Mən hələ tükənməmişəm

 

60 ildən çoxdur ki, ədəbiyyat aləmindədir Vidadi Babanlı. Bizimlə söhbətində dönə-dönə qeyd etdi ki, yenə yazmaq istəyir və səhhəti imkan verən kimi ürəyində toplanan sözlərini, obrazlarını yenə də kağıza köçürəcək. İndiki cavan şair, yazıçıların mövzu qıtlığı çəkmələri qəribə gəlir Vidadi Babanlıya. Deyir, axı ədəbiyyat adamı necə yazmaq üçün mövzu tapmaya bilər?!

 

Yazıçı, şair olmaq üçün ən vacib şərt

 

Zənnimcə, ən vacib şərt istedadlı olmaqdır. İstedadsız, yaxud yarım istedadla heç nə əldə etmək olmur. Əgər səndə istedad yoxdursa, adi həvəslə, çoxlu bədii kitablar mütaliə etməklə istəyinə çata bilməzsən.

Atam mənim mühəndis olmağımı istəyirdi. Amma mən lap körpəlikdən ədəbiyyatı sevmişəm. Tolstoyu, Dostoyevskini, Çexovu yorulmadan oxuyurdum. Fransız yazıçılarının əsərlərini - Viktor Hüqo, Balzak, Stendal və başqalarını da mütaliə edirdim. O vaxt kəndə çox kitab gəlib çıxmırdı. Məktəbin kitabxanasında nə vardısa, ancaq onları oxumaq imkanım olurdu. Universitetə qəbul edildikdən sonra daha çox mütaliə etməyə, bu sənətlə daha ciddi məşğul olmağa başladım.

 

Yazıçılıq və ya şairlik adi həvəslə olmur

 

Bəziləri həvəsə görə gəlirlər, sonra da yarı yolda qalırlar. Çünki ilham bulaqları quruyur. Burda ancaq ilahi vergisi lazımdır. O ilahi vergisi isə insanda lap uşaqlıqdan olur. Mənim 4-cü, 5-ci sinifdən şeirə marağım vardı, şeir kitabları oxuyurdum. Özüm də cızmaqara edirdim. Hətta “Pioner” qəzetinə, jurnalına da yazdığım şeirlərdən göndərirdim. Onlardan da cavab gəlirdi ki, hələ zəifdi şeirlərin, çox oxu. Yəni dediyim odur ki, bu oxumaqla, mütaliə ilə alınan iş deyil. İstedad olmasa, yazıçı, şair olmaq həvəsi getdikcə sönür. Əlbəttə, yazıçı çox oxumalıdır, bilik dairəsi geniş olmalıdır. Amma yenə təkrarlayıram yazmaq üçün birinci növbədə istedad və geniş həyat biliyi lazımdır.

 

Hər adam ədəbiyyatda qala bilmir

 

O vaxt bizimlə yüzlərlə cavan gəldi ədəbiyyata. Bunlar - İsmayıl Şıxlı, İsa Hüseynov, mən, Sabir Əhmədli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, İslam Səfərli - cəmisi 9-10 nəfər bu sahədə qaldı. Qalanları isə kimisi həkim, mühəndis, kimisi müəllim peşəsinin dalınca getdilər. Çünki bu sənət çox ciddi və çətindir. Təkcə gənclik həvəsi kifayət etmir. O vaxtlar mərhum Mirzə İbrahimov Yazıçılar İttifaqının sədri idi və İttifaqın nəzdində də Gənclər günü adlı dərnək yaratmışdı. Bütün institutlardan, universitetdən şeir həvəskarları, yazıçılıq eşqinə düşənlər həmin o dərnəyə gəlirdilər. Orada şeirlərini, hekayələrini, məqalələrini oxuyurdular. Sonra gənclərin qələmlərinin məhsulları müzakirə olunurdu. Müzakirədə, oxunuşlarda M.İbrahimovdan başqa hamısı- Süleyman Rəhimov, Əli Vəliyev, Mehdi Hüseyn, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli və başqaları iştirak edirdilər. Bəyəndikləri şeirləri, hekayələri ya “Ədəbiyyat” qəzetində, ya da “Azərbaycan” jurnalında çap üçün məsləhət görürdülər. Xoşlarına gəlməyən yazıların, şeirlərin müəlliflərinə isə məsləhət verirdilər. Baxın, mən ədəbiyyata bu cür gəlmişəm.

