Qanlı tarix
Tarixi
qədimdən-qədim, soykökü
minilliklərə gedib çıxan bir xalq var-Azərbaycan
xalqı!
Əsrlər boyu hər cür məhrumiyyətə,
müsibətə sinə gərib ən agır
döyüşlərdən , ölüm-dirim
savaşlarından qalib kimi
çıxan ,meydanda düşmənin gözünün içinə dik baxmağı bacaran məğrur,
qürurlu, əyilməzdir Azərbaycan xalqı!
Zaman-zaman acgöz,
mənfur qonşularımız
tərəfindən istismara məruz qalsa da, “can”
deyib, “çor”
eşitsə də, yenə kin saxlamayan, özü yeməyib
yedirdən, geyməyib geydirən, sonunda dost deyib, qardaş bilib bağrına basdığından xəyanət görəndir Azərbaycan xalqı!
Başı
çox bəlalar çəkib, çox müsibətlər görüb
xalqımızın... Dədə-babalarımız silahı
başının altında saxlayıb həmişə,
“düşmən yatmır, düşmən oyaqdır”-deyə...
Amma düşmənlərimiz daha ayıq-sayıq, daha tədbirli
çıxıblar... Aldığımız zərbələr
batman-batman, ziyanlarımız ödənilməyəcək
qədər ağır olub. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində
və Bakı quberniyasının müxtəlif bölgələrində,
eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ,
Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni
silahlı dəstələrinin azərbaycanlılara
qarşı törətdikləri qırğın da bu yaralar
siyahısına daxildir. Rəsmi
mənbələrə əsasən,
bu soyqırım nəticəsində
12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə
insan itkin düşmüşdür. 31 mart
soyqırımı- Azərbaycanlıların kütləvi
surətdə qırğını, repressiyalara
məruz qalması, doğma yurdlarından
sürgün
edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli
səhifələrindəndir. Bu
soyqırım Bakı, Şamaxı, Quba
qəzalarında, Qarabağda, Zəngəzurda,
Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Dənizdən-dənizə
böyük dövlət yaratmaq
xülyası ilə yaşayan daşnaklar həmin dövrdə bolşeviklərin
hakimiyyətə yiyələnməsindən istifadə edərək
səraitdən maksimum yararlanaraq,
azərbaycanlılara divan tutublar.
Üzdə özünü bolşevik kimi qələmə
verən, əslində isə qatı daşnak
olan Şaumyanın fitvası ilə həmin günlərdə ermənilərin
törətdikləri cinayətlər Azərbaycan
xalqının yaddaşında əbədi əks olunmuşdur. Minlərlə dinc
azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə
görə məhv edilmişdir. Erməni qəsbkarları üç
gün ərzində Bakıda 30 min azərbaycanlının həyatına son qoymuş, qocaları,
qadınları və uşaqları amansızcasına qətlə
yetirmiş, evlərə od
vurmuş, insanları diri-diri
yandırmış, qədim tarixi abidələri, milli memarlıq
incilərini, məktəbləri, xəstəxanaları, məscid
və digər abidələri dağıtmış, məhv etmiş, Bakının böyük
hissəsini xarabazarlığa çevirmişlər. Ermənilərin
Bakıdan başlanan vəhşilikləri
Azərbaycanı və indiki Ermənistan ərazisindəki
Azərbaycan kəndlərini də əhatə etmişdir. Martın 31-i və aprelin 1-də
xüsusilə kütləvi şəkil alan
bu qırğın nəticəsində təkcə Bakıda 17 min insan qətlə yetirilib.
Şaumyanın erməni-bolşevik dəstələri şəhər
əhalisinin 400 milyon manatlıq əmlakını
ələ keçirmiş, müsəlmanların
bir çox ziyarətgahlarını
dağıtmışlar. Qırğınlar zamanı
Şamaxı qəzasının 53 müsəlman kəndində
ermənilər tərəfindən 8 min nəfərdən
çox azərbaycanlı qətlə yetirilmişdir. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox
insanın həyatına son qoyulmuşdur. 1918-1920-ci illərdə Azərbaycanda
ən ağır faciələrlə üzləşən, ən
dəhşətli qətliamlara məruz qalan
bölgələrimizdən biri də qədim
Azərbaycan torpağı olan Zəngəzur
mahalı olmuşdur. Azərbaycan
Respublikası Dövlət Arxivinin məlumatlarında,
rəsmi sənədlərdə və şahidlərin ifadələrində
deyilir ki, erməni terror birləşmələri Zəngəzur
qəzasında 115 Azərbaycan kəndini başdan-başa
yandırıb külə döndərmişlər. Nəticədə
təkcə Zəngəzur qəzasında 10068 nəfər
günahsız soydaşımız öldürülmüş,
əyalətdəki bütün milli mədəniyyət abidələri yerlə-yeksan
edilmişdir.
Azərbaycanın
bir çox yerlərində
1918-ci ilin martında törədilmiş
görünməmiş soyqırımı aktlarının
qanlı izləri - kütləvi insan məzarlıqları
mövcuddur. Qubadakı məzarlıq buna
əyani sübutdur. 1918-1920-ci illərdə
Azərbaycanın yüzlərlə şəhər və kəndi,
o cümlədən Qarabağın
dağlıq və dağətəyi hissəsində azərbaycanlıların
yaşadığı 150-yə yaxın kənd
xarabalığa çevrilmiş, 50 mindən
çox soydaşımız qətlə
yetirilmişdir.
Neçə-neçə
nəsillər bu tarixi
ədaləti və tarixi həqiqətləri
bərpa etmək uğrunda mübarizə
aparıblar. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti bu yöndə mühüm addımlar atsa
da, istintaq
komissiyası yaratsa da,
1920-ci ildə Vətənimiz sovet ordusu tərəfindən işğal
olunduğundan bu işi başa
çatdıra bilmədi.
