Neft-qaz ehtiyatları ölkəmizə böyük
gəlirlər əldə etməyə imkan verir
Xəzər
dənizində beynəlxalq əməkdaşlığın
bünövrəsini qoyan “Əsrin müqaviləsi” Azərbaycanın
Avroatlantik məkana inteqrasiyası prosesini sürətləndirdi
Əsrlər
boyu zəngin təbii sərvətlərə malik olması ilə
bağlı dünyanın müxtəlif iqtisadi maraq dairələrində
olan Azərbaycan məhz Heydər Əliyevin müəyyən
etdiyi praqmatik konsepsiya əsasında təbii sərvətlərə
sahiblik hüququnu təsdiqləmiş oldu. Ulu öndərin
irəli sürdüyü mükəmməl strategiya ölkənin
iqtisadi inkişaf potensialının hərəkətə gətirilməsində
və mövcud təbii sərvətlərin hər bir vətəndaşın
mənafeyinə uyğun istifadə edilməsində ciddi əsasa
çevrildi.
Azərbaycan da dövlət müstəqilliyinə
nail olduqdan sonra təbii sərvətlərinə sahib
çıxmaq, Xəzərin özünə aid sektorunda
siyasi-iqtisadi mənafeyini təmin etmək kimi əsaslı
problemlərlə üzləşmişdi. O zamanlar
yürüdülən uğursuz siyasət nəticəsində
ölkə daxilində ictmai-siyasi sabitliyin pozulması, xaos və
anarxiya mühitinin formalaşması, iqtisadi tənəzzül
prosesinin dərinləşməsi Qərbin nüfuzlu neft
şirkətlərini Azərbaycanla əməkdaşlıqdan
çəkindirirdi.
Həmin dövrdə ölkəmizin çox
ciddi iqtisadi çətinlikləri var idi və bu problemlər
məngənəsində sıxılan Azərbaycanın
güclü və qüdrətli dövlətə
çevrilməsini ilk növbədə ölkənin malik
olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli
istifadə olmasında görən və Azərbaycanın məhdud
maliyyə imkanları ilə zəngin neft-qaz
yataqlarının mənimsənilməsinin, bu əvəzsiz sərvətin
dünya bazarlarına çıxarılmasının
qeyri-mümkünlüyünü düzgün qiymətləndirən
ulu öndər Heydər Əliyev bu məsələdə
çıxış yolunu beynəlxalq şirkətlərlə
milli maraqlara söykənən əməkdaşlığın
qurulmasında görürdü. 1993-cü ilin iyunundan etibarən
ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində
ölkə daxilində ictimai-siyasi sabitliyin bərqərar
olunması, əhalinin dövlətçiliyin qorunmasına səfərbər
edilməsi, aparıcı dövlətlərlə və beynəlxalq
təşkilatlarla əməkdaşlığa edilən cəhdlər
və xarici sərmayələrin qorunmasına dövlət təminatının
verilməsi xarici investorların respublikamıza münasibətinin
dəyişməsinə gətirib çıxardı.
Ulu öndər Heydər Əliyev o
dövrün böhranlı sosial-iqtisadi şəraitində
müdriklik nümayiş etdirərək müstəqil Azərbaycanın
yeni neft strategiyasını irəli sürdü, buna
qarşı yönəlmiş bütün maneələri mətinliklə
dəf etdi. Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin o zamanlar beynəlxalq əlaqələr
üzrə vitse-prezidenti İlham Əliyev isə
aparıcı Qərb şirkətləri ilə aparılan
danışıqların uğurlu məntiqi sonluqla yekunlaşmasına
nail oldu. Nəticə etibarı ilə 1994-cü ilin 20
sentyabrında Bakıda dünyanın 11 transmilli şirkətləri
ilə çağdaş tariximizə “Əsrin müqaviləsi”
adı ilə düşmüş qlobal neft müqaviləsinin
təntənəli imzalanma mərasimi keçirildi. Bununla Azərbaycan
MDB məkanında Qərbin nəhəng neft şirkətləri
ilə iri miqyaslı saziş imzalayan ilk dövlət oldmaqla,
Xəzər dənizində beynəlxalq əməkdaşlığın
bünövrəsini və region ölkələrinin dünya
iqtisadiyyatına inteqrasiyasının
başlanğıcını qoymuş oldu. Bu müqavilənin reallaşması və
yeni neft
strategiyasının uğurları Azərbaycanın Avroatlantik məkana inteqrasiyası prosesini sürətləndirdi və
respublikamıza sərmayə qoyulması sahəsində dönüş yaranmasına səbəb oldu.
