Günün tələbi: Gənclər yüksək
biliyə və təcrübəyə malik
olmalıdır
Oğuz
«Yay məktəbi»nin iştirakçıları təqdimatlarda
fəal iştirakları ilə bu çağırışa
yüksək səviyyədə əməl etməkdə
israrlı olduqlarını nümayiş etdirirlər
YAP Gənclər
Birliyinin təşkil etdiyi «Yay məktəbi»nin Oğuz turu
işini uğurla davam etdirir. İyulun 3-də «Seçki
kampaniyası və Azərbaycan gəncləri» mövzusunda təqdimat
keçirilib. Qrup rəhbəri YAP Siyasi Şurasının
üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
qonaqları salamladıqdan sonra mövzuya uyğun olaraq bu
gün ölkəmizin demokratik inkişafından, seçki
qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində
atılan biri-birindən əhəmiyyətli addımlardan bəhs
edib.
Bildirib ki, ölkəmizdə seçkilərin
demokratikliyini, azad və şəffaflığını təmin
edən təkmil seçki qanunvericiliyi mövcuddur, dövlətimiz
hər zaman qabaqcıl ölkələrin təcrübəsinin
öyrənilməsinə və hər bir yeniliyin Seçki Məcəlləsində
öz əksini tapmasına maraq göstərir. Demokratik
seçkiləri hər bir dövlətin mütərəqqi
inkişafının və sabit vətəndaş cəmiyyətinin
əsası kimi dəyərləndirən dövlət
başçısı İlham Əliyev hər zaman bu fikri
önə çəkir ki, ölkədə bütün
işlər müasir tələblərə uyğun şəkildə
aparılmalıdır.
Tədbirdə çıxış edən
YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı
Siyavuş Novruzov bildirib ki, ölkədə siyasi mübarizə
sivil qaydalarla tənzimlənir. 22 illik müstəqillik tarixinə
malik olan Azərbaycanın ötən dövr ərzində
müxtəlif sahələrdə həyata keçirilən
islahatlar nəticəsində qazandığı uğurlar
seçki sisteminin də təkmilləşməsinə, beynəlxalq
standartlara uyğun qurulmasına, eləcə də seçki
qanunvericiliyinin sistemləşdirilməsinə mühüm təsir
göstərib. Sözsüz ki, bu təkmilləşmənin əsası
1995-ci ildə Konstitusiyanın qəbulu ilə
başlanmışdır. Belə ki, sənəddə bu sahədə
əsas prioritetlər müəyyən edilmiş, onları rəhbər
tutaraq Azərbaycanda bərabər seçki hüququ əsasında
gizli səsvermə yolu ilə azad və mütəmadi
keçirilən seçkilərin hüquqi bazası
yaradılmışdır. 1997-ci ildən başlayaraq
müasir standartlara cavab verən seçki qanunvericiliyinin təsis
edilməsi məqsədilə Azərbaycan hökuməti ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu
ilə yaxından əməkdaşlıq etmişdir. 2001-ci
ilin yanvarında Azərbaycan demokratik prinsiplərin
inkişafı ilə məşğul olan Avropa
Şurasına tamhüquqlu üzv qəbul olunduqdan sonra
ölkəmizin seçki sisteminin təkmilləşdirilməsi
ilə bağlı əməkdaşlıq çərçivəsi
daha da genişləndirilmiş və bu prosesə Avropa
Şurasının Venesiya Komissiyası da cəlb
edilmişdir. Səmərəli əməkdaşlıq nəticəsində
2003-cü ilin mayında Azərbaycan Respublikasının
Seçki Məcəlləsi qəbul edilmişdir. Bu sənəd
beynəlxalq təşkilatlar tərəfindən yüksək
qiymətləndirilərək, Venesiya Komissiyasının və
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun yekun rəyində bildirilmişdir ki, Seçki Məcəlləsi
seçkilərin və referendumun keçirilməsi
üçün beynəlxalq meyarlara və ən yaxşı
təcrübələrə uyğun olan hərtərəfli
çərçivələr nəzərdə tutur. Ölkədə
keçirilən seçkilərin əvvəlki seçki
prosesləri ilə müqayisəli təhlilindən də bu
gerçəklik özünü qabarıq şəkildə
büruzə verir.
