Qış turizmində
yeniliklər olacaq?
Turizm
deyilərkən əsasən yay mövsümü
ağıllara gəlsə də, istirahətini qışa
saxlayan və bu mövsümü üstün tutan şəxslər
də var ki, bu da qış turizminin son illər daha da irəliləməsinə
imkan və şərait yaradır.
Ümumdünya Turizm Təşkilatının
statistikasına əsasən, hər il dünya üzrə
turistlərin təxminən 30-35%-i istirahət mərkəzlərinə
məhz qış aylarında üz tuturlar. Əsasən
İsveçrə, Skandinaviya ölkələri, Çexiya,
Kanada, ABŞ və Rusiya qış turizminin yüksək
inkişaf etdiyi ölkələr hesab olunur. Azərbaycanda
qış turizminin elə də çox yaşı olmasa da,
bu gün ölkəmiz dünyanın bu sahədə
böyük uğurlar əldə etmiş dövlətləri
ilə rəqabət edə biləcək potensialdadır.
Son illər Azərbaycanda yüksək turizm infrastrukturunun
formalaşdırılması istiqamətində ardıcıl
tədbirlər həyata keçirilir. Statistikaya görə,
qış aylarında istirahətə üstünlük verənlərin
sayı ölkə üzrə ümumi turistlərin təxminən
10%-ni təşkil edir.
Dövlət
başçısının təşəbbüsü ilə
ölkədə qış turizminin
inkişafı məqsədilə 2009-cu ildə Qusar rayonundan 30 kilometr şimalda, dəniz
səviyyəsindən 2500 metr yüksəkdə
“Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinə
başlanıldı. 5 minə yaxın turisti
eyni zamanda qəbul edə
biləcək obyektin müasir standartlara cavab vermək
iqtidarında olması atılan addımların nə qədər
dəqiq hesablanmasına sübutdur.
Qış idman növlərinin: əsasən,
xizəksürmənin inkişafına təkan verəcək bu unikal obyektdə süni qaryaratma
avadanlıqları quraşdırılıb. Düşən
yağıntının miqdarından asılı olmayaraq, qış mövsümündə xizək
yollarının açıq qalmasına şərait yaradacaq belə qurğular
dünyanın bütün
tanınmış qış kurortlarında mövcuddur.
Dağ relyefi ilə kəsişən
yol isə beynəlxalq keyfiyyət və təhlükəsizlik
standartlarına müvafiq olub,
ilin bütün fəsillərində
nəqliyyatın maneəsiz gedişinə şərait
yaradır.
Qusarla yanaşı, Azərbaycanın əsas turizm marşrutlarından sayılan Qəbələdə
də qış turizminin inkişafı
istiqamətində sistemli tədbirlər
həyata keçirilir. Rayonun
turizm potensialının möhkəmləndirilməsi
məqsədilə “Tufan” dağ-xizək
yay-qış istirahət kompleksinin
inşası buna əyani sübutdur.
Dağlıq ərazidə istirahət üçün
əlverişli şəraitə malik olacaq bu
sağlamlıq-turizm obyekti Qəbələ
şəhərindən təxminən dörd
kilometr aralıdadır. Kompleksin
inşa edilməsi turistlər üçün ilin bütün fəsillərində ekskursiya və digər istirahət
imkanlarını təmin etməklə yanaşı,
onların qış idman növləri ilə
məşğul olmalarına da şərait
yaradacaq. Mədəniyyət
və Turizm Nazirliyinin
Turizm İdarəsinin şöbə müdiri Vüqar
Şıxməmmədovun yerli mətbuata
verdiyi məlumata əsasən, yeni mövsümdə turistləri bir çox yeniliklər
gözləyir: “Ötən ilin
qış aylarında “Şahdağ”
qış-yay turizm kompleksindən 50 minə
yaxın insan istirahət etmişdir.
Bu il isə bu rəqəmlərin artacağı gözlənilir.
Nəzərə alsaq ki, bu il
kompleksdə yeni mehmanxanaların
açılışı nəzərdə tutulub,
infrastruktur genişlənir, ona görə də turistlərin də
marağı artır. Ölkədə qış turizminin inkişafı naminə görülən
işlər Azərbaycanlıların ölkəmizdə
istirahətə üstünlük verməsinə
gətirib çıxarır. Bu il qış turizmi ilə
bağlı bir sıra yeniliklər olacaq. Yeni idman
növləri yaradılacaq, mehmanxanalar
açılacaq, sürpriz proqramlar təşkil olunacaq,
atla gəzintilər və s.
təşkil ediləcək.”
Bütün bunlardan başqa, hazırda Zaqatala,
Şəki, Balakən və Daşkəsən
rayonlarının ərazisində də qış turizminin inkişafına imkan
verəcək müasir tipli
kurortlar inşa olunur. Bütün bunlar regionlarda yeni iş yerlərinin
açılması, vətəndaşların faydalı məşğulluğunun
təmin edilməsi baxımından mühüm
dividentlər vəd edir.
Nilufər Mustafaqızı
İki sahil.- 2013.- 19 dekabr.- S.15.