Dövlət Neft Şirkətinin ən modern qurumu

 

İnayət Hüseynov: ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsi “İnformasiya-kommunikasiya texnologiyaları ili”ni yüksək nailiyyətlərlə qarşılayır

 

Son illər Prezident İlham Əliyevin Azərbaycanın neft və qaz sektoruna göstərdiyi diqqət və qayğısı sayəsində Dövlət Neft Şirkəti modern bir quruma çevrilərək, neft sənayesinin maddi-texniki bazasını gücləndirərək, mütərəqqi texnologiyaların, o cümlədən müasir İnformasiya - Kommunikasiya Texnologiyalarının (İKT) tətbiqinə diqqət xeyli artıb.

İKT sistemlərinin idarəetmədə artan rolu və onun ARDNŞ üzrə geniş tədbiqinə yaranan zərurəti nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2006-cı il tarixli Fərmanının icrası ilə əlaqədar ARDNŞ-in rəhbərliyinin əmri ilə Şirkətin birbaşa tabeliyində İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (İTRİ) yaradılıb. Keçən dövr ərzində İTRİ sürətlə inkişaf edərək Neft Şirkətinin ən modern qurumuna çevrilib. Görülən işlərlə bağlı və 2012-ci ilin yekunları barədə oxucularımıza məlumat vermək üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi, Əməkdar mühəndis, iqtisad elmləri üzrə fəlsəfə doktoru İnayət Hüseynovla görüşdük.

- İnayət müəllim, ilk öncə ilin yekunları ilə bağlı hansı uğurların əldə olunduğu barədə məlumat vermənizi istərdik.

- Əvvəla bildirmək istəyirəm ki, ölkə Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması bu sahədə çalışan bütün əməkdaşların sevincinə səbəb oldu. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi də “İnformasiya-kommunikasiya texnologiyaları ili”ni yüksək nailiyyətlərlə qarşılayır.

Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi qazanılmış nailiyyətlərdən bəhrələnərək 2012-ci ildə ARDNŞ və onun tabeliyindəki müəssisələrdə kompyuterləşmə, maliyyə və uçot məsələlərinin avtomatlaşdırılması, geoloji, geofiziki və mədən verilənlərinin Məlumatlar Bankının yaradılması, sənəd dövriyyəsi və informasiya mübadiləsinin təşkili, istehsalatın idarə edilməsi, müasir tipli rəqəmsal rabitə sistemlərinin qurulması, həmçinin ARDNŞ-in bütun müəssisə və idarələrini əhatə edən Korporativ şəbəkə sisteminin yaradılması, informasiya təhlükəsizliyinin təmin edilməsi və digər bu kimi mühüm sahələri əhatə edən xidmət işlərini yerinə yetirib.

BRP sistemində maliyyə funksiyalarının, maddi-texniki funksiyalarınin, insan resursları funksiyalarının, korporativ məlumat resurslarının tənzimlənməsi işləri, BRP sistemini istifadə edən istifadəçilərə texniki və funksional dəstək verilməsi işləri görülmüşdür. ARDNŞ-in müəsisisə və təşkilatlarında tətbiq olunmuş BRP sisteminin Fİ, MM, SD, HR, FSCM (TRM komponenti), GRC (AC komponenti) modulları istismara verilmiş və bu modullar üzrə dəstək işləri aparılmışdlr. SAP sisteminin CO, BPC (Büdcələşmə), BPC (Konsolidasiya), GRC (RM komponenti), BW modulları üzrə tədbiq işləri davam etdirilir. Həmçinin SAP sisteminin istehsalat sahəsinə aid olan PP, PM, PS və QM modullarının tətbiqi davam edilir. Hazırda SAP sisteminin ARDNŞ üzrə 1900-dən artıq istifadəçisi vardır.

ARDNŞ-də kağız axınının minimuma endirilməsi üçün nəzərdə tutulan Opentext Proqram Kompleksinin tətbiqi ilə bağlı işlər davam etdirilir. Layihənin 2013-cü ildə başa çatdırılıb istifadəyə verilməsi planlaşdırılmışdır.

