Söz tarixin açarıdır

 

Yaxud Əkrəm Əylisli ilə Yüzbaşyanın fərqi nədir?!

 

Hər şey ondan başladı ki, söz qiymətdən düşdü. Söz ünsiyyət yaratmaq üçün deyil, silah kimi istifadə edildi və bu silah ən çox tarixi məhv etdi, onu təhrif etdi. Azərbaycan tarixinin gözəl bilicisi, ictimai xadim, yazıçı, diplomat Yusif Vəzir Çəmənzəminli qeyd edir ki, "söz tarixin açarıdır". Doğrudan da, tarixi yalnız daşlara həkk olunmuş sözlərdən, kitabələrdən, epos və dastanlarımızdan öyrənə bilirik. Məsələ ondadır ki, son iki yüz ildə tariximizin açarı olan söz düşmən əlinə keçdi. Bununla da tariximiz də, sözlərimiz də saxtalaşdırıldı, eybəcərləşdirildi, anlaşılmaz hala gətirildi. Məqsəd isə o idi ki, tariximizdən, kökümüzdən uzaq salınaq və manqurtlaşaq, öz tarix anamızı öz əlimizlə öldürək. Necə ki, bunu Əkrəm Əylisli edir. Ancaq manqurtlar zəncirində əlbəttə ki, Ə.Əylisli birinci deyil. Bu zəncirin birinci həlqəsi İordandan, Kirildən başlayır, Sevordyan, Patikanov, Yüzbaşyan, Tumanova qədər uzanır. Əylisli isə bu sırada ən zəif və ən istedadsız həlqədir. Ancaq yuxarıdakı tarixi saxtalaşdıran müəlliflərlə Ə.Əylislinin ortaq tərəfi saxtakarlıq, fərqli tərəfi isə onların xristian türk olaraq tarixi saxtalaşdırmaları, Ə.Əylislini isə bunu müsəlman türk olaraq etməsidir.

 

Niyə Türkmənçay müqaviləsində ictimai sənədlərlə bağlı xüsusi bənd var?

 

Bəs tarixin açarı olan söz düşmənin əlinə necə keçdi? Adlarını çəkdiyimiz müəlliflərin aid olduqları dövrə baxsaq, bu tarixin çox uzun olduğunu görərik. Ancaq biz açarı düşmənə təhvil verdiyimiz ən son və ən fəlakətli tarixdən danışmaq istəyirik.

Mövzudan uzaq düşməmək üçün elə dərhal həmin tarixi sənəddən, yəni 1828-ci ildə imzalanmış "Türkmənçay" sülh müqaviləsindən bir iqtibas verək.

... "İran şah həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə İrəvan xanlığı və Naxçıvan xanlığını Rusiya imperiyasının mülkiyyətinə tam güzəştə gedir. Şah həzrətləri bu güzəşt nəticəsində hazırkı müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq yuxarıda adları çəkilən hər iki xanlığın idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri (!H.B.) Rusiya rəisliyinə verməyi vəd edir". Elə Naxçıvan və İrəvan xanlıqlarının tarixinin saxtalaşdırılması, tarixin açarı olan sözün düşmən əlinə keçməsi də buradan başlayır. Diqqət edin, bütün arxivlər və ictimai sənədlər tələb edilir. Çünki sonrakı mərhələdə bu sənədlər ləğv ediləcək, saxtalaşdırılacaq, hər iki xanlığa köçürüləcək haylar üçün yeni tarix yazılacaqdı. Doğrudan da belə oldu. Bir müddət sonra Çar I Nikolay 20 mart 1828-ci ildə Naxçıvan və İrəvan xanlıqlarının ərazisində Ermənistan vilayətinin yaradılması ilə bağlı fərman verdi. Bəs görəsən nə üçün Naxçıvan və İrəvan xanlıqlarının ərazisi bu dövlət üçün seçilmişdi?

 

Niyə İrəvan, niyə Naxçıvan?

