Azərbaycana
beynəlxalq baxış xalqımızın rəyi ilə
üst-üstə düşür
Dağıdıcı
ünsürlər şəxsi maraqlarına xidmət edən
dezinformasiyaları dövriyyəyə buraxmaqla ictimai fikri
çaşdırmağa çalışsalar da, həqiqəti
ört-basdır etməyin
mümkünsüzlüyünün şahidinə çevrilirlər
Dövlət
başçısı İlham Əliyev Bakıda XX Beynəlxalq “Xəzər
neft, qaz, neftayırma və neft kimyası” sərgi-konfransının açılış mərasimində
Azərbaycanın ötən dövr ərzində
qazandığı uğurları diqqətə
çatdıraraq bildirmişdir: “Əlbəttə, bu nailiyyətlərin
təməlində neft amili
dayanır. Amma sadəcə
olaraq neft amili kimi deyil, neftdən
uğurlu istifadə edən dövlət siyasəti
dayanır. Çünki dünyada neft-qaz hasil edən, ixrac edən
ölkələr çoxdur. Hesab edirəm ki, Azərbaycan təcrübəsi
böyük təqdirə layiqdir.”
Keçirilən beynəlxalq əhəmiyyətli
bu kimi tədbirlər Azərbaycanın malik olduğu
imkanların dünyaya təqdimatında əhəmiyyətli
rol oynayır. Təbii ki, bugünkü Azərbaycanı 20 il
bundan öncəki Azərbaycanla müqayisə etmək
qeyri-mümkündür. İqtisadi qüdrətini günbəgün
artıran ölkəmizin beynəlxalq münasibətlər
sistemində yeri və rolu da artmaqdadır. Bunun təsdiqi
olaraq XX Beynəlxalq “Xəzər
neft, qaz, neftayırma və neft kimyası” sərgi-konfransı
ilə əlaqədar Prezident İlham Əliyevə
ünvanlanan təbrik məktublarında əksini tapan fikirləri
qeyd etmək istərdik. ABŞ prezidenti Barak Obamanın təbrik
məktubunda qeyd olunur: “Azərbaycanın təbii sərvətlərinin
beynəlxalq bazarlara
çıxarılması məqsədilə ötən
dövr ərzində
qoyulmuş iri həcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi
işinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına
töhfə vermişdir. Azərbaycanın
beynəlxalq tərəfdaşları
ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata
keçirilmiş və bu layihələr Azərbaycanı dünya
bazarının önəmli
neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə
çevirmişdir.
Qarşıdan gələn ildə “Şahdəniz” layihəsinin ikinci fazası və planlaşdırılan Trans-Anadolu qaz kəməri layihəsi
Azərbaycanı, eyni zamanda, Avropanın mühüm qaz təchizatçısı
mövqeyinə daha da yaxınlaşdıracaqdır. Azərbaycanın
neft sərvəti şaxələndirilmiş
iqtisadiyyatının inkişafına xidmət etmək, qanunun
aliliyinin gücləndirilməsi və Azərbaycan
xalqının həyat səviyyəsinin daha da
yaxşılaşdırılması potensialına
malikdir. Azərbaycan ABŞ-ın simasında sadiq tərəfdaşa
malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm.”
Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının
Baş naziri Devid Kemeronun təbrikində bildirilir: “Mən
ölkələrimiz arasında
ticarət əlaqələri üzərində qurulmuş möhkəm, davamlı
ikitərəfli münasibətləri alqışlayıram.
Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji
ehtiyatları Avropa və
dünya iqtisadiyyatında getdikcə daha mühüm rol
oynayacaqdır. Azərbaycan bu
ehtiyatların hər kəsin naminə istifadə etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir.
2013-cü il dünya səviyyəli “Şahdəniz”
yatağının istismarının davam etdirilməsi və
Avropaya yekun kəmər marşurutu üzrə bir sıra
mühüm qərarların qəbul edilməsi nəticəsində
“Cənub qaz dəhlizi”nin reallaşması baxımından
mühüm il olacaqdır. Azərbaycanın yaxın dostu və tərəfdaşı
kimi, mən qarşıdan gələn uzun illər ərzində
sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində
səy göstərilməsində iştirak edənlərə
yeni uğurlar arzulayıram.”
Hər iki təbrikdə müstəqil
Azərbaycana, Prezident İlham Əliyevə dəstək açıq şəkildə ifadə
olunur. Təbii ki, bu dəstəyi şərtləndirən əsas
amil dövlətimizin düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində biri-birindən əhəmiyyətli
uğurlara imza atmasıdır.