S.Novruzov qeyd edib ki, qəbul olunan sənədlərin
daim təkmilləşdirilməsinə maraq göstərən
dövlətimiz Seçki Məcəlləsində də
yeniliklərin öz əksini tapmasına
çalışır. 2005 və 2010-cu il parlament, 2008-ci il
prezident seçkiləri zamanı Seçki Məcəlləsinə
edilən əlavə və dəyişikliklər, eyni zamanda
2005-ci ildə seçki praktikasının təkmilləşdirilməsi,
seçkilərin hazırlanması və keçirilməsi
ilə bağlı təxirəsalınmaz tədbirlər
haqqında sərəncamların imzalanması Azərbaycan
dövlətinin demokratik, dünya standartlarına uyğun
seçkilərin keçirilməsində necə maraqlı
olduğunu ortaya qoyur. Ölkədə keçirilən
seçkilərdə yeni təcrübələrin tətbiqi-
barmağın gözəgörünməyən mürəkkəbə
boyanması, yerli və beynəlxalq təşkilatlar tərəfindən
«exit poll»un keçirilməsi, seçki məntəqələrində
veb-kameraların quraşdırılması və s. kimi
addımlar da bu istəyin göstəricilərindəndir.
YAP-ın icra katibinin müavini qeyd edib
ki, seçkilərin mahiyyətcə bir-birilə
qırılmaz surətdə bağlı olan müxtəlif mərhələlərdən
ibarət mürəkkəb proses olduğunu nəzərə
alsaq, bu mərhələlərin demokratikliyini, şəffaflığını
təmin etmək üçün də ciddi addımlar
atılır. Azərbaycan dövlətinin seçkiləri
izləmək üçün daha çox xarici
müşahidəçilərin iştirakında maraqlı
olması, bununla bağlı həmin qurumlara müraciətlər
ünvanlaması daim təqdir olunub. Beynəlxalq qurumlar
seçki proseslərində uzunmüddətli və
qısamüddətli müşahidə missiyaları ilə təmsil
olunurlar. Onlar özlərinin ilkin və yekun rəylərində
seçkilərin nəticələri ilə bağlı
fikirlərini açıqlayırlar. Ümumi rəy bu olur ki,
Azərbaycan dövləti seçkilərin beynəlxalq
standartlara uyğun keçirilməsi üçün ciddi səylər
göstərir.
Ölkəmizin mühüm siyasi
kampaniya-prezident seçkiləri ərəfəsində
olduğunu qeyd edən S.Novruzov bildirib ki, digər seçki
prosesləri kimi bu kampaniyanın da yüksək fəallıq,
demokratik şəraitdə keçirilməsi
üçün zəruri olan bütün addımlar
atılır. Seçki fəallığının
artırılmasında gənclərin rolunu xüsusi
vurğulayan S.Novruzov qeyd edib ki, yeniliyə, müasirliyə
üstünlük verən Azərbaycan gəncləri daim
ölkəmizdə bu yeniliyin, inkişafın şahidi olur.
Bildirilib ki, bu gün sıralarında
600 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan
Partiyasının üzvlərinin 40 faizini gənclər təşkil
edir. Gənclərin seçki proseslərində fəallığı
hər zaman yüksək dəyərləndirilir. Gələcəyə
böyük inamla irəliləyən Azərbaycan gəncləri
cənab İlham Əliyevin ətrafında sıx birləşərək,
həyata keçirilən siyasətə dəstəklərini
ölkənin inkişafına, tərəqqisinə töhfələri
ilə təsdiqləməyə çalışırlar.
