“İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya

 

Qafqaz Universitetinin 20 illik fəaliyyətindəki XVI buraxılış - 2012-2013-cü tədris ili məzunlarına həsr olunmuş bu adda məzuniyyət proqramı keçirildi

 

Dünən Qafqaz Universitetində ARDNŞ rəhbərliyinin, Milli Məclisin deputatlarının, universitet rektorlarının və media nümayəndələrinin iştirakı ilə  Universitetin 20 illik fəaliyyətində XVI buraxılış- 2012-2013-cü tədris ili məzunlarına həsr olunmuş “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” adlı məzuniyyət proqramı keçirildi.

Böyük  öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra tədbir açıq elan olundu.

Qafqaz Universitetinin rektoru, professor  Əhməd Saniç çıxış edərək, tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi: “Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xeyir-duası ilə açılmış Qafqaz Universiteti göstərilmiş etimada 20 ildir sədaqətlə xidmət edir.  Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevdən hər zaman dəstək görmüşük. Ona öz təşəkkürümü bildirirəm.”

Universitetin uğurlarından bəhs edən Ə.Saniç bildirdi ki, ali təhsil ocağında  20 ingilis, 11 Azərbaycan dilində olmaqla 31 bakalavr proqramı həyata keçirilir. “Bundan əlavə 16 bölümdə magistratura, 7 bölümdə doktorantura təhsili verilir. Bu günə qədər 4226 nəfər məzun olub. Bu il isə 486 bakalavr, 218 magistr  məzunumuz var. Universitetin məzunları 57 ölkədə ən nüfuzlu müəssisələrdə ya çalışır, ya da  doktorantura təhsillərini davam etdirirlər. Qəbul imtahanlarına görə son 3 ildə  700 bal toplayan 16 tələbənin  10-u Qafqaz Universitetini seçmişdir. Son üç ildə Prezident təqaüdü alan tələbələrin sayı 70, 600 bal toplamış tələbərin sayı 492, dövlət sifarişli tələbələrin sayı  733-ə çatmışdır. Bir il ərzində Qafqaz Universiteti 5 beynəlxalq simpozium və konfransa ev sahibliyi etmişdir. Tələbələr bu il respublika və beynəlxalq səviyyəli yarışlarda  uğurlar qazanmışdır. Bugünkü tədbirdə həmin tələbələr  mükafatlandırılacaq.”

Ə.Saniç tələbələrə tövsiyələrini çatdırdı: “Universitetdən aldığınız bilikləri Azərbaycan dövlətinin və xalqının gələcəyi üçün istifadə edin. Həyatınızın hər bir mərhələsində biliklərinizi artırmağı unutmayın. Yerinə yetirdiyiniz hər bir iş qüsürsuz olsun. Dövlət və millət üçün  fədakarlıqdan çəkinməyin. Yaxşı bir vətəndaş olmağa çalışın. Yolunuz hər zaman açıq olsun.”

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bu günün məzunlar üçün nə qədər sevincli olduğunu diqqətə çatdırdı: “Siz gənclərin həyatında yeni bir mərhələ başlayır. Bu gün sizin sevincinizi gördükdə 24 il bundan öncə özümün keçirdiyim hissləri xatırladım.  Bu günlə həmin dövrün bir fərqi var ki, siz müstəqil, yüksək inkişafı ilə dünyanı heyrətləndirən Azərbaycanın gənclərisiniz.  Azərbaycan 22 ilə yaxındır ki, öz dövlət müstəqilliyini yenidən bərpa edib. Yaşınızı nəzərə alsaq, siz gənclər Azərbaycanın müstəqillik yolunda hansı çətinliklə üzləşdiyini, ulu öndər Heydər Əliyevin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın keçdiyi inkişaf yolunu  kitablardan oxumuş,  başqalarının dilndən eşitmisiniz. Azərbaycan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  bugünkü uğurlara imza atıb.  Dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda Azərbaycanın hansı durumda olduğu hər kəsə məlumdur. Azərbaycan xaos, anarxiya, iqtisadi böhran  içərisində idi. Xalqın sabaha ümidi itmişdi.  Heydər Əliyev belə bir çətin dövrdə xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı bu çətin durumdan xilas etdi. 15 İyun - Milli Qurtuluş Günü dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsidir. Ulu öndər Heydər Əliyevin həmin tarixdən Azərbaycan hakimiyyətinə  qayıdışı  bugünkü uğurlara yol açdı. Ümummilli lider Heydər Əliyevin  yaratdığı müstəqil, müasir Azərbaycanın gəncləri sabaha böyük inamla irəliləməlidirlər. Çünki onlara diqqət və qayğı hər zaman dövlətin siyasətinin əsas tərkib hissəsi olub. Dahi şəxsiyyət hələ Azərbaycana hakimiyyətinin birinci dövründə gənclərin təhsilini diqqət mərkəzində saxlamış, onları  keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərmiş, bugünkü müstəqil Azərbaycan üçün kadr  potensialı yetişdirmişdir. Xoşbəxtəm ki, ulu öndərin təhsil almağa göndərdiyi gənclərdən biri də mən olmuşam. Dahi şəxsiyyətin  o zaman hansı sevinc hissi ilə  gəncləri təhsil almağa göndərdiyini xatırlayanda onun Azərbaycanın gələcəyini necə düşündüyünün bir daha şahidi olursan. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin fərmanı əsasında təsdiqlənən “2007-2015-ci illər üçün Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsili ilə bağlı Dövlət Proqramı” bu məqsədə xidmət edir. Azərbaycan gəncləri dünyanın nüfuzlu ali məktəblərində təhsil alaraq elmin sirlərinə dərindən yiyələnir, əldə etdikləri beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə səy göstərirlər.

