Vətəndaş
amili: Dövlət siyasətinin əsası
İqtisadi
sahədə islahatların güclü sosial siyasətlə
tamamlanması bunun təsdiqidir
“İqtisadi inkişaf templərinə görə
son 10 il ərzində Azərbaycan qədər inkişaf edən
ikinci ölkə olmamışdır. Əminəm ki, son on il
ərzində əldə edilmiş nailiyyətlərimiz beynəlxalq
ekspertlər tərəfindən ciddi şəkildə təhlil
ediləcəkdir.”
Dövlət başçısı İlham
Əliyevin andiçmə mərasimində son on ilin
statistikası fonunda əminliklə söylədiyi bu fikirlər
gələcək barədə aydın təsəvvür
yaradır. İqtisadi artımın qeyri-neft sektorunun
hesabına olmasını qarşıya mühüm vəzifə
kimi qoyan cənab İlham Əliyev 2003-cü ildə xalqın
böyük əksəriyyətinin dəstəyini qazanaraq
Prezident kimi fəaliyyətə başladığı
gündən iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində biri-birindən əhəmiyyətli
addımlar atır. Regional inkişaf proqramlarının
uğurlu icrası ölkənin hərtərəfli
inkişafında stimulverici amil kimi önə çəkilir.
Bu il artıq ikinci Dövlət Proqramının uğurla
başa çatması yeni proqramın qəbulunu zərurətə
çevirir. Daim qeyd olunduğu kimi, uğurlar yeni-yeni hədəflərin
müəyyənləşdirilməsi üçün əsasdır.
Qarşıdakı illər üçün başlıca hədəf
Azərbaycanı inkişaf etmiş ölkələr
sırasında görmək, yüksək gəlirli dövlətə
çevirməkdir. Son on ilin müqayisəli təhlilini
aparsaq bu reallıq özünü qabarıq şəkildə
büruzə verəcək ki, ayrı-ayrı illər
üçün nəzərdə tutulan vəzifələr
konkret Dövlət Proqramlarının qəbulu və
uğurlu icrası nəticəsində yüksək səviyyədə
həyata keçirilib. Son on ildə iqtisadiyyatın 3,4 dəfə
artması təbii ki, böyük uğurdur. 2013-2023-cü illər
üçün nəzərdə tutulan “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında əsas hədəflərdən
biri məhz bu dövrdə ümumi daxili məhsulun daha iki dəfə
artırılmasına nail olmaqdır.
Uğurlu siyasəti təsdiq edən amillərdən
biri də iqtisadiyyata qoyulan investisiyaların həcmində
olan artımdır. Bu, həyata keçirilən siyasətin gələcəyinə
inamın göstəricisidir. Son on ildə ölkə
iqtisadiyyatına 150 milyard dollar investisiya qoyulub ki, bunun da
yarısı xarici sərmayədir. Təkcə cari ilin 9
ayında ölkə iqtisadiyyatına 17,7
milyard dollar investisiya qoyulub. İnvestisiyaların
cəlb edilməsi ölkədə uzun illər hökm
sürən sabitliyin nəticəsidir. Artıq
bu gün investisiyalar da çoxşaxəlidir. Dövlət başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, əgər əvvəlki illərdə
daha çox neft-qaz sektoruna sərmayə qoyulurdusa, indi turizm,
xidmət, yüksək texnologiyalar, sənaye parklarının
yaradılması məsələlərinə daha
böyük diqqət göstərilir. Dünyanı
bürüyən maliyyə və iqtisadi böhrandan Azərbaycanın
uğurla çıxmasında da iqtisadiyyatın düzgün
əsaslar üzərində qurulması əhəmiyyətli
rol oynadı. Bu fikir beynəlxalq səviyyəli
tədbirlərdə də xüsusi vurğulanır ki,
hazırkı dövrün əsas
çağırışı olan yoxsulluqla mübarizə
sahəsində Azərbaycanın atdığı addımlar
və uğurlu nəticələr digər ölkələrə
nümunədir. İqtisadi və maliyyə
böhranı bir daha bu reallığı ortaya qoydu ki, yoxsul
ölkə yox, yaxşı idarə olunmayan ölkələr
var. Azərbaycan yaxşı idarə olunan ölkələr
sırasında qeyd olunmaqla yanaşı, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası davamlı
inkişafın təmin edilməsində yol xəritəsi
kimi dəyərləndirilərək, ölkəmizin gələcək
inkişafı ilə bağlı ürəkaçan
proqnozlar söylənilir.