Təqdimatda dağıdıcı
ünsürlərin reallıqları inkar cəhdlərinə
də münasibətini açıqlayan S.Novruzov bildirib ki,
onların fəaliyyətinə diqqət yetirdikdə hər
zaman oxşar olan bir məqamın şahidi oluruq. Bu məqamın
daha çox hansı ərəfələrdə diqqəti
çəkdiyi məlumdur. Ölkəmiz üçün əhəmiyyətli
tədbirlərin keçirildiyi zamanlarda göstərilən
canfəşanlıqlar onların uğurlarımıza
qısqanclıq hisslərindən qaynaqlanan addımları
kimi dəyərləndirilsə də, seçkilər
zamanı canfəşanlıqları tamamilə başqa məqsədi
daşıyır. Bu baxımdan ki, seçkinin bir sınaq imtahanı
olduğunu dərk edən dağıdıcılar
nüfuzlarının, sosial bazalarının yoxluğundan
narahatlıq hissi keçirdiklərindən, ən əsası
məğlubiyyətlərinin qaçılmaz olduğundan
yeganə çıxış yolunu əks təbliğat
kampaniyasının sürətini artırmaqda görürlər.
Amma unudurlar ki, reallıqların fonunda fərziyyətləri
ictimai fikrə həqiqət kimi sırımaları
qeyri-mümkündür.
Milli Məclisin deputatı Rauf Əliyev
çıxışında dövlət
başçısı İlham Əliyevin «Seçkilərin
nəticələri ölkədəki ab-havanı əks
etdirir» fikrini önə çəkdi. Bu günə qədər
ölkədə keçirilən seçkilərə diqqət
yetirsək, hər zaman yeniliklərin şahidi olarıq. Beynəlxalq
müşahidəçilərin fikirlərində də bu
gerçəklik əksini tapır ki, demokratiyanın
beşiyi kimi dəyərləndirilən ABŞ-da belə
namizədlərə Azərbaycandakı qədər şərait
yaradılmır.
O da bildirilib ki, seçkilərin elan
olunması və namizədlərin irəli sürülməsi,
qeydə alınması, seçkiqabağı təşviqat
və s prosedurlar ölkədə yüksək səviyyədə
təşkil olunur. Səsvermə mərhələsində
seçicilərin öz seçim hüquqlarından sərbəst
istifadə etmələri təmin olunur, hər kəs öz
seçimində sərbəstdir. Yekun nəticə isə
seçicilərin fəallığından, onların səslərindən
asılıdır. Bu zaman namizədin nüfuzu, fəaliyyəti
ona istəyinin gerçəkləşməsində
yardımçı ola bilər.
YAP Siyasi Şurasının üzvü,
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
isə bildirib ki, ötən dövrün uğurları irəliyə
daha böyük inamla baxmağa əsas verir. Azərbaycan bu
gün ən yüksək zirvələri fəth edir. Ulu
öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev
tərəfindən davam etdirilməsi uğurların
davamlılığına əsas yaradır. Cənab İlham
Əliyevin son on ildə gördüyü işlər,
uğurlu nəticələr onun növbəti prezident
seçkilərində də qələbəsini təmin edəcək.
Azərbaycan növbəti beş ildə də cənab
İlham Əliyevin rəhbərliyi ilə inkişaf edəcək,
qarşıya qoyulan hədəfə nail olacaq. Azərbaycanı
inkişaf etmiş ölkələr sırasında görmək
başlıca hədəfdir.
Gənclər «Yay məktəbi»nin onlara
verdiyi biliklərdən, təcrübədən, təqdimat
üçün seçilən mövzudan məmnunluqlarını
ifadə ediblər.
Yavər
Məmmədova,
BDU-nun tələbəsi
- Azərbaycan gəncliyi dövlətin
onlara diqqət və qayğısını yüksək dəyərləndirir.
Dövlət başçısı İlham Əliyevin bu
günlərdə imzaladığı «Gənclər
üçün Prezident mükafatının təsis edilməsi
haqqında» fərmanı da bu diqqət və
qayğının əsas tərkib hissəsi kimi dəyərləndirilir.
