SÖZƏ ÜRƏK DOSTU, CAN SİRDAŞI
DEYƏN ŞAİR 60 YAŞINA ÇATDI
...1971-ci ilin payız günləri idi. Onda dünyanın ən gözəl çağıydı, onda tələbə idik. Toplaşardıq Naxçıvan şəhərindəki Hüseyn Cavid adına kinoteatrın həyətindəki bağa: Rafiq Babayev, İnqilab Orxan, Asim Yadigar, Zeyqəm Vüqar... bir də mən. Şeir oxuyardıq, oxunanlara fikir söyləyər, münasibət bildirərdik.
Bizdən fərqli olaraq, öz şeirlərini
əzbərdən söyləyirdi Asim.
Hamı diqqətlə dinləyirdi onu, yeri gələndə iradlar
da bildirilirdi -
razılaşırdı da, razılaşmırdı
da. İnsafən, şerləri daha çox səmimi, yaddaqalan, qəlboxşayan, qəlbəyatan idi. Onda “yada
düşəndə ürəyin tellərini sızladan” tələbəlik
həyatını yaşayırdıq, onda
bizim 16-17 yaşımız var idi... Bu
gün isə Asim
artıq ömrünün
altmışıncı pilləsindədir.
Bu müddətdə Asim
şeirdən-şeirə, kitabdan-kitaba
püxtələşmiş, yeniləşmiş, şeiri-sənəti
həmişə uca tutan
şairlərdən olmuşdur. Özünün də etiraf
etdiyi kimi: “Mən
sözlə oynayıram. O, sözlə ki,
dünən vardı, bu gün
var, sabah da olacaq. Dünəndən
bu günə yol gələn,
bu gündən sabaha yol başlayan söz mənim üçün
canlı bir varlıqdır. Dərdimi onunla bölüşə bilirəmsə, onu deyib qurtarandan
sonra bir azacıq rahat nəfəs ala bilirəmsə
- sözə ürək dostu, can sirdaşı deməyim, bəs nə deyim? Mən sözün quluyam, ona bəndəlik
etmək mənim üçün xoşdur”.
Sözə “ürək
dostu, can
sirdaşı” deyən Asim Yadigar 5 yanvar 1954-cü ildə
Şərur rayonunun Püsyan
kəndində anadan olmuş
və həmin kənddəki orta məktəbi
bitirmişdir. Hələ şagird
ikən ədəbiyyata olan
marağını tanınmış şair,
əmisi Əliyar Yusiflidən aldığı məsləhətlər
daha da
artırmışdır. Elə bu həvəslə
də orta təhsilini başa
vurduqdan sonra sənədlərini
Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki
Naxçıvan Dövlət Universitetinin)
filologiya fakültəsinə vermiş və orada əyani
təhsil almışdır.
Ali məktəb illərində Naxçıvanda “gur yanan” poeziya
tonqalının istisində Asim Yadigar da
“qızınmış”, bu gün Azərbaycan elmində və ədəbiyyatında
özünəlayiq yerlər tutmuş İsa Həbibbəyli, Akif
İmanlı, Elman Həbib, Əbülfəz
Muxtaroğlu, Vaqif Məmmədov,
Muxtar Qasımzadə kimi
istedadlı şair və yazıçılarla birgə ədəbi
dərnəklərdə, ədəbi məclislərdə iştirak etmiş,
şeirlər oxumuşdur.
Naxçıvan
Dövlət Pedaqoji İnstitutunu
bitirdikdən sonra 7 il
Qıvraq kənd orta məktəbində
Azərbaycan dili və ədəbiyyatı
müəllimi işləyən Asim Yadigar şagirdlərinə dilimizin
və ədəbiyyatımızın zənginliklərini
öyrətməklə yanaşı, bədii
yaradıcılıq sahəsində də uğurlar qazanmışdır. Şeirləri mətbuatda,
müxtəlif toplu və almanaxlarda
çap olunmuş, radio və televiziyada səslənmişdir.
Onun yaradıcılığı
haqqında Xalq yazıçısı Hüseyn İbrahimov, ədəbiyyatşünas
alim Yavuz Axundlu, şairlərdən Hüseyn
Razi, Əliyar Yusifli,
Kəmalə Ağayeva və
başqaları xoş sözlər
demişlər.
Asim Yadigar 1982-ci ildən 1989-cu ilə kimi Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan bölməsində məsləhətçi,
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio
Verilişləri Komitəsində “Ədəbi-bədii proqramlar” baş
redaksiyasının baş redaktoru
vəzifələrində çalışmışdır.
2007-ci ilin yanvar
ayından isə Naxçıvan
Yazıçılar Birliyinin sədridir.
O, qədim yurd yerlərimizdə yaşayan
nənələrimizin, babalarımızın söz
boğçasından topladığı şifahi
xalq ədəbiyyatı nümunələrini
bugünkü nəslə
çatdırmışdır. Azərbaycan
Yazıçılar Birliyi üzvlərinin,
neçə-neçə istedadlı məktəblinin, tələbənin
ilk şeirlərinin dinləyicisi olmuş, onlara “Uğurlu yol”
yazmış, kitablarını redaktə etmişdir.