Dövlət başçısı
İlham Əliyevin çıxışlarında hər zaman
səsləndirdiyi bu fikri də qeyd etmək istərdik: “Biz daha da güclü
olmalıyıq və oluruq. Beynəlxalq mövqelərimizi
möhkəmləndiririk, dünya miqyasında böyük dəstəyə
malikik... Biz indi dünyada yeni tərəfdaşlar əldə
edirik və görürük ki,
bizim üçün, əməkdaşlıq
üçün ənənəvi
olmayan qitələrdən də Azərbaycana
böyük maraq vardır.” Azərbaycan dövlətinin bu
mövqeyi ən yüksək tribunalardan bəyan edilir ki, ölkəmiz ancaq bərabərhüquqlu münasibətləri qəbul edir: “Əgər kimsə
fikirləşirsə ki, öz iradəsini bizə qəbul
etdirə bilər, səhv edir. Biz ancaq bərabərhüquqlu, qarşılıqlı maraqlar,
bir-birinin işinə qarışmamaq prinsiplərini qəbul
edirik.”
Bu gün Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər
üçün ideal məkan seçilməsi də beynəlxalq
nüfuzunun, siyasi çəkisinin göstəricisidir. “Biz
dünya miqyasında çox vacib bir diskussiya
meydanını yarada
bilmişik” söyləyən dövlət
başçısı İlham Əliyev Azərbaycanın hərtərəfli
inkişafının bu uğurda rolunu xüsusi
vurğulayır. İqtisadiyyatın düzgün əsaslar
üzərində qurulması nəticəsində Azərbaycan
dünyanı bürüyən iqtisadi və maliyyə
böhranından uğurla çıxdı. Ölkəmiz
iqtisadi artımı ilə dünyanın diqqət mərkəzində
dayandı. Qeyd edək ki,
iqtisadi və mailyyə böhranının geniş
vüsət aldığı 2009-cu ildə ölkəmizdə
iqtisadi artım 9,3 faiz, 2010-cu ildə isə 5 faiz təşkil
etdi. Azərbaycan dövlətinin həyata keçirdiyi
iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq
səviyyədə də təqdir olunur. Ölkəmizin yeni iqtisadi və sosial
çağırışların müzakirəsi
üçün əsas məkan seçilməsində də
bu amilin rolu inkaredilməzdir. İnkişafın Azərbaycan
modeli beynəlxalq səviyyədə tanınır və dəstəklənir.
Beynəlxalq tədbirlərdə, forumlarda qeyd olunur ki,
hazırkı dövrün əsas
çağırışı yoxsulluqla mübarizədir ki,
Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirlər
və onların uğurlu nəticələri təqdirəlayiqdir.
Ölkəmizin bu üstünlüyü hər zaman önə çəkilir
ki, Azərbaycan təbii ehtiyatlarla
zəngin olan ölkədir və bu resurslardan səmərəli
şəkildə istifadə edilir. Yoxsulluq səviyyəsi bu gün
6 faizdir. Bu onun nəticəsidir ki,
maddi resurslar insan kapitalına çevirilir.
Sürətlə inkişaf edən, dəyişən
dünyada xalqlar və dövlətlər
yaxınlaşır, insanlar və talelər birləşir. Bu
yaxınlaşmaya hər bir ölkənin verdiyi dəstək
hədəflərə çatmaq üçün stimul rolunu
oynayır. Bu gün Azərbaycanın
müxtəlif mədəniyyətlərin, sivilizasiyaların
qovşağında yerləşməsi, zəngin təbii
resurslara malik olması əlaqələrin inkişafında,
beynəlxalq tədbirlərin keçirilməsi
üçün əsas məkan seçilməsində əhəmiyyətli
rol oynayır.
Azərbaycanın artan nüfuzunun təsdiqi
kimi, bu günə qədər ölkə iqtisadiyyatına
qoyulan investisiyaların həcminin 140 milyard dollardan artıq
olmasını da qeyd edə bilərik. Bunun 52 milyard dolları
neft-qaz sektorunun payına düşür. Dövlət
başçısı İlham Əliyev daim
çıxışlarında bildirir ki, investisiyaların həcminin
artırılmasında təbliğatın rolu
böyükdür. Elə ölkələr var ki, Azərbaycanın
malik olduğu iqtisadi imkanlar barədə o qədər də ətraflı məlumata
malik deyil. Biznes forumların keçirilməsi bu baxımdan əhəmiyyətli
hadisə kimi qeyd olunur. Eyni zamanda İnvestisiya Şirkətinin
fəaliyyəti də onə
çəkilir. Qurum ölkəmizin neft-qaz, eyni zamanda
qeyri-neft sektoru sahəsində malik olduğu imkanların
dünyaya təqdimatında mühüm rol oynayır. Bu
gün qeyri-neft sektoruna
yatırılan investisiyaların həcminin artması da deyilənlərin
təsdiqidir. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla
yanaşı, investisiya yatıran ölkə kimi də
tanınır.
