Azərbaycan-Koreya dostluq körpüsünə töhfə

 

Koreya dünya ölkələri arasında qədim tarixi, özünəməxsus mədəniyyəti ilə fərqlənir. Bu ölkə dünya hegemonlarının uzun müddətə öz təbii ehtiyatları hesabına əldə etdikləri inkişafa çox qısa müddət ərzində sadəcə xalqın iradəsi sayəsində nail olub.

Bu gün Koreya dünyanın ən qabaqcıl inkişaf etmiş ölkələri arasında aparıcı yer tutur. Vaxtilə digər ölkələrdən yardım alan Koreya bu gün iqtisadi baxımdan zəif ölkələrə qrantlar ayırır. Bu ölkənin tarixi, adət-ənənəsi, mədəniyyəti, keçdiyi inkişaf yolu, mətbuatı ilə bağlı daha ətraflı məlumat əldə etmək və Azərbaycan - Koreya arasında inkişaf təcrübəsini bölüşmək məqsədilə Koreyaya ölkəmizdən jurnalist heyəti dəvət olunmuşdu. Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (KOICA) ölkənin inkişaf təcrübəsini xarici jurnalistlərlə paylaşmaq məqsədilə həyata keçirdiyi “Azərbaycanlı jurnalistlər üçün Koreyanın inkişaf təcrübəsinin öyrənilməsi” adlı proqram çərçivəsində bir qrup azərbaycanlı jurnalist Koreya ilə bağlı seminarkonfranslarda iştirak etdi, ölkənin görməli yerləri, muzeyləri ilə tanış oldu, tarixi, adət ənənələri, mədəniyyəti və mətbuatı haqqında ətraflı məlumat əldə etdilər.

Proqramın ilk günündə keçirilən seminarda Koreya Universitetinin professoru Sok Hun Yu ölkənin mədəniyyəti və tarixi haqqında jurnalistlərə geniş məlumat verdi. Həmin məlumatları oxucularla da bölüşmək istərdik.

Koreya yarımadasında yerləşən Koreya Respublikasının adı orta əsrlərdə ölkəni idarə edən Koryö sülaləsinin adından götürülüb. Yaradıcısı Theco Van Qon olan və 918-ci ildə hakimiyyətə gələn sülalə 1392-ci ildə Çoson sülaləsi tərəfindən devrilib. Ölkə ümumi 223, 098 kv.km. sahəni əhatə edir. Ərazisinin 70%-i dağlarla əhatə olunduğundan Koreya dünyanın ən dağlıq regionlarından biridir.

Koreyanın bayrağı yerli dildə Txeqikki (Taegukgi) adlanır. Ölkənin hazırki bayrağı 1948 -ci ildə sonuncu Çoson sülaləsinin (1883-1897) və Koreya imperiyasının (1897-1910) Txeqikki adlı bayrağının əsasında hazırlanıb. Bayrağın arxa fonundakı rəng Koreyanın milli rəngi olub, sülh və saflığı bildirir. Ortadakı dairə qədim “yin” və “yangÇin fəlsəfəsindən götürülüb və kainatın balansını (mənfi və müsbət qüvvələrin birləşməsini və qarşılıqlı asılılığı) ifadə edir. Dairədəki göy rəng mənfi kosmik, qırmızı rəng isə müsbət kosmik qüvvələri bildirir. Bayrağın kənarlarındakı triqramlar birgə hərəkat və harmoniyanı, ayrılıqda isə sol üst küncdəki kəsiksiz xətt cənnət və səmanı, sağ üst küncdəki iki kəsikli xətt suyu, sol alt küncdəki iki kəsiksiz xətt arasındakı kəsikli xətt odu, sağ alt küncdəki kəsikli xətlər isə torpağı ifadə edir.

