Xoca
Nəsrəddinin yurdu, sultanın
ordugahı, qəfil saz sədası...
Tanıdığımız
və tanımadığımız Eskişehir
Türkiyəyə indiyədək əlliyə
yaxın səfərim olub. Doğrusu, bunların heç də
hər birində getdiyim yerləri doyunca gəzib-dolaşmaq
imkanı əldə etməmişəm. Açığını
deyim ki, bu mənim hobbimdir. Axı, bunsuz həmin ölkə,
xalq, diyar, şəhər, yer barədə bilgilərə
malik olmaq qeyri-mümkündür.
Eskişehirdə isə belə
imkanı bizə qatılacağımız tədbirdən əvvəl
yaratmışdılar. İki gün ərzində vilayəti
gəzib-dolaşmaq üçün zəngin marşrut
seçilmişdi. Bunun hikmətini üçüncü
gün hiss etdim. Görmədən, bilmədən, nəticə
çıxarmadan Eskişehirin türk dünyasının mədəniyyət
paytaxtı seçilməsinin hansı zərurətdən irəli
gəldiyini necə qəbul etmək mümkün idi?! İndi
hafizəmdə həqiqətən zəngin keçmişə,
müasir tərəqqiyə, qədim ənənələrə,
özəlliklərə malik məkan barədə unudulmaz
xatirələr mövcuddur. Təəssüratlarımdan da
yazının sərlövhəsi boylanır:
“Tanıdığımız və
tanımadığımız Eskisehir”.
Etiraf edim ki, səfərədək məsələnin
birinci tərəfi ilə bağlı məlumat bazam zəngin deyildi. İnternetdəki
materialları da qənaətbəxş saymaq olmazdı. Səfər
çantamın biri başdan-ayağa Eskişehirə aid
nümunələrdən ibarətdir. Ədəbi-bədii əsərlər,
müxtəlif kitablar, broşürlər,
albomlar və bir də
şəhərdə işıq üzü
görən qəzetlərin Novruz
bayramına
təsadüf edən sayları. Hərəsi oxucu
ilə müxtəlif mövzularda söhbətləşmək
üçün kifayət qədər mövzu mənbəyidir. Hərçənd
barələrində ayrıca söhbət açmaq
imkan xaricindədir. Yəqin ki, nə vaxtsa onlara da
qayıdacağıq. Hələlik mövzuya
baş vurmazdan əvvəl
səfərin məqsədi barədə söz
açmaq istərdik.
TÜRKSOY
21 ildir ki, türkdilli ölkələri və
xalqları bir araya gətirən
bəşəri işlə məşğuldur. Bu kontekstdə
həyata keçirilən tədbirlər sırasında hər
il tarixi köklərə
malik hansısa şəhərin həmin
məkanda türk dünyasının mədəniyyət
paytaxtı elan olunması da
dayanır. 2013-cü il Eskişehirin
qismətinə düşüb. Orada ölkəmizdəki şəhərlərə
də göstəriləcək etimaddan da söhbət gedirdi. Eskişehir Anadolunun mərkəzində
yerləşir. Coğrafi cəhətdən
elə strateji məkanda bərqərar olub ki, istər-istəməz
diqqəti cəlb edib. Ona
görə də çiçəklənən dövrləri
də olub, dağıntılara məruz
qaldığı çagları da. Səfərin
ilk günü vali doktor Kadir
Koçdemirin Eti arxeologiya muzeyində xarici
ölkələrdən dəvət edilən 50-yə
yaxın jurnalistə verdiyi ziyafət də
təsadüfi deyildi. Buradakı
eksponatlar diqqəti minilliklərin dərinliklərinə
çəkib aparırdı. İbtidai insanlar qayalıqları çaparaq
özlərinə məskən yaratmışdılar, firiqlər,
romalılar, bizanslılar, türklər fateh
kimi gəldikləri yerlərdə özlərinə
məxsus mədəniyyət nümunələri
yaradılması qayğısına da
qalmışlar.