 

Bunun iki məxsusi məqsədi var idi. Birincisi, bu ərazilər Orta Asiya və Anadolu türkləri arasında xüsusi strateji əhəmiyyətli rayon idi. Həmin ərazidə hərbi baza statusunda yaradılacaq dövlət böyük Turan etnocoğrafiyasını ikiyə böləcək, zəiflədəcəkdi. İkincisi, bu rayonda sahibsiz qalmış olduqca qiymətli maddi-mənəvi miras var idi. Bu miras Azərbaycan xalqının xristian keçmişinə aid idi. İslamı qəbul etdikdən sonra biz ondan könüllü şəkildə imtina etmişdik. Yəni ən azı 334-cü ildən, yəni Alban çarı mömin Vaçaqanın dövründən ərəb işğalı dövrünə qədər davam edən tariximizə sahib çıxmırdıq. Bu gözqamaşdırıcı xristian-erməni-qıpçaq mirası üzərində yeni bir dövlət qurub, yeni bir xalq yaratmaq imperialist Rusiyanın iştahını qabardır, onun geostrateji maraqlarını həyata keçirməsi üçün əlverişli zəmin yaradırdı.

Ona görə də, ruslar hay, qaraçı və başqa tayfaları Yaxın və Orta Şərqin Ən müxtəlif coğrafiyalarından buraya köçürülməyə başladılar. Qeyd etmək lazımdır ki, haylar üçün əvvəllər dövlət qurmaq məqsədilə tarixi Xorasan vilayəti, sonralar isə İran Astarası Ənzəli limanı coğrafiyası nəzərdə tutulmuşdu. Ancaq sonralar müəyyən korrektələr aparılaraq ən əlverişli ərazi kimi İrəvan və Naxçıvan xanlıqları seçildi.

 

Ərməniyyə haradır, Ərmənlər kimdir?

 

Qeyd etdiyimiz kimi, burada sahibsiz qalan xristian mirası var idi. Bu zəngin xristian mədəniyyətini yaradan xalq isə xristian qıpçaqlar, yəni ərmənlər idi. Ona görə də bir sıra ərəb, fars və digər mənbələrində bu ərazi elə Ərməniyyə adlandırılırdı. Ancaq bu ərməni xristian qıpçaqlarının bir hissəsi zamanla İslamı qəbul etmiş, bir hissəsi Dəşti-Qıpçaq və Azov ətrafı rayonlara köçmüş, elə orada da "zaqadiçnıy armyanskiy kıpçaki" kimi yaşamağa başlamışdılar. XVIII əsrin sonlarında isə rus-slavyan mədəni hegemoniyasına məruz qalaraq ukraynalılaşmış ruslaşmışlar. Ona görə də ruslar tarixi məxəzlərlə uzlaşsın deyə, öz forpostlarına Armeniya, yəni Ərməniyyə adı verdilər. Haylarsa bu adı mənimsəyə bilmədilər. Məskunlaşdıqları yeni vətənə öz dillərində, yəni haylar ölkəsi Hayastan adı verdilər. Əkrəm Əylisliləri də dolaşıq salan elə bu məsələdir. Azərbaycanın bütün ərazilərində olduğu kimi, Naxçıvanda olan xristian abidələrinin hamısı qıpçaq ərməni otrtodoks xristian abidələridir. Onların qriqoryanlaşdırılması isə yalnız 1841-ci ilə Rus çarının fərmanı ilə Klikyanın (müasir Türkiyə ərazisi) Sus şəhərindən erməni Qriqoryan kilsəsinin Eçmiəzdinə köçürülməsi və Alban ortadoks kilsəsinin onun tabeçiliyinə verilməsi ilə başladı. Ona görə də Ə.Əylislinin Daş yuxusunun tarixi də uzaq başı 1841-ci ilə gedib çıxır. Əylis, yaxıd Aqulis isə daha qədimdir. Oradakı kilsənin və xristian əhalisinin haylarla, yəni bugünkü ermənilərlə heç bir əlaqəsi yoxdur.

İndi isə mötəbər mənbələrə, bəzi hallarda isə elə hay mənbələrinə istinad edərək Ə.Əylislinin Daş yuxularından əvvəlki tarixə qısa ekskurs edək.

 

Daş yuxudan əvvəlki gerçəklik necədir?