Koreyanın milli gülü muqunqva adlanır. Digər güllərdən fərqli olaraq muqunqva olduqca yapışqan olduğundan gec çürüyür və həşəratlara davam gətirə bilir. Bu gülün simvolik əhəmiyyəti ondan ibarətdir ki, onun adı muqunq sözündən götürülübölümsüzlük mənasını verir. Bu söz Koreya mədəniyyətinin dözümlülük dəyərlərini, Koreya xalqının qətiyyətliliyini və tolerantlığını əks etdirir.

Koreyanın milli himni Equkka (Aegukga) adlanır və “Ölkəni Sev” mənasını verir. Ölkə xarici qüvvələrin təzyiqi ilə üzləşdiyindən xalqa düzlüyü aşılamaq və onları müstəqillik ruhunda tərbiyə etmək məqsədilə 1907-ci ildə himnin orijinal sözləri yazılı formada öz əksini tapdı. İllər ərzində himnin sözləri bir neçə dəfə dəyişikliklərə məruz qalaraq hazırki formada milli himn kimi yalnız 1948-ci ildə qəbul olundu.

17 inzibati dairədən ibarət olan Koreya prezident respublikasıdır. Paytaxtı Seul şəhəri olan ölkənin 50 milyondan çox əhalisi var. Pul vahidi (W - won) vondur.

Koreyada insanlar arasında bir çox dinlər yayılıb. 2010-cu ilin göstəricilərinə görə, əhalinin 24,2% - i buddizm, 24% - i protestant, 7,6% - i katolik dininə, 0,9% - i digər dinlərə inanır, 43,3% - i isə heç bir dinə inanmır.

Azərbaycan ilə Koreyanın qarşılıqlı müqayisəsini aparan professor Sok Hun Yu iki ölkə arasında bir çox oxşar cəhətlərin olduğunu qeyd etdi. Bu oxşarlığa hər iki ölkənin uğurlu və davamlı inkişafa nail olduğunu, vaxtilə hücuma məruz qaldıqlarını və hər iki ölkədə milli dəyərlərin yüksək səviyyədə qorunduğunu aid etdi.

Proqramın ikinci günündə Cənubi Koreyanın Yonsey Universitetinin professoru Sanq Yunq Run jurnalistlərə Koreyanın inkişaf təcrübəsi, Rəsmi İnkişaf Yardımı (ODA) siyasəti, Koreya-Azərbaycan Əməkdaşlıq layihələri ilə bağlı məlumat verdi.

Seminar zamanı professor Yun ölkənin yardım siyasətinin təməlində zəif iqtisadiyyata malik ölkələrdə, əsas etibarilə MDB ölkələrində davamlı iqtisadi inkişafa töhfə verilməsi və onların bazar iqtisadiyyatına uyğunlaşdırılmasına dəstək verilməsinin dayandığını qeyd etdi. Onun sözlərinə görə, Koreya İkinci Dünya Müharibəsindən bəri uğurlu iqtisadi inkişafa nail olan ölkələrdən biridir. “Cüzi maliyyə yardımı faktoruna və Koreya müharibəsinin məhvedici təsirlərinə rəğmən Koreya diqqətəlayiq addımlar ataraq dünyanın 11-ci ən böyük iqtisadiyyata malik ölkəsinə çevrilməklə yanaşı, həm də 1996-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olmağa müvəffəq oldu. Son zamanlar ölkə beynəlxalq əməkdaşlığın inkişafına dəstək vermək məqsədilə inkişaf etməkdə olan ölkələrə “Koreya təşəbbüsü” adlanan yeni modeli tətbiq etməyi təklif edir. Bu model aşağıdakı faktorlarla xarakterizə olunur: hökumət tərəfindən yürüdülən ictimai siyasət, İqtisadi Planlaşdırma Şurası kimi pilot agentliklərin effektiv rolu, ehtiyatların strateji bölüşdürülməsi, insan resurslarının inkişafı, mərkəzləşmiş tədqiqat və inkişaf sərmayəsi, güclü liderlik, xalqın modernizasiya və industralizasiyaya güclü meyli, zəngin millətin və güclü ordunun yaradılması ideyası, soyuq müharibə strukturu və.s. Bu modelin ən üstün cəhəti isə onun ölkədə yoxsulluğun azaldılmasına və qısa müddət ərzində yüksək iqtisadi inkişafa töhfə verməsindədir. Koreya bütün dünya alimlərinin marağına səbəb olan dinamik iqtisadi inkişaf yolu keçib.

