ABŞ-Azərbaycan: Etimadın, etibarın, tərəfdaşlığın formatı...

 

Siyasi, iqtisadi, sosial və humanitar saxələrdə keyfiyyətcə yeni xarakter alan və beynəlxalq münasibətlər sistemində güclü siyasi arxitekturaya çevrilən Azərbaycan- ABŞ əlaqələri pozitiv şaxə alaraq daha dərin məna və məzmun kəsb etməkdədir. Hər iki ölkənin formalaşdırdığı  geniş və güclü əməkdaşlıq platforması regionda dinamikliyi və uzunömürlü humanitar gələcək üçün siyasi hərarəti ilə diqqəti cəlb edir. Münasibətlərin dərinləşməsinə hər il bir çox iqtisadi komponentlərin əlavə olunması ABŞ-Azərbaycan əməkdaşlığına impuls verir, yeni seqmentlər qatır. ABŞ-ın dövlət başçısı Barak Obamanın bəyan etdiyi kimi “Azərbaycanın ABŞ kimi öhdəlikli və loyal tərəfdaşı var”.

Bakıda keçirilən 20-ci “Xəzər Neft-Qaz” sərgisi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda cənab Obama ölkələr arası güclü iqtisadi-siyasi dialoqun əməkdaşlığa böyük töhfə verməsinə diqqət çəkərək respublikamızın ABŞ və dünya dövlətləri üçün etibarlı tərəfdaş olmasını təqdir edir. “Azərbaycanın neft sərvətləri şaxələndirilən iqtisadiyyatın inkişafını dəstəkləməyə, qanunun aliliyini möhkəmləndirməyə, Azərbaycan xalqının həyat səviyyəsini yüksəltməyə kömək edəcək. Azərbaycan ABŞ kimi etibarlı tərəfdaşa malikdir. Və mən gözləyirəm ki, bizim əməkdaşlığımız uzun illər davam edəcək” deyə, bildirən ABŞ prezidenti münasibətlərin gələcəkdə ən strateji birgə layihələrin reallaşmasına imkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın beynəlxalq tərəfdaşları arasında ən ön yerlərdən birini tutan və güclü siyasi etibarlılıq və etimadlılıq nümayiş etdirən Amerika strateji tərədaşlığın əsas brendlərindən birinə çevrilməsini öz siyasi qətiyyəti ilə nümayiş etdirib, təsdiq edib. Eyni zamanda, Azərbaycan ikitərəfli əlaqələrdə öz siyasi diplomatiyası ilə tərəfdaşlıqda səmimi və praqmatikliyini bariz şəkildə təsdiqləyib. Azərbaycanın xarici siyasət kursu genişkomponentli, genişdiapazonlu balanslaşdırılmış təməllərə söykənən müstəvidə və tarazlı kursa uyğun müəyyən olunub. Bu kurs müəyyənləşdirilərkən ilk növbədə bütün tərəflərlə bərabər və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Ötən illər ərzində Azərbaycanın ABŞ-la balanslaşdırılmış xarici siyasət kursu bir qədər də möhkəmlənərək  həm post-sovet ölkələri, həm də Avropanın, Asiyanın, Amerikanın, eləcə də Afrika və Yaxın Şərq dövlətləri ilə səmimi münasibətlərin simvoluna çevrilib. Respublikamızın Amerika ilə münasibətləri səmimi dostluq münasibətlərinə, qarşılıqlı maraqlara söykənərək inkişaf edir. Tərəfdaş dövlətlərlə siyasi-iqtisadi əlaqələr çox fəal siyasi dialoq mühitində inkişaf edərək iqtisadi əməkdaşlığa,  elmi-mədəni əlaqələrin yüksəlməsinə, humanitar əməkdaşlığa öz töhfəsini verməkdədir. “Bizim münasibətlərimizin formatı kifayət qədər genişdir” - deyə bütün ölkələrlə mehriban, fəal əməkdaşlıq mühitini zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev ötən 10 ildə sıx münasibətlərin intensivləşməsinə nail olub.

