Yeni ildə Şam ağacının bəzədilməsi Azərbaycanla bağlıdır

 

Firudin Qurbansoy: “Əslində 31 dekabr yeni il deyil. Yeni il martın 20-dən 21-nə keçən gün qədəm qoyur”

 

-Firudin Qurbansoy özünü daha çox ədəbiyyatçı-alim, yoxsa astroloq-münəccim hesab edir?

-Mən özümü astroloq saymıram. Çünki Azərbaycanda bu elm aşağı səviyyədədir. Şamaxı rəsədxanasında astronomiyanın tarixi bölümü yoxdur. Əgər olsaydı astrologiya ilə ciddi elm kimi məşgul olmaq, məlumatlar vermək olardı. Orta əsrlərdə astrologiya astronomiya bir-birindən ayrılmayıb. Bu haqda astrologiyaya aid 250-yə yaxın ciddi əsər var. Müsəlman alimlərindən Birunun, Nəsirəddin Tusinin adını çəkə bilərik. Onlar bilirdilər ki, səmada baş verənlər yerdə öz əksini tapır, insanlara təsir edir, onların xarakterində, səhhətində, taleyində təsir göstərə bilir. Qurani-Kərimdə deyilir ki, biz ulduzlarla göyləri bəzədik. Sizə çətin anlarınızda yol göstərmək üçün. Çətin anlar nədir? İnsanlar çətin vəziyyətlərdə, psixoloji cəhətdən çıxılmaz məqamlarda qalıb, ulduzların yerdəyişmələrinə görə öz mövqelərini tapa bilsinlər.

-Elmi-bədii əsərləriniz, hətta ssenariləriniz əsasında çəkilən filmlər var. Amma bu yöndə fəaliyyətinizi inkişaf etdirməmisiniz. Maraqlıdır, sizdə astrologiyaya, gələcəyi görüb-duyub proqnoz verməyə maraq necə yarandı?

-80-ci illərdə klassik ədəbiyyatla məşğul olanda, aspiranturada elmi işim Füzulidən idi. 1985-ci ildə “Məhəmməd Füzulinin şeir sənətində poetik obraz və bədii ifadə vasitələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişəm. Onu başa düşmək üçün mütləq onun öyrəndiyi elmləri öyrənəsən. Mən də öyrənmək istədim. İslam dininin xırdalıqları, şeir, qəzəl, astronomiya, təbabət, riyaziyyat, ətriyyat və s. Belə bir elm var-nücum. Elmi-nücum ulduz elmi deməkdir. Bununla məşğul olana münəccim deyirlər. Elmi-fələk isə astronomiyadır, nücum astronomiyanın tərkibidir.

-”Qara ilan” (2013-cü il) özü ilə müdrik hökmlər və uğur gətirəcək-demişdiniz. Proqnozlarınız özünü doğrultdumu?

-”İlan ili” hələ qurtarmayıb. Hələ 20 mart 2014-cü il Bakı vaxti ilə 17-57 dəqiqəyədək köhnə ildir. Təzə il bu dəqiqədən başlayacaq. Günəş qoç bürcünə daxil olacaq və beləliklə təzə il dəyişməsi, ilin təhvil olması baş tutacaq. “İlan ili” yerini “At ili”nə verəcək.

-Üzümüzə gələn 2014-cü il-”At ili” təmiz, işgüzar insanların ilidir. Bir çılğın “At ili” var. Bu 60 ildən bir olur...

-Bütün illər 60 ildən bir özünə qayıdır. 54-cü il “Su ayğırı ili” idi, indi də su ayğırı ili gəlir.

-”At ili”ni daha çox nə ilə səciyyələndirmək olar?

- 2014-cü il göy at ilidir. At sevir ki, onu idarə eləsinlər. Eyni zamanda sərbəst yaşamağı da xoşlayır. At ilində ağıl yox, hisslər ararıcı mövqedə dayanacaq. İnsanlar idmanda uğur qazana bilərlər. Ədəbiyyatda, incəsənətdə irəliləyişlər ola bilər. Dəqiqlik tələb edən elmlərdə ciddi yenilik olmayacaq.

-Hər gün televiziya ekranlarında, qəzet səhifələrində bürclər haqqında verilən proqnozlara-”ulduz falına” rast gəlirik. Bütün bunlar nə dərəcədə düzdür?

-Seçim insanlarındır. Mənim hər il üçün yazdığım kitablar 750 səhifədir, 3 doktorluq dissertasiyası, 5 namizədlik dissertasiyası həcmindədir. Hansısa astrologiyadan xəbəri olmayan biri götürüb internetdən bir astroloji məlumatı tərcümə edib qoyur ortaya, insanlar da görür o düz demir, beləcə inam itir.

-Yola saldığımız 2013-cü il bəzi insanlar üçün uğurlu olub, bəziləri üçünsə yox. Sizcə bu alın yazısıdır, yoxsa ulduzlarla bağlı məsələdir?

-Ulduzlar da Allahın hökmü ilə hərəkətdədir. Hər şey harmonik vəhdətdədir. Dünya, insanlar və s. Söhbət hər hansı coğrafi ərazinin digər coğrafi əraziyə bürc nisbətindən gedir. Hər bir insanın sahib olduğu bürcə görə uğurlu məkan seçimi var. Deməli, insanların həyatında bürclərin və ulduzların rolu var.