Şərqi Asiya ölkəsi yoxsulluqdan çiçəklənməyə keçid istiqamətində iqtisadiyyatın inkişafının dinamik trayektoriyasını çızdı. Bu gün ölkə beynəlxalq əməkdaşlığın inkişafına stimul verən donor ölkədir. Davamlı inkişafa aparan Koreya modelinin uğurla nəticələnməsində isə bir çox faktorlar mühüm rol oynayır. Mədəniyyət, siyasi ideya, mühüm iqtisadi institutlar, effektli siyasi seçimlər - bütün bunlar hamısı iqtisadi artıma aparan faktorlardır.

Proqram müddətində jurnalistlər 2010-cu ilin iyununda “KOICA”nın beynəlxalq əməkdaşlıq treyninq mərkəzi nəzdində yaradılan, ofisin 2011-ci ilin dekabrında Sonnam şəhərinə köçürülməsi ilə əlaqədar olaraq 2012-ci ilin 18 yanvar tarixində yenidən açılan “Koica Global Village”i, 1969-cu ildə təxminən 2,5 milyon dollara başa gələn, ictimaiyyət üçün 1980-cı ildə açıq elan edilən və 237 metr hündürlüyündə olan Seul Qülləsini, Müasir Koreya Tarixi Milli Muzeyini, 1984 - cü ildə əsası qoyulan, 26,5 milyon abunəçiyə malik ölkənin aparıcı mobil rabitə operatoru “SK Telecom” şirkətini, Ulsan şəhərində yerləşən və dünyanın ən böyük gəmiqayırma şirkəti olan “Hyundai Heavy Industries” şirkətini, Koreyanın 1 nömrəli neft emalı şirkəti kimi öz mövqeyini qoruyan “SK Energy” şirkətini, 1927-ci ildə əsası qoyulan “KBS” teleradio şirkətini, 1394-cü ildə Çoson sülaləsinin banisi Theco tərəfindən tikilən və 1592-ci ildə yaponlar tərəfindən yandırıldığından 1867-ci ildə rekonstruksiya olunan Kyonbokkun saray kompleksini ziyarət etdilər.

Təlim səfəri çərçivəsində tanış olduğumuz yerlər haqqında xoş təəssüratımız yarandı. Lakin diqqətimi ən çox cəlb edən Seul Qülləsi və “SK Telecom” şirkəti oldu. Seul Qülləsi öz ecazkar görünüşü, zövqlü konstruksiyası ilə insanı valeh edir. Bu Qüllədə olarkən bütün şəhərin gözəlliyi bizləri özünə heyran qoydu. Göz oxşayan mənzərələr, işıqlı yollar, hündür binalar Seul şəhərinə xüsusi ecazkarlıq verirdi.

“SK Telecom” şirkətində isə özümüzü hər hansısa bir mobil rabitə şirkətində deyil, sanki gələcəkdə hiss etdik. Şirkətin zövqlü, cəlbedici konstruksiyası, elektrik ilə işləyən avtomobil, gələcəyin evi bizdə sözlə izaholunmaz təəssüratlar yaratdı.

Proqramın dördüncü günündə biz jurnalistlər hər iki ölkənin mətbuatı haqqında informasiya mübadiləsi aparmaq, Cənubi Koreya mətbuatı ilə yaxından tanış olmaq və öz mətbuatımız haqqında məlumatları koreyalı həmkarlarımızla bölüşmək məqsədilə ölkənin “Asia Business Daily” aparıcı biznes qəzetinin ofisində olduq.