İqtisadiyyatın aynası olan büdcə
son on ildə 20 dəfədən çox artıb. 2014-cü ilin büdcəsi ölkəmizin əldə
etdiyi uğurların və təcrübənin bir daha təsdiqidir.
Belə ki, gələn ilin dövlət büdcəsinin gəlirləri
18 milyard 384 milyon manat, xərcləri isə 20 milyard 63 milyon
manat həcmindədir. Bu faktı qeyd edək ki,
ölkədə həyata keçirilən iqtisadi
islahatların nəticəsi olaraq Azərbaycanın dövlət
büdcəsinin gəlirlərinin illik artım sürəti
ötən on ildə dünya ölkələri arasında ən
yüksək göstəricilərdən birini təşkil
edir. Azərbaycan dövlət büdcəsi
ilə də Cənubi Qafqaz regionunda ən güclü
iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Dövlət başçısı İlham
Əliyev bildirir ki, bütün uğurlarımızı ancaq
neft amilinə bağlamaq səhv olardı. Dünyada bizdən qat-qat çox neft-qaz hasil və
ixrac edən bəzi ölkələrin maliyyə durumuna baxsaq
görərik ki, neft-qaz hələ ölkənin uğurlu
inkişafını təmin etmir. İqtisadiyyatın
düzgün əsaslar üzərində qurulması
uğurların davamlılığında həlledici rol
oynayır. Belə ki, iqtisadiyyatın
şaxələndirilməsinə xidmət edən
addımların nəticəsidir ki, bu gün ÜDM-də
özəl bölmənin payı 85 faiz təşkil edir.
“Biz haqlı olaraq neft strategiyamızla fəxr
edirik. Çünki Azərbaycanın
uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin
artması və dünya proseslərində fəal
iştirakı ölkəmizin iqtisadi imkanları ilə
bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft
strategiyamız yaratmışdır. O da həqiqətdir
ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli
olaraq səmərəli şəkildə istifadə etdik-neft
kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik.
Beləliklə, infrastruktur layihələrinin icrası və
digər iqtisadi islahatlar əslində imkan verdi
ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi
ilə danışa bilək” söyləyən dövlət
başçısı İlham Əliyev bildirir ki, iqtisadi
inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi
həm gözlə görmək mümkündür və həm
də statistik rəqəmlərdə öz əksini
tapır. Bu ilin ötən dövründə iqtisadi artım
5,4 faiz təşkil edib. Qeyri-neft sektorunda
artım 10,4 faizdir. Dövlət
başçısı bu göstəricinin fonunda bildirir ki, məqsədimiz
iqtisadiyyatı çoxşaxəli şəkildə
inkişaf etdirməkdir. Valyuta
ehtiyatları 50 milyard dollar səviyyəsinə
çatmışdır. Valyuta
ehtiyatlarının idarə edilməsi yönümündə
yeni istiqamətlərin
araşdırıldığını qeyd edən dövlət
başçısı İlham Əliyev bu gerçəkliyi
də diqqətə çatdırır ki, əgər valyuta
ehtiyatlarını adambaşına hesablasaq Azərbaycan
dünya miqyasında ən qabaqcıl yerlərdən birindədir.
İqtisadi sahədəki islahatlar
güclü sosial siyasətlə tamamlanır. Regional inkişaf proqramlarının icrasına
başlananda, yəni 2004-cü ildə ölkəmizdə orta
əmək haqqı 100 dollar səviyyəsində idi. Bu gün isə həmin rəqəm 550 dollar səviyyəsindədir.
