Heydər Əliyev fenomeni: Vətən sevgisi, xalqa bağlılıq

 

Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır

 

İlham Əliyev: Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olub

 

Böyük şəxsiyyətlərin xidmətləri haqqında dəyərli fikirlər səslənir, təhlil olunur, qiymətləndirilir. Heydər Əliyevin timsalında əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu əvəzolunmazdır. Alman şairi və mütəfəkkiri V. Höte deyib ki, yaşamağa və azadlığa yalnız həyatı və azadlığı uğrunda hər gün döyüşə girən layiqdir. Bu keyfiyyətləri şəxsiyyətində formalaşdıran ulu öndər üçün Azərbaycanın, xalqının azadlığı və müstəqilliyindən qiymətli heç nə yox idi.

M.K. Atatürkün “Hər irəliləyişin və qurtuluşun anası azadlıqdır” sözləri sanki ulu öndərin amalını əks etdirir. Çünki ümummilli lider Heydər Əliyev öz vətənini sevməklə, bəşəri ideyaların həyata keçirilməsini arzu etməklə bilirdi ki, cəsarətlilik qətiyyət, özünə inam bütün qələbələrin başlanğıcıdır.

ONUNLA müqayisə oluna biləcək vətəninə, xalqına, elinə, obasına bağlı ikinci böyük şəxsiyyət təsəvvür etmək belə mümkün deyil. Azərbaycana intibah dövrünü yaşadan, respublikanı aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirən Heydər Əliyev irsi həqiqi mənada hər zaman öyrənilməyə ehtiyac duyulan təcrübəli dövlət xadimi idi. Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmrəlin vurğuladığı kimi, Azərbaycan xalqının bəxti onda gətirib ki, onun Heydər Əliyev kimi lideri var. Şəxsi həyatı, uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın qərinədən artıq tarixini salnaməmizə yazan ulu öndər haqqında deyilən “Heydər Əliyev kimi dahilər tarixdə bir dəfə yetişir” kimi sözləri müdrik bir insanın şərəfli ömür yoluna verilən dəyərdir.

Qanında, canında azərbaycançılıq ideyalarını yaşadan ulu öndər üçün Azərbaycan bir müqəddəs yer, alınmaz qala, keçilməz sədd idi.

1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün edilən təhdid və təzyiqlərə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edəndə də, xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edəndə də, Dağlıq Qarabağda yaranmış münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etirazını bildirəndə də ONA güc, qüvvət verən xalqına bağlılığı, torpaq, el, oba məhəbbəti idi. Hələ sovetlər vaxtında Azərbaycana vurğunluğunu aqrar ölkə kimi tanınan respublikanı inkişaf etmiş ittifaq dövləti səviyyəsinə qaldıran Heydər Əliyev müstəqllik illərində Azərbaycanın titanik inkişafını təmin etdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi dövlətçiliyimizin atributu olan himn, üçrəncli bayraq və gerbimizin bərpasını vətəndaşlıq borcu adlandıranda da böyük qətiyyət göstərərək Azərbaycan naminə canından belə keçməyə hər an hazır olduğunu bildirşdi.

...1993-cü ilin may-iyununda hökümət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyev fenomeni qarşısında acizliklərini hiss etsələr də xalqın tələbi ilə ONU rəsmən Bakıya dəvət etməyə məcbur oldular. İyunun 9-da Bakıya QAYIDIŞI ilə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi xalqa QURTULUŞ yolunda bələdçilik edən Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi.

ONUN üçün ən böyük sevinc xalq etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, süverenliyi idi. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə QAYIDIŞI, siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacardı.

AXC-Müsavat cütlüyünün iqtidarı dövründə Azərbaycanı parçalamaq, yenidən xanlıqlara bölmək istəyənlərin xəyanətkar niyyətlərini müdrikcəsinə başa düşərək, dövlətçilik təcrübəsinə və ən çox inandığı xalqına güvənərək ölkəmizi uçurumdan xilas etdi. Surət Hüseynov kimi “Milli qəhrəmanın” xofundan qorxaraq ölkəni başsız buraxan səbatsızların səriştəsizliyi üzündən sabaha gümanını itirən insanlara yaşam sevincini bəxş edən əsil millət fədaisi kimi ürəyinin odu ilə sönmüş ümidlərə nur çilədi, ziya bəxş etdi. O nur ki, şölələri bu gün də müasir Azərbaycanın yoluna işıq salır.

Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir imkanları böyük olan Heydər Əliyev həmişə sözü, çəkisi, sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanmış, bitməz-tükənməz enerjisi ilə xalqını yaradıcılıq uğurlarına ruhlandırmışdır.

Olduqca mürəkkəb bir dövrdə hakimiyyətə qayıdan, müstəqilliyimizi qanı, canı bahasına qoruyan Heydər Əliyev ən bacarıqlı dövlət xadiminin edə bilmədiyini qətiyyəti sayəsində gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə tanınmış siyasi xadimlər sırasında əbədilik yerini tutmuşdur.

Heydər Əliyev zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada əvəzsis rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, soydaşlarımızın həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Heydər Əliyev öz parlaq zəkası, siyasi hazırlığı sayəsində yeni Azərbaycanı, onun bu günkü gerçəkliklərinin təməlini qoymuş, gələcəyə aparan yolların parametrlərini müdrikcəsinə müəyyən etmişdir.

Azərbaycanın müstəqil dövlət quruculuğuna yolu məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Azərbaycançılıq ideyaları, milli özünüdərkin, milli özünə qayıdış təfəkkürünün formalaşması istiqamətində gördüyü işlər misilsizdir. İqtisadiyyatı bütövlükdə dərin böhran içərisində olan respublikanı yaranmış ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolunu xalqla birlik və həmrəylikdə görən, iqtisadi inkişafın prinsipial, konseptual yanaşma yollarını müəyyənləşdirən Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi bu gün müdafiə qudrəti ilə fərqlənən Milli Ordumuz formalaşdı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, atəşkəsə nail olmaq üçün bütün siyasidiplomatik vasitələrdən ağlın, zəkanın qüdrəti ilə istifadə olundu

Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inammaraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Bu siyasətin nəticəsidir ki, Azərbaycan zəngin ehtiyatlara malik neft-qaz ölkəsi kimi dünya enerji bazarında böyük nüfuza malikdir. Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın iştirakı və razılığı olmadan heç bir qlobal enerji, nəqliyyat layihəsi həllini tapa bilməz. BTC, BTƏ, BTQ kimi neft-qaz kəmərləri, nəqliyyat infrastrukturu dünya birliyində ölkəmizin önəmini artırır.

Heydər Əliyevin qətiyyəti və düzgün balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan üçün təhlükə yaradan pərdəarxası oyunlara, siyasi anarxiyaekstremist hallara son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuş, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaranmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı. Dövlət müstəqilliyini bir daha qorumaqla xilaskarlıq missiyasını təkrarlayan ulu öndər xalq-iqtidar birliyinin sarsılmazlığını bütün dünyaya bəyan etdi.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev bu istiqamətdə davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etdirildi. ONUN fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərinə ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi.

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və Sədri olduğu Yeni Azərbaycan Partiyası ilə sıx bağlıdır. 1992-ci ilin noyabrında, Yeni Azərbaycan Partiyasının Naxçıvanda 550 nəfərin iştirakı ilə keçirilən təsis konfransından sonra partiyaya kütləvi axın da Heydər Əliyev şəxsiyyətinə, siyasətinə inamdan, etimaddan irəli gəlirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, YAP-nın yaradılması, eyni zamanda müasir siyasi sistemin yaranması deməkdir.

Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azrbaycanlıların birlik və həmrəyliyinin təşkilində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün tarixi xidmətlərinə yeni səhifələr əlavə etdi. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu müdrik siyasət Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində yeni keyfiyyətlərlə davam etdirilir.

Heydər Əliyev Azərbaycanın dünyaya günəş kimi doğmasını arzulayırdı. Bu istək artıq gerçəkləşib. Ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda layiqincə təmsil olunur. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olan beynəlxalq ictimaiyyətin ölkəmizin mövqeyini dəstəkləməsi bu sahədə misilsiz xidmətlər göstərən Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevin diplomatik uğurlarıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi qazandığı iqtisadi, siyasi, diplomatik uğurları ilə dünyada tanınır.

Heydər Əliyev daim yaşayan müasirimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu, milli dövlətçiliyimizin əsasını qoyan dahi, böyük dövlət xadimi, müdrik insandır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2013.- 15 iyun.- S.6.