Yanacağın qiymət artımı:

Reallıqlar, iqtisadi əsaslar

 

Bu gün sürətli iqtisadi inkişaf templəri ilə irəliləyən, dünyada ən sabit və dayanıqlı iqtisadiyyata malik olan Azərbaycan müasir qlobal çağırışların astanasındadır. İqtisadiyyatın böyüməsi və inkişafın tələblərindən meydana çıxan qanunauyğunluqlar bir sıra sənaye sektorlarında, xüsusilə də, yanacaq emalı komlekslərinin fəaliyyətinin liberal, bazarın konyukturasına uyğun qurulmasını tələb edir. Liberal bazar iqtisadiyyatı prinsipləri çevik tənzimləmə mexanizmlərinə əsaslanır. Bu mənada çevik tənzimlənmənin əsas vasitəsi kimi tarif siyasətinin dəyişməsi qaçılmaz iqtisadi faktora çevrilib.

 

Ümumilikdə, tarif tənzimlənməsi iqtisadi cəhətdən əsaslandırılaraq, sosial məsələlər nəzərə alınmaqla kompleks şəkildə həyata keçirilir və istehlakçıların daha keyfiyyətli xidmətlərlə təmin olunmasına, iqtisadi, sənaye və digər təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinə yönəldilir. Bütün bu prinsiplər mal və xidmətlərin tarif və qiymətlərinin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması zəruridir. Əslində, qiymət artımı dünya iqtisadiyyatında baş verən liberal bazar dəyişikliklərindən yaranan iqtisadi ehtiyac kimi dəyərləndirilməlidir. Bunu Avropa və digər qitə ölkələrinin iqtisadiyyatındakı liberalizasiyadan görmək olar.

Avropa Birliyi regionunda - İtaliya, Portuqaliya, İspaniya, Almaniya kimi iqtisadi baxımdan Avropanın ən inkişaf etmiş dövlətlərində davamlı olaraq kommunalyanacaq-enerji sektorunda tariflərin artırılması baş verir. Məsələ ondasdır ki, bu ölkələr tarif siyasəti həyata keçirərkən sosial məsələləri arxa plana keçirir, təsərrüfat subyektlərinin mənafelərini əsas götürürlər. Məsələn, son 3 ildə həmin dövlətlərin büdcə paketində ixtisarlar, xüsusilə də, işçilərin sosial yaşayışına birbaşa təsir edən sosial ixtisarlar baş verib, bununla yanaşı, əksər sahələrdə, əsasən də, enerji-kommunal sektorlarda qiymətlərin artımı ilə bağlı bir neçə dəfə qərarlar qəbul edilib.

Amma Azərbaycanda daxili bazarda tarif dəyişikliyi həyata keçirilərkən əhalinin sosial vəziyyətinə mənfi təsir edə biləcək amillər əvvəlcədən elmi-iqtisadi əsaslarla ölçülüb-biçilir, bu dəyişikliklərin insanların sosial həyatına fəsadlarına qarşı qabaqlayıcı tədbirlər görülür. Yəni, dövlət bu addımları atarkən sosial-iqtisadi prosesləri təhlil edirək qarşıya çıxa biləcək promlemlərin həllinə yönəlmiş sosial tədbirlər görür. Bütün iqtisadi qurumların nümayəndələrinin iştirakı ilə koordinasiyalı şəkildə qabaqlayıcı paket hazırlanaraq tətbiq edilir.

Bu siyasət Azərbaycanda indiyədək kommunal xidmətlər və enerjidaşıyıcılarının qiymət artımı baş verən zaman həyata keçirilib, artımların daxili istehlak bazarına müdaxiləsinin qarşısının alınması üçün adekvat addımlar atılıb. 2007-ci ildə enerjidaşıyıcılarının qiymətləri artırılarkən əhatəli siyasi-iqtisadi tədbirlərin tətbiq olunması bunu təsdiq edir. Məlum olduğu kimi həmin vaxt hökumət enerji daşıyıcılarının qiymətlərinin artımı ilə bərabər, əhalinin əksər təbəqəsinin sosial təminatını yaxşılaşdıran qərarlar qəbul etdi, pensiya və müavinətlərə əlavələr olundu, aztəminatlı ailələrə güzəştlər edildi. Həmçinin, yerli istehsalçılara subsidiya və büdcədən əlavə vəsaitlər verildi. Yəni, bu siyasət davamlı xarakter daşıyır.

