Xoşbəxt olsun uşaqlar!
Ölkəmizdə ənənəvi
olaraq cəmiyyətin gələcəyi olan uşaqların
sağlamlığına, təhsilinə və
yaşayış şəraitinə xüsusi əhəmiyyət
verilir.
Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş və bu gün də uğurla davam etdirilən
sosial yönümlü siyasətin tərkib hissəsi olan
uşaq hüquqlarının qorunması dövlətimizin rəhbərinin
daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin respublikamızda uşaqlara dövlət
qayğısının gücləndirilməsi, uşaq
problemlərinə vətəndaş cəmiyyəti
qurumlarının diqqətinin artırılması və
ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin
müəyyənləşdirilməsi məqsədi ilə 22
dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama
görə hər bir dövlətin əsas öhdəliklərindən
biri də xalqın sağlam gələcəyini təmin etməkdən
ibarətdir. Sərəncamla bağlı respublikada uşaq
problemlərinin həlli istiqamətində həm dövlət,
həm də ictimai təşkilatlar tərəfindən xeyli
işlər görülmüş, böyük layihələr
həyata keçirilmişdir. Bu sahədə ən
böyük işlər görən Heydər Əliyev
Fondudur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
uşaqlarla bağlı çoxsaylı layihələr
işləyib həyata keçirib.
Valideyn
himayəsindən məhrum olmuş uşaqların müdafiəsi
istiqamətində atılmış ən mühüm
addımlardan biri “De-institusionalizasiya və ya alternativ
qayğı üzrə Dövlət Proqramının
(2006-2015-ci illər)” qəbul edilməsi olub. Proqram Azərbaycan
Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı
ilə təsdiqlənib. Proqram çərçivəsində
xeyli uşaq ailələrə verilib, bəziləri isə
öz bioloji valideynlərinə qaytarılıb.
Uşaqların
sağlamlığının qorunması dövlətimizin ən
ümdə vəzifəsidir. Ötən illər ərzində
Azərbaycan səhiyyəsinin bir çox sahələrində
olduğu kimi, ana və uşaqların mühafizəsi
işində də nailiyyətlər əldə edilib.
Azərbaycanda
ötən son illər ərzində səhiyyə sahəsində
irimiqyaslı layihələr, görülən tədbirlər,
ilk növbədə, ən vacib istiqamətlərə yönəlib.
Yeni tibb müəssisələri yaradılıb, müasir,
son model aparatlarla təmin edilərək əhalinin
ixtiyarına verilib. Azərbaycanda yaradılan səhiyyə
müəssisələrinin çoxunun nəinki ölkəmizdə,
o cümlədən də qitədə analoqu yoxdur.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə tikilib istifadəyə verilən Talassemiya Mərkəzinin açılışı buna əyani sübutdur. Bu mərkəzin açılışı səhiyyənin ən ağrılı problemlərinin həlli yönündə görülən əvəzsiz işdir. Çünki yaradılmış belə bir mərkəz, orada quraşdırılan avadanlıqlar onun bu gün və gələcəkdə malik olduğu imkanların bölgədə analoqu yoxdur.
Dünyanın əksər ölkələrində olduğu kimi, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da yüksək səviyyədə qeyd olunmuşdur.
Leyla Şıxlinskaya adına klinikada 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə xeyirxah aksiya keçirilmişdir. Bu münasibətlə keçirilən aksiyada 250-dən çox uşağa pulsuz tibbi yardımın göstərilməsi körpə balalara olan böyük sevginin və qayğının nəticəsidir. Aksiya çərçivəsində pediatr, uşaq kardioloqu, LOR, uşaq nevropatoloqu, uşaq cərrahı, psixiatr, hematoloq tərəfindən uşaqlar arasında dərin müayinələr aparılmış, həmçinin müayinələrdən sonra onlara bayram hədiyyələri təqdim olunmuşdur.
Fəxriyyə
İkramqızı
İki sahil.- 2013.- 4 iyun.- S.20.