Azərbaycan müstəqil siyasət həyata
keçirir,
heç bir dövlətin
qarşısında öhdəliyi yoxdur
Dağıdıcı
ünsürlərin və onların tabeliyində olan mətbu
orqanların “Azərbaycan-ABŞ: Gələcəyə
baxış” Forumunun əhəmiyyətini azaltmaq istiqamətində
göstərdikləri cəhdlər şəxsi maraqlarına
xidmət edən addımlarındandır
Bu gün
böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan və
paytaxt Bakı dünya mərkəzlərindən birinə
çevrilib. Diqqət yetirsək, hər ay ölkəmizin
müxtəlif mövzuları əhatə edən beynəlxalq
tədbirlərə, forumlara ev sahibliyi etməsi ilə yadda
qalır. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan
iqtisadi və siyasi mövqeyinin təsdiqi kimi dəyərləndirilməlidir.
Lakin ağa qara deməyə, ölkə iqtidarının hər
bir addımına, uğurlarımıza qara eynəkdən
baxmağa adətkar olan dağıdıcı ünsürlər
və onların tabeliyində olan mətbu orqanlar ictimai rəyi
çaşdırmaq üçün qeyri-ciddi fikirlər səsləndirib,
ətrafında uzun-uzadı müzakirələr aparmaqla bir daha çirkin niyyətlərini
ortaya qoyurlar.
Dağıdıcıların ölkəmizdə keçirilən “Azərbaycan-ABŞ: Gələcəyə baxış” Forumu ətrafında apardığı əks-təbliğat kampaniyasına diqqət yetirmək kifayətdir. Forum hər iki tərəfin təmsilçilərinin də qeyd etdiyi kimi, Azərbaycan-ABŞ münasibətlərinin dünəninə baxış, perspektivlərin müəyyənləşdirilməsində mühüm hadisə olmaqla yanaşı, ölkəmizin imkanlarının təqdimatında da əhəmiyyətli rola malikdir. İstər Azərbaycanda ilk dəfə, istərsə də dəfələrlə səfərdə olan amerikalılar bu fikri xüsusi vurğuladılar ki, Azərbaycanın inkişafı heyranedicidir. Hakimiyyətin həyata keçirdiyi siyasət ölkənin hərtərəfli inkişafına yönəlib.
Dağıdıcı ünsürlərin və onların tabeliyində olan mətbu orqanların Forumla bağlı şəxsi maraqlarından qaynaqlanan düşüncələrini ümumi mövqe kimi qələmə vermələri onlarda vətəndaşlıq təəssübkeşliyinin arxa planda olduğunu təsdiqləyir. Foruma 42 ştatın təmsilçisinin qatılması ABŞ-ın ölkəmizdəki səfirinin etiraf etdiyi kimi iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsinin göstəricisidir. Çox təəssüflər olsun ki, sapı özümüzdən olan baltalar bu uğura kölgə salmaq üçün bildirirlər ki, guya tədbirə ABŞ hökuməti tərəfindən qəbul olunmayan, bu ölkənin ictimai-siyasi proseslərinə, mövqeyinə təsir etmək imkanında olmayan şəxslərin qatılması Azərbaycan iqtidarının öz məqsədini gerçəkləşdirməsinə yardımçı ola bilməz.
Həmin ünsürlərə bir xatırlatmanı etmək istərdik. Ölkə Prezidenti hər zaman bəyan edir ki, Azərbaycanın xarici siyasəti açıq və aydındır. Rəsmi Bakı böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əməkdaşlıq əlaqələri qurur və möhkəmləndirir. Ən əsası beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün məsələlərin məhz bu prinsiplər əsasında çözülməsinə səy göstərən Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Azərbaycan müstəqil siyasət yeridir. Heç bir dövlətin diktəsi ilə oturub-durmur. Təbii ki, bu kimi bəyanatlar dağıdıcı müxalifətə və onların yazarlarına tutarlı cavabdır. Dövlət başçısı İlham Əliyevin ABŞ-a ilk səfəri zamanı mətbuat konfransında jurnalistin Azərbaycanın ABŞ qarşısında hansı öhdəliyi götürməsi barədə sualına cavabını da xatırlatmaq istərdik. Cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlətin qarşısında öhdəliyi yoxdur. Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirilir.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 21 il ötür. Bu il keçirilən forum da diplomatik əlaqələrin 21 illiyinə həsr olunmuşdur. Dağıdıcı ünsürlər xatırlasalar ötən ilin aprel ayında Vaşinqton şəhərində “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” adlı beynəlxalq konfrans keçirilmişdir. İstər ötənilki, istərsə də bu il keçirilən tədbirdə ABŞ-ın böyük nüfuza malik siyasətçiləri, səfirlər, görkəmli elm xadimləri, hərbçilər, tanınmış ekspertlər və “beyin mərkəzlərinin” mütəxəssisləri, eyni zamanda Azərbaycan və Türkiyə icmalarının nümayəndələri iştirak etmişdir. ABŞ Prezidenti Barak Obamanın “Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir. Birləşmiş Ştatlar regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək məqsədilə daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir” kimi fikirləri də dağıdıcı müxalifətin apardığı təbliğatın qərəzdən başqa bir şey olmadığını ortaya qoyur.