2007-ci ildən ötən dövr ərzində ölkə iqtisadiyyatında inkişaf meyilləri dərinləşib, xüsusilə də, sənaye müəəsisələrinin sayının və istehsal həcmlərinin artması baş verib, yeni 10 mindən çox sənaye-emal müəssisələri yaradılıb, nəticədə yanacaq məhsullarına tələbat 2 dəfə artıb. Bazar iqtisadiyyatının əsas qanunu tələb-təklif dialektikasına əsaslanır. Təklifin artması tələbatın strukturuna, tarif siyasətinə baxmağı zəruri edir. Bu mənada Azərbaycan iqtisadiyyatının qanunauyğunluqlarından biri kimi sənayenin yanacağa olan ikiqat tələbatının artması bu malların tariflərinin dəyişikliyini də meydana çıxarır. Dünya iqtisadiyyatında son 5-6 ildə daxili bazarlarda baş verən tendensiyalara diqqət yetirsək, yanacaq məhsullarına tələbin artması yox, hətta azalmasını görmək olar. Avropada davam edən qlobal böhran iri maşınqayırma, metallurgiya, digər nəhəng sənaye müəssisələrinin bəzilərinin bağlanmasına və bunun müqabilində yanacağın istehlakında azalmalara səbəb olub. 2007-ci ilin fevralından indiyədək dünyada enerji daşıyıcılarının qiymətləri 50-70 faiz civarında artıb. Azərbaycanda isə qiymətlər eyni səviyyədə olub.

Ümumiyyətlə, 2007-2013-cü illərdə dünya ölkələrinin iqtisadiyyatında baş verən dəyişiklikləri və Azərbaycan iqtisadiyyatında qeydə alınan meyilləri təhlil etdikdə, respublikamızda əhəmiyyətli dərəcədə müsbət dinamikanı görmək olar. Avropa ölkələrində istehlak xərcləri bir neçə dəfə artıb və sosial müdafiə tədbirləri 25-30 faiz dinamika ilə müşayiət olunub, nəticədə əhalinin gəlirlərinin dinamikası qiymət artımlarının nəticəsində azalmağa doğru gedib. Azərbaycanda isə 2007-ci ildən sonra iqtisadiyyatda yeni keyfiyyət dəyişikliləri müşahidə olunmağa başlayıb. Qlobal böhrana qarşı dözümlülük nümayış etdirən ölkə iqtisadiyyatında artım meyilləri müşahidə olunub, xüsusilə də, neftdən kənar sahələrdə daha çox dinamik inkişaf təmin edilib. Qeyri-neft sektorunda artım ikirəqəmli həddə çatmaqla milli gəlirlərin artmasında xüsusi rol oynayıb. Belə ki, 2007-ci ildə qeyri-neft ÜDM-i 6,7 faiz olsa da, sonrakı illər bu rəqəm 8-9 faizə çatıb, 2011-ci ildən sonra isə neftdənkənar iqtisadiyyatda ikirəqəmli inkişaf müşahidə olunub, 2012-ci ildə bu rəqəm 11 faiz təşkil edib. Bu siyasətə uyğun olaraq ölkədə son 4 ildə ÜDM-nin artımı qeyri-neft sektoru hesabına təmin edilib, iqtisadiyyatda rəqabətədavamlılık yüksəlib.

