Xaçmazda görkəmli dövlət xadimi

Əziz Əliyevin xatirə muzeyi açılmışdır

 

Dekabrın 25-də Xaçmazda görkəmli dövlət xadimi, vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş Əziz Əliyevin xatirə muzeyinin açılış mərasimi olmuşdur.

 

AzərTAc xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi şəxsləri iştirak etmişlər.

Mərasim iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Muzeyin açılış mərasimində çıxış edən Dağıstan Xalq Məclisinin sədr müavini Seyfullah İsakov bildirmişdir ki, Əziz Əliyev özünün çoxşaxəli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun rəmzinə çevrilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov çıxışında iki respublika arasında mövcud dostluq-qardaşlıq əlaqələrindən danışmış, bu münasibətlərin formalaşmasında Əziz Əliyevin rolunu xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, çətin bir dövrdə Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən uğurla gələn Əziz Əliyev bu dostluğun daha da möhkəmlənməsində əhəmiyyətli addımlar atmışdır. Qeyd olunmuşdur ki, Əziz Əliyevin muzeyinin açılışında qonşu respublikanın yüksək vəzifəli şəxslərinin iştirakı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında səmimi dostluq münasibətlərini bir daha nümayiş etdirir.

Çıxışlardan sonra muzeyin rəmzi açılışını bildirən lent kəsilmişdir. Mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Nəriman Nərimanov prospektində yerləşən muzeyin tikintisinə 5 ay əvvəl başlanmışdır. Zaliki otaqdan ibarət olan muzeydə görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 100-ə yaxın foto və rəsmi sənədlər nümayiş etdirilir. Muzey binasının qarşısında isə Əziz Əliyevin büstü qoyulmuşdur.

Mərasim iştirakçıları muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazmışlar.

Sonra xatirə şəkli çəkdirilmişdir.

Açılış mərasimindən sonra qonaqlar Xalqlar dostluğu, Tarix-diyarşünaslıq və Şəxsiyyətlər muzeylərində olmuş, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və Dağıstanın tanınmış dövlət xadimi Səid Qurbanovun Xaçmazda ucaldılmış abidələrini ziyarət etmişlər.

 

İki sahil.- 2013.- 26 dekabr.- S.4.