“Asia Business Daily” qəzetinin ofisində keçirilən seminar zamanı sözügedən qəzetin həftəlik iqtisadi jurnal “Economic Review”, əyləncə və idman xəbər saytı “Sports Today”, onlayn əyləncə jurnalı “10Asia”, Cənubi Çolla əyalətinin gündəlik qəzeti “Gwangnam Ilbo”, tədqiqat şirkəti “Asia Strategy İnstitute” və təhsil mərkəzi “Asia Economic Knowledge Center” ilə birgə Asiya Media Qrupunu yaratdığı qeyd olundu. Bildirildi ki, dünya iqtisadiyyatı, bazarı və sənayesi haqda ətraflı məlumatlar dərc edən “Asia Business Daily” qəzetinin ilk nömrəsi “Jeil Economic Daily” adı altında 1988-ci ildə işıq üzü görüb. Qəzet 2006-cı ildən “Asia Business Daily” adı altında dərc olunmağa başlayıb.

Seminar zamanı jurnalistlərimiz ölkəmiz təmsil etdikləri media orqanı haqqında təqdimatlar etdilər. Koreyalı həmkarlarına ölkəmizdə azad mətbuatın inkişafına göstərilən diqqət və qayğı barədə geniş məlumat verdilər.

Proqramın sonunda isə Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (KOICA) yüksək səviyyəli rəsmiləri ilə görüş oldu. Təşkilatın direktoru Kim Hen Kyu təşkilatın əsas missiyası, həyata keçirdiyi layihələr və proqramlar, beynəlxalq əməkdaşlıqlar, o cümlədən Azərbaycanda icra olunan layihələr haqqında geniş məlumat verdi. Cənab Kyu əlavə olaraq güclü təsir gücünə malik KİV-in əsas vəzifəsinin cəmiyyətdə düzgün fikir formalaşdırmaqdan ibarət olduğunu, Azərbaycanda olduğu kimi Koreyada da “KOICA” da daxil olmaqla bir sıra təşkilatların KİV-lə davamlı əlaqə saxladığını qeyd etdi. Ölkəmizə gəldikdə isə təşkilatın direktoru Azərbaycanı lider ölkə kimi qiymətləndirdiyini və ölkəmizlə təhsil, tibb, ətraf mühitin mühafizəsi, su resursları və s. kimi sahələrdə əməkdaşlıq etdiklərini və “Abşeron” yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması” layihəsinin “KOICA”nın həyata keçirdiyi ən böyük layihə olduğunu xüsusilə vurğuladı. Hazırda Azərbaycanda bir sıra layihələr üzrə işlərin davam etdirildiyini qeyd edən təşkilatın direktoru gələcəkdə də ölkəmizlə əməkdaşlıq planlarının nəzərdə tutulduğunu bildirdi.

Sonda jurnalistlərimizə proqramı uğurla başa vurduqları üçün sertifikatlar təqdim olundu.

Ölkələr arasında əlaqələrin inkişafında mətbuatın önəmini nəzərə aldıqda təşkil olunan bu səfərin əhəmiyyəti aydın şəkildə görünür. Səfər Koreya - Azərbaycan arasında bir körpü rolunu oynadı. Biz jurnalistlər də üzərimizə düşən vəzifəni yerinə yetirməyə, ölkələrimiz arasında mövcud olan dostluq, əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə töhfəmizi verməyə çalışdıq.

Azərbaycanımız günbəgün inkişaf edir, müasirləşir, yeniləşir. Səfər çərçivəsində bu inkişafa xaricdən bir baxış keçirdikdə daha böyük qürur hissi duyduq, belə ölkənin vətəndaşı olmağımızla fəxr etdik.

 

Aynur Hacıyeva, “İki sahil

Bakı-Seul-Bakı

 

İki sahil.- 2013.- 21 dekabr.- S.21-22.