Söz tarixin açarıdır

 

Yaxud Əkrəm Naibov ilə Yüzbaşyanın fərqi nədir?!

 

Nuh "gördüm" sözünü necə tələffüz etmişdi?

 

Birincisi, erməni dilində "gödüm" sözü "desa"dır, görürəm isə "desnumem". Bu kəlmələrin heç birinin Nuhun işlətdiyi (?! H.B.) "erevumə" sözü ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu söz "görevum mən" kimi oxunmalıdır. Əgər belə oxunarsa, sözün arxaik türkcədə olduğu aydınlaşır. Və müasir dilimizədək "görürəm mən" mənasında olduğu aydın olar. Qədim türklər, hazırda isə qıpçaq türkləri şəxsə aid felin sonuna şəxs əvəzliyi qoyaraq işlədirlər. Ben gelirben, yəni mən gəlirəm. Əgər doğrudan da, Bibliyada yazılanlar doğrudursa, deməli Nuh torpağı görəndə elə "görürəm mən" deyib. Bu sözü türkcə tələffüs edib. Belə olan halda ulu dili və bu əsasda formalaşmış şumer dilinin türkcə olması fərziyyəsi bu misalda bir daha təsdiq edilmiş olur. Ancaq müqayisədən də göründüyü kimi, "erevumə" sözü nə dilində olursa-olsun hər halda hay dilində deyil. Və haylar bunu özlərinə mal edə bilməzlər. İndii isə "Naxçıvan" sözünə gələk. Ermənilər iddia edir ki, bu söz də elə Nuhun dilindədir. "Naxuaçan qam naxiçevan" "ilk məskunlaşılan yer" mənasındadır. Gəlin görək hay dilində "ilk məskunlaşılan yer" necə tələffüz edilir "Naxaqin" - ilk, əvvəl, "abroğ" - yaşayış, "değe"- yer mənasındadır. Deməli, ermənicə "ilk məskunlaşılan yer" demək üçün belə bir cümlə quracağıq - "Naxaqin abroğ değa". İndii baxaq görək bu cümlənin Nuhun qurduğu cümlə ilə bir əlaqəsi varmı.

... Yoxdur..! Onda gəlin Nuhun cümləsini türkcə oxumağa çalışaq. Biz bilirik ki, "Qam" qədim türkcədə dini-ideoloji lider, rəhbər deməkdir. Midiya dövlətində Astiaqın sərkərdəsinin adı da Qam-Ata idi. Burada "qam" və "ata" birləşməsinə fikir verin, yuxarıda qeyd etdiyim rəhbər-ata müraciətini təsdiq edir. Dədə Qorqud dastanında yenə Qam Kağan oğlu Bayandır xan xanlar xanıdır. Bundan başqa, qamlar Tanrıçılıq inancına görə, həm də Gök Tanrı ilə ünsiyyətə girib, əlaqə yaradan mifik şəxslərdir Sonradan monqol təsiri ilə "qam" sözü "şam", "şaman" kimi tələffüz edilməyə başladı və qərb türkləri, yəni bizlər qama indi şaman deyirik. Sibirdə və Orta Asiyada isə bu söz elə ilkin variantında olduğu kimi tələffüz edilir. Deməli "Qam", yəni Nuh, yəni ata, rəhbər, "naxçini özünq" "van" seçdi, yəni naxçini özünə məskən seçdi.

 

İrəvan, Naxçıvan, Şirvan...Bəs "van" nədir?!

 

Yaxşı bəs onda "van" nədir? İrəvan, Şirvan, Naxçıvan toponimlərinin sonundakı bu "vanlar" nə məna verir? Yenə üz tutaq Ən mötəbər yazılı mənbələrimizdən biri olan "Dədə Qorqud" dastanımıza. Dastanda "van" sözü "ban" kimi tələffüz edilir və yaşayış yeri, ev mənasını verir. Ağban evlərdən söhbət açılır. "Ban" sözünün oğuz ləhcəsində tələffüsü forması isə vandır. Məsələn, biz bağa baxan adama bağ-ban deyirik. Anadolu türkləri bahci-van deyirlər. Bağban, yaxud bahcivan ilkin mənada bağa baxan adamın evi, məskunlaşdığı yer, sonradan isə bağa baxan adamın özü deməkdir. Deməli, "van" yer-məkan bildirən sözdür. Bu gün də evinin çardağına bəzi regionlarımızda evin banı deyirlər. Deməli, Qam Naxiçevan doğrudan da liderin, qamın məskunlaşdığı yer deməkdir. Ancan hayca deyil... Türkcə...!

