Yeni ili harada
qarşılayaq?
Qış turizminin “qızmar” qiymətləri
Yerli turistlərin xaricə üz tutmalarının başlıca səbəbi Azərbaycanda fəaliyyət göstərən turizm mərkəzlərinin düzgün qiymət siyasəti formalaşdıra bilməməsidir
2014-cü ilin gəlişinə bir
neçə gün qalıb. Paytaxt Bakı təzə ilin
gəlişinə təmtəraqla hazırlaşır. Artıq
paytaxtın müxtəlif yerlərində Yeni
il yolkaları quraşdırılıb.
Nazirlər Kabineti də bayramın gəlişi
münasibəti ilə dekabrın 31-dən yanvarın 7-dək
qeyri-iş günü
elan edib. Hamı bu fürsətdən yararlanıb, Yeni ili maksimum
yaddaqalan keçirmək istəyir. Düzdür,
əksəriyyət Yeni ili
öz evində qarşılamağa üstünlük versə də, bir qisim insanlar
da var ki,
onlar təzə ili
müxtəlif restoranlarda, ölkənin
müxtəlif bölgələrində olan
istirahət mərkəzlərində, eləcə də xarici ölkələrdə
qarşılamağa çalışır. Bəs
görəsən, Yeni ili
restoranlarda keçirmək və müxtəlif
turpaketlər neçəyə başa gəlir?
Hazırda Azərbaycanın
əksər bölgələrinə Yeni ili keçirmək üçün
axın var. Mingəçevir, Lerik, Qəbələ, Nabran,
Xəzərin sahillərində yerləşən restoran və otellərdə yeni
ili keçirmək üçün
müraciət edənlərin sayı çoxdur.
Bu ildən Şahdağ
yay-qış turizm obyektinin
tam istifadəyə verilməsi, Azərbaycana
turist axınının sayını
artıracaq. Yeni ili xarici ölkələrdə qarşılamaq
istəyənlər əsasən, iki qrupa bölünürlər. İsti
sevən insanlar BƏƏ, soyuq sevənlər isə əsasən Gürcüstana gedirlər. Bu
il azərbaycanlılar əsasən,
Türkiyənin Uludağ ərazisinə,
Avropa şəhərlərindən Barselona, Madrid (İspaniya), Roma, Milan (İtaliya), Praqa (Çexiya) və digər
şəhərlərə axın edirlər.
Ölkə əhalisinin
bir qismi paytaxt Bakıda Yeni ili qarşılamağı
planlaşdırır. Bakıda da Yeni ili yalnız restoranda, istirahət mərkəzlərində
qeyd etmək üçün
isə qiymət o qədər də
ürəkaçan deyil. Restoranların televiziya kanallarında efirə gedən
reklamlarından aydın görünür
ki, həmin gün şou-biznes nümayəndələrinin
çıxışı ilə bir
sıra restoranlarda Yeni
il şousu olacaq. Məkanlardakı qiymətlər isə
yeməyin menyusundan və yerlərdən
asılıdır. Restoranlarda qiymətlər
adambaşına 80-500 manat arasında dəyişir.
Həmin rəqəmi ailə üzvlərinin sayına görə
hesablasaq, məbləğin kifayət qədər
yüksək olduğunu görərik.
