Uşaqlar bizim gələcəyimizdir!
“Mən əminəm ki,
bugünkü uşaqlar, bugünkü Azərbaycan gəncləri
Azərbaycanın xoşbəxt gələcəyini təmin
etməyə qadirdirlər”.
Ulu
öndər Heydər Əliyev
Uşaqlar
hamı üçün əzizdir. Dünyanın hər
yerində uşaqlara qayğı və onların qorunması
xüsusi əhəmiyyət kəsb edir. Hər zaman gələcəyimiz
kimi baxdığımız uşaqlar cəmiyyətin ən zərif
hissəsi hesab olunur. Hələ körpə vaxtı
gördükləri
qayğı və məhəbbət onların gələcək fiziki
sağlamlığının, mənəvi saflıq və zənginliyinin
rəhni kimi qəbul edilir.
Doğulmaqları ilə həyatımıza bir dünya sevinc bəxş edən, varlığı saflıqdan, sadəlikdən, işıqdan yoğrulan, ömrümüzün bəzəyi, həyatımızın mənası, gözümüzün işığı olan bu gül balaların xoşbəxt, firavan yaşayışı, layiqli bir ölkə vətəndaşı kimi böyüyüb-ərsəyə yetməsi hər birimizin müqəddəs borcu, həyat amalıdır.
Bu gün onların bayramıdır. 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Ölkəmizdə ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların sağlamlığına, təhsilinə və yaşayış şəraitinə xüsusi əhəmiyyət verilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan uşaq hüquqlarının qorunması dövlət rəhbərinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə hər bir dövlətin əsas öhdəliklərindən biri də xalqın sağlam gələcəyini təmin etməkdən ibarətdir. Sərəncamla bağlı respublikada uşaq problemlərinin həlli istiqamətində həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən xeyli işlər görülmüş, böyük layihələr həyata keçirilmişdir.
Bütün dünyada uşaqların hüquqlarının qorunması müqəddəs vəzifə, borc sayılır. Bu səbəbdən 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya uşaqlarla bağlı əsas beynəlxalq sənəd hesab olunur. Hazırda 190 dövlət həmin konvensiyaya qoşulub.
Uşaq Hüquqları Konvensiyası - BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Konvensiya uşaqların hər sahədə iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Bu, uşaq hüquqlarının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanınması və qorunması deməkdir.
Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün bu sənəd mühüm əhəmiyyətə malikdir. Çünki müharibə zamanı 300 mindən artıq uşaq qaçqın və köçkün düşərək ağır şəraitdə yaşamağa məcbur olub.
Bu sahədə ən böyük missiyanı həyata keçirən Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondunun prezidenti, YUNESUO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaqlarla bağlı çoxsaylı layihələr işləyib həyata keçirib.
Artıq bir çox ölkələrdə, eləcə də Azərbaycanda narkotik vasitələrin daşınmasında uşaqlardan istifadə edilməsi, onların mənəvi pozğunluq, bir sıra məişət zorakılıqlarına sürüklənməsi faktlarına qarşı geniş mübarizə aparılır.Bu kimi neqativ hallarla adətən kimsəsiz, evsiz-eşiksiz uşaqlar üzləşirlər. Bu məqsədlə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hər bir uşağın ailəyə ehtiyacı var” adlı layihə həyata keçirilib.
Qeyd edək ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizdə qanunvericilik bazası formalaşıb. “Uşaq hüquqları haqqında” qanun və bəzi digər hüquqi normativ aktlar qəbul edilib.
2002-ci ilin mayında Azərbaycanın nümayəndə heyəti BMT-nin Baş Assambleyasının uşaqlara həsr olunmuş xüsusi sessiyasında fəal iştirak edib.
2004-cü ildə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi” haqqında 182 saylı Konvensiyası və eyni adlı 190 saylı Tövsiyəsinə, həmçinin Beynəlxalq Övladlığa Götürməyə dair Haaqa Konvensiyasına qoşulub.
Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur.
Bu qanun uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. Ümumiyyətlə, Azərbaycan hökuməti uşaq hüquqları sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetiriməsinə xüsusi önəm verir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Bu məqsədlə ölkə hökuməti, ilk növbədə, uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atıb.
Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplardan biri valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu kateqoriyadan olan uşaqların orta-ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün, Azərbaycan Respublikasının “Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunu qəbul edilib.
Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində atılmış ən mühüm addımlardan biri “De-institusionalizasiya və ya alternativ qayğı üzrə Dövlət Proqramının (2006-2015-ci illər)” qəbul edilməsi olub. Proqram Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiqlənib. Proqram çərçivəsində xeyli uşaq ailələrə verilib, bəziləri isə öz bioloji valideynlərinə qaytarılıb.
Uşaqların sağlamlığının qorunması dövlətimizin ən ümdə vəzifəsidir.Ötən illər ərzində Azərbaycan səhiyyəsinin bir çox sahələrində olduğu kimi, ana və uşaqların mühafizəsi işində də nailiyyətlər əldə edilib.
Azərbaycanda ötən son illər ərzində səhiyyə sahəsində irimiqyaslı layihələr, görülən tədbirlər, ilk növbədə, ən vacib istiqamətlərə yönəlib. Yeni tibb müəssisələri yaradılıb, müasir, son model aparatlarla təmin edilərək əhalinin ixtiyarına verilib. Azərbaycanda yaradılan səhiyyə müəssisələrinin çoxunun nəinki ölkəmizdə, o cümlədən də qitədə analoqu yoxdur.
Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə tikilib istifadəyə verilən Talassemiya Mərkəzinin açılışı buna əyani sübutdur.Bu mərkəzin açılışı səhiyyənin ən ağrılı problemlərinin həlli yönündə görülən əvəzsiz işdir. Çünki yaradılmış belə bir mərkəz, orada quraşdırılan avadanlıqlar onun bu gün və gələcəkdə malik olduğu imkanların bölgədə analoqu yoxdur.
Fəxriyyə
İkramqızı
İki sahil.- 2013.- 1 iyun.- S.20.