Müasir Azərbaycanın tarixi QURTULUŞ günündən başlanır

 

Yeni Azərbaycan Partiyasının 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirdiyi tədbirdə bir daha vurğulandı ki, Azərbaycan xalqı Heydər Əliyev siyasi irsinə sadiqliyini qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə etimad göstərməklə bir daha təsdiqləyəcək

 

Yeni Azərbaycan Partiyası  iyunun 13-də “Four Seasions” otelində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirdi. Yeni Azərbaycan Partiyası İdarə Heyəti və Siyasi Şurası üzvlərinin, dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan və iştirakçıları əlamətdar hadisə münasibətilə 600 minlik partiya üzvü adından təbrik edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirdi ki, bir neçə gündən sonra Azərbaycan xalqı əlamətdar bir günü, ümummilli lider Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışının 20-ci ildönümünü təntənə ilə qeyd edəcək.

- Azərbaycanın müasir tarixi Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Ulu öndər bu qayıdışı ilə Azərbaycanı anarxiya və dağılmaqdan xilas etməklə yanaşı monolit birliyimizin, iqtisadi inkişafımızın yüksəlişinin əsasını qoydu. Bir sözlə, rifahımızın, bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunması, iqtisadi tənəzzülün qarşısının alınması, iqtisadi islahatların həyata keçirilməsi, bu islahatlar nəticəsində iqtisadiyyatın dirçəlməsi ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsi olmaqla digər sahələrin tərəqqisinə, vətəndaş cəmiyyətinin qurulmasına da təkan vermişdir. Yeni Azərbaycanın qurulması ulu öndərin titanik fəaliyyəti, fədakarlığının bilavasitə nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin tarixi xidmətinin növbəti mərhələsi 2003-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevə etimad göstərilərək onun dövlət başçısı seçilməsi idi. Beləliklə, 20 il ərzində Azərbaycanda inkişaf, yüksəliş, tərəqqi, yeni Azərbaycanın qurulması, müasir Azərbaycanın formalaşması ulu öndərin adı ilə bağlıdır.

Əli Əhmədov vurğuladı ki, dahi şəxsiyyətin tarixi qayıdışının nəticəsi məhz bu gün dunyanın ən dinamik iqtisadiyyatına malik, müasirləşən və öz haqqını tələb edən Azərbaycandır:

- Heydər Əliyevin tarixi qayıdışının nəticəsi dünyanın ən dinamik inkişaf edən olkəsi kimi tanınan bugünkü müasirləşən yeniləşən Azərbaycandır. Dünyada mövqeləri möhkəmlənən, öz haqqını dərk edən Azərbaycandır. İndi Azərbaycan beynəlxalq aləmdə mövqeləri möhkəmlənməklə ən mötəbər təşkilatlarda söz sahibidir. Regionun ən qüdrətli, güclü dövlətinə çevrilib. Hesab edirəm ki, Heydər Əliyevin tarixi qayıdışının nəticələri reallıq kimi gözlərimiz qarşısında olduğu kimi eyni zamanda hər bir vətəndaşın qəlbində yaşayır. Azərbaycan vətəndaşları gələcəyə inamla baxır. Bu inamın nəticəsidir ki, ölkə əhalisinin mütləq əksəriyyəti Heydər Əliyev siyasətini layiqincə davam etdirən və bundan sonra da davam etdirməyə qadir olan möhtərəm prezidentimiz İlham Əliyevin növbəti beş il üçün də prezident kimi fəaliyyət göstərməsini arzulayır. Bu, bütünlükdə Azərbaycan xalqının mütləq əksəriyyətinin qənaəti, iradəsinin ifadəsidir. Azərbaycan xalqı yekdilliklə cari ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə etimad göstərir.

Bir neçə gün bundan əvvəl öz işini mütəşəkkilliklə başa vuran Yeni Azərbaycan Partiyasının V qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin rəsmi olaraq irəli sürülməsi bir neçə aydan sonra keçiriləcək prezident seçkilərində insanların ümumi rəyinin təsdiqidir.

