Azərbaycan
azad mətbuatın inkişaf
etdiyi ölkələr sırasındadır
Dövlət
başçısı İlham Əliyevin Azərbaycan
jurnalistlərinin VI qurultayının
iştirakçılarına təbrikində səsləndirdiyi
«Bu gün ölkəmizin artan imkanları kütləvi
informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın
inkişafı üçün kompleks tədbirlərin həyata
keçirilməsinə şərait yaratmışdır...
Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin
əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı,
eyni zamanda, milli şüur və vətənpərvərlik
prinsiplərinə dönmədən əməl edən media
resurslarının formalaşdırılmasıdır. Qlobal
informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin
gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan
xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin
tərəqqisinə, dövlətimizin nüfuzunun daha da
yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir»
fikirlər Azərbaycan mətbuatının dünəninə,
bu gününə və gələcəyinə baxış
olmaqla yanaşı, qarşıda duran vəzifələrə
də işıq salır.
Demokratik cəmiyyətin
varlığını təsdiqləyən əsas amillərdən
biri söz, mətbuat azadlığının yüksək səviyyədə
təmin olunmasıdır. Mətbuat azadlığı hər
bir ölkənin inkişafı üçün vacib amil kimi
önə çəkilir. Demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğu yolunu tutan və bu istiqamətdə
inamlı addımlar atan, demokratiya təcrübəsi digər
ölkələrə nümunə göstərilən Azərbaycanda
azad mətbuatın inkişafı daim diqqətdə olan məsələlərdəndir.
Dövlət başçısı İlham Əliyevin
böyük əminliklə qeyd etdiyi kimi, bu sahədə
ölkəmiz çox böyük və uğurlu yol
keçib. Bunu təsdiq edən çoxsaylı faktlar mövcuddur.
Azərbaycan milli mətbuatının
138 illiyi ərəfəsindəyik. Hər
bir bayram tədbiri bir hesabatdır. Keçilən yola nəzər
salınır, qarşıda duran vəzifələr müəyyənləşdirilir.
Müstəqil Azərbaycanımızın hər
dövrün çağırışlarını yüksək
səviyyədə yerinə yetirdiyini, qarşıya yeni hədəflər
qoyduğunu nəzərə alsaq hesabat xarakterll bayram
günündə arxada qalan illərin uğurlarını bir
yazıda qeyd etmək mümkünsüzdür.
İnkişafın Azərbaycan modeli beynəlxalq səviyyədə
təqdir olunub, öyrənilməsinin vacibliyi
vurğulanırsa, təbii ki, bu, Azərbaycan dövlətinin
uğurlu siyasətinin nəticəsidir. Bu siyasətin möhkəm
təmələ əsaslanması, Azərbaycanın bu təməl
üzərində daha sürətli inkişafı hər bir
Azərbaycan vətəndaşında böyük qürur
hissi yaradır.
Bu gün hansı sahənin
inkişafından bəhs ediriksə, uğurlarımız ulu
öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz dahi şəxsiyyətin 1993-cü
ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı Azərbaycanın tarixində yeni bir səhifə
açdı. Bu səhifəni vərəqlədikcə ulu
öndərin Azərbaycan dövlətinin, xalqının
qarşısındakı xidmətlərinin miqyasının
genişliyi daha aydın nəzərə çarpır,
böyük fəxr hissi yaradır. Ulu öndər Heydər Əliyevin
«Jurnalistlərin dostu» mükafatına layiq görülməsi
də onun bu sahənin inkişafına dəstəyindən və
qayğısından qaynaqlanmışdır.
Qeyd etdiyimiz kimi, milli mətbuatımızın
138 illiyini bayram edirik. 1875-ci il iyulun 22-də görkəmli
maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən
nəşr olunmağa başlayan «Əkinçi» qəzeti ilə
əsası qoyulmuş milli mətbuatımız ötən
dövr ərzində mürəkkəb, eyni zamanda şərəfli
yol keçərək, bütün dövrlərdə cəmiyyətin
güzgüsü olmuşdur. Ölkə reallıqlarına bələdçilik
funksiyasını yerinə yetirən mətbuatımızın
Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa
etdikdən sonra inkişafı istiqamətində atılan
biri-birindən əhəmiyyətli addımlar məlumdur.