İrəvan toponimi isə "ər" və "van" sözlərindən əmələ gəlib "döyüşçü məntəqəsi" deməkdir. "Ər" sıravi döyüşçü, "van" isə onun gözətçi məskəni deməkdir. Şirvan toponiminə gəldikdə isə bu ad etnotoponimdir və qıpçaqların şor boyu ilə əlaqədardır. Şorların məskunlaşdığı yer, məkan, yəni Şorvan deməkdir. Şorlar bu gün də Novosibirski Alatusunda canlı olaraq yaşayır və özlərini "Şor Kiji", yəni "şor Adam" adlandırırlar. Deməli heç bir halda "van" hay dili ilə bağlı deyil.

 

Fransız Rene Grousset erməni tarixi haqqında

 

Qeyd etmək lazımdır ki, Abaqar haqqında, daha doğrusu, onun yaşadığı dövr haqqında bəzi mənbələr bir-birini təkzib edir. Fransız ermənişünası Rene Grousset qeyd edir ki, Edessa prensi Abaqar Ukomo (Edesso müasir Trürkiyə ərazisində olan Urfa şəhərinin qədim adıdır) hələ Miladdan öncə 4-cü illə, Miladdan sonra 50-ci illər arasında (?! H.B.) İsa Məsihlə yazışmış və xristianlığı qəbul etmişdi. Fikrimizcə, Rene Grousset Abaqar Ukomonun IV Abaqar bar Manı ilə (179-214) qarışdırır. Çünki müqəddəs Fom Şərəfinə tikilən monastrın tikilmə tarxi ilə bu tarix daha dürüst səsləşir. Əgər belədirsə, bəs onda nəyə görə Abaqar Ermənistan çarı kimi təqdim olunur.. Axı Urfa ilə Ermənistan arasındakı coğrafi fərq olduqca böyükdür. Burada fransız ermənişünasın özünü dolaşdırdığı açıq şəkildə ortaya çıxır. Ona görə ki, Abaqar Ukomodan sonrakı hadisələri təsvir edən tarixçi görünür başqa mənbələrdə tutarlı dəlil tapa bilmədiyinə görə yenidən Movses (Moisey) Xorenatsi (Xorenskiyə) üz tutmalı olur. Çünki tarixi təhrif etmək üçün ən gözəl "mənbə" ermənilər və ruslar tərəfindən saxtalaşdırılaraq etibarlı məxəz kimi təqdim edilən Moisey Xorenskidir. Nə qəribədir ki, bu gün heç kəs Moisey Xorenskinin, Musa Kalankaturklunun ermənişünaslıqda mənbə kimi istifadə edilən əsərlərinin orijinalını görməyib (Çox qəribədir ki, Musa Kalankatuklunun "Albaniya tarixi" əsəri üç hissədən ibarətdir. Kitabın birinci hissəsi VII əsrdə (müəllifin yaşadığı dövrdə), ikinci və üçüncü hissəsi isə X əsrdə yazılmışdır. Belə çıxır ki, M. Kalankatuklu 300 ildən çox yaşamışdır?! Əlbəttə, yox. İkinci və üçüncü hissə heç X əsrdə deyil, XIX əsrdə yazılmışdır. Ruslar və haylar 1828-ci ildən sonra M.Kalankatuklunun əvəzindən tarix yazaraq onu tarixşünaslığa sırımışlar. Biz isə bütün bunları bilə-bilə susuruq..!). Bütün tarixçilər bu mənbələri Severdyanın, Yüzbaşyanın, Patikanovun (Patikanyanın) və s. müəlliflərin tərcümələrindən oxuyur. Elə biz də Musa Kalankatuklunun "Albaniya Tarixi"ni akademik Z.Bünyadovun Yüzöaşyandan tərcümə versiyasını oxuyuruq.

