Bəyimxanım Vəliyevanın
unudulmaz konserti
Xanəndə Heydər Əliyev Sarayında tamaşaçıları məftun etməyi bacardı
Dekabrın 18-də istedadlı xanəndə, tanınmış muğam ifaçısı Bəyimxanım Vəliyeva Heydər Əliyev Sarayında “Yollara yağış yağır” adlı solo konsert proqramı ilə çıxış etdi. Xanəndə iki saatlıq canlı ifası ilə bütün zalı coşdurmağı bacardı desək, yanılmarıq. Anşlaqla keçən edən konsertdə ustad sənətkarlar, ziyalılar və müxtəlif yaş qrupuna aid tamaşaçılar iştirak edirdi. Qeyd edək ki, bu, Bəyimxanım Vəliyevanın Azərbaycanda verdiyi ilk solo konserti idi.
Uğura gedən yol
Tamaşaçıların
gur alqışları altında səhnəyə
çıxan xanəndə ilk olaraq qonaqları salamladı və konsertdə
iştirak etdikləri üçün
onlara təşəkkürünü bildirdi. Bunun ardınca
müğənni konsertin
açılış ifasını – Cahangir
Cahangirovun “Ana Kürüm” mahnısını səsləndirdi.
Gözəl ifanın davamı kimi royalda Fəridə Hüseynovanın
müşayiəti ilə “Dəli Kür”
filmindən dinlədiyimiz mahnıları oxudu.
Daha sonra Bəyimxanım
repertuarında olan sevilən
mahnılarına müraciət etdi. O, həmçinin
muğam sevənlər üçün
“Şirvan şikəstəsi” və
“Cahargah”ı ürək yanğısı ilə ifa etdi.
İki saat ərzində
ifaçı repertuarında olan
mahnıları ilə yanaşı, yeni bəstələrə
də müraciət etdi. Bəyimxanım
tamaşaçılara verdiyi sözünü tutaraq, məhz
bu konserti üçün iki yeni duet ortağı ilə
mahnı oxudu. Xanəndənin sevilən
ifaçı Namiq Qaraçuxurlu
və xalq artisti Samir Cəfərovla baş
tutan bu duetləri sarayda toplaşan
tamaşaçılar tərəfindən də böyük maraqla
qarşılandı.
Xalq artisti Samir Cəfərov səhnədə ilk olaraq öz
sevilən mahnılarından birini oxuyaraq tamaşaçılara xoş
anlar bəxş etdi.
O, öz tələbəsini təbrik edərək,
yaradıcılığında uğurlar
arzuladı: “Bəyimxanım Milli Konservatoriyada mahnı və romansların ifa tərzinə dərindən yiyələnib.
O, çox istedadlı xanımdır. Ona böyük uğurlar və bu
uğurların davamlı olmasını arzulayıram”. Daha sonra müğənnilər
bəstəkar Ramiz Mirişlinin
“Səadət” mahnısı ilə
tamaşaçıların könlünü
oxşadılar.
Xanəndənin
növbəti duet ortağı olan Namiq Qaraçuxurlu
da Bəyimxanıma konsertlərinin
davamlı olmasını dilədi. Tamaşaçılara
təqdim olunan “Qəmli qadın” dueti isə gur
alqışlarla qarşılandı. Qeyd
edək ki, “Qəmli qadın”
mahnısının musiqisi Ruslan Səfəroğluna, sözləri isə
konsertdə qonaq qismində iştirak edən tanınmış şairə
Sona Vəliyevaya məxsusdur.
Aldığımız
məlumata görə, Namiq Qaraçuxurlu səhnəyə
çıxarkən 39 dərəcə temperaturu
olub. Lakin buna baxmayaraq, o, konsertdə iştirak edərək
tərəf müqabilini tək
qoymayıb.
Sənətdə yüksəliş cığırı
Sürprizlərlə
zəngin olan konsertdə xanəndə muğam və xalq
mahnıları ilə bərabər, sevilən bəstəkar
mahnılarını da ifa
edərək tamaşaçılarına xoş
anlar yaşatdı. Xanəndə konsertdə
daha çox şairə
Sona Vəliyevanın şeirlərinə
bəstələnmiş mahnıları ifa
etdi.
Bəyimxanım Vəliyeva bu xoş günündə daim
yanında olan, ona hər
zaman doğru yolu göstərən müəllimi, xalq artisti, məşhur muğam ifaçısı Ağaxan
Abdullayevə də minnətdarlığını bildirdi. Xalq artistinin Bəyimxanım və onun
sənəti haqqında çıxışı, söylədiyi
fikirlər konserti daha
da rəngləndirdi. Sevimli
tələbəsinin uğurlarını gördükcə fərəhləndiyini
söyləyən Ağaxan Abdullayev Bəyimxanımla fəxr etdiyini dedi: “Arzu edirəm ki, hər günümüz belə gözəl keçsin. Qoy, Tanrım hər
zaman xalqımıza belə gözəl
günlər qismət etsin. Bu gün mənim üçün ən gözəl günlərdən
biridir. Çünki
mənim gözəl qızım bu gün səhnədə ilk
solo konsertini verir. Bəyimxanımı Bül-bül
adına orta ixtisas musiqi məktəbində oxuyan
zamanlardan tanıyıram. 2-ci sinifdən
11-ci sinfə qədər ona dərs
demişəm. Sonra Azərbaycan Milli Konservatoriyasının rektoru,
professor Siyavuş Kərimi
ilə mənim tələbəm oldu. Mən
Bəyimxanımı öz
övladlarımdan ayırmıram. Bəyimxanımın ailəsindəki
xoşbəxtliyini, sənət aləmində yüksəlməyini
izlədikdə fərəhlənirəm. O,
yaşadığı bu gözəl
günlərə layiq qızdır. Bəyimxanımın
valideyni mənə onun
iki yaşından oxuduğunu
və oxumağa marağının olduğunu deyirdi. Bu, sizə inandırıcı görünməsə
də, doğrudan da
elə idi, çünki
istedadı olan insanda o hisslər erkən yaşda
baş qaldırır. Nə xoş mənə ki, bu gün tələbəmin
uğurlarını görürəm və bu
gün də onun konsertini izləyirəm. Mən öz övladlarıma nə arzulayıramsa, Bəyimxanıma
da onu arzulayıram. Mənim
dörd oğlum var, ancaq qızım yoxdur. Elə hesab edirəm
ki, Bəyimxanım mənim
qızımdır”.
