kiyevdə, Putin RF prezidentinin səlahiyyətlərini icra etməyə başlayandan təxminən bir ay sonra olmuşdu. Əvvəlcə yarım saatlıq protokol görüşü nəzərdə tutulurdu. Söhbətin yerli vaxtla axşam saat 23-də başlaması onun çox da uzun çəkməyəcəyini düşünməyə əsas verirdi. Lakin təkbətək söhbət təxminən iki saata yaxın davam etdi. İki ölkə arasındakı münasibətlərdə həmin dövrə qədər müəmmalı qalan məqamlara aydınlıq gətirildi.

Nəticədə 2001-ci ilin yanvarında Putin Azərbaycana gəldi. Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra bu, Rusiya Prezidentinin ölkəmizə ilk səfəri idi. Başqa bir diqqəti çəkən cəhət də vardı. Rusiyanın dövlət başçısı yeni minillikdə özünün ilk xarici səfər marşrutu kimi Azərbaycanı seçmişdi. İki ölkə arasındakı münasibətlərdə Yeltsin dövrünün ağır mirasının tezliklə aradan qaldırılması, iqtisadi əməkdaşlığın böyük vüsət alması hər şeydən öncə Heydər Əliyevin pozitiv mövqeyi ilə bağlı idi.

Heydər Əliyevə böyük simpatiya ilə yanaşan, bəzi məsələlərdə ondan bilgi almaq və öyrənmək istədiyini gizlətməyən dünya liderləri arasında Jak Şirakın adını çəkmək istərdim. Yelisey sarayında onların hər dəfə protokolun müəyyən etdiyi çərçivədən kənara çıxan iki söhbətinin şahidi olmuşam və bu söhbətlər zamanı Şirakın Azərbaycan liderinə böyük ehtiramını görmüşəm.

Fransanın keçmiş dövlət başçısı Dağlıq Qarabağ düyününün açılmasına töhfə vermək istəyirdi. Bu istəyində nə dərəcədə səmimi təsir bağışladığını deyə bilmərəm. Amma ATƏT-nın Minsk qrupunda təmsil olunan ölkənin prezidenti kimi Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirərkən müəyyən mənada həm də “qızıl ortanı” tapmağa cəhd göstərdiyi göz önündə idi. Heydər Əliyevin 1994-cü ildən başlayan Fransa siyasətindən əsas məqsəd isə ənənəvi şəkildə ermənipərəst kimi tanınan bu ölkəni müəyyən dərəcədə neytrallaşdırmaq, fransız siyasi elitasını Azərbaycan həqiqətlərindən də obyektivlik və ədalət meyarı ilə söz açmağa vadar etmək idi. Xristian həmrəyliyinin və güclü erməni lobbisinin yaratdığı bütün maneələrə baxmayaraq Heydər Əliyev dəf edilməz maneə kimi görünən  anlaşılmazlıq buzunu sındıra bildi.

2000-ci ilin aprelində Tiflisə rəsmi səfər zamanı Gürcüstan dövlət başçısının dilindən eşitdiyimiz bəzi etiraflar Heydər Əliyevin bir insan və şəxsiyyət kimi nə qədər yüksəkdə dayandığını bir daha sübuta yetirdi. Cənubi Qafqazın iki lideri arasındakı münasibətlərin heç də həmişə aydın və buludsuz olmadığı məlumdur. Qorbaçov Siyasi Büroda Heydər Əliyevə qarşı haqsızlıq və ədalətsizliyə yol verəndə başqaları kimi Şevardnadze də susmuşdu. Müəyyən mənada hətta bu davranış tərzini də başa düşmək mümkündür. Çünki hər hansı etiraz onun özünün də siyasi karyerasını təhlükə altında qoya bilərdi. Lakin məsələnin başqa tərəfi var: siyasi dəstək vermədən də insani münasibətləri, uzun illərin formalaşdırdığı əlaqələri qoruyub saxlamaq mümkün idi. Şevardnadze məhz bunu bacarmamışdı. Xarici İşlər Naziri kimi mühüm  post tutmasına baxmayaraq çox adi bir məsələdə yaxasını kənara çəkmişdi - Heydər Əliyevin oğlu, Azərbaycanın indiki Prezidenti İlham Əliyevin əsassız yerə müəllimi olduğu Beynəlxalq Münasibətlər İnstitutundan uzaqlaşdırılmasına da öz etirazını bildirməmişdi.