Müstəqilliyimizin ilk illərində ölkədə
mövcud olan xaos, anarxiya, özbaşınalıq digər sahələr
kimi, mətbuatın inkişafına da öz mənfi təsirini
göstərmişdir. Mətbuat azadlığından söhbət
belə gedə bilməzdi. Hər addımda söz, fikir
azalığı boğulur, azad sözün müdafiəsində
dayanan jurnalistlər mənəvi və fiziki təzyiqlərə
məruz qalırdılar. Demokratiyanı xaos, anarxiya kimi dəyərləndirən
həmin dövrün iqtidarını yalnız və
yalnız öz şəxsi ambisiyaları
düşündürürdü.
Dahi şəxsiyyət Heydər Əliyevin
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonrakı dövr
digər sahələr kimi, mətbuatın inkişafında da
yeni mərhələnin başlanğıcı oldu. Ulu
öndər Heydər Əliyev bildirirdi ki, respubilkamızda
hüquqi dövlət qurulması, demokratik, svilizasiyalı cəmiyyət
yaradılması, insan hüquqlarının qorunması, mətbuat
azadlığının, plüralizmin təmin edilməsi,
çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəlcədən
qəbul etdiyimiz prinsiplərdir. Eyni zamanda bu fikir də önə
çəkilirdi ki, dövlət siyasətinin əsas məqsədlərindən
biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin
davam etdirilməsi və müasir beynəlxalq təcrübə
ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin
yaxşılaşdırılması, onların
imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş
cəmiyyətinin formalaşdırılması və
inkişafı, demokratik islahatların həyata keçirilməsində
səmərəli istifadə edilməsidir.
Ümummilli lider Heydər Əliyevin
atdığı bütün addımlarda KİV-lərin
maddi-texniki bazasının möhkəmləndirilməsini,
onlara dövlət qayğısının
artırılmasını, söz, məlumat
azadlığının qorunmasını, siyasi plüralizm
prinsiplərinə dönmədən əməl edilməsini
təmin edən tədbirlər proqramının həyata
keçirilməsi xüsusi diqqət çəkirdi. Mətbuata
dövlət nəzarəti olan senzuranın aradan
qaldırılması, beynəlxalq tələblərə
cavab verən «Kütləvi informasiya vasitələri
haqqında», «Məlumat azadlığı haqqında»
Qanunların qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin
ləğvi və s. kimi biri-birindən əhəmiyyətli
addımlar bu sahəyə diqqət və qayğıdan
qaynaqlanırdı. Ümummilli lider Heydər Əliyev söz
və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin
aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə
qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini,
insanların öz fikir və mülahizələrini azad, maneəsiz
çatdırma imkanlarının genişləndirilməsini
başlıca məqsəd kimi qəbul etmişdir. «Kütləvi
informasiya vasitələri haqqında» qanunda da bu fikirlər
öz əksini tapır ki, KİV-in təsis olunması, ondan
istifadə, onun idarə edilməsi qanunvericilikdə nəzərdə
tutulan hallardan əlavə məhdudlaşdırıla bilməz.
Mətbuat azadlığı vətəndaşların qanuni
yolla informasiya əldə etmək, hazırlamaq, ötürmək
və yaymaq hüququna dövlət tərəfindən təminat
verilməsinə əsaslanır. Ulu öndər Heydər Əliyevin
11 may 2002-ci il tarixli ««Kütləvi informasiya vasitələri
haqqında» Qanuna əlavə və dəyişikliklər
edilməsi haqqında» fərmanı yazılı mətbuatın
təsis edilməsini və ondan istifadə imkanlarını
asanlaşdırmaqla, mətbu nəşrlərin dövlət
qeydiyyatı ilə bağlı icazə sistemini aradan
götürmüşdür. Təbii ki, bu kimi təkmilləşmələr
dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə
əsaslanır. Daim yeniliyə, müasirliyi önəm verən
dövlətimiz bu və ya digər sahələrin
inkişafına xidmət edən qanunların təkmilləşdirilməsinə
səy göstərir. Milli Konstitusiyamıza bir neçə dəfə
edilən əlavə və dəyişikliklər də buna əyani
sübutdur. Ali qanunumuzda bütün azadlıqlar öz əksini
tapıb.