Xarici tərəfdaşlarla ən yüksək formatda əlaqələrin və dinamik təmasların möhkəmlənməsi və yeni frazaya daxil olmasında bu fundamental konsepsiyanın müəllifi, birbaşa təşəbbüskarı və ideoloqu kimi Prezident İlham Əliyevin qətiyyətli addımları ilbəil öz təsir gücünü artırır, dövlətlərarası əlaqələrin daha çoxçalarlı inkişafına zəmin yaradır. Kamil və geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik olan mükəmməl siyasi xadim olan Prezident İlham Əliyev özünəməxsus idarəçilik keyfiyyətləri ilə regionda digərləri üçün örnək ola biləcək ənənələri formalaşdırır, daim yeniliklər axtarışında olduğunu öz əməli nəticələri ilə nümayiş etdirir. Ölkəmiz milli maraqlar çərçivəsində dünyanın bütün aparıcı beynəlxalq təşkilatları ilə, o cümlədən, böyük dövlətlərlə münasibətlər qurur, əlaqələrini genişləndirir və inkişaf etdirir. Azərbaycan-ABŞ münasibətləri də bu kriteriyalara söykənir. Bütün bu müsbət meyillərin ən yaxşı təzahürləri də məhz ABŞ-Azərbaycan əlaqələrinin hər bir sektorunda özünü göstərməkdədir. Bölgədə müəyyən iqtisadi maraqlarını gerçəkləşdirməyə çalışan ABŞ-la münasibətlər xarici investisiyaların cəlb edilməsi, dünya iqtisadiyyatına inteqrasiya, qlobal əhəmiyyətli regional layihələrin reallaşdırılması, ölkənin maliyyə gəlirlərinin artırılmsı və digər bu kimi hədəflərə yönələn Azərbaycanın mənafelərinə uyğundur.

ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksəksəviyyəli münasibətlər mövcuddur. Tərəflər arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətlərini isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsi və s. təşkil edir.

İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır. Hazırda Azərbaycanla Birləşmiş Ştatlarla xarici ticarət dövriyyəsinin həcmi 1,8 milyard dollar təşkil edir.

ABŞ-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən ən əsas məqamlardan biri Azərbaycanın karbohidrogen ehtiyatları, həmçinin bu ehtiyatların daşındığı əsas tranzit ölkəsi olmasıdır. Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji daşınması layihələrinin reallaşmasında Amerikanın da dəstəyi olub, bu amil, rəsmi Vaşinqtonun ümumilikdə Cənubi Qafqaz bölgəsinin, regionda dövlətlərarası münasibətlərin inkişafında maraqlı olduğunu göstərir. Amerika hazırda Azərbaycanın düzənlədiyi yeni trans-enerji-kommunikasiya layihələrinin reallaşmasına dəstək verən aparıcı dövlətdir. Ötən ilin sonlarında Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə ən yeni tarixdə mühüm iqtisadi hadisəyə çevrilən Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin reallaşdırılması haqqında sazişin imzalanmasına da ən böyük dəstək rəsmi Vaşinqtondan gəldi. Ötən illər ərzində regionda strateji əhəmiyyətə malik trans-enerji dəhlizlərinin gerçəyə çevrilməsində bilavasitə  iştirak edən ABŞ TANAP-ı müasir enerji coğrafiyasının əsas nöqtəsi və enerji marşrutlarının şaxələndirilməsində ən ana arteriyalardan hesab edir. Həmin layihə ilə bağlı sazişin imzalanmasından sonra ABŞ hökuməti Azərbaycanın müəllifi olduğu enerji marşrutlarının sırasının daha da genişlənməsini xüsusilə təqdir edən bir bəyanatla çıxış etdi. ABŞ dövlət katibi Hillari Klinton Türkiyə və Azərbaycan arasında  imzalanmış qaz tranzitinə dair sazişi alqışlayaraq nəql olunacaq yanacağın bölgədə geniş əməkdaşlıq formatının güclənməsinə, təhlükəsizlik şəbəkələri sisteminin möhkəmlənməsinə səbəb olacağını diqqətə çatdırdı. Göründüyü kimi, Birləşmiş Ştatların Cənubi Qafqaz regionunda sülhün, sabitliyin, təhlükəsizliyin təminatçısı olan, regionda sülh şəbəkəsinin qarantına çevrilən Azərbaycanın və Türkiyənin bu cür əhəmiyyətli addımlarını alqışlayır.

