“Qloballaşma və
müasir informasiya cəmiyyətində
insan
hüquqlarının təminat sistemləri”
Bakı Dövlət Universitetində beynəlxalq
konfrans keçirilmişdir
Dekabrın
25-də Bakı Dövlət Universitetində (BDU) İnsan
Hüquqları haqqında Ümumi Bəyannamənin 65-ci ildönümünə
həsr edilmiş “Qloballaşma və müasir informasiya cəmiyyətində
insan hüquqlarının təminat sistemləri” mövzusunda
Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Bakı Dövlət
Universitetinin hüquq fakültəsi və Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları
İnstitutunun birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə,
Ukrayna, Rusiya və digər ölkələrdən olan alim,
mütəxəssislər, müəllim və tələbələr
iştirak etmişlər.
BDU-nun rektoru, Milli Məclisin
deputatı, akademik Abel Məhərrəmov ümummilli lider
Heydər Əliyevin ölkəmizdə hüquqi-demokratik,
dünyəvi dövlət quruculuğunda tarixi xidmətlərindən
danışmış, Ulu Öndərin ideyalarının Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata
keçirildiyini vurğulamışdır.
Rektor
xatırlatmışdır ki, “İnsan Hüquqları
haqqında Ümumi Bəyannamə”nin qəbul olunmasından
65 il ötür. İkinci Dünya müharibəsindən
sonra dünyada insan hüquqlarının qorunmasına
xüsusi önəm verilmiş, 1948-ci il dekabrın 10-da BMT tərəfindən
“İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” qəbul
olunmuşdur.
Qeyd edilmişdir ki, Azərbaycanın
müstəqillik qazandıqdan sonra ümumbəşəri dəyərlərin
üstünlüyünü qəbul edərək demokratik,
hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni
zamanda, bəşər sivilizasiyasının idealları olan
azadlığı, insan hüquqlarını, ədaləti və
sülhü özünün inkişaf yolu seçmişdir.
Ölkəmiz bir tərəfdən insan hüquqları sahəsində
qəbul edilmiş əhəmiyyətli beynəlxalq müqavilələrə
qoşulmuş, digər tərəfdən isə bu sahədə
mövcud beynəlxalq standartlara uyğun olaraq
özünün dövlətdaxili qanunvericiliyini
yaratmışdır.
Müstəqil Azərbaycanda
insan hüquqlarının təmin edilməsinə xüsusi
önəm verildiyini qeyd edən akademik A. Məhərrəmov
vurğulamışdır ki, ölkəmizdə insan
hüquqları və azadlıqlarının bərpa
olunması, inkişaf etdirilməsi siyasətinin əsası
dahi rəhbər Heydər Əliyev tərəfindən
qoyulmuş, bilavasitə Ümummilli Liderin rəhbərliyi və
təşəbbüsü ilə müvafiq normativ-hüquqi sənədlər
qəbul edilmişdir. İnsan hüquqlarına dair 300-dən
çox təşkilatda təmsil olunan Azərbaycan bir
çox nüfuzlu beynəlxalq qurumlara üzv olmuşdur.
Ulu öndər Heydər
Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən qətiyyətlə davam etdirildiyini bildirən
rektor, dövlətimizin başçısı tərəfindən
insan hüquqlarına dair imzalanan sənədlərin əhəmiyyətini
vurğulamışdır.
Ölkəmizdə
insan hüquqları üzrə elmi tədqiqatlara və
mütəxəssis hazırlığına böyük diqqət
verildiyini qeyd edən rektor bildirmişdir ki, Bakı Dövlət
Universitetinin hüquq fakültəsində magistratura pilləsində
ingilis dilində tədrisi aparılan “İnsan
hüquqları” ixtisaslaşmasında bu sahə üzrə
peşəkar mütəxəssis hazırlığı həyata
keçirilir. Eyni zamanda, hüquq fakültəsində insan
hüquqları kafedrasının və hüquq
klinikasının yaradılması da insan
hüquqlarının tədrisi, təbliği və təminatında
mühüm rol oynamaqla dövlətimizin bu sahədəki fəaliyyətinə
önəmli dəstək verəcəkdir.
AMEA-nın prezidenti,
akademik Akif Əlizadə Azərbaycanda insan hüquq və
azadlıqlarının təmin olunması istiqamətində
tədbirlərin uğurla həyata keçirildiyini
bildirmişdir.
Azərbaycan Milli Elmlər
Akademiyası ilə Bakı Dövlət Universiteti arasında
əlaqələrdən bəhs edən A. Əlizadə
informasiya-kommunikasiya texnologiyalarının müasir dünyada
elmin, təhsilin inkişafında mühüm rolunu, Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ilin
ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları
ili” elan edildiyini xatırlatmışdır.
AMEA İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir
üzvü Rasim Əliquliyev “İnformasiya cəmiyyəti
şəraitində insan hüquqları problemləri və
onların həlli istiqamətləri”, Bakı Dövlət
Universiteti hüquq fakültəsinin dekanı, professor Əmir
Əliyev “İnformasiya hüququ hüququn yeni bir istiqaməti
kimi: insan hüquqları aspektindən yeni yanaşmalar və
beynəlxalq praktika” mövzularında məruzələr
etmişlər.
Konfransda Rusiyanın
Kazan Federal Universitetinin professoru Revol Valeyev, Krakov Universitetinin
professoru Aleksandr Merejko və digər alimlərin də məruzələri
dinlənilmişdir.
Bakı Dövlət
Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının
İnformasiya Texnologiyaları İnstitutu arasında yeni təsis
ediləcək “İnformasiya hüququ” sahəsində
magistratura təhsil pilləsində əməkdaşlığa
dair Anlaşma Memorandumu imzalanmışdır.
Konfransın “Dövlət
və hüquq nəzəriyyəsi və tarixi”, “Konstitusiya
hüququ”, “Beynəlxalq hüquq”, “İnsan hüquqları” ,
“İnformasiya təhlükəsizliyi” və digər bölmə
iclaslarında 180-dək məruzə dinlənilmişdir.
İki
sahil.- 2013.- 26 dekabr.- S.7.