Ölkəmizlə iqtisadi əməkdaşlıqda
maraqlı olan dövlətlərin sayı günbəgün
artır. Keçirilən zirvə görüşləri,
biznes forumlar, eyni zamanda dövlət
başçılarının qarşılıqlı səfərləri
ölkələrin malik olduqları potensial barədə daha
dolğun məlumatların əldə olunmasına zəmin
yaradır. Azərbaycanın ev
sahibliyi etdiyi tədbirlər
davamlılığı ilə diqqət çəkir. Bu, bir
daha belə bir reallığı təsdiqləyir ki, möhkəm təmələ əsaslanan
siyasətin nəticəsi olaraq iqtisadi və siyasi mövqeyini
günbəgün möhkəmləndirən, demokratik
inkişafı ilə nümunə olan ölkəmizin qarşısında daim yeni-yeni imkanlar açılır, hədəflərə
çatmaq üçün zəruri olan bütün əsaslar
mövcuddur.
Azərbaycana beynəlxalq
baxış
xalqımızın rəyi ilə üst-üstə
düşür. Yalnız
xalqına güvənən, onun maraqlarını qoruyan və
bu maraqları qlobal siyasətin tələbləri ilə
uzlaşdırmağı bacaran dövlət rəhbəri həm
dünyada bir lider kimi qəbul olunur, həm də öz
xalqının milli lideri statusuna yüksəlir.
Azərbaycanın uğurlarını hər
zaman qısqanclıqla qarşılayan daxili bədxahlarımız
bu gün ənənələrinə sadiqlik nümayiş
etdirərək ictimai fikri çaşdırmaq
üçün dərindən-qabıqdan
çıxırlar. Guya
dünyanı yönləndirən dövlətlər Azərbaycanda
hakimiyyəti dəyişmək qərarına gəlib və
növbəti prezident seçkilərində müxalifətə güclü dəstək
verəcəklər. Dağıdıcıların bu
sayıqlamarı ictimai fikirdə onlara qarşı mənfi rəyi
daha da artırır. Dövlətinin, xalqının mənafeyini,
milli maraqları düşünən kəs heç zaman xəyanət
yolunu tutmaz. Dağıdıcı ünsürlər hər
addımlarında riyakarlıqlarını, xəyanətkarlıqlarını
nümayiş etdirirlər. Siyasi qısqanclıq hissindən
qayanaqlanan əsassız təbliğatları heç zaman
ictimaiyyətə inandırıcı görünə bilməz.
Çünki xalq fərziyyələrə deyil,
reallığa dəyər verir. Reallıq isə budur ki,
yazının əvvəlində də qeyd etdiyimiz kimi, Azərbaycanın
beynəlxalq aləmdə yeri və rolu günbəgün
artır. Bu günlərdə ölkəmizdə keçirilən
“Azərbaycan-ABŞ: Gələcəyə baxış”
Forumunda da ölkəmizin bu uğuru əsaslı şəkildə
diqqətə çatdırıldı. Hansı ki, bu Forum da
dağıdıcı ünsürlər və onların
tabeliyində olan mətbu orqanlar tərəfindən qərəzli
şəkildə şərh olundu. Foruma qatılan senatorların,
konqresmenlərin ABŞ
Administrasiyasının mövqeyinə təsir etmək
imkanında olmadığını bildirməklə Azərbaycanın
uğuruna qısqanclıqlarını açıq-aşkar
büruzə verən dağıdıcılar özlərini
qınaq hədəfinə çevirdilər. Hər halda
siyasi savadsızlıqlarından yaranan bu düşüncələrini
bir kənara qoyub, tədbirə obyektiv qiymət vermək istəsəydilər,
bunun fərqində olardılar ki, iki ölkənin 21 illik
diplomatik münasibətinə baxış, perspektivlərin
müəyyənləşdirilməsi üçün əhəmiyyətli
olan bu tədbir Azərbaycan və ABŞ hökumətinin birgə
səylərinin nəticəsidir. Səsləndirilən fikirlər
də hər iki dövlətin mövqeyini əks etdirir.
Bütün bunların fonunda bir daha
dağıdıcıların təbliğatlarının
şəxsi maraqlarına xidmət edən dezinformasiyalar
olduğu təsdiqlənir.
Yeganə
Əliyeva
İki
sahil.- 2013.- 6 iyun.- S.3.