1918-ci il mart
qırğınları, ermənilərin azərbaycanlılara
qarşı törətdikləri soyqırımı
aktları və deportasiya ilə
bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli
lider Heydər Əliyev tərəfindən
verildi. Ümummilli lider Heydər Əliyevin 1998-ci il
martın 26-da imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” fərman bu
baxımdan mühüm əhəmiyyətli
sənəddir. Azərbaycanın indiki və
gələcək nəsillərinin milli
yaddaşının qorunması baxımından proqram xarakterli həmin sənədin
böyük əhəmiyyəti var. Bu tarixi
sənəddə hər il martın 31-nin
Azərbaycanlıların Soyqırımı Günü
kimi qeyd edilməsi əksini
tapmışdır. Ulu öndər Azərbaycan
tarixində ilk dəfə olaraq
dəqiq faktlar əsasında erməni məkrini
bütün dünya
qarşısında ifşa hədəfinə
çevirdi.
Fərmanda
ermənilərin azərbaycanlılara qarşı təcavüzünün
tarixi köklərinə toxunulmuş
və onların mərhələlərlə törətdikləri
soyqırımı və terror siyasətinin
mahiyyəti əksini tapmışdır.
Beynəlxalq
hüquqa görə, soyqırım ən
ağır beynəlxalq cinayət olmaqla,
təcavüz, insanlıq əleyhinə, müharibə və
beynəlxalq terrorizm kimi
sülh və bəşəriyyətin təhlükəsizliyi
əleyhinə yönələn cinayətlər qrupuna aid edilir. Soyqırım və
insanlıq əleyhinə cinayətin tərkibini təşkil
edən və bu sənəddə göstərilən
əməllərdən hər biri ermənilər
tərəfindən azərbaycanlılara qarşı törədilmişdir.
Bunlardan yalnız biri
belə hadisənin soyqırımı kimi
qiymətləndirilməsi üçün
kifayət edir. Bu kriteriyalar baxımından, 1918-ci ilin mart
qırğınları, eləcə də Xocalı faciəsi
məhz soyqırımı cinayəti kimi
qiymətləndirilməlidir.
Ölkəmiz
son illər çox
sürətlə, hərtərəfli inkişaf
edir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın
qarşısında duran yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir.
Bu məsələdə ölkəmizin mövqeyi həmişə konstruktiv
olub . Bunun əksinə
olaraq, Ermənistan öz
təcavüzkar siyasətini yeritməkdə, Azərbaycan
torpaqlarını hələ də işğal
altında saxlamaqdadır. Bütün dünyaya məlumdur ki, sülh danışıqları məhz Ermənistanın
qeyri-konstruktiv mövqeyi
üzündən heç bir
nəticə vermir. Təcavüzkar Ermənistan
BMT-nin məlum qətnamələrini, beynəlxalq
təşkilatların təkliflərini də qulaq
ardına vurur və bununla
da bütün dünyaya meydan oxuyur. Artıq BMT də, Avropa
Şurası da Ermənistanı rəsmi
şəkildə təcavüzkar dövlət kimi tanıyıb. Bununla
belə, beynəlxalq təşkilatların
reallığı, ədaləti, beynəlxalq hüquq
norma və prinsiplərini əks etdirən
qərarları, qətnamələri icra olunmur.
Prezident İlham
Əliyev dəfələrlə bəyan edib
ki, biz bu
vəziyyətlə, torpaqlarımızın itirilməsi ilə
heç vaxt
barışa bilmərik: “Dağlıq Qarabağın Azərbaycandan
ayrılmasına heç vaxt
icazə vermərik və bu,
danışıqlar mövzusu deyildir... Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır və
eyni zamanda, tarixi, hüquqi, siyasi baxımdan, bütün
başqa tərəflərdən də bu belədir. Ona görə
danışıqlar predmeti yalnız və
yalnız Azərbaycanın ərazi bütövlüyünün
bərpası olmalıdır. Bölgədə yaşayan bütün
xalqların təhlükəsizliyinin təmin edilməsi
olmalıdır. Bundan kənarda heç bir
razılaşma mümkün deyildir”.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin
əhalisinə misli görünməyən
divan tutdu. Tariximizə
Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə
minlərlə azərbaycanlının məhv edilməsi, əsir
alınması, şəhərin yerlə yeksan
edilməsi ilə qurtardı.
Millətçi-separatçı
ermənilərin Dağlıq Qarabağda
başladığı qəsbkar hərəkətin nəticəsi
olaraq bu gün bir milyondan
artıq soydaşımız erməni qəsbkarları tərəfindən
öz doğma
yurd-yuvalarından didərgin salınmış, çətin
şəraitdə yaşamağa məhkum
edilmişdir. Ərazimizin 20 faizinin
erməni silahlı qüvvələri tərəfindən
işğalı zamanı minlərlə vətəndaşımız
şəhid olmuş, xəsarət
almışdır.
Bu - erməni faşizminin yalnız bir əsrdə
törətdiyi cinayətlərin
qısa icmalı idi...
1918-ci ilin mart
soyqırımından 95 il keçir, lakin ermənilərin
törətdikləri bu dəhşətləri
unutmaq qeyri-mümkündür.
Ancaq
inanırıq ki, beynəlxalq terrorizmə
qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti,
nəhayət, Azərbaycan xalqının başına gətirilən
bu zorakılıqlara obyektiv
siyasi-hüquqi qiymət verəcək,
cinayətkarlar öz layiqli
cəzalarını alacaqlar.
Fəxriyyə
İkramqızı
İki
sahil.- 2013.- 29 mart.- S.10.