Bir neçə il sonra, ölkələrinin ağır vəziyyətində tale hər iki tanınmış siyasətçini yenidən vətənə qaytarmışdı. Kremldə qırılmış əlaqələr yenidən bərpa olunmuşdu. Təbii ki, Heydər Əliyev təbiətinə xas olan alicənablıq göstərərək köhnə incikliklərin üzərinə qayıtmamışdı. Çünki mənəvi qələbə onun tərəfində idi. Üstəlik də Gürcüstanın daim ölkəmizin siyasi və iqtisadi dəstəyinə ehtiyac duyduğu bir şəraitdə belə addım atmağı öz mənəvi prinsiplərinə sığışdırmırdı. Çox güman ki, Heydər Əliyevin nümayiş etdirdiyi bu böyük insaniyyət və siyasət nümunəsi Eduard Amvrosiyeviçə daim bir vicdan əzabı yaşadırdı. Görünür, bu vicdan ağrısı o qədər böyük idi Azərbaycan liderinin ünvanına dediyi çoxsaylı təriflər, minnətdarlıq sözləri, dostluq duyğularının izharı, habelə iki ölkənin əbədi qardaşlığı haqqındakı şüarlar da onu uzun müddət səngitməmişdi. 

Şevardnadze Heydər Əliyev qarşısında etirafa ehtiyac duyurdu. Bu etiraf 2000-ci ilin aprel ayında Tbilisidə, məşhur gürcü rəssamı və heykəltəraşı Zurab Seretelinin emalatxanasında səsləndi. Söhbətin beş şahidindən biri olduğum üçün onu açıqlamağı zəruri sayıram.

Səfərin sonuncu günü Azərbaycan və Gürcüstan prezidentləri Seretelinin qonağı idilər. Rəssamın emalatxanası ilə tanışlıqdan sonra üçlükdə nahar nəzərdə tutulmuşdu. Lakin son anda Şevardnadze formatı dəyişməklə bağlı təklif verdi - xarici işlər nazirlərinin də nahara qoşulmasını təklif etdi. “Onların bizə maneçiliyi yoxdur” - deyə Heydər Əliyev gülümsəyərək razılığını bildirdi.

Masa ətrafında çox səmimi bir atmosfer vardı. Zalın uzaq küncündə dörd gözəl gürcü qızı skripkada klassik Avropa musiqisi səsləndirirdi. Əvvəlcə Zurab Sereteli ev sahibi kimi yüksək qonaqların şərəfinə badə qaldırdı. Sonra Şevardnadze uzun bir dost dedi, Heydər Əliyevin xidmətlərindən, şəxsiyyətinin böyüklüyündən, keçmiş Sovet İttifaqı və öz vətəni qarşısındakı xidmətlərindən, Gürcüstana dost münasibətindən, dünya siyasətindəki yerindən danışdı. Şəxsi dostluqlarını ön plana çəkdi. Həm sovet dövründə, həm də indi bir çox məsələlərlə bağlı daim onunla məsləhətləşdiyini, ondan öyrəndiyini etiraf etdi. Heydər Əliyev qısa cavab sağlığı deməklə kifayətləndi.

Gözləmədiyimiz halda Şevardnadze gürcü ənənələrinə uyğun olaraq digər qonaqların - yəni hər iki xarici işlər nazirinin də sağlıq demələrini təklif etdi. Belə məqamda nə demək olardı ki? Təbii ki, ilk sözə başlayan gürcü həmkarım İrakli Meneqaraşvili iki qonşu xalqın və onun iki dost dövlət başçısının şərəfinə badə qaldırdı. Eyni sözləri təkrarlamamaq üçün mən Bibliya süjetinə üz tutub həm sovet, həm də müstəqillik dövründə ölkələrinə rəhbərlik edən Azərbaycan və Gürcüstan prezidentlərini öz xalqını Misir əsarətindən çıxarıb qırx illik əzab-əziyyət və məhrumiyyətlərdən sonra xoşbəxtliyə qovuşduran Musa peyğəmbər - Moiseylə müqayisə etdim və onlara da üzərinə götürdüyü şərəfli missiyalarını uğurla başa vurmalarını arzuladım.

