Uşaqdara peyvənd vurduraqmı?

 

Uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək hətta ölümlə də nəticələnə bilər

 

Uşaq infeksion xəstəliklərinin profilaktikasında əsas tələbat peyvəndlərin aparılmasıdır. Peyvəndlərin edilməsi çox vacib hesab olunur.Onlar uşaqların sağlamlığını və həyatını xilas edir!

Peyvənd yalnız sağlam uşaqlar oluna bilər. Onu yerinə yetirməzdən qabaq həkim mütləq uşağı müayinə etməlidir. Peyvənd olunduqdan sonra uşağı infeksiyalara yoluxmaqdan qorumalı, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq, qida rasionundan allergiya verə biləcək maddələri (yumurta, balıq, sitrus meyvələri, qoz-fındıq, şokolad, konservləşdirilmiş məhsullar, yağlı bulyonlars.) çıxarmaq lazımdır.

Valideynlər həkimdən peyvənddən sonra uşaqda baş verə biləcək reaksiyaları da öyrənməlidirlər. Çox nadir hallarda peyvənddən sonra həkim müdaxiləsi tələb olunan fəsadlar da baş verə bilər.

Vərəmə qarşı peyvənddən sonra peyvənd yerində normal reaksiya baş verir: vurulduğunun 4-cü günündə iynə yerində ölçüsü 2-3 mm olan ləkə, 1-1,5 aydan sonra həmin yerdə dəri səthindən 5 mm-ə qədər qalxan papula, daha sonra kiçik yara əmələ gəlir. Sonra dəri quruyur, qabıq əmələ gəlir, o da düşdükdən sonra isə diametri 5-7 mm ölçüdə dartılmış çapıq qalır ki, bu da peyvəndin (BSC) müvəffəqiyyətlə keçməsinin əlamətidir. Peyvənd yerində yara əmələ gəldiyi zaman gigiyena qaydalarına əməl etmək lazımdır: uşağı çimizdirərkən həmin yeri sürtməmək, əllə toxunmamaq, həmin sahəni sarımamaq, yod, “zelyonka” (brilyant yaşılı) və s. ilə sürtməmək.

Polimielitə qarşı vaksini yeməkdən qabaq ağıza damızdırırlar. Bundan sonrakı 1 saat ərzində uşağa yemək və içmək qadağan olunur. Əgər peyvənddən sonra uşaq qusarsa, ona yeni doza vermək lazımdır.

Difteriya, göyöskürək, tetanusa qarşı olan (ona çox vaxt “AKDS” deyilir) peyvənddən sonra əksər hallarda ilk üç gün ərzində uşaq üçün qorxulu hesab edilməyən yerli (iynə vurulan yerdə qızartı, diametri 2-5 mm ölçüdə bərkimə) və ümumi (hərarətin bir qədər qalxması, ümumi halsızlıq, iştahanın azalması) reaksiyalar baş verə bilər. Nadir hallarda hərarətin 40 dərəcə C-yə qalxması, qıcolmalar da baş verə bilər.

Peyvəndə qarşı olan reaksiya barədə valideynlər mütləq həkimə məlumat verməlidirlər.

Valideynlər həmçinin onu da bilməlidirlər ki, hazırda AaKDS (asellyular vaksin) də hazırlanmışdır ki, o da AKDS vaksinindən daha az hallarda uşaq orqanizmi tərəfindən reaksiyaya (hərarətin qalxması, halsızlıq və s.) səbəb olur.

Qızılca, məxmərək, epidemik parotitə qarşı peyvənd nadir hallarda müxtəlif reaksiyalar verə bilər. Bəzən bu peyvənddən sonra iynə vurulan yerdə 1-2 gün ərzində toxumanın azca qızartısı və şişkinliyi qeyd edilir. Nadir hallarda peyvənd vurulduqdan 6-18-ci günlər ərzində uşaqlarda halsızlıq, iştahanın azalması, hərarətin qalxması, bir qədər zökəm və öskürək, bəzən isə qızılcayabənzər səpkilər əmələ gələ bilər. Bundan 3-5 gün sonra bütün simptomlar keçib gedir. Bu zaman, adətən, müalicə tələb olunmur. Vurulan peyvəndə bu cür reaksiya verən uşaqlar ətrafdakılar üçün yoluxdurucu hesab olunmur.

Bəzi hallarda qızılca, məxmərək, epidemik parotitə qarşı peyvənddən sonra qulaqaltı tüpürcək vəzilərinin bir qədər böyüməsi müşahidə edilə bilər. Bu simptomlar 2-3 gün ərzində keçib gedir.

Uşaqlarda hepatit B peyvəndindən sonra, adətən, heç bir reaksiya olmur.

Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, rotovirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına isə insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilər.

Bəzi valideynlər uşaqlarına tərkibindən xəbərsiz olduqları peyvəndləri vurdurmaqdan qorxur, buna etiraz edirlər. Mərkəzi Kliniki Dənizçilər Xəstəxanasının ümumi terapevti Həqiqət Abbasova- Peyvənd vurdurmaq lazımdırmı?- sualımıza cavab olaraq bildirdi ki, peyvənd çox yaxşı qoruyucu vasitədir, olmasa, xəstəliklər baş alıb gedər.

“ Vaxtilə çiçək, vəba xəstəlikləri epidemiya halında mövcud idi, peyvəndin sayəsində hal-hazırda yoxdur.

Peyvənd XIX əsrin sonunda XX əsrin əvvəllərində Paster tərəfindən tapılıb. O, ilk peyvəndi həyatı ilə risk edərək, öz üzərində sınaqdan keçirib.

Uşaq dünyaya gələn kimi 3 günlüyündə ona vərəmə qarşı BSJ peyvəndi edilir. Bu vərəmə qarşıdır. Mütləq sağlam, zədəsiz doğulanlara edilməlidir. Sonra isə aylar üzrə cədvəl formasında peyvəndlərin vurulması həyata keçirilir.

Böyüklərdə isə şəkər xəstələrinə peyvənd qətiyyən olmaz. Bu onların həyatları bahasına başa gələ bilər. Peyvəndlərdə pridral hallar: qızdırmalar, üşütmə, titrətmə və ümumi desək, halsızlıqdır. Bu da bir müddətdən sonra keçib gedir.

İnsanlara məsləhətim odur ki, tibbi savadsızlıq etməsinlər, peyvəndlərdən qorxmaq lazım deyil. Bax, uşaq iflicləri nədən yaranır? Peyvənddən qaçmaqdan, valideynlərin günahı üzündən...

Bu gün bütün dünyada uşaqlara sətəlcəm əleyhinə peyvəndlər olunur ki, bu da xəstəliyin nisbətən yüngül formada keçirilməsinə sığortalanır və nə qədər uşaq xəstəliyin məngənəsindən qurtula bilir”.

Bacardığım qədəri ilə bu haqda bəzi suallara cavab tapmaq istədik. Bu qeyddə peyvəndlər haqda “məqsədlər” deyil, “nəticələr” yazılıb. Bu məqsəd və nəticələrdən nəticə çıxarıb, uşağınıza peyvəndin vurulmasının son qərarı sizdən asılıdır.

 

Fəxriyyə İkramqızı

 

İki sahil.- 2013.- 19 dekabr.- S.14.