 

Bu sualın cavabını tapmaq üçün elə hay və rus mənbələrinə istinad edəcəyik. Bəlli olacaq ki, 1813-1828-ci illərdə Azərbaycana başlanan hay köçünə qədər tarixi Azərbaycan torpaqlarında yaşayan erməni-qırçaqlar xristian türklər idilər. Bu xristian türklərlə müsəlman türklər arasında daima ədavət və mübarizə olmuşdur. Qarşıdurma olduqca uzun sürən və kəskin olduğu üçün hətta VIII əsrdə yazıldığı iddia edilən (biz bu tarixi azı e.ə. VIII əsr hesab edirik. VII əsrdə isə İslamı qəbul etmiş oğuzlar tərəfindən dastanın yenidən üzü köçürülmüş, buraya İslamla bağlı xeyli məsələlər əlavə edilmişdir) Dədə Qorqud dastanında da öz əksini tapmışdır. Qıpçaq Məlik, Dirsə (yəni Tərsa, müsəlmanlar qeyri-müsəlmana tərsa deyə müraciət edirdilər) xan Trabzun çar Tadeus yaxud, Tadik və s. məhz xristian ərmən türkləridir. "Ərmən" sözü "ər" və "mən" söz birləşməsindən əmələ gəlib, mənası "sıravi döyüşçü" deməkdir. Məsələ ondadır ki, 1828-ci ildə haylar Azərbaycana köçürülərkən xristian ərmən-qıpçaqlar din qardaşları olan rusların mövqeyindən çıxış edərək hayları özlərinə müttəfiq kimi qəbul etdilər. Yaxud ruslar hayalarla erməniləri məcburi müttəfiqə çevirdilər. Beləliklə, ərmən türkləri soyadlarının sonuna "yan" artırmaqla haya çevrildilər. Ona görə də bu gün nə qədər türk soyadlı erməni varsa, onların hamısı qıpçaqlardır. Bədbəxtçilik ondadır ki, bizə qarşı ən qəddar möqe tutan da, elə onlardır.

 

Hayların etnogenezi haqqında

 

Balayan, Şahnazaryan, Köçəryan, Sarkisyan, Muradyan, və s. Hay müəlliflər hay xalqının etogenizi haqqında yazdıqları əsərlərdə qeyd edirlər ki, bu xalq hay, qara sevor (suvarlar türk tayfalardır) qıpçaq, qaraçı və boşa etnik qruplarından əmələ gəliblər. Diqqət edin, bu beş etnik ünsürdən ikisi türklərdir qıpçaqlar, qara sevorlar, haylar və qaraçılar isə eyni dilin (qədim pəhləvi dilinin) müxtəlif ləhcələrində danışırlar. Qarabar, yəni guya ki, qədim erməni dili elə pozuq pers-hind dilidir. Boşalar isə yenə hind-qaraçı kökənlidirlər, ancaq nisbətən fərqli dilləri olmuşdu. Biz Ermənistanda yaşayan azərbaycanlılar onları sadəcə poşa adlandırırıq. Birisini təhqir etmək istədikdə ona poşa deyirdik. Poşalar əsas etibarilə ələk, xəlbir, inyə və s. məişət əşyaları düzəldərək türk kəndlərində satırdılar. Qalan iki aparıcı etnik qrup olan ərmənilər və qara suvarlar elitar etnos hesab edilirdilər. Bu gün də elədir. Ermənistanın bütün siyasi elitası demək olar ki, onlardan ibarətdir. Ermənilər özləri bunu yaxşı bildikləri üçün Qazaxıstanla münasibətlərdə ortaq qıpçaq kökündən gəldiklərini bildirir və bu faktlardan istifadə etməyə çalışırlar. Qalan digər yerlərdə isə bu məsələni ciddi-cəhdlə gizlədirlər. Bu yaxınlarda Astanada Ermənistan səfiri, hətta qazaxlarla eyni soy kökdən olduqları ilə bağlı mətbuata da məlumat vermişdi.