Biz gənclər dövlət başçısı İlham
Əliyevin siyasətini dəstəkləyir, onun ətrafında
sıx birləşərək, gələcəyə
böyük inamla baxırıq. Ölkə
reallıqlarını inkar yolunu tutan, öz şəxsi
ambisiyalarını dövlətin, xalqın mənafeyindən,
milli maraqlardan üstün tutan dağıdıcı
ünsürlərin cəhdlərinin yersizliyi Azərbaycanın
uğurları fonunda özünü qabarıq şəkidə
büruzə verir.
Cavidan Heydərov,
Bakı Biznes Universtetinin
tələbəsi
- Ölkə reallıqlarının içərisində
olan və bu gerçəklikləri
vətəndaşlıq təəssübkeşliyi
baxımından dəyərləndirməyi
bacaran hər kəs Azərbaycanın uğurlarından qürur
duymalıdır. Təəssüflər olsun ki, sapı
özümüzdən olan
baltalar xarici antiazərbaycan qüvvələrin
əlində oyuncağa
çevrilərək bu
reallıqları inkar
edir, ölkənin demokratik imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan
çıxırlar. Uğurlara qara
eynəkdən baxan bu ünsürlər hər zaman ictimai qınaqla üz- üzədirlər.
İctimai qınaq ən
böyük cəza olsa da daxili
bədxahlarımız hələ
də bundan nəticə çıxarmaq
barədə düşünmür.
Bu da onların
şəxsi ambisiyalarının
quluna çevrilmələrinin
sağalmaz xəstəlik
olduğunu təsdiqləyir.
Dünyamin Kazımov,
gənc yazar, Prezident
Təqaüdçüsü, jurnalist
- Dövlət başçısı İlham
Əliyevin hər zaman qeyd etdiyi
kimi, siyasət görülən işlər,
real məsələlərdir. Son 10 ildə Azərbaycanın
qazandığı uğurların
miqyasının genişliyinə
diqqət yetirsək, həyata keçirilən
siyasətin möhkəm
təmələ əsaslandığının
bir daha şahidi olarıq. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT
Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsi ölkəmizə
beynəlxalq baxışın
hansı səviyyədə
olduğunu ortaya qoyur. Xatırlasaq işğalçı Ermənistan da namizədliyini irəli sürmüşdür. Təbii ki,
ölkəmizin qələbəsinin
şəksiz olduğunu,
heç bir sahədə Azərbaycanla
rəqabət aparmaq imkanında olmadığını
dərk edən işğalçı dövlət
bu addımından geri çəkilmək məcburiyyətində qaldı.
Azərbaycanın iqtisadi və
siyasi uğurları tezliklə yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
də ədalətli həllini təmin edəcək.
Bu gün dağıdıcı ünsürlərin
öz fərdi mövqelərini xalqın
adından təqdim etmələri ikrah doğurur. Reallıqların içərisində olan xalq bu
ünsürlərin bir
illik hakimiyyətləri
dövründə Azərbaycanı
hansı durumla üz-üzə qoyduqlarını
yaxşı xatırlayır.
Nə Azərbaycan 20 il bundan
öncəki Azərbaycandır,
nə də xalq həmin dövrdəki xalqdır. 22 illik müstəqillik
tarixinə malik olan Azərbaycanın həyatında baş verən yeniliklər, inkişaf xalqın düşüncələrində də öz ifadəsini tapır.
Xalq kimin kim olduğunu,
hansı məqsədlər
uğrunda mübarizə
apardıqlarını çox
yaxşı bilir. Cənab İlham Əliyevin namizədliyi rəsmi olaraq Yeni Azərbaycan
Partiyasının V qurultayında
irəli sürüldü.
Bu təkcə partiyanın 600 mindən artıq üzvünün
deyil, xalqın böyük əksəriyyətinin
istəyinin ifadəsidir.
Xalqımız tam əmindir ki,
cənab İlham Əliyev növbəti prezident seçkilərində
də böyük səs çoxluğu ilə yenidən Prezident seçiləcək,
Azərbaycan daha möhtəşəm uğurlara
imza atacaq.