  R.Abdullayev qeyd etdi ki, bu gün  neft kapitalını insan kapitalına çevirək” söyləyən Prezident İlham Əliyev bu istəyi gerçəkləşdirmək üçün davamlı addımlar atır. “İqtisadiyyatın lokomotivi olan ARDNŞ dövlət başçısı İlham Əliyevin göstərişinə uyğun olaraq təhsil proqramı həyata keçirir. Çox şadıq ki, Şirkətin həyata keçirdiyi təhsil proqramlarında Qafqaz Universitetinin tələbələri də fəal iştirak edirlər.  Şirkətimizdə ehtiyac duyulan ixtisaslar üzrə azərbaycanlı gənclərin xarici ölkə universitetlərində təhsilinin təşkil olunmasına 2006-cı ildən başlanmışdır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması SOCAR-ın Təqaüd Proqramının inkişafına yeni impuls verdi. İndiyədək bu proqrama cəlb olunmuş 234 gəncin ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Kanada, Türkiyə, Avstriya, İsveç, Rusiya, Malta kimi ölkələrin ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilmişdir. Onlardan 8 nəfəri Qafqaz Universitetinin tələbəsi olub. Bu gün SOCAR təhsil proqramı çərçivəsində Azərbaycanın ali təhsil ocaqlarında Təqaüd proqramı həyata keçirir. Bir neçə ildə 10 mindən artıq əlaçı tələbə Təqaüd Proqramında iştirak edib, 1600-ə yaxın tələbə Şirkətin  təqaüdünü alır.  Onların 140 nəfəri  SOCAR-da işlə təmin olunmuşdur.”

O da bildirildi ki, dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ölkə daxilində müasir standartlara cavab verən universitetlər  yaradılır. “Bildiyiniz kimi,  Prezident İlham Əliyevin Fərmanı ilə Dövlət Neft Şirkətinin strukturunda yaradılmış Bakı Ali Neft Məktəbi bu tədris ilindən fəaliyyətə başlamışdır. Bu, yeni tipli ali təhsil müəssisəsidir. Məktəbdə təhsil ingilis dilində, Böyük Britaniyanın neft mühəndisliyi sahəsində yüksək reytinqli Heriot-Vatt Universiteti standartlarının tələblərinə uyğunlaşdırılmış tədris proqramları əsasında həyata keçirilir. Ali məktəbdə müasir informasiya-kommunikasiyamultimedia texnologiyaları geniş tətbiq edilir, olduqca sıx universitet-istehsalat əlaqələri qurulur. Sevindirici haldır ki, bu ilki qəbulda 1-ci qrup ixtisasları üzrə imtahanlarda 600-dən çox bal toplayan 240 nəfərin 113-ü Bakı Ali Neft Məktəbində oxuyur. Həmin tələbələrdən 11 nəfəri Prezident təqaüdçüsüdür.”

“Dövlətimizin gənclər siyasətinə uyğun olaraq, SOCAR-da gənc mütəxəssislərin hazırlanması, yerləşdirilməsi, karyera yüksəlişi məsələləri daim diqqət mərkəzindədir” söyləyən R.Abdullayev qeyd etdi ki, onlar bu gün ölkənin neft-qaz sənayesinin ən vacib və məsul sahələrində əhəmiyyətli dərəcədə təmsil olunurlar.