“Bu gün Azərbaycanın siyasi mənzərəsi gözümüzün qarşısında canlanır. Böyük həlledici çoxluğu təşkil edən, iqtidarın siyasətini dəstəkləyən, növbəti prezident seçkilərində ölkəmizin, özünün və ailəsinin taleyini Prezident İlham Əliyevə etibar edən milyonlar inamlarında qətidirlər” söyləyən Ə.Əhmədov Azərbaycanın siyasi, iqtisadi, diplomatik sahədə əldə etdiyi uğurlara qısqanclıqla yanaşan qərəzli qüvvələrin antimilli hərəkətlərinin cəmiyyət tərəfindən dəstəklənmədiyini diqqətə çatdırdı:

- Belə qüvvələr xarici təşkilatlar tərəfindən maliyyələşdirilən, təlimatlandırılan, cəmiyyətdə yeri olmayan kiçik qruplardır ki, onlar mütləq çoxluğun qarşısında bəd niyyətlərini həyata keçirmək iqtidarında deyillər. Azərbaycan xalqının iradəsi, Azərbaycan xalqının dövlətçiliyə, Heydər Əliyev siyasətinə dərindən bağlı olması, islahatların uğurla nəticələnməsi Prezident İlham Əliyevə inamı artırır. Bütün Azərbaycan xalqının vahid, özünü təsdiqləmiş, sınaqlardan çıxmış ideya ətrafında birləşməsini təmin edir. Beləliklə, növbəti beş ildə də Heydər Əliyev siyasətinin dəsətəklənməsi tərəfdarı olan insanlar uğurların davamlı olmasına tərəfdardır. Məhz bu ideya Azərbaycanın inkişafını şərtləndirir. Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərə belə yüksək əhval-ruhiyyə , ovqatla gedir. Hər bir azərbaycanlı Qurtuluş Gününü belə təntənə ilə qeyd edir, sabahlarının daha gözəl olacağına, Azərbaycanın möhtəşəmliyinə inanırlar.

Əli Əhmədov Yeni Azərbaycan Partiyasının V qurultayında YAP rəhbər orqanlarına seçilənləri bir daha təbrik edərək onlara göstərilən etimadı doğruldacaqlarına inandığını bildirdi.

YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək 20 il öncə ölkədəki siyasi-iqtisadi vəziyyəti xatırladaraq, həmin dövrü mövcud sosial-iqtisadi mühitlə müqayisə etdi.

Bildirdi ki, Azərbaycan xalqı 20 il bundan əvvəlki zamanı, tarixi prosesləri göz önünə gətirməli və seçkilərdə mövqeyini müəyyənləşdirməlidir:

- Biz bu gün 20 il əvvələ baxaraq, qazandıqlarımızı götür-qoy edə bilərik. Azərbaycanın o zamankı ictimai-siyasi durumu həddindən artıq gərgin, insanlar xaos və təlaş içərisində idilər. Ölkəmizin əraziləri erməni silahlıları tərəfindən işğal olunmuş, hakimiyyət uğrunda mübarizə aparan daxili bədxahların separat əməlləri ölkəmizi vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Azərbaycanın müstəqilliyi, gələcəyi qorxu altında idi. Xaosdan çıxmaq, müstəqilliyini qorumaq üçün nicat yolunu Heydər Əliyevin xilaskarlıq missiyasında görən Azərbaycan xalqı üzünü Naxçıvana yönəltdi.

O dövrdə bütün siyasi partiyaların Bakıda fəaliyyət göstərməsinə baxmayaraq Yeni Azərbaycan Partiyası ulu öndərin qətiyyəti sayəsində Naxçıvanda yarandı. Az müddətdə bütün respublika əhalisinin rəğbət və etimadını qazandı.

“Bu etimad Azərbaycan xalqının ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevə inamından irəli gəlirdi” söləyən Bahar Muradova vurğuladı ki, bütün ömrünü, şüurlu həyatını vətəninə, canından artıq sevdiyi xalqına bəxş edən Heydər Əliyev üçün məqsəd müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın əbədiliyi idi:

- Yeni Azərbaycan Partiyasına inam eyni zamanda dahi liderin şəxsiyyətinə etibar və etimaddan irəli gəlirdi. Bu inam indi Prezident İlham Əliyevə ümumxalq məhəbbətinin təzahüründə özünü təsdiqləyir. Bu günlərdə keçirilən partiyanın V qurultayında Prezident İlham Əliyev bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin dayağıdır. Hələ o çətin dövrlərdə müxtəlif təbəqələri təmsil edən insanların Heydər Əliyev ətrafında birləşməsi bu dayaqları daha da möhkəmləndirdi. İndi 20 il bundan əvvələ baxarkən özümüzə sual verə bilərik ki, biz nələri itirməkdən qurtulduq və nələri əldə etdik. Bunu qısa olaraq belə ifadə etmək olar. Ən başlıca nailiyyətimiz Azərbaycan dövlətinin müstəqilliyi, iqtisadi, inkişaf, firavan həyat olmuşdur. Heydər Əliyevin hakimiyyətə qayıdışı insanlara özünə inam hissini bəxş etdi. Göstərdi ki, özünə inamı güclü olan xalq ən məsul və çətin işləri belə yerinə yetirmək qüdrətindədir. Xalqımızın milli təfəkkür və mənliyini formalaşdırdı. Hüquqi, demokratik bir dövlət qurdu.