İnsan huquq və azadlıqlarının
qorunmasını dövlət siyasətinin əsas tərkib
hissəsi kimi dəyərləndirən ümummilli lider Heydər
Əliyev bildirirdi ki, yaradılan demokratik şəraitdən
sui-istifadə edib, şər, böhtan yazmaq cinayətdir.
Jurnalist məsuliyyətli olmalı, mətbuatın
qarşısında dayanan əsas prinsiplərə yüksək
səviyyədə əməl etməlidir. Onun bu tələbi
təbii ki, göstərilən diqqət və qayğıya əsaslanırdı.
Mütəmadi olaraq jurnalist kollektivləri ilə
görüşlər keçirən ulu öndər Heydər
Əliyev onların problemləri, qayğıları ilə
yaxından tanış olur, həlli istiqamətində zəruri
addımlar atırdı. Dahi şəxsiyyət bildirirdi:
«Jurnalistin əməyi qeyri-adi əməkdir, olduqca
böyük zəhmət tələb edən əməkdir,
çox səylər göstərilməsini, hətta cəsurluq,
hünər, fədakarlıq tələb edən əməkdir,
öz peşəsinə vurğunluq tələb edən əməkdir.»
Məhz bu sahədə görülən
işlərin uğurlu nəticəsidir ki, bu gün
böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan azad mətbuatın
inkişaf etdiyi ölkələr sırasındadır.
Ölkəmizdə internet istifadəçiləri 70 faizdən
çoxdur. Bu günün əsas tələbi budur ki,
hansı ölkə informasiya bolluğuna malikdirsə, daha
güclü, varlı dövlət kimi qəbul olunur və dəyərləndirilir.
Təbii ki, faktlara əsaslanan, reallığı özündə
əks etdirən informasiyanın təsir imkanları daha
geniş olar. Bir sözlə, ulu öndər Heydər Əliyev
söz, mətbuat azadlığının inkişafına əngəl
olan, süni maneələrin aradan qaldırılması
üçün qanunvericilik bazasının təkmilləşdirilməsini
təmin etdi, vətəndaş cəmiyyəti quruculuğunu
özünün inkişaf modeli seçən ölkəmizdə
KİV-lərin rolunun artırılmasını başlıca
məqsəd kimi qarşıya qoydu.
Ümummilli liderin mətbuatın
inkişafına yönələn xidmətlərindən bəhs
edərkən hər zaman bir fakt önə çəkilir ulu
öndər peşə etikasını kobud şəkildə
pozan, faktlara deyil, şəxsi mülahizələrə
söykənən «yazarlar»ın cəzalandırılmasına
yol vermir, dövlət məmurlarına dözümlü
olmağı tövsiyə edirdi. O, ölkədə söz və
mətbuat azadlığının qarantı olduğunu daim
bildirirdi: «Bizim ümumi məqsədimiz mətbuata daha da
çox azadlıq vermək, söz azadlığını
daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı
bütün sahələr üzrə inkişaf etdirməkdən
ibarətdir.»
Mətbuata dövlət nəzarətini həyata
keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv
edilməsi mətbuatın özünütənzimləməsi
mexanizminin tətbiqinə şərait yaratmışdır.