Bu gün dağıdıcı ünsürlərin və onlara xidmət edən yazarların Azərbaycan-ABŞ Forumunu qarşıdan gələn prezident seçkilərinə və ABŞ-ın mövqeyinə təsir etməyə hesablanmış addım kimi ictimai fikrə sırımağa çalışmaları onların bir çox tərəflərinə işıq salır. Ölkəmizdə yaradılan demokratik seçki mühiti göz qabağındadır. Bu günə qədər keçirilən seçkilərin nəticələri və onların istər ABŞ Dövlət Departamentinin, istərsə də dünyanın nüfuzlu təşkilatlarından olan, ən əsası demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasının hesabatlarında yüksək dəyərləndirilməsi məlum olaylardandır. Bu fikir seçki ərəfələrində ölkəmizdə olan ABŞ konqresmenləri və senatorları tərəfindən dəfələrlə bildirilib ki, demokratiyanın carçısı kimi tanınan ABŞ-da namizədlərə Azərbaycandakı qədər şərait yaradılmır. Namizədlərin pulsuz efir vaxtından bəhrələnərək öz platformalarını seçicilərə çatdırmaq imkanı əldə etmələri, vətəndaşların sərbəst toplaşmaq hüquqlarının yüksək səviyyədə təminatı əsasında namizəd-seçici görüşlərinin təşkili kimi addımlar yüksək dəyərləndirilir. Ölkəmizdə demokratiyanın mövcudluğunu təsdiqləyən bütün təsisatların inkişafına xüsusi diqqət göstərilir. İnsan amili dövlətin siyasətində prioritet məsələdir. Bunları görməmək, inkar yolunu tutmaq mənəviyyatsızlıq və siyasi korluqdur. Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən, uğurlarımıza qısqanan və paxıllıq edən dairələrin olduğunu önə çəkərək söylədiyi fikirləri xatırlatmaq istərdik: “Adamın ağlına gəlmir ki, bu dərəcədə antimilli duyğularla yaşayan insanlar burada ümumiyyətlə, özləri üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunlar doğrudan da, çox ağır bir psixoloji durumda olan insanlardır, özü də uzun illər ərzində. Çünki Azərbaycanın inkişafı bu günün işi deyil. Bu, ardıcıllıqla gedən bir inkişafdır.” Həmin müşavirədə dövlət başçısı İlham Əliyev ölkəmizə qarşı əks-təbliğat kampaniyası aparan erməni diasporu ilə əməkdaşlıq edən, onlara dəstək göstərən daxili qüvvələrin olduğunu qeyd edərək bildirmişdir: “Mən onlara qüvvə demirəm, elementlər, ünsürlər desəm daha dəqiq olar,- bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil etmişlər. Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır.”
