Dilimiz milli
varlığımız, zəngin mənəvi sərvətimizdir
1 avqust
Azərbaycan əlifbası və Azərbaycan dili
günüdür!
Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən
olaraq istifadəsi və əsaslı tədqiqi,
ölkədə dilçilik elmi sahəsində vəziyyətin
yaxşılaşdırılması üçün
əlverişli zəmin yaradılmışdır. Dilçilik siyasətinin uğurla
davam etdirilməsi qloballaşma
dövründə Azərbaycan dilinin zənginləşdirilməsi
və tətbiqi imkanlarının genişləndirilməsi
istiqamətində aparılan işlərin yeni
səviyyəyə yüksəldilməsini təmin edir.
Ölkədə
dil siyasətinin birmənalı şəkildə
formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi
işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının
ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin
göstəricisi kimi beynəlxalq aləmdə rolu və
nüfuzunun yüksəlməsi ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır.
Milli varlığımızı təsdiqləyən başlıca amil kimi dərin köklərə malik Azərbaycan dilinin təkmilləşdirilməsini müasir türk xalqları ilə yaxınlaşmaq, onlar arasında mənəvi, mədəni iqtisadi bağlılıq kimi dəyərləndirən, “Dil siyasətində sərhəd məhdudiyyəti yoxdur” söyləyən ümummilli lider Heydər Əliyev Ana dilinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb. “Xalqları dil qədər, milli-mənəvi ənənələr, dəyərlər qədər birləşdirən başqa vasitə yoxdur” deməklə bu istiqamətdə önəmli islahatlar aparan ulu öndər tarixi əhəmiyyətli sənədlərin qəbulu ilə bu sahəyə diqqət və qayğısını artırdı.
Hər
bir xalqın elə milli-mənəvi dəyərləri
vardır ki, onun qorunması, zənginləşdirilməsi,
inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu
mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən
asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq
borcudur. Xalqın mədəniyyəti və dili də məhz bu qəbildən
olan milli sərvətimizdir.
Müstəqilliyimizin
qazanılmasından sonra yaranmış tarixi şərait
xalqımızın dünya xalqlarının ümumi yazı
sisteminə qoşulması üçün yeni perspektivlər
açdı və latın qrafikalı Azərbaycan əlifbasının
bərpasını zəruri etdi.
Tarixdən də bəllidir ki,
müxtəlif zamanlarda təzyiq və təsirlərə məruz
qalan Azərbaycan dilinin əlifba islahatları
dövrünün maarifçi ziyalılarını
düşündürmüş, bu istiqamətdə müəyyən
addımlar atılmışdır.
1922-ci ildə Azərbaycan hökumətinin
qərarı əsasında əlifba komitəsinin
yaradılması, yeni tərkibə Azərbaycan dili
üçün latın qrafikalı əlifba tərtibinin
tapşırılması bu istiqamətdə
atılmış ilk addım olsa da uzun sürmədi. 1 yanvar 1940-cı ildən latın
əlifbası kiril yazısı əsasında
tərtib edilmiş yeni
qrafikalı əlifba ilə əvəz olundu.
Kiril qrafikasının dilimizin
səs quruluşuna uyğun
gəlməməsi bir daha
ziyalıları əlifbanın təkmilləşdirilməsi
yolunda mütəmadi düşünməyə
vadar etdi.
1993-cü ildə hakimiyyətə
qayıdışı ilə bütün sahələrdə
köklü islahatlar aparan, dövlətin dil siyasətinə
millətin varlığını təsdiqləyən amil
kimi diqqətlə yanaşan ümummilli lider Heydər
Əliyev ziyalılarla görüşü zamanı məsələ
ilə əlaqədar geniş müzakirə apardı.
Ümumi razılaşmaya əsasən Azərbaycan dilinin
latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun
hesab olundu.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə dövlət dili kimi rəsmi status almış Azərbaycan dilinin geniş tətbiqi üçün şərait yaradan ulu öndər dilimizin istifadə imkanlarını genişləndirdi. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi sərəncamla Dil Komissiyası yaradıldı.
Ulu
öndərin imzaladığı “Azərbaycan
Respublikasında Dövlət dili haqqında” Qanununda qeyd
olunduğu kimi Azərbaycan dilinin dövlət dili olaraq
işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli- mədəni
özünüifadə ehtiyaclarının ödənilməsi
baxımından geniş zəmin yaratdı.
“Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında” fərmanın
qəbulu da əhəmiyyəti ilə diqqəti çəkdi.
Fərmanda qeyd olunduğu kimi latın
qrafikalı Azərbaycan əlifbasına keçidin
ölkəmizdə 2001-ci il avqust ayında bütünlükdə təmin
edildiyi və yeni əlifbadan
istifadənin özünü doğrultduğu nəzərə alınaraq hər
il 1 avqust tarixinin ölkədə Azərbaycan əlifbası
və Azərbaycan dili günü kimi qeyd olunması zəruri hesab
olundu.
Ümummilli
lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət
və qayğını eyni məsuliyyətlə davam etdirən
Prezident İlham Əliyev “ Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” sərəncam imzalamaqla bu
istiqamətdə nəzərdə tutulan və həlli vacib
prioritetləri müəyyənləşdirdi. Sərəncamda qeyd olunduğu kimi dövlət
müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə
dövlət qayğısının daha da artırılmasını təmin etmək,
Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini
müasir dövrdə təbliğini genişləndirmək
və gələcək nəsillərə çatdırmaq məqsədilə
Azərbaycan dilində əvvəllər kiril
qrafikasında çap olunmuş
əsərlərin latın qrafikası ilə yenidən nəşrinin
kütləvi şəkildə həyata keçirilməsi zəruridir.
Yenidən çapı nəzərdə tutulan
kitabların mətnlərinin elektron
daşıyıcıları və internet
vasitəsilə yayılması, latın qrafikasında “Azərbaycan
ədəbiyyatının virtual
kitabxanası” yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu
istiqamətdə görülən işlərin nəticəsidir
ki, “Elektron hökumət”,
“elektron dərslik”, “elektron
kitabxana” terminləri yarandı və bu sahədə önəmli uğurlar
əldə olundu. “Azərbaycan
Milli Ensklopediyasının nəşri
haqqında” sərəncamla isə müvafiq
təşkilatlara Azərbaycan tarixində bilik
və məlumatların bütün sahələrini
əhatə edən, mühüm ictimai- siyasi tarixi, elmi, mədəni
hadisələri obyektiv şəkildə əks
etdirən ilk fundamental
nəşr olan yeni
ensklopediyanın hazırlanıb latın qrafikasında nəşri
tapşırıldı.
Latın qrafikasına keçid türkdilli xalqları birləşdirən amil kimi Azərbaycan diasporunun formalaşması və təkmilləşdirilməsi prosesini də sürətləndirdi. Bu gün beynəlxalq əhəmiyyətli problemlərin müzakirəisində, xüsusilə “erməni soyqırımı” kimi qondarma, çirkin kampaniyaya qarşı mübarizədə əsas silah və vasitə olan ortaq mənafelərin üst-üstə düşməsi eyni dili və mədəniyyəti paylaşan Azərbaycan-Türkiyə dostluğunun ifadəsidirsə, digər tərəfdən illərin sınağından çıxmış tariximizin obyektiv olaraq gələcək nəslə çatdırılması baxımından daha çox əhəmiyyətlidir.
“Bizim
gücümüz birliyimizdədir” söyləyən Prezident
İlham Əliyevin vurğuladığı kimi, biz nə qədər
güclü olsaq həqiqətlərimiz bir o qədər
üstün olacaqdır: “Ona görə bir daha mən bu məsələyə
qayıtmaq istəyirəm ki, bizim birliyimiz ölkələrimizin
gələcəyi üçün başlıca şərtdir
və bizim gücümüz bundadır.” Bu birliyi
şərtləndirən isə vahid dil, əlifba, oxşar tarix və illərin sınağından
çıxan mədəniyyətlərin qorunub saxlanılması, təbliğatı, inkişaf etdirilməsidir.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyi inkişafına dair Dövlət Proqramı”nın qəbulunda da məqsəd Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilçilik araşdırmalarını əsaslı sürətdə yaxşılaşdırmaqla fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcı səylərin birləşdirilməsini, cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir. Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dil normalarına ciddi surətdə əməl edilməsi kimi digər məsələlər də günün tələbi olaraq qalmaqdadır.
Xuraman İsmayılqızı,
“İki
sahil”.-2013.-1 avqust.-S.2.