“Azərsu”dan işçilərə növbəti sosial layihə

 

“Azərsu” ASC işçilərin əməyinin yüksək qiymətləndirilməsinin nümunəsi olaraq “Motivasiya Proqramı”na uyğun olaraq sosial həyatın müxtəlif sahələrini təmsil edən aparıcı şirkətlərlə yeni əməkdaşlığa başlayır

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində işçilərin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Həyata keçirilən sosial tədbirlər çərçivəsində Səhmdar Cəmiyyətdə “Motivasiya Proqramı” hazırlanmış və dekabrın 25-də proqramın təqdimatı keçirildi. Müxtəlif təşkilatlardan və özəl şirkətlərdən 100-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin sədr müavini Mahir Məmmədov qonaqları salamlayaraq vurğuladı ki, əsası müstəqil Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra ASC-nin sədr müavini ölkəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verdi. M.Məmmədov bildirdi ki, layihələrin icrasında və qazanılan nailiyyətlərdə Səhmdar Cəmiyyətin hər bir üzvünün payı vardır. M.Məmmədov “Azərsu” ASC-də işçilərin sosial rifahının yaxşılaşdırılmasının prioritet məqsədlərdən olduğunu xatırladaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırdı. “Bu gün təqdimatı keçirilən “Motivasiya Proqramı” “Azərsu” ASC-də işçilərin əməyinin yüksək qiymətləndirilməsinin nümunəsidir. Proqrama uyğun olaraq sosial həyatın müxtəlif sahələrini təmsil edən aparıcı şirkətlərlə yeni əməkdaşlığa başlayırıq. Ümidvarıq ki, bu əməkdaşlıq həm sizlər, həm də “Azərsu” ASC-nin kollektivi və onların ailə üzvləri üçün səmərəli olacaqdır. Belə ki, kollektivimizin üzvləri sizin təklif etdiyiniz məhsul və xidmətlərdən müəyyən güzəştlər əldə edəcək, sizlərsə yeni korporativ müştərilər qazanacaqsınız. Hesab edirəm ki, bu proqramın icrasının səmərəliliyi hər iki tərəfin qarşılıqlı əməkdaşlığından asılı olacaq.”

Hazırda ASC-də işçi sayının 12 mindən çox olduğunu deyən M.Məmmədov əlavə etdi ki, vəzifəsindən və peşəsindən asılı olmayaraq bütün işçilərin sosial təminatının yaxşılaşdırılması cəmiyyətimiz tərəfindən xüsusi diqqətdə saxlanılır. “Kollektivimizin əməyini yüksək qiymətləndirərək onların və ailə üzvlərinin maddi və sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bu məqsədlə işçilərin yay mövsümündə istirahət mərkəzlərində dincəlməsi üçün tədbirlər görülür. Əlamətdar günlərdə bayram tədbirlərdə işçilərimizin və onların ailə üzvlərinin mədəniyyət tədbirlərində iştirakı təmin olunur.”

Səhmdar Cəmiyyətin İnsan resurslarının idarə olunması şöbəsinin rəisi Rahid Fətəlizadə “Motivasiya Proqramı” barədə ətraflı məlumat verərək bildirmişdir ki, bu, hazırda respublikada həyata keçirilən ən böyük motivasiya layihələrindən biridir. Proqram çərçivəsində 100-dən çox şirkətlə əməkdaşlıq barədə ilkin razılıq əldə olunub. R.Fətəlizadə vurğuladı ki, işçilərlə müasir motodoloji yanaşmalar çərçivəsində, həmçinin onların asudə vaxtlarının səmərəli keçirmələri baxımından əməkdaşlarımıza qarşı məsuliyyətli olmaq, diqqət və qayğı göstərmək bizim prioritet məsələmiz, proqramın əsas məqsədidir.

Tədbirdə iştirak edən “Azərtürkbank” ASC, “Diaqnoz” Tibb Mərkəzi, Qafqaz Universiteti və Psixoloji Konsultasiya Mərkəzinin nümayəndələri “Azərsu” ASC ilə “Motivasiya Proqramı” çərçivəsində əməkdaşlıqdan məmnunluqlarını bildirdilər. Çıxış edənlər müəssisə nümayəndələri Səhmdar Cəmiyyətin işçiləri üçün məhsulların satışında xüsusi güzəştlərin tətbiq ediləcəyini və yüksək səviyyədə xidmətlər göstəriləcəyini vurğuladılar.

 

Orxan Vahidoğlu, “İki sahil”

İslam Kazımov (foto)

 

İki sahil.- 2013.- 26 dekabr.- S.11.