-Numeralogiya-rəqəmlərin sehri. Sizcə 2014-ün sehri nədir?

-Tifli elmi Cəfər Əleyhissəlamın yaratdığı elmdir. Sonra keçib Avropaya olub numerologiya. Numeralogiya rəqəmlərin mənasından bəhs edir. Hər hansı bir rəqəmin hərfi mənası da var. 2014-ü cəm etdikdə 7 alınır. 7 kamillikdir, tamlıqdır, bütovlükdür, səsdir. 7 planetdir, 7 mədən, daş-qaş, səyyarədir. Bununla yanaşı, 7 nəsildən bir nəsil dəyişir.

-İl Miladi təqvimlə 31 dekabrda təhvil olur, Şərq qoroskopuna görə isə 21 martda. Bəs biz nə vaxt süfrə açıb bayramı qeyd edək?

-Əslində 31 dekabr yeni il deyil. Milad bayramı 22 dekabr-İsanın doğum günüdür. Müəyyən zaman keçəndən sonra bunu dekabr 25-i etdilər. 31 dekabr isə peyğəmbərin yəhudilərin dininə görə müsəlman olmasına təsadüf etdiyi sevindirici gündür. İqlim dəyişmir. Fərqli heç nə baş vermir. Sadəcə təqvim dəyişir. Yeni il martın 20-dən 21-nə keçən gün qədəm qoyur. Yanvardan fərqli olaraq soyuq hava sınır, baharın ətri gəlir. Avropa əsasən Şərq mədəniyyəti üzərində köklənib. Hər şeyin təməli şərqdə qoyulub, sonra Avropaya gedib, ordansa təzədən bizə qayıdıb.

-Deyirlər, yeni ilin necə keçməsi onun kiminlə və hansı şəraitdə qarşılanmağından asılıdır...

-Buna sınamalar deyilir. Biri var inanclar, biri var sınamalar. İnam yaranır, sonra dərinləşir. İnanırıq ki, əgər havada qarğalar, qağayılar səs- küy salırlarsa, deməli, hava soyuq olacaq, qar yağacaq. Yeni ili qarşılayanda da kimsə qohumlardan qonaq gəlib, ayağı sayalı olubsa, il düşərli-ruzili olubsa, inanmaq istəyirik ki, həmişə belə olacaq. O demək deyil ki, həmin adam hər il gəlsə, sənə düşəcək. Buna insanların özünü aldatmağı, hipnozu deyilir.

-Əgər yeni ili öz evində qarşılamadınsa, 7 il başqa qapılarda olacaqsan.

-İnanc deyil, bu da sınamadır. Xalq etiqad edirsə, deməli, sınanıb. Mən sınamamışam, deyə bilmərəm.

-Yeni ildə şam ağacı bəzəyirlər. Sizcə bu haradan qaynaqlanır?

-Şam ağacının bəzədilməsi Azərbaycanla bağlıdır. Bizdən bütün dünyaya yayılıb, gəzib-dolanıb, yenə özümüzə qayıdıb. Məsələn, “xaqan” sözü əslində “kağan” sözüdür, türk sözüdür, şərq aləmini gəzib, farsdan ərəbə keçib, sonra yenə qayıdıb özümüzə gəlib, olub “xaqan.” Bu şam bəzəmək adətinin də kökündə Sənubər ağacını bəzəmək durur. Hənzərat ibn Sübhan zamanından xalqımızın adəti olub, indi də var. Təkcə bu ağacı yox, istənilən qaya üstündə tənha bitən ağacı əski-üskü ilə bəzəyib, buna sitayiş edirlər.

-Çinlilərə görə bir-birini sevən, qəbul edən ya etməyən illər var. Məsələn, atın dostları pələng itdir...

-”At ili”nin qoyun, keçi, it, öküz, xoruz ilinə münasibəti çox yaxşıdır. Bu illərdə doğulanlar yeni ildən çox faydalanacaqlar. Çalışıb ilin axarını tutmaq lazımdır.

-Bu ilin rəngi nədir?

-2014-cü il göy “At ili”dir. Bizdə rəng məfhumu yoxdur. Nəyə görə çinlilər bu rəngdən istifadə edirlər? Onlarda 5 ünsür var, havanın yerinə metalla ağacı əlavə ediblər. 5 ünsür yaranıb, hərəsinin öz rəngi var. Bu rənglər hər dəfə dəyişir. Bizdə o önəmli deyil, “At ili”dir, vəssalam...

-Bəs, Firudin müəllim yeni ili necə qarşılayır?

-Ailəmlə birlikdə qarşılayıram. Biz şərab içmirik. Avropalıların qayda-qanunu ilə getmirik. Milli yeməklərimizlə bəzənmiş süfrə arxasında sakitcə, xoş əhval-ruhiyə ilə yeni ilə qədəm qoyuruq.

 

Fəxriyyə İkramqızı,

İki sahil

 

P.S. At murad deməkdir.

 Odur ki, ürəyinizdə arzu tutun.

Bütün arzularınızın çin olacağına

inanmaq ümidilə Yeni iliniz mübarək.

 

İki sahil.- 2013.- 19 dekabr.- S.11.