Orta pensiya 2004-cü ildə 20 dollar, hazırda
isə 200 dollardan çoxdur. Dövlət
başçısı bildirir: “Əlbəttə, bu rəqəmlər
də bizi qane etmir və mən hesab edirəm ki, orta
pensiyanın, orta əmək haqqının səviyyəsi
artmalıdır və artacaqdır.” Bir rəqəmi
də qeyd edək ki, hazırda ölkəmizdə pensiyalar əmək
haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın
inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir.
Cari ilin ötən dövründə əhalinin pul gəlirləri
7,6 faiz artıb. Əhalinin sosial müdafiəsinin
gücləndirilməsinə xidmət edən addımlardan
biri kimi ötən il vətəndaşlara
sovet dövründən qalmış əmanətlərə
görə kompensasiyaların verilməsini qeyd etməliyik. Dövlət tərəfindən vətəndaşlara
100 milyonlarla manat kompensasiya şəklində verilib.
“Bir neçə il bundan əvvəl qarşıya
qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan
qaldırılsın” bildirən dövlət
başçısı İlham Əliyev son illərdə
yoxsulluq şəraitində yaşayan insanların
sayının beş dəfə
azalmasını bu məqsədə çatmaq istiqamətində
atılan addımların uğurlu nəticəsi kimi qeyd edir.
Son 10 ildə yoxsulluq səviyyəsi 49 faizdən
6 faizə enib. İlin sonuna qədər bu
rəqəmin 4 faiz olacağı
proqnozlaşdırılır. Bu da
dünyanın ən çox inkişaf etmiş ölkələrinin
göstəriciləri səviyyəsindədir. Qeyd edək ki, 2008-2015-ci illəri əhatə edən
“Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı” özündə
doqquz əsas strateji məqsədi əks etdirir. Bura
makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı
inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin
edilməsi, əhalinin gəlir əldə etmək
imkanlarının genişləndirilməsi, yoxsul əhalinin
sayının əhəmiyyətli dərəcədə
azalmasına nail olunması, səmərəli sosial müdafiə
sistemini inkişaf etirməklə aztəminatlı ailələrin
və sosial cəhətdən həssas qrupların sosial
riskinin azaldılması, qaçqınların və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması tədbirlərinin
sistemli şəkildə davam etdirilməsi, təhsil və səhiyyə
sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi,
sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər
siçteminin təkmilləşdirilməsi daxildir. Dövlət Proqramının icrasına
başlanıldığı vaxtdan ötən dövr ərzində
qeyd olunan istiqamətlər üzrə zəruri tədbirlər
həyata keçirilmiş və uğurlu nəticələr
əldə olunmuşdur.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə,
neft gəlirlərindən səmərəli istifadəyə
yönələn addımlardan biri Dövlət Neft Fondunun vəsaitlərinin
təyinatı üzrə xərclənməsi, şəffaflığın
yüksək səviyyədə qorunmasıdır. Hazırda aktivlərinin həcmi 35 milyard dollardan
çox olan Dövlət Neft Fondunda toplanan neft gəlirlərindən
büdcəyə transferlər dəqiq hesablanmış
strategiya əsasında həyata keçirilir, büdcədə
qeyri-neft gəlirlərinin payının ilbəil
artırılması siyasəti əsas
götürülür. Nəticədə
bir tərəfdən Dövlət Neft Fondunda gələcək
nəsillər üçün toplanan vəsaitlərin həcmi,
digər tərəfdən dövlət büdcəsinin gəlirləri
dəfələrlə artmış olur. Neft-qaz
gəlirlərinin idarə olunmasında şəffaflığın
yüksək səviyyədə qorunması uğurlu
sosial-iqtisadi layihələrin icrasını sürətləndirir.