 

Rusların böyük qardaş xidmətləri

 

Bu işdə ruslar öz böyük qardaşlıq missiyalarını uğurla yerinə yetirdilər. Artıq həmin dövrdə sayca çox az olan və demək olar ki, sadəcə kilsə ətrafı kisik məntələrdə və monastrlarda həyat sürən ərmən-qıpçaqları Rusiyaya apararaq onlara yaxşı təhsil verdilər. Rus və hay dilini mükəmməl öyrətdilər. Əsas məqsəd isə o idi ki, həmin ərmən qıpçaqların vasitəsilə bütün xristian alban yazılı mənbələrini rus və hay dillərinə çevirtdirsinlər. Beləliklə, Türkmənçay müqaviləsinin yuxarıda istinad etdiyimiz bəndinə əsasən xristian Alban mədəniyyətinə aid olan bütün əlyazmalar, o cümlədən Mussa Kalankatuklu, Mixitar Qoş, Moisey Xorenski kimi müəllflərə aid bütün mənbələr "Sevan əlyazmaları" adı altında Eçmiədzin kilsəsinə verildi. Xristian ərmə-qıpçaq müəllifləri olan Rusiyanın yetişdirdiyi Patıkanov (Batıxanov), Yüzbaşyan, Sevordyan (qara sevorlar, yaxud bizim bildiyimiz subarlar, sabirlər) Tumanov (Duman) və s. kimi müəlliflərin vasitəsilə əvvəlcə hayca-qıpçaqca mükəmməl lüğət hazırlandı (fotosənəd 1).

Sonra dediyimiz yazılı mənbələr saxtalaşdırılaraq hay tarixinə çevirtdirildi. Beləliklə, xristian qıpçaqlar öz etnik qarşadarını bütün tarixini dindaşlarına hədiyyə etdilər. Bax, Əylisdə və Naxçıvanın digər yerlərində yaşayan ermənilər də hay deyil, xristian türklər olan ermənilər idi. Ona görə də "Daş yuxuları"ın alt kimliyində hay yoxdur türk var. Sadəcə xristian türk.

 

Əylis - Aqulis, yoxsa Ak-ulus

 

İndi isə Əylis kəndindəki monastr və kilsəyə gələk. Erməni müəllifləri qeyd edir ki, müqəddəs xilasedici, yəni İsa peyğəmbər həvari Barfolomeyi Erməni çarı Abqaranı ağır xəstəlikdən qurtarmaq üçün Ermənistana göndərdi. Barfolomey Akulis (Əylis) kəndinə çatanda eşitdi ki, çar ölüb. Onun şərəfinə burada bir monastr tikdirdi. Sonralar bu monastra müqəddəs Fom monastrı dedilər (fotosənəd 2).

Yaxşı bəs Abaqa kim idi ki, Barfolomey onun üçün Aqulisə qədər gəlib çıxmışdı. Bunu aydınlaşdırmaq üçün başqa bir xristian-qıpçaq olan E.V.Sevortyana müraciət edək. Sevortyan "Etimoloqiçeskiy slovarı tyurkskix yazıkov" adlı kitabında yazır. "Aba"-"apa" - sözü türk mənşəlidir. Mənası ata, əmi, dayı kimi izah oluna bilər. Müxtəlif türkdilli xalqlarda bu mənaların birini daşıyır. "Abay", "appay", "abıy", "apıç" formalarda işlədildiyinə rast gəlmək mümkündür. Deməli, "aba" türkcədir, ata-başçı deməkdir. Qa sonluğu isə Qann, xan, hökmdar mənasındadır. Əgər ərmənilərin başçısı Abaqadırsa, yaxud ermənilər öz başçılarına Abaqa deyirlərsə, deməli həmin ermənilər qeyd etdiyimiz kimi, xristian türklər idi. Əgər o dövrdə ərməniyyənin əhalisi həqiqətən haylar olsa idi onda çarlarına ermənicə müraciət edib "hayrik" (ermənicə-ata) deyəcəkdilər. Hər xalq öz başçısına öz dilində ad qoyur. Elə biz müsəlman türklər də rəhbərə ata deyə, müraciət edirik. Korku tata, Dədə Qorqud və s. kimi Sibirdə mövcud olan Abaqan çayı və səhəri də Çobanilər sülaləsindən olan Abaqa xan da elə eyni mənanı ifadə edir.