Nemət Abdullayev,
Masallı rayon gənci
- Gənclərin yeganə namizədi cənab İlham Əliyevdir. Biz dövlətin
siyasətini dəstəkləyir,
cənab İlham Əliyevin ətrafında
sıx birləşərək,
ölkəmizin gələcəyinə
böyük inamla baxırıq. Bu dəstəyimizi qarşıdan
gələn prezident seçkilərində fəallığımızla
sübut edəcəyik.
Emil Əzizov,
Ağdaş rayon gənci
- Dağıdıcı
müxalifətin fərziyyələri
reallıqların fonunda
sabun köpüyünü
xatırladır. Nə qədər
cəhdlər olunsa da yalanın həqiqət üzərində
qələbəsi mümkünsüzdür.
Azərbaycan inkişaf yolunda
inamla irəliləyir,
biz gənclər ölkəmizin
uğurları ilə
qürur duyuruq.
Ramiz Mahmudov,
Oğuz rayon gənci
- Seçkidən-seçkiyə
«biz də varıq» prinsipi üzrə hərəkət edərək
özlərini xalqa yaxın göstərməyə
çalışan dağıdıcı
müxalifət partiyaları
bu həqiqəti çox yaxşı bilirlər ki, xalqa deyil, xarici
himayədarlarına arxalananların
aqibəti siyasi meydanın küncünə
sıxılmaqdır. Bu günədək ölkədə
keçirilən və
xalqın iradəsinə
əsaslanan seçkilərin
nəticələri bunun
təsdiqidir. 2013-cü il prezident
seçkiləri bir daha bu reallığı
ortaya qoyacaq.
Həbib Nəsirov,
ARDNŞ-in
mühəndisi
- İqtisadiyyatı inkişafın təməl
daşı kimi dəyərləndirən dövlət
başçısı İlham
Əliyev gənclərin
böyük qüvvə
olduğunu, Azərbaycanın
gələcəyinin onlara
məxsusluğunu, eyni
zamanda müasir dövrün informasiya-kommunikasiya
texnologiyaları əsri
olduğunu önə
çəkərək, yüksək
ixtisaslı gənclərin
yetişdirilməsini qarşıya
mühüm vəzifə
kimi qoyur.
Dövlət başçısı bildirir ki, peşəkar
kadrların hazırlanması
bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa
ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə ölkə
qarşısında duran
ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna
nail olmalıyıq. Gənclərə diqqət və qayğı, onların təhsilinin inkişafına
yönələn addımlar
Azərbaycan Dövlət
Neft Şirkətinin də fəaliyyətinin əsas tərkib hissələrindəndir. ARDNŞ-in həyata keçirdiyi «Yay məktəbi» və «Yay təcrübəsi»
layihələri də
gənc kadrların yetişdirilməsinə xidmət
edən addımlardandır.
Bu diqqət və qayğını, ümumiyyətlə, ölkənin
hərtərəfli inkişafını
inkar etmək siyasi korluq və
qərəzdir. Qərəzçiliyi, inkarçılığı fəaliyyətlərinin əsas
istiqaməti kimi qəbul edən dağıdıcılar bu
günə qədər
ölkədə keçirilən
seçki proseslərində
xalqdan aldıqları
«yox» cavabından nəticə çıxarsalar
daha yaxşı olar.
Diskussiya şəklində davam edən təqdimatda bir daha qeyd olundu
ki, ölkəmizin uğurları davamlıdır
və bunun şərtləndirən əsas
amil düşünülmüş
və məqsədyönlü
siyasətdir. Gənclər bu siyasətə
dəstəklərini biliklərini
artırmaq, təcrübələrini
təkmilləşdirmək və çalışdıqları
sahələrdə tətbiq
etməklə təsdiqləməyə
çalışırlar. Azərbaycanın
gələcəyi gənclərlə bağlıdır.
Yeganə
Əliyeva
İki
sahil.-
2013.- 4 iyul.- S.12-13.