Dövlət başçısı İlham Əliyev neft-qaz
sektorunu iqtisadiyyatın dayağı kimi dəyərləndirərək
bildirir: “Bu gün iqtisadiyyatımız çox güclü
iqtisadiyyatdır... Bizim neft-qaz sahəsində irəli
sürdüyümüz bütün təşəbbüslər
demək olar ki, artıq reallaşır. 2004-cü
ildə isə, sadəcə olaraq, biz öz niyyətimizi
ortaya qoymuşduq və öz iradəmizi səfərbər
etmişdik. 2004-cü ildə neft
strategiyamızın tərkib hissəsi olan
Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ tikilməmişdi.
Hələ biz ölkə iqtisadiyyatına
böyük həcmdə valyuta axınını təmin etməmişdik.
Buna baxmayaraq, 2004-cü ildə hesab edirəm ki,
bu cəsarətli və düşünülmüş
addım iqtisadiyyatımızın hərtərəfli
inkişafına təkan vermişdir.”
Dövlət başçısı İlham Əliyev
daim çıxışlarında diqqəti dünyanın
müxtəlif yerlərində yaşanan gərginliklərə,
qarşıdurmalara, müharibələrə, maliyyə və
iqtisadi böhrana yönəldərək bildirir ki,
bütün bunlar belə bir gerçəkliyin təsdiqidir-
Yalnız düzgün siyasət sosial və iqtisadi məsələlərin
uğurlu həllinə yol aça bilər. Həmin
ölkələr yaşanan maliyyə-iqtisadi böhranları
beynəlxalq maliyyə qurumlarının yardımı olmadan
çözmək imkanında olmadıqlarını büruzə
verdilər. Azərbaycan isə o ölkələrdəndir
ki, öz hesabına yaşayır, heç bir yerdən
yardım almır. Regional inkişaf
proqramlarının uğurlu icrası işsizliyin aradan
qaldırılmasına stimul verir. Son 10 ildə bir milyon
200 mindən çox yeni iş yeri açılıb. Təkcə
cari ilin ötən dövründə 90 minə yaxın
iş yeri açılıb. İşsizliyin səviyyəsi
5 faizə enib. Yeni iş yerlərinin
açılması məşğulluq probbleminin həllinə
də öz müsbət təsirini göstərir. Cənab İlham Əliyev 2003-cü ildə
keçirilən andiçmə mərasimində əhalinin
sosial müdafiəsinin gücləndirilməsini prioritet məsələ
kimi önə çəkərək bildirmişdir ki, əmək
haqları, pensiyalar ildə ən azı iki dəfə
artırımalıdır. Bu əminliyə
əsas kimi ölkəmizin iqtisadi və maliyyə
imkanlarının günbəgün genişlənməsi qeyd
edilmişdir. Bircə faktı qeyd etmək
kifayətdir ki, bu gün Azərbaycan böyük həcmdə
maliyyə vəsaiti tələb edən layihənin öz
imkanları hesabına həyata keçirmək
imkanındadır. 2010-cu ildə Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsi buna əyani
sübutdur. 2014-cü ildə istifadəsi
nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolunun
reallığa çevrilməsi istiqamətində atılan
addımlar da ölkəmizin iqtisadi və maliyyə
imkanlarına əsaslanır.
Bütün bunlar onu deməyə əsas verir ki, vətəndaş
amili dövlətin siyasətinin əsasında dayanır.Son
on ilin uğurları əsasında dövlət
başçısı İlham Əliyev bir daha bildirir: “Sosial
rifah, insanların maddi vəziyyətinin
yaxşılaşdırılması, müxtəlif sosial
proqramlar əlbəttə ki, bizim əsas istiqamətimizdir... Ona görə də görülmüş işlər
deməyə əsas verir ki, biz gələcəkdə də
bu uğurlu meylləri daha da gücləndirəcəyik və
Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik.”
Yeganə
Əliyeva
İki
sahil.- 2013.- 17 dekabr.- S.13.