2003-cü ilin martın 15-də Azərbaycan jurnalistlərinin
I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini
tənzimləyən qurum - Azərbaycan Mətbuat
Şurası yaradıldı. Qurumun qarşısında dayanan
əsas məqsədlərdən biri jurnalistlərin peşə
etikası Kodeksinin tələblərinə əməl etməsinə
ictimai nəzarətin həyata keçirilməsidir. Qurum fəaliyyətə
başladığı gündən KİV-lərin
saflaşdırılması istiqamətində mühüm
addımlar atmış, jurnalistlərin peşəkarlığının
artırılması üçün müsbət nəticələr
əldə etmişdir. Dövlət başçısı
İlham Əliyev Azərbaycan jurnalistlərinin VI
qurultayının iştirakçılarına
ünvanladığı təbrikində də qeyd etmişdir
ki, Azərbaycan jurnalistlərinin I qurultayında mətbuatın
özünütənzimləmə orqanı kimi
yaradılmış Mətbuat Şurası media-dövlət,
media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq
təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli
rol oynamışdır. Mətbuat Şurasının fəaliyyəti
bütövlükdə Azərbaycan jurnalistikasının
inkişafına, dövlət orqanları, vətəndaşlarla
mətbuat arasında münasibətlərin tənzimlənməsinə,
jurnalistlərin peşəkarlığının yüksəlməsinə,
söz və məlumat azadlığından sui-istifadə
hallarının qarşısının alınmasına xidmət
etmişdir. Azad mətbuatın inkişafı sahəsində
beynəlxalq təşkilatlarla, o cümlədən Avropa
Şurası və ATƏT-lə sıx əməkdaşlıq
əlaqələri qurulub. Hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın
dünya informasiya məkanına daxil olması və informasiya
cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin
və dövlətin informasiyaya olan tələbatının
daha dolğun ödənilməsinə, kütləvi
informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə
və müasir dövrün tələblərinə
uyğunlaşmasına ehtiyac yaradır. Ulu öndər Heydər
Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində
həyata keçirdiyi çoxşaxəli islahatların və
onların son on ildə Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün
ölkəmizdə söz və mətbuat azadlığı
sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik
ölkələrlə müqayisə edilə bilər. Azərbaycan
KİV-lərin sayına görə MDB və Şərqi
Avropa ölkələri arasında lider mövqedə
dayanır. Ölkəmizdə 5 mindən artıq kütləvi
informasiya vasitəsi dövlət qeydiyyatına alınıb.
Xeyli sayda jurnalist təşkilatları və ictimai birilklər
fəaliyyət göstərir. Yuxarıda da qeyd etdiyimiz kimi,
sürətlə inkişaf edən internet resursları vətəndaş
cəmiyyəti quruculuğunun fəal
iştirakçısına çevrilərək cəmiyyətimizin
informasiyaya olan ehtiyacının ödənilməsində əhmiyyətli
rol oynayır. Ölkəmizdə internet azaddır, heç
bir məhdudiyyət yoxdur.
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə
başladığı gündən «Azərbaycanın hərtərəfli
inkişafı üçün Heydər Əliyev siyasəti
davam etdirilməlidir» söyləyərək,
atdığı biri-birindən əhəmiyyətli
addımları ilə bu vədin konkret əməli işdə
öz təsdiqini tapdığını sübut etdi.
2003-cü ildən sonrakı dövr Azərbaycan tarixində
Böyük Yolun davamı kimi dəyərləndirilir.
Demokratikləşmə prosesinin sürətləndirilməsinin
Azərbaycanın hərtərəfli inkişafında vacib
amil kimi önə çəkən dövlət
başçısı İlham Əliyev atılan
addımların hansısa beynəlxalq təşkilata,
dövlətə xoş gəlmək deyil, Azərbaycanın
uğurlu gələcəyi üçün olduğunu qeyd
edir: «Siyasi islahatlar iqtisadi islahatları qabaqlamamalıdır,
eyni zamanda, geridə də qalmamalıdır. Mən hesab edirəm
ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm
iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə
aparılır və ölkəmizin hərtərəfli
inkişafını təmin edir.»
Görülən işlərin fonunda mətbuata
diqqət və qayğısı daha aydın görünən
dövlət başçısı İlham Əliyev
bütün çıxışlarında mətbuatın
üzərində düşən vəzifələrdən bəhs
edir, onların icrasında dövlətin hər bir dəstəyi
göstərməyə hazır olduğunu diqqətə
çatdırır. Son on ildə dövlət
başçısı İlham Əliyevin bu sahənin
inkişafına xidmət edən addımlarına qısaca nəzər
salaq. 2005-ci ildə «Əməkdar jurnalist» adının bərpa
olunması, «Azərbaycan mətbuat işçilərinin təltif
edilməsi haqqında», «Azərbaycan mətbuat işçilərinə
fəxri adların verilməsi haqqında», «Kütləvi
informasiya vasitələrinə maliyyə yardımı
göstərilməsi haqqında» sərəncamlar
imzalanıb. Həmin ildə mətbuatın 130 illik yubileyinin
respublikanın bütün bölgələrində yüksək
səviyyədə qeyd olunması, jurnalistlərin fəxri
adlarla mükafatlandırılması, bir neçə peşəkar
jurnalistin Prezident Təqaüdünə layiq görülməsi
də atılan addımlar sırasındandır.