 

Haylar akademik N.Marrda nəyi, niyə gizlətdilər?

 

Hətta bu mənbələri akademik N.Marrdan belə gizlədiblər... Akademik Marr "Spisokğ rukopisey Sevanskoqo monastrya" adlı əsərində qeyd edir ki, istifadə etmək üçün istədiyi adları monastr katoloqunun siyahısında olan 25, 26, 27, 53, 74, 104. s. nömrəli sənədləri mənə vermədilər (fotosənəd 4).

Nəhayət, axşama doğru Bülbülyans gəldi və mənim israrlı tələblərimdən sonra dedi ki, həmin sənədlər kilsədədir. Doğrudan da onun köməyi ilə mən Evanqeliyanın (incilin giriş hissəsi evanqeliya yunanca "müjdə" deməkdir) iki əlyazmasını görə bildim..! Sonra isə 11-17; 19, 21, 22 və 29 nömrəli sənədləri istədim. Mənə dini ayinləri əks etdirən şəkillərdən başqa heç nə göstərmədilər. N.Marrın bu etiraflarını ona görə məqaləyə əlavə edirik ki, haylar tarixi sənədlər üzərində saxtalaşdırma işi başa çatmamış onu heç kəsə istifadə etməyə vermirdilər. Elə bu gün də həmin saxtalaşdırma prosesi davam edir.

Qeyd etmişdik ki, R.Grousset saxtalaşdırmaya başlayan kimi dərhal yuxarıda söylədiyimiz saxtalaşdırılmış mənbələrə istinad edir. Amma! Amma ilahi ədalət deyilən bir hikmət var. O həmişə həqiqətə getməkdə bizə kömək edir. Həqiqət nə qədər təhrif olunsa belə onun altından gerçəklik bir inci kimi parıldayır və bizi özünə cəlb edir. Yetər ki, biz yalanların, saxtakarlıqların altındakı o ədalət parıltısını görə bilək.

 

Ərməniyyənin türk adları

 

Deməli, birinci saxtakarlıq odur ki, Abagar Ukomon Abgar Ukomo kimi təqdim edilir. "Abaqar" sözünün etimologiyasını yuxarıda izah etdiyimiz üçün indi "Uko" sözünü izah edəcəyik. Mahmud Kaşğar "Divani Lugat-it Türk" əsərində yazır ki, "uko", yaxud "uka" ağıllı deməkdir. 5-6 yaşını doldurmuş ağıllı atlara "uka atlar", yaxud "əkə atlar" deyilirdi. Bu gün özbək türklərinin "əkə" müraciətinin mənası da "ağıllı", "müdrik" deməkdir. Və bir başa "uka" sözü ilə bağlıdır. Abagar Ukomo da Abaqar Ukomon, yəni "müdrik ata", "ağıllı uzaqgörən ata" deməkdir.

Yenə fransız müəllif Movses Xorenetsiyə istinad edərək havari (həvari- Allah göndərdiyi adam deməkdir. Həvarilər İsa Məsihə ilk iman edənlərin cəmiyyətində rəislik edirdilər) Tadeusun adını çəkir və yazır ki, o havari Barfolemeyin sayəsində "İncil" yoluna girmişdi. Qeyd edək ki, Tateus adı türkcədir və Orxan Yenisey abidələrində Taduk formasında işlədilər. Ancaq fikrimizcə, bu ad deyil, hərbi rütbədir. Sonralar necə ki, Yüzbaşı rütbəsi ad ada çevrilib, eləcə də Taduk ad olub. Orxon Yenisey abidələrində bu ad Bugac Tatuk, Gök Amaş Taduk və s. şəklindədir. Bu təxminən albay (polkovnik) rütbəsinə bərabər bir rütbədir. Trabzon ərtafında mövcud olan xristian-türk "Canik" çarlığının rəhbərinin adı da Taduk idi. Yunan mənbələri bu adı Tateus kimi təqdim edir. "Danışmənd Qazi" dastanında göstərilir ki, Tatuk (Tateus) Alp-Arslanın sərkərdəsi Danşmənd Qaziyə qarşı xristian qıpçaq türkləri və rumlar birləşmiş ordu çıxarmışdılar. Və bu orduya Taduk (Tadeusun Taduk olmasını buradan öyrənirik) başçılıq edirdi. Aybastı yaylasında (indiki Ordu şəhəri yaxınlığında, Türkiyə) xristianlar məğlub edildilər.