 

Sözümü qurtarıb oturmaq istəyəndə Şevardnadze dedi:

-Bizim balaca Qafqaz üçün iki Moisey çoxdur. Əgər doğrusunu bilmək istəyirsinizsə, mən o zaman da, indi də dostum Heydər Əliyeviçi bu regionun ağsaqqalı, böyüyü saymışam.

Daha sonra üzünü İrakli ilə mənə tutaraq əlavə etdi:

- İstəyirəm bu sirri siz də biləsiniz. Mən 1972-ci ildəki siyasi yüksəlişim üçün ilk növbədə Heydər Əliyeviçə minnətdaram.

Söhbətin sonrakı gedişindən məlum oldu ki, Gürcüstanda proteksionizm və korrupsiya hallarının genişlənməsindən narazı qalan L.İ.Brejnev respublikada hakimiyyət dəyişikliyini zəruri saymış və birinci katib Mjavanadzeni istefaya göndərmək qərarına gəlmişdi. Bəs onu kiminlə əvəz etməli? Sovet lideri bu məsələ barədə Qafqaz regionuna dərindən bələd olan Heydər Əliyevlə məsləhətləşmişdi. Əliyev o zaman Gürcüstanın ictimai asayişi mühafizə naziri vəzifəsində çalışan və birgə fəaliyyətdən yaxşı tanıdığı Şevardnadzenin namizədliyini irəli sürmüşdü. Brejnevin yaxın çevrəsindəkilər ilk öncə bu təyinata müəyyən etimadsızlıqla yanaşdıqlarından Heydər Əliyev daha iki dəfə Brejnevlə görüşüb onu seçimin doğruluğuna inandıra bilmişdi. Gürcüstan KP MK-nın formal plenumundan əvvəl Kremlə çağırılan Eduard Şevardnadze yüksək etimad üçün təşəkkürünü bildirəndə, Brejnev gülümsəyərək “Təşəkkürü Heydər Əliyeviçə etməlisən” - deyib. Yalnız bundan sonra Şevardnadze həqiqi xeyirxahının kim olduğunu bilib.

Gürcü lideri bu maraqlı tarixçəni danışıb qurtardıqdan sonra bir daha Heydər Əliyevin şərəfinə badə qaldırdı. Heydər Əliyev isə sadəcə başını tərpədib gülümsəməklə və “Bəli, belə bir şey olub” - deməklə kifayətləndi.

Artıq neçə illərdir ki, Eduard Şevardnadze öz siyasi xatirələri üzərində işləyir. Maraqla gözləyirəm - Zurab Seretelinin emalatxanasında eşitdiyimiz bu epizod orada öz əksini tapacaqmı?

 

*          *          *

 

Heydər Əliyevi həyatda ilk dəfə 1970-ci ilin sentyabrında görmüşəm. O zaman mərhum Prezidentin də məzunu olduğu Azərbaycan Dövlət Universitetinin - indiki Bakı Universitetinin 50 illiyi qeyd olunurdu. Təntənəli iclasdan sonra tələbə və müəllimlər akt zalının qarşısındakı böyük foyedə respublikaya başçılıq etdiyi bir il ərzində əfsanəvi şəxsə çevrilmiş Heydər Əliyevin ətrafına toplaşmışdı. Bilmirəm necə oldusa mən, o zaman filologiya fakültəsinin birinci kurs tələbəsi olan arıq, qarayanız, qıvrımsaç oğlan bir anlığa respublika rəhbərinin lap yanında, onunla çiyin-çiyinə dayandım. Aradan otuz il keçəndən sonra isə artıq müstəqil Azərbaycan Respublikasına Prezidenti Heydər Əliyevin təyinatı və iradəsi ilə onunla çiyin-çiyinə dayanmaq, onun rəhbərliyi altında işləmək imkanı qazandım.

Düşünürəm ki, bu taleyin mənə ən böyük töhfəsi idi...

 

İki sahil

 

 

Vilayət Quliyev

 

İki sahil.- 2013.- 26 aprel.- S.22; 26-27.