ARDNŞ-in Mərkəzi Arxivində yerləşən sənədlərin skan edilməsi ilə elektron sənədlərin yaradılıb Mərkəzi Elektron Arxivdə (MEA) saxlanılması məqsədi ilə “MEA yaradılması” layihəsinin tətbiqi və layihə çərçivəsində OpenText ilə inteqrasiya olunması üzərində işlər aparılmışdır.

- Dövlət Neft Şirkətinə işə qəbulla bağlı hansısa yeni proqram işlənibmi?

- ARDNŞ üzrə yeni qayda ilə işə qəbul proseduruna əsasən proqram paketi işlənib istismara verilmişdir. Proqram paketi vasitəsilə ARDNŞ-in rəsmi veb səhifəsində karyera bölməsi açılmış və vakansiyaların elan olunması, müraciətlərin verilməsi, sənədlərin işlənməsi, vakansiyaların təsvirində istənilən dəyişikliklərin edilməsi imkanı yaradılmışdır. Karyera bölməsinin SAP ERP sisteminə inteqrasiya edilməsi üçün hazırlıq işləri aparılmışdır.

- Məlumdur ki, 2012-ci ilin aprelindən Geoloji Mədən Verilənlərinin Korporativ Bazasının İdarəedilməsi Departamenti yeni layihə üzərində çalışır. Bunun nə kimi nəticəsi olacaq?

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geoloji Mədən Verilənlərinin Korporativ Məlumatlar Bazasının yaradılması ilə bağlı təsdiq olunmuş qrafikə əsasən “ODLAR” layihəsinin 4-cü fazası tam yerinə yetirilmişdir. 2012-ci ilin aprel ayından Geoloji Mədən Verilənlərinin Korporativ Bazasının İdarəedilməsi (GMVKBİ) Departamenti layihənin 5-ci, sonuncu fazası - qalan quyuların və yataqların verilənlərinin Korporativ Məlumatlar Bazasına (KMB) yüklənməsi, həmçinin hesabatların hazırlanması üzərində işləyir. KMB-dən istifadəni genişləndirmək məqsədi ilə 2012-ci ildə ARDNŞ-in idarə aparatı da daxil olmaqla “Azneft” İB-nin, Geofizika və Geologiya İdarəsinin, “Nefqazelmitədqiqatlayihə” İnstitutunun və “Kompleks Qazma İşləri” Trestinin idarələrindən ümumilkdə 80-dən yuxarı istifadəçi departament tərəfindən bazaya qoşulmuşdur. “ODLAR” KMB-yə qoşulanlara bazadan istifadə qaydası öyrədilmiş və texniki dəstək göstərilməkdədir.

- Korporativ Məlumatlar Bazasına qoşulma istiqamətində nə kimi işlər görülüb?

- 32 yataq üzrə 4200 quyu məlumatları toplanmış, keyfiyyətə nəzarət işləri başa çatdırılmış və bazaya yüklənmışdir. Quyu məlumatları, karotaj verilənləri və geofizika ilə bağlı 49600 ilkin sənəd skanlaşdırılıb bazaya daxil edilmişdir.

Bundan əlavə, 2000-dən çox 2D seysmik profil, 4 ədəd 3 ölçülü seysmik məlumat və müxtəlif geoloji geofiziki formatlarda (LAS, WGS, ASCİİ) verilənlər keyfiyyətə nəzarət kontrolundan keçərək bazaya yüklənmişdir. “Günəşli” yatağında Balaxanı lay dəstəsinin IX horizontunun cari vəziyyətinin öyrənilməsi və işlənilmə modelinin yaradılması” mövzusu üzrə hesabat dövründə Balaxanı Lay Dəstəsının IX horizontu üzrə qazılmış quyuların məlumatları toplanaraq OpenWorks proqramına yüklənmiş, PetroWorks proqramında quyu məlumatlarının analizi aparılaraq hər quyu üçün petrofiziki parametrlər hesablanmış, yatağın 3 ölçülü geoloji modeli (PETREL) qurulmuşdur. Həmçinin yatağın karbohidrogen ehtiyatları hesablanmış və horizontun optimal işlənməsi üçün proqnoz variantları (ECLİPSE) təklif olunmuşdur.