 

Qriqoris necə Cərcis oldu?

 

Çanik çarlığı Dədə Qorqud dastanındakı sarı donlu Selcan xatunun vətənidir. Bu barədə "Sarı gəlin" məqaləmizdə ətraflı yazmışdıq. Nəhayət mənbələr qeyd edir ki, Əziz Qiriqorun (Qriqor Lusavori erməni kilsəsinin ilk patriqi) vaxtlarında artıq Ermənistanda xristianlıq (239-252-ci illər) tam qəbul edildi. Biz bilirik ki, həmin Əziz Qriqorun məzarı bu gün Beyləqan şəhərindəki "Çərcis, yəni Qriqoris peyğəmbər" adlandırdığımız ibadətgahdır. Görəsən tarixçilərimiz niyə bu abidənin tədqiq edib dəqiqləşdirmələr aparmırlar. Axı bu bizim xristian keçmişimizin ən açıq dəlillərindən biridir. Yerli əhali sonralar İslamı qəbul etdikdən sonra belə, həmin qəbri ziyarət etməkdən vaz keçməyiblər. Bu gün də müqəddəs yer kimi ziyarət edilir. İndi isə ilk erməni xristianlığında bəzi dini terminlərin etimologiyasını izah etməklə göstərməyə çalışacağıq ki, bu terminlər türkcədir və qədim Ərməniyyənin əhalisi də ərmən türkləri idi. Yəni yuxarıda göstərdiyim bizim coğrafiyada xristianlıqla baş verən hadisələrin heç birinin 1813-1828-ci ildə tarixi torpaqlarımıza köçürülən haylarla əsla əlaqəsi yoxdur...

 

Ərməniyyədə erkən xristianlıq terminlərinə dilində idi... yaxud Meillefin yalanı

 

Tarixçi Meillef erməni kilsəsinin dini terminlərinin əsas etibarilə suryani dili əsasında formalaşdığını yazır. Ermənilər də bu günə qədər buna etiraz etməyirlər, edə bilmirlər. Sual olunur: niyə? Axı xristianlığı erməni qəbul edirdisə, niyə terminləri öz dilində yaratmırdı..? Yaxşı, öz dilləri kasıb idi, söz tapa bilmirdilər, o zaman niyə elə ivrit dilindən hazır terminləri götürmürdülər? Yaxşı, lap tutaq ki, bunu da etmirdilər. Axı Şərqi Bizansda erkən xristianlığın tarixi daha qədimdir. Bəs görəsən ermənilər niyə ion, latın, yaxud Ön Asiyanın qədim dillərindən olan qal dilindən terminlər götürmürdülər? Məsələ ondadır ki, suriyanicə bu gün ən az öyrənilmiş ən kiçik dillərdən biridir. Əgər hay tarix saxtalaşdırıcıları qədim terminləri yuxarıda sadaladığımız böyük dillərin biri ilə izah etməyə çalışsalar yalanları dərhal ortaya çıxardı. Məsələ isə ondadır ki, bu terminlər heç suriyanıca da deyil. Bu terminlərin hamısı türkcədir. Necəmi? Gəlin erkən xristianlıq dövrü və bu gün də işlədilən erməni terminlərini birlikdə nəzərdən keçirək. Ermənilər "papaz" demək üçün, yəni "dini rəhbər" demək üçün "khan" kəlməsini işlədirlər. Bu elə "xan", "kan", yaxud "kaan" sözüdür, "hökmdar", "rəhbər" deməkdir. Dini rütbəni ifadə etmək üçün "mərtəbə" mənasını verən "yeret" sözünü işlədirlər. Bu dində "yer qazan", "yer edin" mənasındadır, saf türkcədir. "Peyğəmbər" sözünü ifadə etmək üçün xristian erməni türkləri öz doğma dillərində hələ tanrıçılıq dinindən bəri işlətdikləri "makar", yəni "maq-ər" sözü işlədirdilər. "Maq" sözü arxaik türkcəsindəki "qam" sözünün metateza olunmuş formasıdır. "Monastr" demək üçün "vank" sözünü işlədirlər. Burada van-məkan, yer k is "kutsal" sözünün qısaldılmış formasıdır. "Vank" "müqəddəs məkan", "müqəddəs yer" deməkdir. Məsələn, biz çoxlu su demək istədikdə, "se+l" deyirik. Burada sözün kökü su, l isə "lar" cəm şəkilçisnin qısalaşdırılmış formasıdır. Eynən "van+k" sözündəki "kutsal" sözünün qısaldılaraq "k" şəklini alması kimidir. "Rahib" mənasını verən "apağa" kəlməsi də elə təmiz türk dilindədir, mənası "gur işıq", "ap-ağ", yəni bizim bu gün işlətdiyimiz, "ağappaq" sözünün özüdür. "Ak" - "ziya", "nur" mənasını ifadə edir. "Ap" isə burada qüvvətləndirici funksiya yerinə yetirir. Düz ağ+ap+paq da olduğu kimi.