Odunpazarı
türklərin Eskişehirde qərarlaşdığı
ilk yaşayış məntəqəsidir.
1097-ci ildə bizanslılara qalib gələn
I Kılıç Arslan burada
ordu qərargahını qurmuşdu.
Elə ona görə Eskişehir
uzun əsrlər boyu Sultanyügi kimi
tanınırdı. Sonrakı əsrlərdə səlcuqlar və
osmanlılar tərəfindən indi də
əzəmətini saxlayan abidələr inşa etdirilib. Bu da vilayətə
çoxsaylı turist axınını
şərtləndirən cəhətlərdəndir. Yalnız Odunpazarındakı memarlıq və sənət
nümunələri ilə Eskişehiri türk dünyasının mədəniyyət
mərkəzi elan etmək olardı. Bir vaxtlar mövcud
olmuş imarətlər, karvansaralar,
məscidlər, mədrəsələr hazırda Cümhuriyyət
tarix muzeyi, Lülə
daş muzeyi, Cam sənətləri muzeyi,
sənətçilər bazarı kimi fəaliyyət
göstərir.
Türk hökmdarları fateh olduqları kimi sənəti
və sənətkarı da yüksək
dəyərləndiriblər. Eskişehir
möhtəşəm sənətkarlar və istedadlar
diyarıdır. Elə isimlər var ki, onların adları bu
diyarın və ölkənin hüdudlarını əsrlərdən
bəri aşaraq dünyada
tanınmaqdadır. Haqq və xalq şairi Yunis Emre isə həmin
şəxsiyyətlərin zirvəsi sayılır. Böyük mütəfəkkir dünyaya gəlişi ilə sanki
dahi Nizaminin vəfatından
sonra ədəbiyyatda yaranmış boşluğu doldurdu. Burada haşiyə çıxaq ki, Ankara-Eskişehir-İstanbul
dəmiryolunun yaxınlığında yerləşən məzarın
önündən keçən qatarlar bir anlığa nəfəs dərir, fit verməklə onun xatirəsinə
sayğılarını nümayiş
etdirirlər. Maraqlıdır ki, bu ənənə həmin yolu
çəkən almaniyalı mühəndislərə məxsusdur.
Bax, bəşərilik də budur.
Molla Nəsrəddinin ulaq belindəki ikinci abidəsi
Eskişehirdədir. Bütün türk dünyası kimi onlar da həmin şəxsiyyətin
özlərinə məxsusluğunun iddiasındadırlar. Nəsrəddin
Xoca indinin
özündə də ən populyar şəxslərdəndir.
Vilayətdə hər hansı çıxışa məzə
tonu qatmaq istədikdə
Nəsrəddin Xocanın lətifələrindən misallar gətirirlər. Bizdən fərqli olaraq eskişehirlilər onun
konkret bioqrafiyasını qələmə
alıblar. 1208-ci ildə Eskişehirin Sivrihisar ilçəsinə bağlı, sonradan “Nəsrəddin Hoca
Beldesi” kimi adı dəyişdirilən
Hortu kəndində anadan
olduğu göstərilir. Atası Abdullah Əfəndi, anası Siddiqə
xanımdır. İlk bilgilərini din xadimi atasından
alıb. Sonralar dərin biliyi,
hazırcavablığı ilə tanınan şəxsiyyətə
çevrilib. Düzü,
başqaları kimi mən də onun mifik qəhrəman olduğunu düşünürdüm,
eskişehirlilerin belə
yanaşmasından sonra içimdəki tərəddüdlər
qeybə çəkilməkdədir.
Türkiyənin
əksər satirik yazarları Xocanı
özlərinin ustadı sayırlar. Bu
sırada Əziz Nesini də görmək
olar, “sayğısızlıqdan,
başadüşülməzlikdən” gileyli
müasir Rasim Koroğlunu da.