Müxalifət yazarlarının Forumla bağlı qərəzli yanaşmaları diqqətdən kənarda qala bilməz. Bildirirlər ki, Forumda təhlükəsizlik və energetika mövzuları müzakirə olundu. Demokratiya və insan haqları mövzuları isə arxa planda qaldı. Dövlətin maraqlarını arxa plana keçirən sapı özümüzdən olan baltalar guya beynəlxalq birliyin Azərbaycan hakimiyyətinə ölkədə demokratiyanın inkişaf səviyyəsinə görə təzyiqlər göstərdiyini bildirməklə ictimai qınaqla üz-üzə qalırlar. Bu gün ictimai rəy, xarici ekspertlərin şərhləri göstərir ki, beynəlxalq birlik Azərbaycan hakimiyyətinin siyasətini dəstəkləyir, bu siyasətin alternativsizliyini bildirir. Amerikalı politoloq, Kaliforniyanın “Tool Shed Group LLC” Analitik Mərkəzinin eksperti Ceyson Katzın “İncəliklə oynanılan oyun” məqaləsində bildirmişdir ki, Azərbaycan haqqında məlumat əldə etmək istəyən hər bir kəs bu ölkənin öz milli maraqlarından çıxış edən olduqca praqmatik bir ölkə olduğunu öyrənər. Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində etibarlı tərəfdaş imicini möhkəmləndirir, nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla əməkdaşlıq əlaqələrini genişləndirməyə yeni imkanlar açır. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi hər bir sahədə qazandığı uğurların, artan nüfuzunun təsdiqidir. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizin dövlət müstəqilliyimizin 20 illiyinin qeyd olunduğu vaxta təsadüf etməsi də deyilənlərə əyani sübutdur.
Forumda çıxış edən ABŞ təmsilçiləri də bu faktı təsdiqlədilər ki, Azərbaycana artan diqqət və inamı şərtləndirən amillərdən biri müstəqil siyasətidir. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bu siyasət əməkdaşlığı genişləndirmək, artırmaq üçün aparılan siyasətdir.
Dağıdıcı ünsürlər Forumda təhlükəsizlik məsələlərinə diqqət yetirilməsinin gərəksizliyini bildirməklə bir daha yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə biganəliklərini, maraqlı olmadıqlarını ortaya qoyurlar. Münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupuna həmsədr dövlət kimi ABŞ-ın mövqeyi təbii ki, ölkəmiz üçün maraqlıdır. Digər tərəfdən nəzərə alsaq ki, münaqişənin həlli prosesinin uzanması ümumilikdə regionun iqtisadi inkişafı üçün böyük maneədir, bu halda problemin tezliklə həllinə göstərilən səylərin artırılmasına böyük ehtiyacın duyulduğu aydın görünür. Təbii ki, bu məsələnin forumda müzakirə olunması dağıdıcıların maraqlarına uyğun ola bilməz. Ermənilərlə işbirliyi qurub, dövlətin, xalqın mənafeyini arxa plana keçirənlərdən, daha dəqiq desək, satqınlardan ancaq və ancaq bu mövqeni gözləyə bilərik. Ermənilərə dəstək funksiyasını yüksək səviyyədə yerinə yetirdiyinə görə Ə.Naibovu “Daş yuxuları” ilə qəhrəman obrazında təqdim edən bu ünsürlər üçün təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi önəm daşıya bilməz. Qaldı enerji təhlükəsizliyi məsələlərinin müzakirəsinə, hər halda bütün bu məsələlər ölkədə sabitliyin, sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir. Demokratiyanın hansı şəraitdə inkişaf etdiyini xatırlasalar, ümumiyyətlə, bu anlayışın mahiyyətini dərindən dərk etsələr aparılan müzakirələrin ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunun fərqində olarlar. Forumda dəfələrlə qeyd olundu ki, Azərbaycan-ABŞ münasibətləri üç istiqamətdə- demokratiya, energetika və təhlükəsizlik sahəsində uğurla inkişaf edir. Aydın məsələdir ki, bir ölkə iqtisadi əlaqələr qurmaq istədiyi dövlətdə ilk olaraq sabitliyə, demokratiyanın inkişafına diqqət yetirir. Azərbaycanda iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının uğurlu addım olması beynəlxalq təşkilatların, o cümlədən ABŞ Dövlət Departamentinin hesabatlarında da qeyd olunur. Demokratikləşmə prosesinin sürətlənməsi ölkəmizin hərtərəfli inkişafına xidmət edən addımdır. Azərbaycan dövləti demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə sübut edib. Bu gün ölkəmizdə söz, mətbuat azadlığının yüksək səviyyədə təmin olunması, insan hüquqlarının lazımi səviyyədə qorunması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokatikliyinin, azad və şəffaflığının təmin edilməsi üçün təkmil seçki qanunvericiliyinin mövcudluğu, vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının rolunun artırılmasına xidmət edən tədbirlər və s. kimi addımlar demokratiyanın inkişafına yönəlməyibmi?