Hər iki olkə rəsmiləri əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını dəfələrlə nümayiş etdirib və hazırda bütün sahələrdə əməkdaşlıq həyata keçirilməkdədir.

Azərbaycan-ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Buraya Təhdidlərin Birgə Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı, NATO çərçivəsində, eləcə də, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Azərbaycan sərhədlərinin, xüsusən də dəniz sərhədlərinin möhkəmləndirilməsi, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi və Avropada Adi Silahlı Quvvələr Müqaviləsi sahəsində əməkdaşlıq və digər məsələlər daxildir.

Dünyanı narahat edən bir çox məsələlərdə Azərbaycanla ABŞ-ın mövqelərinin üst-üstə düşməsi uzunmüddətli strateji əməkdaşlığa imkan verən başlıca faktorlardandır. Belə ki, hər iki ölkə dünyada sülh və təhlükəsizliyin, əmin-amanlığın tərəfdarı kimi çıxış edir. Bu baxımdan, Azərbaycanla ABŞ arasında terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı xüsusi vurğulamaq lazımdır. Bildiyimiz kimi, son onilliklərdə dünyanı narahat edən başlıca problemlərdən birinə çevrilən terrorizmə qarşı mübarizədə ABŞ-da baş verən 2001-ci il 11 sentyabr faciəsindən sonra yeni mərhələnin başlanğıcı qoyulub. ABŞ-ın dünyada həyata keçirdiyi genişmiqyaslı antiterror əməliyyatlarına qoşulan ilk ölkələrdən biri də məhz Azərbaycandır. Bu vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovada, İraqda, Əfqanıstanda gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu mübarizəyə öz töhfələrini verib. Hazırda isə Azərbaycan Əfqanıstandakı antiterror əməliyyatlarına hərbi heyətlə yanaşı, quru və hava məkanından yüklərin daşınması üçün istifadə olunmasına imkan verməklə də yardım göstərir. Birləşmiş Ştatlarla ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq çərçivəsində görülən bu işlər ABŞ rəhbərliyi tərəfindən hər zaman müsbət qarşılanıb.

Hər iki ölkə demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi, insan hüquqlarına hörmət edilməsi kimi məsələlərdə əməkdaşlığın vacibliyinin şərt olduğunu bildirib və bu istiqamətdə əməkdaşlıq nümayiş etdirib.

Beynəlxalq terrorizmə qarşı mübarizədə sərgilədiyi fəaliyyətlə yanaşı, Azərbaycan həm də yerləşdiyi bölgədə sülhün bərqərar olmasında mühüm rola malikdir. Bu gün aydındır ki, Cənubi Qafqaz bölgəsinin inkişafına, dövlətlərarası münasibətlərin daha yüksək səviyyədə qurulmasına, o cümlədən, dünyaya inteqrasiyanın daha yüksək sürətlə həyata keçirilməsinə və sülhün təminatına ən böyük maneə məhz Ermənistanın işğalçı siyasətidir. Azərbaycan torpaqlarını işğal altında saxlayan və artıq uzun illərdir ki, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə Ermənistan özünü beynəlxalq layihələrdən kənarda saxlayıb və regionun ümumi inkişaf tempindən dəfələrlə geridə qalıb. Münaqişənin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ regionda sülhün bərqərar olması istiqamətində fəaliyyət nümayiş etdirir.

 

Rəşad Bağırov

 

İki sahil.- 2013.- 6 iyun.- S.9.