Eskişehirdə rastlaşdığım professor
Tamella Abbasxanlı həm də bu qəbildən olan şair və yazıçıların tədqiqatçısıdır.
Tamella xanım uzun
müddət Bakı Dövlət Universitetinin
dünya ədəbiyyatı
kafedrasında çalışıb, 1998-ci ildən
Eskişehirdədir, Osman Qazi
Universitetində işləyir. Məqalələri Türkiyə
ilə yanaşı, Qərb ölkələrinin və
ABŞ-ın nüfuzlu mətbu
orqanlarında dərc edilir. Səfərimizdən
bir gün əvvəl
professor adına layiq görülmüşdü. Keçmiş
müəllimimlə sevincimizi bölüşdük.
Diyarın
inkişafı və çiçəklənməsi Balkanlardan və Qafqazdan buraya axını sürətləndirdi.
Yazılıkaya kəndindəki lokanta sahibi İrfan bəy bizi çox səmimi
qarşıladı. Bildirdi ki, babaları qaraçay-çərkəzdir,
yeddi yüz il əvvəl buralarda məskunlaşıblar.
Hazırda 6 kənddə yalnız onların törəmələri
yaşayır. Qəribə də olsa
kişilər adətən əlli yaşa
çatmamış evlənməyiblər. Ənənə
qismən qalıb. Türkiyənin hər yerində olduğu kimi, bu kəndlər də boşalmaqdadır. Fərq
orasındadır ki, qaraçay-çərkəzlər
ölkədaxili şəhərlərə yox,
birbaşa Amerikaya üz tuturlar...
Bələdçimiz
Mustafa bəy bizi ordan kəndin yaxınlığında yerləşən
Yazılıkaya abidələr kompleksinə apardı. Bu abidələr təbiətlə insan zəkasının harmoniyasının vəhdətindən
yaranan ecazkar əsərlərdir.
Burada Midas şəhəri
mövcud olub. Gordion Friqlərin siyasi, Midas isə dini paytaxtı
sayılıb. Krallığın süqutundan
sonra Roma və Bizans dönəmində də şəhər
nüfuzunu uzun
müddət saxlayıb. Məharətli əllər qayalarda naxışlar salıb, evlər
düzəldib, totemləri təsvir edib,
nüfuzluların məzarları üçün
də yer tapılıb.
Eskişehir dəniz səviyyəsindən
1500 metrə qədər yüksəklikdə yerləşsə
də, heyvandarlıq, xüsusilə atçılıq üçün münbit
məkan sayılır. Deyilənə görə, ilk atı da məhz
türklər bura gətirib. İndi vilayətin atları bütün
dünyada məşhurdur. Mahmudiyyə
atçılıq müəssisəsində yetişdirilən
cinslər sərt şəraitə dözümlülüyü,
yüksək sürəti ilə fərqlənirlər. Müəssisənin əməkdaşı Süsən
xanımın dediyinə görə, bu atlar döyüş
meydanında nəyə qadir
olduqlarını Atatürkün
savaşlarında göstərib. İndi dinc əyyamdır, amma
alıcıların artımı ilə ayaqlaşmaq
üçün daha çox səy göstərmək lazım gəlir.
Eskişehirin müasir
tarixindən gətiriləsi misallar kifayət
qədərdir. Onlar fəxr edirlər ki, ölkədə
çoxpartiyalılığın əsasını qoymaq üçün
vüsət alan mitinqlərin ilki məhz burada - Çifteler bələdiyyəsində baş tutub. Bu şərəfə həmin meydanda abidə ucaldılıb, bağ-bağat salınıb. Bağdakı restoranda bizi Azərbaycan
aşıq havası ilə qarşıladılar. Düşündüm ki,
qonaqların arasında bizim olduğumuzu zənn
edərək sürpriz
hazırlayıblar. Belə deyilmiş.
Aşıq Şakirin səsi Space radiosundan gəlirdi.