Xalq artisti Bəyimxanıma
daha çox məşhurluq
qazandıran I Muğam televiziya
müsabiqəsinin seçim turlarından
danışaraq xanəndənin keçdiyi
yaradıcılıq yoluna da
nəzər saldı: “O həmin müsabiqədə iştirak edərkən mən də
münsiflər heyəti qismində çıxış edirdim. Gözəl səslərdən biri də Bəyimxanım idi.
Həmin müsabiqədə çox
gözəl çıxışlar etdi.
Gözəl mükafata layiq
görüldü. Bu gün Bəyimxanımı səhnədə
görəndə ürəyim dağa dönür. Gün
o gün olsun ki, fəxri ad, Şöhrət ordeni alasan. Sən səhnəyə yaraşırsan, daima belə gözəl səhnələrdə olasan”.
Qəlblərin fəthi
Ağaxan Abdullayevin
çıxışı nə
qədər səmimi
idisə, zalı ağuşuna alan
alqışlar da o qədər sürəkli
idi. Alqışlar bitər-bitməz, tamaşaçılara qısa
bir filmə baxmaq təklif olundu. Film Bəyimxanımın
uşaq yaşlarından
– 3 yaşından bu günə qədər sənət yolunda atdığı addımlardan
və qazandığı
uğurlardan bəhs edirdi. Belə ki, 1989-cu il
sentyabrın 20-də Bakıda
doğulan B.Vəliyeva
1992-ci ildə “Bədii
şən və rəqs” ansamblının solisti olaraq Az TV-də “Nargilə” mahnısını
ifa edib. Ardınca 5 yaşında Respublika üzrə keçirilən
“Bağçalar və
məktəblər” müsabiqəsində
birinci yerə layiq görülüb ki, bu da
onun sənət yolunda ilk uğurlarından
hesab olunur. Bir-birinin ardınca uğurlar qazanan azyaşlı xanəndə 1996-cı ildə
hər kəsin sevimli müsabiqəsi olan “7-dən 77-yə” müsabiqəsinin
qalibi olur. 1997-ci ildə “İstedadlar
axtarırıq” müsabiqəsinin
fəxri diplomuna layiq görülür.
Muğam sənətinə
olan sevgi onu Bülbül adına orta
ixtisas məktəbinə
aparır və ustad sənətkar Ağaxan Abdullayevin xanəndəlik sinfinə
daxil olur. 1998-ci ildə “İkinci Uşaq Muğam Festivalı”, 1999-cu ildə
isə “Üçüncü
Uşaq Muğam Festivalı”nın diplomuna layiq görülür. İllər keçdikcə,
Bəyimxanım musiqi
sənətinin dərin
və sonsuz olduğunu anladıqca, ona daha çox
bağlanmağa və
addım-addım onu kəşf etməyə başlayır. “Muğam
Assosiasiyası 99” müsabiqəsində
üçüncü dərəcəli
laureatı fəxri adına layiq
görülür.
“Yollara yağış yağır”
adlı konsertdə Bəyimxanımı iki ansambl - 11 nəfərdən
ibarət Xalq Çalğı Alətləri
Ansamblı (bədii rəhbəri Ələkbər
Ələkbərov) və
6 nəfərdən ibarət
Hicaz qrupu (bədii rəhbəri Vahid Qəribov) müşayiət etdi. Əksər mahnıları böyük
alqışlarla qarşılanan
müğınninin ifası
insanların qəlbinə
yol tapmağı bacardı. Konsertin sonunda isə
tamaşaçılar xanəndəni
gözəl ifasına
görə ayaq üstə alqışladılar.
Qeyd edək ki, konsertdə bir sıra rəsmi
şəxslər, millət
vəkilləri, tanınmış
ziyalılar, eləcə
də Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, xalq artistləri Ağaxan Abdullayev, Arif Babayev, Zabit
Nəbizadə, Zamiq Əliyev, Ramiz Mirişli, əməkdar incəsənət xadimləri
Tahir Əkbər, Nailə Mirməmmədli,
xanəndələr Qəzənfər
Abbasov, Almaz Orucova, Bahar Lətifqızı, əməkdar
artistlər Firuzə İbadova, Gülyaz və Gülyanaq bacıları, xalq artisti Fuad Poladov,
aparıcılar Zaur Kamal, Anar və
digər qonaqlar iştirak edirdi.
Xəyalə Rəis
İki
sahil.- 2013.- 20 dekabr.- S.15.