“ODLAR” KVB-nın yaradılması və inkişaf etdirilməsi barədə Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Milli Neft Sərvətləri Beynəlxalq konfransında məruzə edilmişdir. Elə oradaca, Təşkilat Komitəsi tərəfindən növbəti beynəlxalq konfransın Bakı şəhərində 2014-cü ildə keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bununla əlaqədar olaraq ARDNŞ-in göstərişlərinə əsasən konfransa hazırlıq işlərinə start verilmişdir. ARDNŞ tərəfindən alınmış Roxar şirkətinin proqram təminatının öyrənilməsi ilə əlaqədar olaraq İTRİ-də təlim kursları təşkil edilmişdir.

- Rəhbərlik etdiyiniz idarə ARDNŞ-in Korporativ şəbəkə sisteminin genişləndirilməsi işini davam etdirirmi?

- Bəli, bu istiqamətdə də xeyli işlər görülməkdədir. ARDNŞ-in Korporativ şəbəkə sisteminin genişləndirilməsi işlərində 19155 m Fiber optik (FO) və 20320 m Simmetrik kabeldən (mis) istifadə olunmuşdur. Fərdi kompyuterlərin Korporativ şəbəkəyə qoşulması üçün yerlərdə 218 lokal şəbəkə quraşdırılıb istismara verilmişdir. Hazırda ARDNŞ-in 113 idarə, müəssisə və sahələrini əhatə edən 480 lokal şəbəkə vasitəsilə 6500-ə yaxın istifadəçi Korporativ şəbəkəyə qoşularaq internet, fayl mübadiləsi, kənar təsirlərdən gələn təhlükələrdən qorunma və digər şəbəkə xidmətləri ilə təmin edilmişdir.

Personal kompyuterlərdə Windows və ofis proqram paketləri üçün 6500 lisenziya və 7000 istifadəçi üçün Symahtes Antivirus proqram təminatı alınıb və tətbiqi davam etdirilir.

Şəbəkədə müasir tipli optik və simmetrik kabel, peyk və simsiz əlaqə vasitələrinin və müasir telekommunikasiya sistemlərinin tətbiq edilməsi geniş zolaqlı, sabit, dayanıqlı və operativ trafiklərin verilməsinə imkan yaratmışdır. ARDNŞ-in yeni rabitə sistemində 11 Elektron ATS və 48 ədəd rabitə rəfləri quraşdırılmışdır. Kabel çəkilişi mümkün olmayan dəniz və bəzi quru obyektlərində 6 radio-anten qülləsindən, 8 repitor, 304 simsiz rabitə avadanlıqlarından istifadə edilmişdir. Cari ildə rabitə xidmətləri göstərilən telefon abonentlərinin sayı 15175, əl və stasionar radiostansiyaların sayı 1069-ədəd təşkil etmişdir.

- ARDNŞ-in mühüm əhəmiyyətli qaz obyektlərində tətbiq edilmiş sistem vasitəsilə qaz ölçu qovşaqlarından məlumatların yığılması, qəbulu operativ olaraq istifadəçilərə çatdırılması necə təmin edilib?

- Qaz təchizatı sistemində abonentlərə verilən qaz uçotunun şəbəkədən aparılmasının təmin edilməsi məqsədi ilə QİS-lərdə istifadə olunan Avtomatik Qaz İnformasiya Sistemi (AQİS) və SMART tipli sayğaclar üçün 3E proqramlarının tətbiqinə imkan verən serverlərdə tələbata uyğun proqram dəyişilikləri aparılmış, nizamlanmış və istifadəyə verilmişdir.