“Əsrin
müqaviləsi”nin imzalanmasından sonra
reallaşdırılan, unikallığı ilə seçilən
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilən
gündən indiyədək bu kəmərə
230,0 milyon tona
yaxın neft vurulmuş,
Ceyhan limanından təxminən 225 milyon ton civarında Azərbaycan
nefti dünya bazarlarına yola
salınmışdır. BTC Xəzər hövzəsinin digər
ölkələrində də hasil olunan neftin nəqlində
də mühüm rol
oynamış və indiyədək bu kəmər
vasitəsilə 8,6 milyon ton
Türkmənistan nefti nəql olunmuşdur. Qazaxıstan və Rusiya şirkətlərinin də bu məsələyə marağı
artmaqdadır və 2014-cü ildə 4,0 milyon
ton Qazaxıstan neftinin
Azərbaycan ərazisindən ixrac edilməsi
barədə verilmiş qərar belə
münasibəti təsdiqləmiş oldu.
Ümumiyyətlə,
yola salmaqda olduğumuz il ərzində
inkişafdan kənarda qalan
heç bir sahə yoxdur. İqtisadçı alimlərin şərhlərində
belə bir fikir önə
çəkilir ki, hərtərəfli
inkişafın təməlində dayanan əsas
faktor ölkənin neft-qaz
sektorunun səmərəli fəaliyyətidir. Azərbaycanda böyük
neft-qaz ehtiyatları vardır, bu ehtiyatların dünya
bazarlarına nəqli ölkəmizə böyük
gəlirlər əldə etməyə və bu
vəsaitləri iqtisadiyyatın digər sahələrinin
inkişafına yönəltməyə imkan
verir.
“Doqquz
ayda biz digər sahələrdə
də uğurlu siyasətimizi
aparmışıq. Enerji siyasətində
çox önəmli hadisələr baş vermişdir. Bu il Trans-Adriatik
qaz kəməri layihəsinə start verilmişdir. Bu layihənin icrası tarixi
məsələ olacaqdır. Bu, tarixi layihə olacaqdır. Keçən il Türkiyə ilə Azərbaycan arasında
TANAP layihəsinin imzalanması artıq bax
bu imkanları yaratdı və bütün qapılar
açılmışdır. Bu gün Azərbaycanın təbii
resurslarının Avropa və dünya bazarlarına
çıxarılması üçün
yeni imkanlar yaranır.
Trans-Adriatik boru kəməri - TAP hesab edirəm ki, tarixi layihə olacaqdır və Azərbaycana imkan verəcəkdir ki,
onilliklər bundan sonra
da öz təbii
resurslarını əmniyyətli yollarla dünya və Avropa
bazarlarına çıxarsın.” deyən dövlət
başçısı İlham Əliyev
Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin enerji sektorunda
qazandığı uğurlardan geniş bəhs edərək, bu
fikri xüsusi qeyd etdi ki,
bu yaxınlarda “Şahdəniz-2” layihəsinin
fəaliyyəti ilə bağlı qaz
kontraktları da imzalanmışdır.