Şair dostumuzun
yaradıcılıq yollarında ilk uğuru 1988-ci ildə “Yazıçı” nəşriyyatında
çap olunan “Zirvə
yolu” kitabıdır. Bu
kitabdan sonra Asim “Unut bu
sevdanı”, “Oğul dağı”, “Hər şeyin sonu var”, “Midiyanın süqutu”,
“Kalba Musa
çeşməsi” kimi şeir
və poemalar kitablarını
oxucularına ərmağan etmişdir. Azərbaycan
müstəqillik qazandıqdan, üzümüzə dost və qardaş
qapıları açıldıqdan sonra Asim Yadigarın şeirləri, şeirlərindən
ibarət kitabları İran İslam Respublikasında, Türkiyə
Cümhuriyyətində də çap olunur və sevilə-sevilə oxunur.
Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin “Azərbaycan dünyaya
Günəş kimi doğacaq”
müdrik kəlamını öz şeirinə epiqraf
seçən A. Yadigar sabaha
inamla, dahi rəhbərə
tükənməz məhəbbətlə yazır:
Dalğalanır
Bayrağım, köksümə sığmır ürək,
Qəlbim
toy libasında, bu toyu çaldıran var.
Öz-özünə qalxmayıb, ucalmayıb o Bayraq,
O Bayrağı bayraqtək ucaldan, qaldıran var.
“Azərbaycan Bayrağı”,
“Bir bayraq altında...”, “Fəxri Xiyabanda düşüncələr”,
“Hücum əmri ver mənə” kimi şeirlərində ulu rəhbərimiz Heydər Əliyevə, Azərbaycan xalqının
dövlət atributlarına,
Vətənə, onun
hər qarış torpağına böyük
səmimiyyət duyulur.
Yaşadıqları şanlı və
işıqlı ömürlərini
xalqının xoş
sabahına həsr etmiş şəxsiyyətlər
haqqında yazdığı
şeirlər də oxucular tərəfindən
səmimi qarşılanıb.
Bu mənada akademik Zərifə Əliyevanın
əziz xatirəsinə
həsr edilmiş “İşıq seli”, görkəmli dövlət
xadimi və həkim Əziz Əliyevə yazılmış
“İşıq ömrü
yaşayanlar”, Hüseyn
Cavidə həsr etdiyi “Ulu Cavid”,
sevimli müəllimi,
tarixi romanlarımızın
tədqiqatçısı, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü Yavuz
Axundlunun 80 illik yubileyinə yazdığı
“Əlimdədir hələ
qələm” şeirləri
oxucular tərəfindən
layiqli qiymətini almışdır.
Hər
birimizdə olduğu kimi, istedadlı qələm sahibi Asim Yadigarın da qəlbinin dərinliklərində bir
qəm, bir nisgil, bir həsrət
yaşayıbdır. Odlar Yurdu Azərbaycanımızı
qılınc kimi ortadan bölən, tikanlı məftillərlə
çarmıxa çəkilən
Araz çayının
üzərindən keçmək,
parçalanmış Vətənin
qoynunu dolaşmaq, qədim mədəniyyətimizi
və abidələrimizi
özündə qoruyub-saxlayan
tacımız və vüqarımız Təbriz
şəhərini görmək
və qoynunda dolaşmaq şair üçün uzun illər əlçatmaz arzu olubdur. Nəhayət, Araz çayının üstündən adlayıb
Cənubi Azərbaycana
qovuşmağı şair
ömrünün ən
unudulmaz, ən çılğın, ən
təbli günü hesab edir. “Təbrizim”, “Zəncanım”,
“Tut ağacları”, “Türkmənçaya
gedən yol”, “Açıq məktub”, “Ərk qalası”, “Mən dinə bilmirəm”, “Bu yol Təbriz yoludur” kimi şeirlərin doğum tarixi Arazdan keçilən gündən başlayır.
Şairin “A Məmməd
Araz” şeirində Xalq şairinə böyük sevgi, yaradıcılığına məhəbbət
hissləri tərənnüm
olunmuşdur:
Ürəyimi göynədir
həsrət yenə,
dərd yenə,
Zamanın sillələri
dəydi yaman sərt mənə,
Qayalaşıb, daşlaşıb
yaşamaq öyrət
mənə,
“Dərdimi dənə
döndər, üyüt,
A Məmməd Araz”.
Şairin
müxtəlif illərdə,
ayrı-ayrı kitablarında
10 poeması nəşr
olunmuşdur. Bu poemaların hər biri ayrı-ayrı mövzuları əhatə
edir.
Naxçıvan Muxtar Respublikası
Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin deputatı, istedadlı şair
Asim Yadigarın 60 yaşı tamam olur. Özünün
yazdığı kimi, çiçək zərifliyini,
çiçək kövrəkliyini bayraq kimi başı
üzərinə qaldırıb, könül varı ilə -
şeirləri ilə bundan sonra da hələ neçə-neçə
kitabları ilə görüşümüzə gələcəkdir.
Hər bir şeiri könlümüzü
ovudacaq, hər bir
misrası, hər bir bəndi
dodaqlarımızda səslənəcəkdir. Belə bir şairin oxucusu olduğumuz üçün özümüzü
xoşbəxt sayacağıq.
İbrahim YUSİFOĞLU,
“Şərur” Ədəbi Birliyinin rəhbəri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı
İki
sahil.- 2013.- 26 dekabr.- S.13.