Həmin illər ərzində sosial siyasətlə bağlı həyata keçirilən proqramların mühüm əhəmiyyətini qeyd etmək olar. 2007-2013-cü illər ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına imkan yaradıb. Son 7 ildə iqtisadi artım və sosial dinamika ümumilikdə, orta aylıq əmək haqqının artımının müqabilində insanların sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. İnflyasiyaiqtisadi artım, əhalinin real gəlirləri, milli valyutanın dəyərinin qorunması, iqtisadiyyatda aktivlik əmsalının yüksəldilməsi və digər amillər orta aylıq əməkhaqqının dinamikasına öz mühüm təsirini göstərib. 2000-2012-ci illər üzrə əhalinin orta aylıq əməkhaqının artım dinamikası inflyasiya həddini bir neçə dəfə üstələyib, eyni zamanda, manatın məzənnəsi dollara nisəbətən bir neçə bənd möhkəmlənib.

2007-2013-cü illərdə adambaşına düşən ümumi daxili məhsul 5500 dollardan 7500 dollara kimi yüksəlib ki, bu da regionda ən yaxşı göstərilərdən biri sayıla bılər. Orta illik inflyasiya birəqəmli həddə qorunub saxlanılıb, ölkənin strateji valyuta ehtiyatları 30 milyard dollardan 52 milyard dollara çatıb. Dövlət büdcəsinin gəlirləri 40 %-dən çox artıb. Bu illər ərzində əhalinin real pul gəlirləri 100 faizdən çox artıb, əməkhaqqı və pensiyaların məbləği 2 dəfə yüksəlib. 2007-ci ildə orta aylıq əməkhaqqı 215 manat təşkil edirdisə, hazırda bu rəqəm təxminən 420 manatdır.

Hazırda ölkədə əmək pensiyalarının orta aylıq məbləği 151,3 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manata çatıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir. Orta aylıq əməkhaqqı göstəricisi 550 dolları ötüb. Azərbaycan orta aylıq əməkhaqqının məbləğinə görə MDB məkanında Rusiya və Qazaxıstandan sonra 3-cü yeri tutur.

Göründüyü kimi son 7 ildə ölkəmizdə iqtisadi artım, aktivlik, güclü sosial müdafiə potensialı, maliyyə sabitliyi və artım dinamikası, rəqabətqabiliyyətlilik, sabit daxili bazar, sənayeləşmə də digər indikatorlar iqtisadiyyatın dayanıqlılığını, dözümlülüyününikbin gələcəyinə dərin zəmin yaradır. Eyni zamanda, iqtisadiyyatın modernləşməsi, yeni iqtisadi reallıqlar, liberal bazar institutlarının çevik tənzimlənmə mexanizmləri bir sıra sahələrdə mal və xidmətlərin tarif siyasətinin dəyişməsini də zəruri edir. Azərbaycanda iri sənaye və yüksək texnologiyalar parklarının fəaliyyətə başlaması, texnoparkların regionlarda yaradılması, nəhəng energetika şəbəkələrinin işə düşməsi yanacaq məhsullarıa istehlakın xeyli artmasına gətirib çıxarıb və nəticədə bazarın tələbindən doğan zərurət - qiymət artımı labüdlüyü yaranıb. Indiki qiymət artımı 27 faiz təşkil etməklə yenə də dünya bazarındakı qiymət artımından aşağı səviyyədə qalır.

Azərbaycanda yanacaq məhsullarının, konkret olaraq benzinindizel yanacağının qiyməti son tariflərdən sonra MDB ölkələri ilə müqayisədə yenə aşağıdır. Bunun müqabilində orata aylıq əməkhaqqı və orta aylıq pensiya məbləği Avropa və MDB ölkələrinin əksəriyyətində Azərbaycandan aşağıdır. Avropa İttifaqının əksər ölkələrində qiymət 2,4 dollar təşkil edir. Belə ki, Almaniya, İtaliya, Portuqaliya, Belçika, Danimarka, İspaniya, İsveçrə və digər Avropa ölkələrində benzin 2,2-2,4 dolar arasında dəyişir. Fransada benzin 2 dollar, Böyük Britaniyada 2,1 dollar təşkil edir. Türkiyədə 2,4 dollara bərabərdir. Norveç kimi dünyanın ən zəngin neft-qaz ölkəsində benzinin 1 litrinin qiyməti 2 dollar 80 sentdir. Azərbaycandan 3 dəfə bahadır. Benzinin 1 litrinin qiyməti Moldovada 1,33 dollar, Ukraynada 1,4 dollar, Gürcüstanda Ermənistanda 1,4 dollar, Taçikistanda 1,30 dollara bərabərdir. Rusiyada 1,12 dollar, Belarusad 1 dollar, Qırğızıstanda 1,10 dollar, Qazaxıstanda 0,70 dollar təşkil edir.

