Narkomaniya ən qorxulu ictimai bəladır

 

Bütün dünyada “ağ ölüm” adlandırılan və bəşəriyyət üçün  ən qorxulu ictimai bəla olan narkomaniya dünya dövlətlərinin başlıca probleminə çevrilmişdir. 2013-cü ilin yanvar ayında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə həyata keçirdiyi “Narkomaniyaya qarşı ümumdünya mübarizəsi” adlı layihəsi bu bəlanın daha da təhlükəli olduğundan və getdikcə bütün dünyanı öz ağuşuna alacağından xəbər verir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə narkomaniyaya qarşı mübarizəni daha da sərtləşdirmək üçün “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi və yayılması, onların prekursorlarının hazırlanması, istehsal edilməsi, əldə edilməsi, daşınması və satılmasının qarşısını almaq” məqsədilə müvafiq Sərəncam imzalamış, 2007-2012-ci illəri əhatə edən Dövlət Proqramını təsdiq etmiş, bir sıra göstərişlər vermişdir.

Cəlilabad rayonu qonşu İranla sərhəd zonasında yerləşdiyi üçün narkotik vasitələrin yayılmasına qarşı mübarizə xüsusi nəzarət qaydasında həyata keçirilir. İctimaiyyət arasında mütəmadi olaraq maarifçilik tədbirləri aparılır, hüquq-mühafizə orqanları ilə birlikdə müəyyən işlər görülür.

Cəlilabad rayon İcra Hakimiyyəti Aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası bu məqsədlə bir sıra tədbirlər planı həyata keçirmişdir.

Rayonun bütün idarə və təşkilatları, ali və orta təhsil müəssisələri bu mübarizəyə səfərbər olmuş, rayon icra hakimiyyətinin hüquq şöbəsi, digər inzibati orqanlar və narkoloji dispanser bu işə cəlb edilmiş, bu mövzuda mühazirələr oxunmuşdur.

Qeydiyyatda olanlardan və şübhəli bilinənlərdən qan nümunəsi götürülərək QİÇS laboratoriyalarına göndərilmiş, 4 minə yaxın gənc maarifləndirmə işlərinə cəlb edilmişdir.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilmiş idman yarışlarında 500-dən çox gənc idmançı iştirak etmişdir.

Rayon təhsil şöbəsinin fəaliyyət planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında  narkotik vasitələrin və psixotrop maddələrin zərərli və təhlükəli olması ilə əlaqədar tədbirlər həyata keçirilmişdir.

Narkoloji dispanserin işçiləri tərəfindən gənclər və yeniyetmələr arasında narkomanlığa aid sorğular keçirilmiş, sorğular zamanı qeydiyyatdan kənarda qalmış narkomanlar müəyyən edilərkən müalicəyə cəlb olunmuşlar. Rayonun hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində məsuliyyətlərini daha da artırmış, bu məqsədlə əməliyyat-axtarış tədbirlərini daha da gücləndirmişlər.

Narkomanlığa qarşı aparılan sərt tədbirlərin nəticəsi olaraq getdikcə cinayət faktları azalmış, gənclərin sağlam şəraitdə böyüyüb tərbiyə olunması istiqamətində görülən işlər öz səmərəsini vermişdir.

Müqayisə üçün deyək ki, 2007-ci ildə müəyyən edilmiş 82 fakt üzrə 50 nəfər məsuliyyətə cəlb olunmuşdursa, 2008-ci ildə 68 cinayət faktı aşkar edilmiş, 48 nəfər məsuliyyətə cəlb edilmişdir.

2009-cu ildə 59 cinayət faktı aşkar edilmiş və 41 nəfər məsuliyyətə cəlb edilmişdirsə, 2010-cu ildə  63 cinayət faktı aşkar edilmiş, 51 nəfər məsuliyyətə cəlb olunmuşdur.

2011-ci ildə 57 faktdan 44 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş, 2012-ci ildə isə 33 cinayət faktı aşkar edilmiş və 17 nəfər məsuliyyətə cəlb olunmuşdur.