Son illərin uğurlarından bəhs edən R.Abdullayev dövlət başçısı İlham Əliyevin göstərişi əsasında Beynəlxalq Təhsil Mərkəzinin  yaradılmasını qeyd etdi.  Çağ” Öyrətim Şirkəti də bu qurumun tərkibinə daxil oldu. Artıq  biz Beynəlxalq Təhsil Mərkəzi vasitəsilə dövlətin təhsillə bağlı həyata keçirdiyi Proqramların icrasına dəstək olacağıq. İngilis, rus, fransız dillərində  yeni məktəblər açılacaq. Burda da məqsəd gənclərin  müxtəlif dilləri öyrənməsinə və dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarına dəstək olmaqdır.”

 R.Abdullayev bir daha gəncləri təbrik etdi, onlara uğurlar arzuladı.

Tədbirdə o da bildirildi ki, 2000-dən artıq  tələbənin seçimi ilə AvropaAsiyada səmərəli fəaliyyətinə görə ARDNŞ “İlin şirkəti” seçilib.

Təhsil naziri Mikayıl Cabbarov tədbir iştirakçılarına, tədbirin “qəhərəmanları” olan məzunlara salamlarını çatdırdıqdan sonra bildirdi ki,  bu gün çox xoş  gündür: “Təhsil sisteminin iki məqsədi olmalıdır: birincisi, layiqli  vətəndaşın formalaşdırılması, ikincisi, yüksək ixtisaslı kadrların yetişdirilməsi. Bu məqsədlərə nail ola bilən  hər bir təhsil ocağı öz fəaliyyətini uğurlu hesab edə bilər. Hər bir millətin təhsil sisteminin gücü onun tərkibində olan müəllim  heyətinin gücünə bağlıdır. Çox sevindirici haldır ki, Qafqaz Universitetinin bir çox fakültələrində gələcəyin müəllimləri  yetişdirilir. Qarşımızda duran məqsədlərdən biri müəllim-professor bazasının  müasirləşdirilməsidir.  Bu işə töhfəsini verən hər bir müəllimə,  məzuna öz təşəkkürümü bildirirəm.

M.Cabbarov məzunlara  müstəqil, çox sürətlə inkişaf edən ölkənin həyatına daha fəal qoşulmalarını arzuladı.

ARDNŞ-in birinci vitse-prezidenti, akademik  Xoşbəxt Yusifzadə bildirdi ki, insanın həyatında bir neçə mərhələ olur. “Orta məktəbə getmək və uğurla başa vurmaq, ali məktəbə daxil  olmaqbaşa vurmaq, əldə olunan biliklər sayəsində işləmək.  Yaxşı oxumaq zəhmət çəkmək deməkdir. Zəhmət çəkirsənsə, demək, yüksək bilik əldə edəcək və işlədiyin müddətdə uğur qazanmağına  zəmin hazırlayacaqsan.”

X.Yusifzədə bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini  diqqətə çatdırdı. Bildirdi ki,  müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, Azərbaycan gənclərinin  üzərinə düşən məsuliyyət daha aydın şəkildə görünür. Müasirlik, yenilik Azərbaycanın siyasətinin əsasını təşkil edir. Yeni texnologiyaların öyrənilməsi və tətbiqi  dövrün əsas tələblərindəndir. Elmin sirlərinə dərindən yiyələnsəniz, bugünkü inkişafın daha da sürətlənməsinə dəstək olacaqsınız. Siz gənclər müstəqil Azərbaycanın gənclərisiniz. Müstəqil Azərbaycanın mütəxəssisləri kimi dünyada öz sözünüzü demək imkanına maliksiniz.

Məzunları təbrik edən  Bakı Dövlət Universitetinin rektoru,  Milli Məclisin deputatı Abel Məhərrəmov, Milli Məclisin deputatı Fəttah Heydərov, “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Enver  Özeren  bildirdilər ki, Azərbaycan dövlətinin təhsilin inkişafına diqqət və qayğısı davamlıdır. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına  çevirək” tezisi bu qayğının bariz nümunəsidir. Atılan addımlar bu istəyin reallığa çevrilməsinə stimul verir. Bugünkü məzunlar Azərbaycanın gələcəyi, intellektual daşıyıcılarıdır.

Tədbir konsert proqramı ilə davam etdirildi.

 

Yeganə Əliyeva

 

 İki sahil.- 2013.- 14 iyun.- S.4-5.