Ancaq elə sakinlərimiz də var ki, Yeni
ili dünyanın fərqli ölkələrində
keçirməyə üstünlük
verirlər. Buna görə də, bir çoxları turizm
şirkətlərinin təklif etdikləri Yeni
il turpaketlərindən yararlanırlar. Bu ərəfələrdə
yerli turizm şirkətlərinin
xarici ölkələrə təşkil etdiyi Yeni il
paketlərinin qiymətləri də fərqlidir. Ölkənin
ən tanınmış turizm şirkətlərindən
aldığımız məlumata görə, bu
günə qədər ən çox
turpaketlər Türkiyə, Gürcüstan
və digər postsovet ölkələrinə
satılıb. Hər il olduğu
kimi, bu il də qonşu Gürcüstana axının səbəbi nəqliyyat
sisteminin rahatlığı, qış turizminin bu ölkədə
inkişafı və qiymətlərin nisbətən ucuzluğudur. SİA-travel
saytından aldığımız məlumata görə, Gürcüstanda “Tbilisi Courtyard by Marriott”
otelində 3 günlük Yeni
il istirahəti, yol xərcini
və yemək xərcini özünüz
ödəməklə 330 manata başa gəlir. ECTravel
şirkəti isə Gürcüstanın Bakuriani
bölgəsində bir nəfərlik bilet 7 gecə 8 gün qalmaqla 599 manata başa gəlir. Türkiyənin müxtəlif
şəhərlərində təşkil edilən
turların qiyməti isə fərqlidir. Məsələn, “Turizm.az” saytında qeyd olunur ki, Uludağda
6 gecə 7 gün bir
nəfər üçün 810 manat, İstanbulda Yeni ili qarşılamaq üçün 4 gün üçün 320 manat sərf
etmək lazımdır. Dubayda isə yeni il qarşılamaq tamam fərqlidir. Yəni burada
qarsız yeni ili sevənlər
4 gün üçün
565 manat ödəməlidir.
SW travel
şirkəti Parisdə möhtəşəm Yeni
il gecəsi üçün
bir nəfər 1285 manat
ödəyib 8 gün Fransanın
paytaxtını gəzəcək. Praqada
isə Yeni il bir nəfərə 1139 manata
başa gələcək. Digər
maraqlı fakt odur ki, Roma+Milan turunu “SİA travel”
müştərilərinə dekabrın 29-dan yanvarın 4-dək
5 gün üçün
595 manata təklif edir.
İlk baxışdan normal
qiymət olduğu görünür.
Lakin buraya 50 manat viza, 60 avro viza haqqı və aviabilet 480 manat əlavə
olunur.
Maraqlı məqama çatdıq. İndi isə Yeni ili ölkənin bölgələrində keçirmək istəyənlərə şok xəbərimiz var. Ekspertlər hesab edirlər ki, yerli turistlərin xaricə üz tutmalarının başlıca səbəbi Azərbaycanda fəaliyyət göstərən turizm mərkəzlərinin düzgün qiymət siyasəti formalaşdıra bilməməsidir. Elə turizm obyektləri var ki, orada bir həftəlik istirahətin qiyməti qonşu xarici ölkələrdəki qiymətlərdən demək olar ki, fərqlənmir, bəzi hallarda üstələyir.
Yuxarıda qeyd olunan paytaxt
Bakının restoranlarının qiymətləri, xarici ölkələrə Yeni
il turları bir yana bizim daxili
turlarımız bir yana.
Burada qiymət qış olmasına baxmayaraq olduqca
“qızmardır”. Azərbaycanda Yeni ili keçirmək istəyənlər əsasən,
Nabrana, Qəbələ, Lerik,
Şəki, İsmayıllı, Şamaxı, Qusar,
Qax və digər rayonlara
üz tuturlar. Qaxda yerləşən məşhur otellərin
birində Yeni il şənliyi
29 dekabrdan yanvarın 1-nə qədər davam edir. Dörd
gecənin qiyməti -2 nəfər üçün
800 AZN-dən 1500 AZN-ə qədərdir. 1 nəfər üçün turun qiyməti
-330 AZN-dir.
Qəbələdə
Semerana otelində 1 nəfərlik 1 gün 120 manatdan
başlayır. Bundan başqa,
Yeni il şousuna
qatılmaq üçün əlavə pul ödənilir. Turagent
şirkətinin saytının məlumatına görə
Şəkidə 4 günlük istirahət
214 manatdan, Qusarda isə
4 günlük istirahət 410 manatdan başlayan qiymətlərə
başa gəlir. Hələ bəzi otellərdə
bu qiymətlərə yalnız səhər
yeməyi daxildir. Yeni il şousu üçün
isə əlavə pul ödənilir. “Turizm.az” saytından əldə etdiyimiz məlumata görə, Qusarın
“Qayı Bulaq” otelində bir
günlük bir nəfər
125 manat ödəməlidir.
Sonda qiymətindən və harada
keçirməkdən asılı olmayaraq
hər kəsə gözəl qış, xüsusilə də
Yeni il istirahəti
arzulayırıq.
Orxan Vahidoğlu
İki sahil.- 2013.- 24 dekabr.- S.31.