Restoranın sahibi Ərtoğrul Uğur dedi ki, burada yalnız Azərbaycan
təranələri səslənir. “Biz nəslən
məshəti türküyük, üç yüz ildir ki, Eskişehirdə
yaşayırıq. Babam da,
atam da həmişə
Azərbaycan musiqisini dinləyiblər”. Xoş sürprizdən sonra
necə iştaha gəlməyəsən.
Eskişehir mətbəxi də
özgə aləmdir. Çiybörəkdən, tabak börəkdən, köftədən, tolga şorbasından gərək yeyəsən
ki, dadını biləsən. Yəni mətbəx
də yerli mədəniyyətin tərkib
hissəsidir...
Şəhərə
sürət qatarı ilə gəlmişdik. Təsəvvür
edin ki, 250 kilometrə
qədər yolu cəmi saat
yarıma qət etdik. Qatar
iki yerdə dayandı. Fasilə bir necə dəqiqə oldu.
Ankara-Eskişehir ölkənin ilk sürət qatarının marşrutudur.
Gündəlik reyslərin sayı 10-a qədərdir. 2009-cu ilin martından fəaliyyətdədir.
İndiyədək 26 mindən çox səfər
gerçəkləşdirib. Yeddi milyondan artıq sərnişini mənzil
başına çatdırıb. İkinci
marşrut Ankara-Konyanı əhatə edir. Üçüncünün
açılışı (Eskişehir-Konya)
isə bizim şəhərdə olduğumuz müddətə təsadüf etdi. Yol İstanbula
qədər uzanacaq. Sevinirəm ki, Azərbaycanda da bu niyyət mövcuddur. Təsəvvür
edin ki, Bakıdan Qazaxa 500 kilometrədək yolu
cəmi 3 saata qət edirsən. Görün ölkədaxili əlaqələr
nə qədər sıxlaşır. Onda
insanlar ekoloji cəhətdən
daha münasib yerləri
qoyub Bakıya üz tutmağa tələsməyəcəklər.
...Novruz vilayətin simasına ayrı bir büsat gətirmişdi.
Bu, mədəniyyətlərimizi də
tarixən birləşdirən dəyərlərdəndir.
Yüksək əhval-ruhiyyə ilə üçüncü
gün açılış törəninə
qatıldıq. Tədbir barədə geniş
yazmaq istəmirəm. Ölkənin aparıcı
teleradio şirkətləri mərasimdən
birbaşa reportajlar verirdi, onların sırasında yerli KİV-lər də var
idi. Eskişehirin Kanal 26, EsTV və Anadolu Unersiteti TV-ləri,
8 qəzeti, o cümlədən “İstiqbal”, “Anadolu”, “Sakariya”, “Sonbahar” və digər
nəşrlərinin əməkdaşları da
öz işlərində idi.
Məlumat üçün bildirim ki, vilayətin ilk qəzeti 1908-ci ildə işıq üzü görən “Nimet”dir. Radiolar isə sayca öncüllük təşkil
edir, 40-a qədərdir.
Yol yoldaşlarımın hər
biri tədbirlərdə fəal iştirak etdi. Sözlərini dedilər, diskussiyalara
qatıldılar. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə isə
tanınmış yazıçı Elif
Şəfəqi oxumağa həvəsləndirdiyinə
görə minnətdaram. İki
kitabını alıb bağışladı. Bundan
sonra Türkiyədə alacağım kitablar arasında mütləq Şəfəqin
da əsərləri olacaq.
Sonda belə mənalı və
yaddaqalan səfərin təşkilinə
görə Türkiyənin ölkəmizdəki səfirliyinin
mədəniyyət və turizm müşaviri Seyid Əhməd
Arslan bəyə təşəkkürlərimi
yetirməyi özümə borc bilirəm.
Əflatun
Amaşov,
Azərbaycan
Mətbuat Şurasının sədri
Bakı-Eskişehir-Bakı
İki
sahil.- 2013.- 29 mart.- S.12.