Azərbaycan milli mətbuatının 135
illik yubileyi də dövlət başçısının
biri-birindən əhəmiyyətli sərəncamları ilə
yadda qaldı. Belə ki, Prezident İlham Əliyev kütləvi
informasiya vasitələrinə birdəfəlik yardımın
göstərilməsi, bir qrup jurnalistin fəxri adlar və «Tərəqqi»
medalı ilə təltif edilməsi barədə sərəncam
imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir addımı
da atdı. Mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi ilə bağlı sərəncam
ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə
qarşılandı. Sərəncama uyğun olaraq mətbuat
işçilərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması və onlar
üçün yaşayış evlərinin tikilməsi məqsədilə
2010-cu il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı.
Artıq 22 iyul- Milli mətbuatın 138 illiyində binanın
açılışı olacaq.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul
tarixli «Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinə birdəfəlik maliyyə yardımı
göstərilməsi haqqında», eləcə də «Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
Konsepsiyası»nın təsdiq edilməsi də diqqət və
qayğının bariz nümunələrindəndir.
Konsepsiyada qeyd edildiyi kimi dövlətin informasiya siyasətinin
başlıca vəzifələrindən biri kütləvi
informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət,
cəmiyyət və dövlət maraqlarının
tarazlaşdırılmasına yönəlmiş hüquqi,
iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən
edilməsidir. Milli mətbuatın mütərəqqi ənənələrinin
qorunub saxlanılması, müasir dövrün tələblərinə
uyğunlaşdırılması, beynəlxalq təcrübənin
öyrənilməsi və tətbiqi prioritet məsələdir.
Azərbaycanda kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi şəffaflıq,
əməkdaşlıq, qarşılıqlı məsuliyyət
prinsipləri əsasında həyata keçirilir. Eyni zamanda,
sənəd mətbuata dövlət dəstəyi, kütləvi
informasiya vasitələrinin müstəqilliyinin qorunması,
onların fəaliyyətinə hər hansı müdaxilənin
istisna edilməsi, yayılması qanunla qadağan olunmuş
informasiyadan cəmiyyətin qorunması, kütləvi
informasiya vasitələrinin inhisarlaşmasının
qarşısının alınması, ictimai maraqları əks
etdirən layihələrə üstünlük verilməsi,
regional kütləvi informasiya vasitələrinin
inkişafının dəstəklənməsi kimi prinsipləri
özündə ehtiva edir.
Dövlət dəstəyi Konsepsiyasına
uyğun olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin
3 aprel 2009-cu il tarixli sərəncamı əsasında Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondu yaradıldı. Ölkə Prezidentinin 22 may 2009-cu il
tarixli sərəncamı əsasında isə Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun icraçı direktoru və Müşahidə
Şurasının üzvləri təyin edildi. Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata
hərtərəfli qayğısının daha bir əyani təzahürü
kimi dəyərləndirildi. Fondun yaradılmasında əsas
məqsəd məhz azad mətbuatı inkişaf etdirmək,
mətbuatın maddi-texniki bazasını, o cümlədən
jurnalistlərin sosial vəziyyətinin
yaxşılaşdırılmasına xidmət göstərməkdir.
Fondun və Mətbuat Şurasının müxtəlif
nazirliklərlə birlikdə günümüzün
reallığını əks etdirən ayrı-ayrı
mövzulara aid yazı müsabiqələri keçirmələri,
qaliblərin pul və diplomlarla mükafatlandırılması
müstəqil mətbuatın inkişafına, jurnalistlərin
peşəkarlığının artırılmasına,
yaradıcılıq imkanlarının genişləndirilməsinə
yönəlmiş ən mütərəqqi addımlardır.