Ölkə
Prezidenti İlham
Əliyevin qeyd etdiyi kimi, “Əsrin müqaviləsi”
imzalanmasaydı, BTC və BTƏ neft-qaz
layihələrindən, eyni zamanda “Cənub qaz dəhlizi”ndən
danışmaq belə mümkün deyildi. Ölkəmiz tərəfindən irəli
sürülən layihələr böyük
beynəlxalq dəstəyə malikdir. Müşavirədə
ölkə Prezidenti diqqəti TANAP layihəsinə,
eyni zamanda TransAdriatik qaz kəməri
(TAP) layihəsinə yönəldərək bildirmişdir
ki, TANAP layihəsi artıq beynəlxalq aləm
tərəfindən dəstəklənir və beynəlxalq
layihəyə çevrilib. “Cənub
qaz dəhlizi”nin icrası nəticəsində
ölkəmiz bundan sonra
ən azı 100 il ərzində çox önəmli və əvəzolunmaz qaz ixrac edən ölkəyə
çevriləcək. “Bizim tərəfdaşlarımız,
ixrac istiqamətlərimiz artıq müəyyən
edilib. Enerji siyasətində
də biz öz yolumuzdan dönməmişik, öz
siyasətimizi aparmışıq. Elə bir vəziyyət yaratmışıq ki, bu layihələr Azərbaycan
xalqına bundan sonra ən
azı 100 il xidmət edəcəkdir.” İlkin hesablamalara görə,
“Şahdəniz-2” və bu layihə ilə
bağlı olan digər layihələr
Azərbaycana təxminən 40 milyard dollar yeni investisiyaların
qoyulmasına gətirib çıxaracaq. Təbii ki, bu investisiyalar
neft-qaz sektoruna, xidmət
sektoruna öz müsbət
təsirini göstərəcək. Transanadolu Boru
kəməri (TANAP) 2012-ci ilin iyun ayında seçilmişdir.
2017-ci ildə Azərbaycanın “Şahdəniz-2”
yatağından nəql olunacaq təbii
qazın 6 milyard kubmetri
Türkiyənin, 10 milyard kubmetri
isə Avropa dövlətlərinin tələbatının
ödənilməsi üçün nəzərdə
tutulur.
Ölkənin neft sənayesinin inkişafından,
uğurlarından bəhs edən ölkə Prezidenti
neft hasilatının sabitləşdiyini, qaz hasilatının davamlı olaraq
artacağını bildirir. Həmçinin
cənab İlham Əliyev daxili
imkanlar və xarici tərəfdaşların
investisiyaları nəticəsində yeni
quyuların qazıldığını diqqətə
çatdırdı. “Azərbaycan qazı artıq Avropada öz rolunu oynayacaqdır. Avropanın enerji təhlükəsizliyi məsələləri,
o cümlədən Azərbaycan qazı
hesabına təmin ediləcəkdir. TANAP və TAP layihələrinin
icrası nəticəsində Azərbaycan dünyada
böyük qaz
ölkəsi kimi özünü
göstərəcəkdir.”
Azərbaycanın ildən-ilə
əhəmiyyətli dərəcədə artan
maliyyə imkanları onun həm də sərmayədar
ölkəyə çevrilməsini, digər dövlətlərin
iqtisadiyyatına kapital yatırmasını
şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova,
İsveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri
respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında
həlledici rol oynaması ilə bərabər,
sərmayədar dövlət kimi dünya bazarında rəqabət
imkanlarını artırır.
Göründüyü kimi, bu
gün Azərbaycanın xarici
siyasətində böyük önəm
verilən hərtərəfli beynəlxalq əməkdaşlığın
genişləndirilməsi məsələsi nəinki gündəlikdən
düşmür, əksinə, daha yeni çalarlar
alır, yeni variantlarla
zənginləşir. Bu isə
ölkəmizin beynəlxalq aləmdə nüfuz
və qüdrətinin artmasına, dünya
iqtisadiyyatına güclü
inteqrasiyasına, hər bir azərbaycanlının
ölkədəki mövcud siyasi kursa inam
və rəğbətinin, eləcə də həyata
keçirilən məqsədyönlü iqtisadi
siyasətin nəticəsi olaraq onun həyatında əhəmiyyətli dəyişikliklərin
baş verəcəyinə əminliyinin
artmasına və ən əsası müstəqil Azərbaycanın
qüdrətlənməsinə növbəti zəmin
yaradır. Bütün bunlar
onu deməyə əsas verir
ki, zəngin təbii ehtiyatlara
malik olan, əlverişli
coğrafi-siyasi məkanda yerləşən
Azərbaycanın beynəlxalq aləmdə əməkdaşlığa
töhfələri davamlıdır. Dövlət
başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, bu gün
enerji məsələlərini siyasi məsələlərdən ayırmaq mümkün deyil.
Orxan Vahidoğlu
İki sahil.- 2013.-13 dekabr.- S.19.