Bu gün ən yüksək zirvələri fəth edən Azərbaycan dünyanın diqqətində olduğu halda daxili bədxahlarımızın uğurlarımıza kölgə salmaq cəhdləri əbəsdir. Belə addımlar yalnız və yalnız cızılan ssenarilərin müəlliflərinin riyakarlığını nümayiş etdirir. Milli maraqlar hər şeydən öndə dayanmalıdır. Vətəndaşlıq təəssübkeşliyi milli maraqların qorunmasında əsasdır. Əgər şəxsi məqsədlərə nail olmaq üçün uğurları inkar yolu tutulursa, burda vətəndaşlıqdan söhbət gedə bilməz. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının daha geniş olduğunu nəzərə alsaq, bu gün ölkə ictimaiyyətinin mətbuatdan gözləntiləri tamamilə fərqlidir. Tariximizin, mədəniyyətimizin, həqiqətlərimizin təbliğinə, vətənpərvərlik hissinin aşılanmasına xidmət edən yazılar, verilişlər günümüzün əsas tələbidir. Müxalifət mətbuatı ölkə iqtidarının gördüyü işlərə qara yaxmaqla sifarişçilərini xalqa yaxın göstərməyə çalışsalar da, bunun mümkünsüzlüyü göz qabağındadır. Bu gün Dağlıq Qarabağ problemindən ölkə iqtidarına qarşı bir təzyiq vasitəsi kimi istifadə edən bəzi müxalif qüvvələr nə üçün münaqişənin həlli istiqamətində atılan uğurlu addımlara göz yumur? Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulmasından geninə-boluna beynəlxalq təşkilatlara müraciətlər ünvanlayan bu qüvvələr nə üçün bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarını dilə gətirmir? Bu səpkili suallarımız çoxsaylıdır. Bir faktı yada salaq. Ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ probleminin Milli Məclisdə müzakirə olunmasının və hər kəsin bu məsələ ilə bağlı təkliflərini səsləndirmələrinin vacibliyini bəyan edəndə bu gün xalqın adından danışan, ölkənin uğurlarına kölgə salmağa cəhd edən müxalifət liderləri müxtəlif bəhanələrlə həmin iclasdan yayındılar. Tarixi unutmağa heç kəsin haqqı yoxdur. Tarix hər kəsin fəaliyyətinə düzgün dəyər vermək üçün etibarlı mənbədir.
Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Azərbaycanın güclü orduya malik olması beynəlxalq səviyyədə təqdir olunur. Ordunu müasir texnika ilə yanaşı, döyüşən və vətəni sevən oğullar yaşadır. Gənclərimizin bu gün dövlət başçısı İlham Əliyevin fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri onlarda vətən sevgisinin böyüklüyünün təsdiqidir. Xatırladaq ki, müstəqilliyimizin ilk illərində digər sahələr kimi, orduda da vəziyyət acınacaqlı idi. Hərbi çağırışdan yayınma halları geniş vüsət almışdır. Amma ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində əsaslı islahatlar aparıldı. İnsanların dövlətçiliyə və orduya inamı daha da artdı. “Vətən mənə oğul desə, nə dərdim” prinsipi gənclərimizin fəaliyyətinin əsasına çevrildi. 1993-cü ildən başlayaraq gənclər çağırış məntəqələrinə könüllü gedərək hərbi xidmət borclarını yerinə yetirməyə başladılar. Təbii ki, bu da gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəlməsi ilə bağlı idi. Bu gün hər çağırış gənclərin böyük vətənpərvərlik coşquları ilə qarşılanır. Amma çox təəssüflər olsun ki, müxaliflər və onlara xidmət edən yazarlar Azərbaycanın güclü dövlətə, Azərbaycan ordusunun regionun ən güclü ordusuna çevrilməsini böyük qısqanclıq hissi ilə qeyd edərək, hər vəchlə bu uğurumuza kölgə salmağa çalışırlar. Vətəndaşlıq təəssübkeşliyi düzgün yolun seçilməsində əsas rol oynayır. Bu da inkaredilməzdir ki, vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. Bir məqamı da unutmayaq ki, həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyil. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər. İnsan mənəviyyatı üçün yaşamalıdır. Çox təəssüflər olsun ki, daxilimizdə çirkin əməllərlə yaşayan qüvvələr öz şəxsi maraqları naminə antiazərbaycan dairələrlə işbirliyi yaradaraq, ölkəmizin imicinə zərbə vurmağa çalışır və bundan qürur hissi keçirirlər. Belələrinin ictimai fikirdə qazandıqları imic budur: Riyakarlar.