Mən erkən erməni xristianlıq dini terminləri mövzusunun daha dərindən araşdırılmasını hörmətli dilçilərimiz və tarixçilərimizin üzərinə buraxaraq qeyd etmək istəyirəm ki, bu terminlərin heç biri arami-part dillərində deyil, türk dilindədir. Məsələ bu qədər açıq isə niyə biz hələ də tariximizi yeni konsepsiya əsasında yeni metod və üsullarla öyrənmək istəmirik..?!

Yuxarıda bəlkə bir az da uzunçuluq edib bu qədər dəlil-sübut yığmaqda məqsədim hörmətli oxucunu inandırmaq idi ki, qeyd olunan dövrlərdə xristianlığı qəbul edən ermənilər türklər idi. Ərmən türkləri Akulus kəndi də bu prosesdə mənbələrdə yer almış öndər uluslarımızdan biri idi və bütün bunların düşmənimiz olan "hay"larla əsla və əsla heç bir əlaqəsi yoxdur.

 

Qədim Akulusluların ləhcəsində bir yazılı mətn... (fotosənəd 5)

 

Yaxşı, əgər Naxçıvanın və Akulusun (Əylisin) qədim əhalisi xristian türklər idisə, onlar görəsən hansı ləhcədə danışırdılar? Xristian dini haqqında təsəvvürləri necə idi, məişətləri, folklor nümunələri var idimi və s.

Bunların necə olduğunu bilmək üçün gəlin Akulusdan Naxçıvana bir xristian ərmənilə bərabər səfər edək.

 

Naxçevan şiyerina vardım

Nalbat ta tüt an vara da yezdim

Nalbatnınq oğlu da bek zend in oğlu

Zenginden alıp ta ğaribe vermiş

Naxçevan şiyer bek büyük ta şiyer

Dört köşesine dörd xaravlu

Ortasına da büyük ta bazar.

 

Bu təsvir bir Akuluslu kəndlinin Naxçıvan şəhərinə getməsi, orada nalbənd dükanına girməsi, nalbəndin oğlunun zənginliyi və onun ədalətindən bəhs edir. Eyni zamanda şeirdə Naxçıvanın böyük şəhər olduğu, xüsusi qarovullar vasitəsilə mühafizə olunduğu, şəhərin ortasında böyük bazar yerləşdiyi bildirilir.

Şeirdən göründüyü kimi, bu dil hay dili deyil. Bu dil xristian ərmən dilidir. Bizim ana dilimizdir.

Akulus monastrında xristian dini mətnini öyrədən qafiyəli misralar

Elə Azərbaycanda olan bütün monastr və kilsələrdə, o cümlədən Akulis kilsəsində də bu dildə danışır, bu dildə ibadət edirdilər. Fikrimizin isbatı üçün Akulis monastrında Vorfolemeyə həsr olunan dini mərasimdən bir ayin təqdim edək. Akulusluların öz dilində

 

Vifleyeme Xristos doğdu, avedes

 

Onu da çobanlar duydu, avedes

Suv istədi - vermədilər avedes.