Fond yazı müsabiqələrinin keçirilməsinə
xüsusi önəm verməklə jurnalistlərin fərdi
peşəkarlığına, redaksiyalarda
yaradıcılıq mühitinin inkişafına dəstək
olur. Dövlət başçısı İlham Əliyev
2010-cu ildə Mətbuat Şurasının yeni
binasının açılışında bildirmişdir:
«Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada
bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan
qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə
xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır.
Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən
hesab edirəm ki, bunun vaxtı çatıbdır.»
Xatırladaq ki, 2009-cu ilin martında
keçirilən referendumda da Konstitusiyanın 29 maddəsinə
edilən 40-a yaxın əlavə və dəyişikliklər
arasında mətbuat azadlığının yüksək səviyyədə
təmin olunmasına xidmət edən əlavələr də
olmuşdur. «Şəxsiyyət toxunulmazlığı
hüququ» maddəsinə edilən əlavəyə görə
qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və
ailə həyatına müdaxilə etmək
qadağandır. Hər kəsin şəxsi və ailə həyatına
qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Heç kəs onun xəbəri olmadan və etirazına
baxmadan izlənilə bilməz, video və foto çəkilişinə,
səs yazısına və digər bu cür hərəkətlərə
məruz qoyula bilməz. Həmçinin «Məlumat
azadlığı» maddəsinə edilən əlavə də
demokratik prinsiplərin inkişafına yönəlib. Əlavəyə
əsasən hər kəsin kütləvi informasiya vasitələrində
dərc edilən və onun hüquqlarını pozan və ya
mənafelərinə xələl gətirən məlumatı
təkzib etmək və ya ona cavab vermək hüququna təminat
verilir.
Mətbuat Şurasının yeni
binasının açılışında bu məsələyə
də xüsusi diqqət yönəldilərək,
yazılı və elektron KİV-lərin qarşısında
duran vəzifələri də diqqətə
çatdırmışdır. Azərbaycanın müharibə
şəraitində yaşayan ölkə olduğunu, eyni
zamanda mətbuatın ictimai fikrə təsir
imkanlarının böyüklüyünü nəzərə
alsaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunması işində medianın xidmətləri aydın
şəkildə görünür.
Məlum olduğu kimi, Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin «Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr» məqaləsində
də Azərbaycan oxucusunun, tamaşaçısının
yazılı və elektron KİV-lərdən gözlədikləri
öz əksini tapmışdır. Məqalədə
bildirilirdi ki, kütləvi informasiya vasitələri ölkəmizdə
və dünyada baş verən hadisə və proseslər
haqqında obyektiv, hərtərəfli informasiya
çatdırmalı, onları yüksək peşəkarlıqla
şərh etməli, maarifləndirici yazılara, verilişlərə
geniş yer verməlidir. Milli mənəvi dəyərlərimizin
qorunmasında, azərbaycançılıq ideyasının təbliğində,
dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin
ölkə və beynəlxalq ictimaiyyətə
çatdırılmasında yazılı və elektron
KİV-lərin üzərinə böyük məsuliyyət
düşür. Təbliğat xarakterli, vətənpərvərlik
ruhunda yazılar dövrün tələbidir.
Bu gün Cənubi Qafqazın parlayan ulduzu,
dünyanın ən xoşbəxt ölkəsi kimi
tanınan, yeni iqtisadi və sosial
çağırışların müzakirsi
üçün əsas məkan seçilən Azərbaycanın
yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsidir. Problemin həllində Azərbaycan
dövlətinin dəyişməz mövqeyi dünyanın ən
nüfuzlu təşkilatlarının tribunasından bəyan
edilir. Dağlıq Qarabağ problemi ümummilli məsələdir.
Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, bu məsələdə
siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə
ümumiyyətlə, iqtidar-müxalifət münasibətləri
olmamalıdır. «Bütün Azərbaycan xalqı birləşərək
bu məsələni həll edə bilər» söyləyən
dövlət başçısı İlham Əliyev, eyni
zamanda bildirir ki, həm ölkə daxilində, həm də
beyəlxalq media nümayəndələri ilə əlaqələrin
genişləndirilməsi istiqamətində fəal iş
aparılmalıdır. Dağlıq Qarabağ problemi gündəlik
işimiz olmalıdır. Azərbaycan həqiqətlərinin
faktlar əsasında beynəlxalq ictimaiyyətə
çatdırılması ölkəmizin diplomatik mübarizədə
qələbəsini şərtləndirən əsas amillərdəndir.