İl ərzində ARDNŞ və onun tabeçiliyində olan 60-dan çox idarə və müəssisələrdə 3893 ədəd kompyuterə sistem təminatı və texniki xidmət, 4191 ədəd təşkilatı texnika təmir edilmiş və profilaktik xidmətlər göstərilmişdir. Qaz sərfi hesabatlarının operativ yığılması üçün İTRİ tərəfindən yaradılmış və təkmilləşdirilmiş mərkəzi informasiya sisteminin proqram təminatı vasitəsilə qazın fiziki-kimyəvi tərkibi barədə göstəriciləri, ölçü qovşağı, daraldıcı qurğu, diafraqmanın ölçüləri və digər parametrlər barədə məlumatların sayğacın yaddaşına məsafədən yazılması təmin edilir. ARDNŞ-in mühüm əhəmiyyətli qaz obyektlərində tətbiq edilmiş sistem vasitəsilə qaz ölçu qovşaqlarından saatlıq, gündəlik və aylıq qaz həcmləri barədə məlumatların yığılması, qəbulu və Korporativ Şəbəkə üzərindən operativ olaraq istifadəçilərə çatdırılması təmin edilmişdir.

Hazırda İTRİ-nin intellektual məhsulu olan Mərkəzi informasiya sistemi vasitəsi ilə informasiya xidmətləri göstərilən qaz ölçu qovşaqlarının sayı 569-a, elektron qaz sayğaclarına texniki və metroloji xidmət göstərilən qaz ölçu qovşaqlarının sayı isə 523-ə çatdırılmışdır.

- İnayət müəllim, Şirkət daxilində işgüzar fəaliyyətin effektliliyini yüksəltmək, ən yeni texnologiyalar əsasında informasiya mühitinin yenidən qurulmasını təmin etmək və idarəetməni sadələşdirmək istiqamətində hansı yeniliklərdən danışa bilərsininz?

- Məlumat verim ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Microsoft Korporasiyasının lisenziyalı proqram təminatının istifadəsi üzrə strateji razılaşma imzalanıb. Korporasiya ilə strateji əməkdaşlıq və Microsoft Enterprise Agreement korporativ lisenziyalaşdırması proqramı çərçivəsində uzunmüddətli lisenziya razılaşması, ARDNŞ-də işgüzar fəaliyyətin effektliliyini yüksəltməyə, ən yeni texnologiyalar əsasında informasiya mühitinin yenidən qurulmasını təmin etməyə, idarəetməni sadələşdirməyə və müəllif hüquqlarının müdafiəsinə kömək edəcək. Müqavilə çərçivəsində əldə edilən lisenziyalı Microsoft proqram təminatı Dövlət Neft Şirkətinin kompyuter parkının işi üçün bütün proqram platformasını əhatə edir. ARDNŞ neft və qazçıxarma sahəsində dinamik şəkildə İT texnologiyaların tətbiqinə doğru hərəkət edir və şirkətdaxili İT infrastrukturun inkişafına və informasiya təhlükəsizliyinin yüksək səviyyədə təminatına böyük diqqət ayırır. Bununla əlaqədar olaraq bizim üçün Enterprise Agreement proqramı üzrə Microsoft Korporasiyası ilə müqavilə bağlamaq, partnyorlar və dünya cəmiyyəti arasında sabitliyimizin əlavə zamini olması üçün əhəmiyyətlidir. Bizim üçün istifadə edilən proqram təminatının keyfiyyəti son dərəcə əhəmiyyətlidir. Müxtəlif ölkələrdə partnyorların dairəsini genişləndirərək, şirkətimizin səviyyəsinin dünya standartlarına uyğunluğuna arxayın olmaq istəyirik. Microsoft texnologiyaları milli sənayenin liderinə öz biznes proseslərini idarə etmək və biznesin dinamik artması imkanlarını Azərbaycan Respublikasında, həm də onun hüdudları xaricində daha effektiv etməsinə imkan yaradacaq. İmzalanmış razılaşma Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan regionunda aparıcı mövqeyini möhkəmləndirməyə imkan yaradacaq.

- Ötən il Dövlət Neft Şirkətinin rəhbərliyinin əmri ilə Qazsazlama İdarəsi İTRİ-nin tabeçiliyinə verildi. Əmrdən irəli gələn vəzifələrin icrası istiqamətində hansı işlər görülür?