 

"Əylis" sözünün etimologiyası haqqında

 

İndi isə Əylis kəndinin adının etimologiyasının izahını axtaraq. Bu kəndin adı bir sıra mənbələrdə Aqulis kimi yazılır. Hesab edirik ki, bu fonetik forma Əylis formasından daha doğru formadır. Və öz mənşəyi ilə düzgün səsləşir. "Aqulis" sözü "ak" və "ulus" sözlərindən meydana gəlmiş söz birləşməsidir. "Ak" nur, işıq, ziya mənasındadır və təmiz türkcədir. "Ulus" isə ilkin mənada tayfa, sonra isə millət, xalq mənasnda işlədilir. Deməli, Akulis kəndində hələ 1-ci əsrdə monast tikildiyi üçün bu kəndi ətraf üçün bir növ dini mərkəz rolunu oynayır, insanlar ayıdnladırdı. Ona görə də Akulus adlandırılmışdır. Bu milli-etnik ənənə İslam dini yayılandan sonra da davam etdi. İslamı yaxşı mənimsəmiş dindarlara şeyx dini rütbəsi verilirdi. Həmin şeyxlərin yaşadığı kəndləri isə dini mərkəz hesab etdikləri üçün ona Şıxlı, Şıxlar, Şıxbaba və s. adlar verilirdi. Deməli "Akulis" sözü ilə "Şıxlar" sözü əslində eyni məzmunu ifadə edir. Bir daha arxaik olduğu üçün türkcə, digəri isə ərəb işğalından sonra yarandığı üçün ərəbcədir. Ancaq burada ortaq olan sözün leksik mənası və sözəmələgəlmə formasının dilimizin qrammatik qanunayuğunluqları ilə uzlaşmasıdır.

Deməli, Fom monastrı Əylis kəndinin xristian-türk əhalisi tərəfindən tikilib Akulis adı da elə türkcədir. Əgər Naxçıvan və İrəvanda olan qədim əlyazmalar türkcə olmasaydı görəsən Patikanova, Severdyana, Yüzbaşyana, Xalatyana nə düşmüşdü ki, qıpçaqca hayca lüğət tərtib edir, türk dilinin etimoloji lüğətini yaradırlar. Çünki onların istifadə etdikləri mənbələr türkcə idi və onu saxtalaşdırıb haylaşdırmaq lazım idi.

 

Yaxşı, bəs Naxçıvan hayca nə deməkdir?

 

Heç nə..! hay dilində bu sözün etimoloji mənası yoxdur. Baxmayaraq ki, ermənilər bu adın hayca olduğunu və Nuhla əlaqədar olduğunu bildirirlər. Biz isə bunun belə olmadığını elə hayların özlərinin istinad etdiyi mənbələrə istinad edərək sübut etməyə çalışacağıq.

Hay versiyası guya "İncil" hekayətlərinə əsaslanaraq belə izah edir... Nuhun gəmisi üzərək Ağrı dağına tərəf gedərkən birdən altı İlanlı dağın başına elə dəydi ki, dağın başı sanki iki yerə bölündü. Sonradan gəmi gəlib Ağrı dağının başında dayandı Nuh ətrafa göz gəzdirərkən birdən quru torpaq ərazisini gördü və qışqırdı "erevymə", yəni "görünür". Bundan sonra Nuhun hakimiyyəti altında olan torpaqlara "erevymə" dedilər. Sonradan bu ad İrəvan formasında lokallaşaraq sadəcə İrəvan şəhərinin adına çevrildi. Sonralar Nuh Naxçıvana köçdü və şəhərin bünövrəsini qoyaraq burada məskunlaşdı. Bu yerin adını da "naxuaçan qam naxiçevan" qoydu. Guya ki, bu söz qədim erməni dilində ilkin məskunlaşılan yer mənasına gəlir (fotosənəd 3).

Bu doğrudan da belədirmi? Hekayət, əlbəttə doğrudur. Çünki "İncil"dən gəlir. Ancaq bunun haylara heç bir dəxli yoxdur. Bu sözlərin heç biri hay dilində deyil və yuxarıda iddia edilən məzmunu ifadə etmir. Bəs bu sözləri, yəni İrəvan və Naxçıvan sözlərini necə və hansı dildə oxusaq doğru olar.

 

Ardı var

 

 

Hikmət BABAOĞLU

 

İki sahil.- 2013.- 13 fevral.- S.16.