Dağıdıcı ünsürlərin Forumdan “narazılıqlarını” şərtləndirən amillərdən biri də iştirakçıların ölkə müxalifətini saya almamaları, onlarla görüşə maraq göstərməmələridir. Məlumdur ki, bu ünsürlər ölkədə beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləndə, yaxud hansısa ölkənin təmsilçiləri Azərbaycana səfər edəndə özlərində xəyallar quraraq, görüşlər keçirdiklərini, bu və ya digər qərəzli məlumatlarını onlara ötürdüklərini düşünürlər. Amma hər dəfə də cəhdlərinin boşa çıxmasından məyus olublar. Bu gün onların böyük kədər hissi ilə xatırladıqları ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri bu ünsürlərə böyük zərbə olmuşdur. Müxalifət partiyaları ilə görüşün onun səfər proqramında olmadığını, belə görüşlərin gərəksizliyini bəyan edən H.Klinton açıq-aşkar bildirmişdir ki, Qərb müxalifəti ciddi siyasi qüvvə kimi qəbul etmir. Xatırlasaq həmin ərəfədə müxalifət mətbuatını Qərbin ünvanına səsləndirilən ittihamlar bəzədi. Təbii ki, o addım ölkə müxalifəti üçün bu baxımdan dərs olmalıydı ki, artıq beynəlxalq ictimaiyyət də bu ünsürlərin yalan, qərəz dolu məlumatlarından, inkar yolunu tutmalarından bezib. Məlumdur ki, H.Klinton Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Ermənistana və Gürcüstana reallaşdırdığı səfər zamanı həmin ölkələrin müxalifət qüvvələri ilə görüşmüşdür. Demək müxalifətlə görüş xanım H.Klintonun səfər proqramında olubmuş. Sadəcə, Azərbaycan müxalifəti ilə görüşməyi məqsədə uyğun hesab etməyib. Bu gün dağıdıcıların Azərbaycan-ABŞ forumu ilə bağlı yaratdıqları ajiotaj da gələn qonaqların Azərbaycan müxalifətinə önəm verməməsindən qaynaqlanır. Bunu etiraf etmək əvəzinə, ölkəmizin uğurlarına, Azərbaycan-ABŞ münasibətlərinə kölgə salmağa cəhdlər göstərmək onlara başucalığı gətirən addım ola bilməz.
Demokratik inkişaf Azərbaycan dövlətinin siyasətində əsas yer tutur. “Biz demokratik inkişafa sadiqik. Azərbaycanda bütün demokratik institutlar fəaliyyət göstərir. Hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar vardır. Demokratiyanın inkişafı bizim vəzifəmizdir, borcumuzdur. Bu, ilk növbədə, Azərbaycan xalqına lazımdır. Biz bu sahədəki fəaliyyətimizi kiminsə xoşuna gəlmək üçün yox, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və bütün azadlıqları təmin etmək üçün edirik. Biz bundan sonra da bu siyasətə sadiq olacağıq” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında isə bizim heç bir öhdəliyimiz yoxdur, ola da bilməz: “Çünki sadəcə, məntiq onu göstərir ki, bir halda sən bu təşkilatın üzvü deyilsən, deməli, bu təşkilat qarşısında heç bir öhdəlik daşımırsan.” O da bildirilir ki, siyasi islahatlar iqtisadi islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Siyasi islahatlar çox güclü iqtisadi təməl üzərində qurulub. Demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqət yetiriləndə aydın şəkildə görünür ki, onların əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir, dünyada inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun. Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan.
Daim vurğulandığı kimi, müxalifətçilik dövlətin, xalqın mənafeyinə, milli maraqlara zidd addımların atılması deyil. Hadisələrə obyektiv yanaşmayan, köhnə vərdişlərə aludəçiliklərini hər addımda təsdiqləyən dağıdıcıların demokratik seçki mühitindən “narazılıqlarını” ifadə etmələri gülüncdür. Reallıq budur ki, insan hüquqlarının qorunmasını və demokratik islahatların sürətləndirilməsini həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan beynəlxalq təşkilatlarla, dövlətlərlə əməkdaşlığı qarşılıqlı maraqlar və hörmət prinsipi əsasında uğurla davam etdirir.
Yeganə
Əliyeva
İki sahil.- 2013.- 4 iyun.- S.12-13.