- “Azəriqaz” İB-nin Qazsazlama İdarəsinin istehsalat fəaliyyəti ilə bağlı aparılan araşdırmalarda qaz ölçü qovşaqlarında texniki xidmət işlərinin eyni zamanda İTRİ-nin əsas fəaliyyət istiqaməti ilə birbaşa əlaqəli olduğu müəyyən edilmiş və səmərəliliyinin daha da artırılması məqsədi ilə ARDNŞ-in 75 saylı 22 iyun 2012-ci il tarixli əmri ilə həmin idarə İTRİ-nin tabeçiliyinə verilmişdir. Əmrdən irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə İTRİ-də oxşar xidmət sahələrinin təhlili aparılmış və xidmət işlərinin səmərəliliyinin artırılması üçün Qazsazlama İdarəsi ilə birlikdə müvafiq tədbirlər planı işlənərək həyata keçirilməsinə başlanmışdır. İnformasiya Texnologiyaları və Rabitə idarəsi üzrə movcud xərclərin optimallaşdırılmasını təmin etmək məqsədilə ARDNŞ-in 12 oktyabr 2012-ci il tarixli 139 saylı əmri ilə Qazsazlama İdarəsi ləğv edilərək yeni istehsalat sahəsi - “Qazservisinformatika” Departamenti yaradılmışdır.

Qazsazlama İdarəsinin İTRİ-nin tərkibinə verilməsi və 1 noyabr 2012-ci il tarixdən “Qazservisinformatika” Departamentinin fəaliyyəti dövründə Magistral Qaz Kəmərlərində (MQK) istismarda olan sənaye tipli qaz sayğaclarından informasiyanın ötürülməsi məqsədi ilə müvafiq işlər aparılmış və bir sayğacdan informasiyanın ötürülməsi təmin olunmuşdur.

İnformasiya şəffaflığının yaradılması məqsədilə sənaye tipli qaz sayğaclarının istehsalat dövriyyəsi üzrə hərəkətini, üzərinə vurulmuş plombların və müvafiq aktların qeydiyyatını aparmaq üçün xüsusi proqram təminatı işlənib hazırlanmış və onun təcrübi tətbiqinə başlanmışdır. Uzun müddət fəaliyyətsiz olan yeni QRB-40 qaz sayğaclarının yoxlama qurğusu təmir edilib işlək vəziyyətə salınmışdır.

- Kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə İTRİ hansı işləri həyata keçirir?

- Müəssisənin iş profili üzrə kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin Tədris Mərkəzində yenidən işlənmiş tədris proqramı ilə 8 nəfər, sifarişimizlə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkil etdiyi məqsədli kurslarda 5 nəfər, Elester firması ilə imzalanmış memorandum əsasında Türkiyə təmsilçiliyində təşkil edilən kurslarda 4 nəfər mütəxəssis təmir işləri üzrə təlim keçmiş və təmir işlərinin aparılmasına dair müvafiq sertifikatlar almışlar.

- Qaz həcminin hesablanmasında yüksək dəqiqliyin əldə edilməsi və qazın keyfiyyətinə operativ nəzarətin aparılması istiqamətində nə kimi uğurlar qazanılıb?

- Uzun fasilədən sonra (1998-ci il) Sənaye və məişət qaz sayğaclarının kalibrləmə sahəsi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən səlahiyyətliliyə akreditasiya olunmuşdur. Ölçü cihazları və yoxlama avadanlıqlarının komitənin Təcrübə-Sınaq Mərkəzi tərəfindən sertifikatlaşdırılması həyata keçirilmişdir. “Azəriqaz” İB-nin ROC elektron qaz sayğaclarının metroloji və texniki xidməti işləri tam nəzarətə götürülmüş və sayğacların AR SMP DK-nin tələblərinə uyğun kalibrlənməsinə və qrafik üzrə reqlamentli texniki xidmətinə başlanmışdır. Yaxın məsafədə yerləşən qaz ölçü qovşaqlarına bilavasitə obyektlərdə nəzarətin aparılması üçün Operativ dispetçer nəzarəti sistemi işlənib hazırlanmış və bir sıra qaz obyektlərində (Qaz Emalı Zavodu, N.Nərimanov adına NQÇİ, “28 May” NQÇİ, Qaz Anbarlarının İstismarı idarələri və s.) tətbiq edilmişdir. Qazın tərkibi haqqında göstəricilərin real vaxt rejimində ölçülməsi və elektron qaz sayğacına ötürülməsi üçün avtomatik axın xromotoqraflarının tətbiqinə başlanmışdır. Artıq bu tip xromotoqraflar Qaz Emalı zavodunun girişində və çıxışında müvəffəqiyyətlə quraşdırılıb istismara verilmişdir. Axın xromotoqrafların tətbiqi qaz həcminin hesablanmasında yüksək dəqiqliyin əldə edilməsi və qazın keyfiyyətinə operativ nəzarətin aparılmasına imkan yaradacaqdır.