Hökumətin iqtisadi blokun hazırladığı makroiqtisadi ssenariyə görə, hazırkı qiymət artımının istehlak bazarına təsiri 3,8% səviyyəsində proqnozlaşdırılır. Bu isə ərzaq, yaxud qeyri-ərzaq məhsullarının, istehlak mallarının qiymətinin artması üçün ciddi əsas yaratmır, həmin məhsulların qiymətlərinin sabit qalması labüddür. Amma onu da nəzərə almaq gərəkdir ki, Azərbaycan dünya iqtisadiyyatının tərkib hissəsidir xarici ölkələrdəki qiymət artımının baş verməsi idxalçı şirkətlərin gətirdiyi məhsullara təsir edə bilər. Xaricdən idxal olunan bəzi növ məhsulların (spirtli içkilər, tütün məmulatlarının, məişət s) qiymətlərində 3-5 faiz artımın baş verəcəyini istisna etmək olmaz bunu da benzinin qiymət artımı ilə heç bir şəkildə əlaqələndirmək düzgün deyil.

Qiymət artımının daxili istehsal faktoruna təsiri üçün ciddi bir iqtisadi əsasın olmadığına bazar subyektlərinin rentabellilik mövcud maliyyə potensialı şərtləndirir. İlk növbədə. ərzaq mallarının, yerli kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlətin büdcə müxtəlif maliyyə fondları vasitəsilə yardım etməsi, vergi güzəştləri digər tədbirlər bu malların qiymətinin qaldırılmasının qarşısını alır. Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının maya dəyərində dizel yanacağının çəkisi 3,5% təşkil edir ki, bunun da 1,2%-i subsidiya hesabına ödənilir. Tarif dəyişikliyindən sonra kənd təsərrüfatı məhsullarının qiymətində dizel yanacağının xüsusi çəkisi 4,7%-ə çatacaq, amma büdcəsdən ayrılan subsidiyanın çəkisi 1,8% -ə çatdırılacaq. Yəni, aradakı 1,2 %-lik əmsalın yarısını - 0,6%-ni dövlət ödəyəcək. Qalan 0,6 %-in isə kənd təsərrüfatı məhsulunun maya dəyərində payı 1 qəpikdən az təşkil edəcək.

Qiymət artımının əhalinin sosial vəziyyətinə təsirinə gəlincə, bu istiqamətdə qabaqlayıcı tədbirlər kimi dövlətin əhalinin aztəminatlı təbəqəsinə sosial güzəştləri davam etdirməsi, digər sosial qruplara müxtəlif dəstək xarakterli yardımların göstərilməsi, daxili bazarda istehlak mallarının qiymətlərinə nəzarətin gücləndirilməsi, sünü qiymət artımına qarşı mübarizənin artırılması digər tədbirləri həyata keçirəcəyini qeyd etmək olar. Bununla yanaşı, ərzaq bazarında qiymət artımına səbəb ola biləcək halların qarşısının alınması qabaqlayıcı tədbirlər sırasında olacaq. Bir sözlə, ölkəmizdə sosial müdafiə tədbirlərinin davamlılığını nəzərə alsaq, bütövlükdə, yeni tariflərin əhalinin sosial vəziyyətinə ciddi təsiri gözlənilmir. Onu da nəzərə alsaq ki, dövlət hər il əsas sosial təbəqəyə daxil olan insanların ehtiyaclarını ödəmək, pensiya maşşlarının, müavinətlərinin artımını təmin etməklə bağlı sistemli tədbirlər həyata keçirir qiymət artımı faktoru həmin insanların sosial durumuna mənfi təsirlər göstərməyəcək.

 

Aydın Hüseynov,

YAP Siyasi Şurasının üzvü, iqtisadçı

 

İki sahil.- 2013.- 6 dekabr.- S.14.