2012-ci il ərzində cinayətkar ünsürlərdən 12 kiloqram 655,75 qram narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılmışdır. Eyni zamanda, “Xaş-xaş-2012” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitmiş 1 ton 853 kiloqram çətənə kolu aşkar edilərək məhv edilmişdir.

Ötən illər ərzində rayonda fəaliyyət göstərən aptek və xəstəxanalardan qanunsuz yolla əldə edilmiş dərman preparatları aşkar edilməmiş, xüsusi razılıq olmadan əczaçılıq və tibb müəssisələrindən alınan narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə halları müşahidə edilməmişdir.

2012-ci ildə narkoloji dispanserdə 378 nəfər narkotik aludəçisi qeydiyyata alınmış, 6 nəfər reabilitasiya olunmuşdur.

Göründüyü kimi, həm cinayət faktlarının, həm də cinayət məsuliyyətinə cəlb olunanların sayı azalan xətt üzrə getmişdir ki, bu da rayon İcra Hakimiyyətinin və  hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə və yayılmasına qarşı apardıqları mübarizənin möhkəmləndirilməsini göstərir.

Məsuliyyətə cəlb olunanların arasında 2010-cu ildə 18-25  yaşında gənclərin sayı 9 nəfər olmuşdursa, 2013-cü ildə bu rəqəm 1 nəfərə enmişdir.

Bu statistika onu göstərir ki, gənclər arasında narkomanlığa qarşı mübarizə daha fərqli şəkildə, daha məsuliyyətlə aparılır.

Respublika Prezidenti cənab İlham Əliyev 2013-cü il fevralın 2-də “Gənclər günü” ilə bağlı keçirlilən müşavirədə gənclərə qarşı diqqət və qayğının artırılmasını, gənclərin xüsusilə narkomaniyadan uzaq olması üçün təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsini tövsiyə etmişdir.

Ölkə başçısının bu tövsiyəsi Cəlilabad rayonunda şüara çevrilmiş və gənclər xüsusi diqqət və qayğı çərçivəsində narkomaniyaya qarşı mübarizəyə cəlb olunmuşlar.

Rayon ərazisində hər il “Xaş-xaş” əməliyyatı keçirilir ki, bu əməliyyat xaş-xaş bitkisinin əkilib becərilməsinə qarşı təşkil olunmuş və aşkar olunan əkin sahələrinin məhv edilməsinə yönəlmişdir.

Görülən bütün bu tədbirlərə baxmayaraq rayonda narkotik vasitələrin dövriyyəsinin və yayılmasının qarşısını almaq hələ tamamilə mümkün olmamışdır.

Cinayətlərin sayı azalsa da, hələ də cinayət faktları aşkar olunur, qaçaqmalçılıq yolu ilə keçirilən narkotik və psixotrop maddələrin alveri bir qrup şəxsin gəlir mənbəyinə çevrilir.

Narkomanlığın daha sürətlə yayılması, gənclərin bu bəlaya düçar olması, narkotik vasitələrin qanunsuz dövriyyəsinin vüsət alması onu göstərir ki, bu istiqamətdə görülən işlərlə kifayətlənmək olmaz və tədbirlər planını daha da genişləndirmək lazımdır.

Narkomaniyaya qarşı profilaktik və müalicəvi tədbirlərin, eləcə də sosial, təşkilati, tibbi və hüquqi xarakterli tədbirlərin dövlət səviyyəsində həyata keçirilməsi günün ən vacib tələblərindən biridir. Narkomanlığı minimum səviyyəyə endirmək üçün dövlətin və ictimaiyyətin səylərini birləşdirmək, gəncləri bu işə cəlb etmək əsas vəzifələrimizdən biri olmalıdır.

Cəlilabad rayon İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanları bundan sonra da Prezident cənab İlham Əliyevin bu istiqamətdə göstərdiyi tövsiyə və tapşırıqlarını yerinə yetirmək üçün əlindən gələni edəcək, ölkəmizin narkomaniyasız bir məkana çevrilməsinə öz töhfəsini verəcəkdir.

 

Elşad Nəhməd oğlu Əzizov

 

Cəlilabad RİHBA hüquq şöbəsinin müdiri

 

İki sahil.- 2013.- 1 iyun.- S.19.