Buna görə də mətbuat bu istiqamətdə səylərini
daha da artırmalıdır. Hazırlanan hər yazıda
jurnalist peşəkarlığı ilə yanaşı məsuliyyəti
də unudulmamalıdır. 2010-cu ildə «RUH» Azərbaycan
Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi
sorğuya əsasən Prezident İlham Əliyevin «Jurnalistlərin
dostu» mükafatına layiq görülməsi azad mətbuatın
inkişafına diqqət və qayğısına verilən
dəyərdir. «Jurnalistlərin dostu olmaq mənim
üçün böyük şərəfdir» söyləyən
dövlət başçısı İlham Əliyev bildirir
ki, aldığı bu mükafatdan asılı olmayaraq, bundan
sonra da Azərbaycanda bu sahədə daha da böyük
addımlar atılacaq: «Ölkədə müasir
jurnalistikanın formalaşması işində Azərbaycan
dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm.»
Dövlət başçısı
İlham Əliyev bir daha sübut edir ki, dövlətimiz
demokratiyanın əsas atributlarından olan söz və məlumat
azadlığının inkişaf etdirilməsində,
KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində,
ölkədə azad və plüralist medianın
inkişafında maraqlıdır və qarşıda duran vəzifələri
tam məsuliyyətlə və yüksək səviyyədə
yerinə yetirir.
Azərbaycan jurnalistlərinin VI
qurultayında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov milli mətbuatımızın
inkişafı fonunda dövlətin Azərbaycan
jurnalistikasından gözləntisini də diqqətə
çatdırmışdır: «Hökuməti, icra
strukturlarını, məmurların fəaliyyətini tənqid
etmək olar. Dəfələrlə ölkə Prezidenti məmurları
müxalifət mətuatından da sərt tənqid
etmişdir. Amma Azərbaycan Prezidenti bütün
addımlarında dövlətin maraqlarından
çıxış edir, onu rəhbər tutur. Buna görə
də jurnalistlər vətənpərvərlik hissini, məsuliyyətlərini
unutmamalıdırlar.» Bir daha qeyd olunmuşdur ki, medianın
konsepsiyası abad və firavan Vətən, nizam-intizamlı
hökumət, dövlətin və hər bir vətəndaşının
maraqlarının qorunması prinsipləri üzərində
qurulmalıdır.
Uğurlarımız yeni hədəflərin
müəyyənləşdirilməsində stimul rolunu
oynayır. Dövlət başçısı İlham Əliyevin
Azərbaycanın 20 illik müstəqillik tarixində
qazandığı uğurların fonunda təsdiqlədiyi «Azərbaycan
2020: Gələcəyə baxış» İnkişaf
Konsepsiyası beynəlxalq səviyyədə yol xəritəsi
kimi dəyərləndirilir. Başlıca hədəf Azərbaycanı
inkişaf etmiş ölkələr sırasında görməkdir.
Təbii ki, bu inkişaf, tərəqqi dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, digər
sahələr kimi mətbuatın da qarşısında yeni
imkanlar açır.
Bir daha bayram münasibətilə media
nümayəndələrini, oxucuları təbrik edir, onlara
yaradıcılıq uğurları arzulayıram. Tezliklə
yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi öz ədalətli həllini
tapsın, soydaşlarımız doğma yurd-yuvalrına
qayıtsın, bu sevincimiz mətbuat səhifələrini bəzəsin.
Mən buna inanıram, Ali Baş Komandan, Prezident İlham Əliyevin
rəhbərliyi ilə bu məsələ tezliklə öz ədalətli
həllini tapacaq, işğal altında olan Azərbaycan
torpaqları işğaldan azad olunacaq, qaçqın və məcburi
köçkünlər yurd-yuvalarına qayıdacaq və biz
hamılıqla bu qələbəni bayram edəcəyik.
Vüqar
Rəhimzadə,
YAP
Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin
baş redaktoru,
Mətbuat
Şurası İdarə Heyətinin üzvü, Əməkdar
jurnalist
İki
sahil.- 2013.- 20 iyul.- S.19; 29.