“Azəriqaz” İB-nin Beynəlxalq və Dövlətlərarası standartların tələbinə uyğun olmayan qaz ölçu qovşaqlarında yenidənqurma işləri aparılmış sərf ölçü cihazları müasir standartlar əsasında yenidən qurulmuşdur. Analoji işlər “Azneft” İB-nin də müəssisələrində aparılmış və 29 yeni qaz ölçü qovşağında quraşdırma, 19 ölçu qovşağında yenidənqurma işləri aparılmışdır. İTRİ-də fəaliyyət göstərən Metroloji laboratoriya müəssisə və idarələrdə istismar olunan 325 ədəd elektron qaz sayğacına kalibrləmə və metroloji xidmət göstərmiş, 242 ədəd neft və neft məhsulları saxlanılan çənlər üçün ölçü-dərəcələnmə işləri aparmışdır.

- İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin tərkibində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Mətbəənin uğurları nə ilə yadda qaldı?

- İTRİ-nin tərkibində fəaliyyət göstərən ARDNŞ-in Mərkəzləşdirilmiş Mətbəəsi cari ildə verilmiş sifarişlər əsasında 50 milyon ədəd blank, 7 milyon ədəd ciddi hesabat blankı, 151 min ədəd idarə blankları, 16 min ədəd jurnal, 6 min ədəd kitab, 5 min ədəd qeydiyyat kitabı və digər müxtəlif çeşidli nəşriyyat-poliqrafiya məhsulları hazırlamışdır. Mətbəənin istehsalat gücünün artırılması məqsədi ilə yeni avadanlıqlar alınmış (iki rəngli çap maşını “Ronald R-202”, kağızkəsən maşın “Wollenberg”) və 2013-cü ildə onların təmir olunmuş yeni binada istismara verilməsi nəzərdə tutulmuşdur.

- Günün tələbi olan əməyin mühafizəsi istiqamətində, Beynəlxalq Standartlar sisteminin İdarədə tətbiqi ilə nə kimi işlər görülür?

- İnformasiya Texnologiyaları və Rabitə İdarəsində əməyin mühafizəsi işlərinin təşkili və aparılması “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi”nə və İSO-9001, OHSAS-18001 Beynəlxalq İdarəetmə Sistemlərinin tələblərinə uyğun aparılır. İSO 27001 - “İnformasiya təhlükəsizliyi təminatı idarəetmə sisteminin” tədbiqi ilə bağlı İdarədə ilkin hazırlıq işləri aparılmış, 30 nəfər mütəxəssis üçün Təlim, Tədris və Sertifikatlaşdırma idarəsində təlim kursları təşkil edilmiş və müvafiq sertifikatlar alınmışdır. Türk Standartları institutu tərəfindən bütün struktur bölmələri əhatə edən geniş audit keçirilmiş və yoxlamanın nəticələrinə görə Beynəlxalq Standartlar sisteminin İdarədə tətbiqi ilə bağlı görülən işlərə müsbət qiymət verilmişdir.

Sonda xüsusi olaraq vurğulamaq istəyirəm ki, idarənin il ərzində əldə etdiyi nailiyyətlər kollektivin səyi və intellektual potensialı ilə yanaşı ARDNŞ-in rəhbərliyi tərəfindən kollektivə göstərilən etimad və dəstəyin nəticəsidir. Bu nailiyyətlər bizi arxayınlaşmağa deyil, əksinə gələcəkdə daha da böyük əzm və qətiyyətlə işləməyə həvəsləndirən amil kimi qiymətləndirilir.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2013.- 1 fevral.- S.10-11.