Sirte bilen tuz verdilər avedes

Dört mıx dedi-beş kəstiler, avedes

Yüreqime mıxladılar, avedes.

 

1828-ci ilə qədər Akulus (Əylis) kilsəsində ibadət edən xalq bu dilin sahibi olan xalq qolub, yəni ərmən türkləri olub. Ondan sonrakı dövrlərdə isə kilsə dili haylaşdırılıb. İstismar edilib və bizə qarşı çevrilib. Dediklərimizi sübut etmək üçün bu dəlillər azdırsa, onda yenə hay və rus mənbələrinə yenidən üz tutaq. Görək Əylis haqqında onlar daha nələr yazıblar. Onlar özləri hayların İrandan Əylisə köçürüldüyünü necə etiraf edirlər.

Haylar Akulusa yalnız bazar günləri kilsə ayinlərini icra etmək üçün buraxılırdılar

Əvvəla, qeyd edə ki, haylar ilk növbədə xristian maddi abidələri olan yerlərə köçürülürdülər. Əylis kəndində də belə abidələr var idi. Bununla belə ilkin mərhələdə yerli xristian türklər hayları qəbul etmirdilər. Yalnız sonrakı mərhələlərdə müxtəlif maddi həvəsləndirmə və təzyiq nəticəsində bu baş tutdu. Ona görə də Əylisə köçürülən haylar əvvəlcə Əylisdən kənarda müvəqqəti olaraq məskunlaşdırıldılar (fotosənəd 6).

İlk olaraq buraya 28 ailə gətirildi. Mənbə qeyd edir ki, bu hay ailələri yalnız bazar günləri Akulus kəndində keçirilən kilsə mərasimləri zamanı kəndə girə bilərdilər. Akuluslu xristian türklər yalnız eyni dindən olduqlarına görə onlara tolerantlıq göstərirdilər. Sonradan isə yuxarıda qeyd etdiyimiz səbəblərdən haylar Əylisdə məskunlaşmağa başladılar və yerli xristian türklərilə qaynayıb qarışdılar. Görünür, bu prosesdə hay bicliyi faktoru da az rol oynamayıb. Regionda rus hegemoniyası tam bərqarar olunduqdan sonra isə ortodoks ərmən-qıpçaqlar sıxışdırılaraq qriqoryanlaşdırıldılar və haylaşdırıldılar. Sonrakı mərhələdə isə Azərbaycan xalqına qarşı rus-erməni genosidi başladı.

Əkrəm Naibovun diqqətinə çatdıdıram ki, mən də, mənim əcdadlarım da bu genosidə onlarla qurbanlar vermişik. Nəhayət, 1988-ci ildə sonuncu dəfə aborogen xalqın nümayəndəsi kimi formalaşdığım yurdumdan qovulmuşam. O vaxtdan mən də hər gün yuxular görürəm.! Bu yuxularda doğulduğum, cəddimin, dədəmin, uyuduğu torpaqları, kəndimizi görürəm. İndi haylar tərəfindən viran edilmiş min illik qəbiristanlığımız, maddi abidələrimiz girir yuxuma.

Onlar məni geriyə dönməyə səsləyirlər! İçimdə bir Mübariz İbrahimov böyüdüyünü hiss edirəm. Bəzən mənə elə gəlir ki, bütün Azərbaycan oğullarının içində bir Mübariz var. Bə bu mübarizlər öz missiyasını, öz Vətən borcunu yerinə yetirmək üçün Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirlər.

... Əkrəm Əylisli! Mən heç olmasa qalan ömrümdə bircə dəfə doğma kəndimə getmək, orada, sözün həqiqi mənasında, başımı yastıq əvəzi üzərinə qoyub yatdığım daşın üzərinə qoyub yatmaq və yuxu görmək istəyirəm. Bu şiddətli və ümidsiz arzu ilə yaşamaq o qədər dəhşətlidir ki, bunu sənə belə arzulamıram..!

 

 

Hikmət Babaoğlu,

"Yenə Azərbaycan"

qəzetinin baş redaktoru

 

İki sahil.- 2013.- 14 fevral.- S.12.