“Həmin dövr Azərbaycan xalqının yaddaşında ən şərəfli tarix kimi əbədi yaşayacaq” söyləyən Bahar Muradova bildirdi ki, müasir Azərbaycanı qurub yaratmaqla xilaskarlıq missiyasını qətiyyəti sayəsində yerinə yetirən Heydər Əliyev “Azərbaycan var olduqca yaşayacaq” liderlik adını qazandı:

-Yeni Azərbaycan Partiyası Azərbaycanı qələbələrə aparan bütün təşəbbüslərin avanqard qüvvəsi, ölkəmizin gələcəyini daha möhtəşəm edəcək vahid siyasi qüvvədir. Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın başlıca sərvəti olan insanların xoşbəxtliyi naminə müəyyənləşdirilən bütün proqramların icrasında təşəbbüskarlığı ilə fərqlənən partiyanın hər bir üzvü Heydər Əliyev ideyaları naminə fədakarlıq göstərir, daha qüdrətli Azərbaycan naminə var qüvvəsini əsirgəmir. Elə buna görə də insanlar Azərbaycanı dünya birliyində sayılıb-seçilən dövlət kimi tanıdan bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bu inamını qarşıdakı prezident seçkilərində bir daha təkrarlamaq istəyində qətiyyəti ilə bildirir. Bizim ən böyük nailiyyətimiz Azərbaycan dövləti oldu. Bu dövr ərzində xalqımızın özünə inamı da artdı. Zaman gələcək, bu dövrü özündə əhatə edəcək əsərlər yazılacaq və filmlər çəkiləcək.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov 1990-cı ilin əvvəllərində ölkədəki ictimai-siyasi vəziyyət, Heydər Əliyevin Naxçıvan rəhbərliyinə gətirilməsi haqda danışaraq bildirdi ki, Qurtuluş Günü Azərbaycan üçün çox önəmli bayramdır. Ona görə ki, iftixarla bəhs etdiyimiz bütün uğurlar məhz bu gündən başlanır:

- Vətənə dönüş tarixi doğulduğu Naxçıvanda başlayan Heydər Əliyev muxtar respublikada olarkən bütünlükdə Azərbaycan naminə, ölkəmizin müstəqilliyinin əbədiliyi üçün çox önəmli qərarlar qəbul etdi. Bu gün haqqında iftixarla danışdığımız Yeni Azərbaycan Partiyasını yaradıb, milyonların təşkilatına çevirməklə insanlarda yaşamağa inamı artırdı. Onun iştirakı ilə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyalarının hər biri Azərbaycan xalqının gələcəyi naminə atılan addım kimi tarixə yazılıb. Onun xalq elçisi kimi fəaliyyəti , Ali Məclisin sədri seçilməsi tarixi xilaskarlıq missiyasının başlanğıcı idi. Sovetlərin bərpa olunması üçün müəyyənləşdirilən referendum oyununa etiraz etməklə Azərbaycanın müstəqilliyini qoruyan Heydər Əliyev sonrakı fəaliyyəti ilə xilaskarlıq missiyasını yerinə yetirdi. Hələ Naxçıvanda olarkən daxili düşmənlərin bəd niyyətli, qərəzli əməllərinin qarşısını almaqla da da suverenliyimizin əbədiliyini təmin etdi. Heydər Əliyev Naxçıvanı qoruduğu kimi naxçıvanlılar da müdrik, dahi şəxsiyyəti qorudu. Dövlət çevrilişlərinə cəhdlərin qarşısını xalqa arxalanaraq alan Heydər Əliyev bir daha Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi. Azərbaycanı qüdrətli dövlət kimi tanıdan siyasəti ilə xalqın sevimlisinə çevrilən ulu öndər Prezident İlham Əliyev kimi dövlət başçısını Azərbaycan xalqına bəxş etməklə də uzaqgörən siyasəti ilə xalqının ümummilli liderinə çevrildi. Elə buna görə də bütün bayramları şərtləndirən Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində, xalqının yaddaşında əbədi yaşayacaqdaim var olacaqdır.

 Tədbirin sonunda Qurtuluş bayramının xalq tərəfindən təntənə ilə qeyd edilməsini Heydər Əliyev siyasi irsinə sadiqlik, Prezident İlham Əliyevə xalq etimadı kimi dəyərləndirən Əli Əhmədov bildirdi ki, bu inam prezident seçkilərində bir daha xalqın birlik və həmrəyliyi ilə təsdiqlənəcək.

 

Xuraman İsmayılqızı,

 

Fəxriyyə İkramqızı

 

İki sahil.- 2013.- 14 iyun.- S.2-3.