 

Anam yadımda deyil

 

Atam tarix müəllimi idi. Məktəb direktoru işləyirdi. Anam isə mən 3-4 aylıq olanda vəfat edib. 7-8 yaşına qədər ana nənəm, daha sonra isə ata nənəmin himayəsində qalmışam. Atam şeirə- ədəbiyyata həvəs göstərdiyim üçün məndən narazı idi. İnanmırdı ki, məndən şair, yazıçı ola bilər. Bir əsası da bu idi ki, böyük əmim vaxtilə şeir filan yazmışdı, ancaq heç alınmamışdı. Atam məni Tiflisə, Zaqafqaziya Dəmiryolu Mühəndisliyi İnstitutuna təhsil almaq üçün göndərmək istəyirdi. Məcburən mən, 1944-cü ildə Tiflisə getdim. Həvəsim yox idi deyə, mayda atamdan icazəsiz sənədlərimi geri götürüb Azərbaycan Dövlət Universitetinə göndərdim. Tədris ili bitənə qədər Tiflisdə qaldım. Bu özbaşına hərəkətimin üstü avqustun ortalarında açıldı. Bir axşam yoldaşlarla söhbətə ləngiyib, evə gec gəldim. Gördüm ki, atam çox pərtdi. Səbəb Bakıda universitetə qəbul olunmağım haqqında universitet göndərişinin gəlməsi idi. Atam məni xeyli danladı, çox acı sözlər dedi. Bir həftə atam, evdəkilər məni danışdırdı. Amma sonunda hər şey yoluna qoyuldu atam da təhsilimi davam etdirməyim üçün razılıq verdi. Mən III kursda oxuyanda atamAzərbaycan gəncləriqəzetində çap olunan ilk şeirimAnam sən oldun”u oxuyub bəyənmişdi. 

 

Səməd Vurğun məsləhət gördü ki, Sabirabada gedib həyat təcrübəsi toplayım

 

Universiteti bitirib, təyinat vaxtı gələndə belə fikirləşdim ki, gedib Səməd Vurğunla məsləhətləşim. Ürəyimdə tutmuşdum ki, burda şəhərdə qalım. Dedim bəlkə mənə kömək edə. Səməd Vurğun məni tanıyırdı və öz seçimi ilə “Gənclik almanaxı”nda mənim 3 şeirimi bəyənib, çap da etdirmişdi. Beləliklə, getdim Yazıçılar İttifaqına. Orada görüşdük. Dedim Səməd müəllim, bu arzuyla gəlmişəm, sizinfikrinizi bilmək istəyirəm. O mənə belə bir söz dedi “sən orta məktəb skamyasından qalxıb, gəlib ali məktəb skamyasında oturubsan. Həyatı hələ bilmirsən, həyat təcrübən, həyat biliyin yoxdur. Şair, yazıçı olmaq üçün birinci növbədə həyat biliyin olmalıdır. Gərək müşahidələrin olsun, həyatın çətinliklərini biləsən. Başqa bilikləri sonra da öyrənmək olur. Odur ki, məsləhət görürəm gedib bir neçə il rayonda işləyəsən”. Bunun arxasınca da dediget Sabirabad rayonuna”. O vaxtlar özüMuğan” poemasını yazmışdı. Söylədi ki, oranın gələcəyi var, rayonun Maarif şöbəsinin müdiri də mənimlə tanışdı. Tapşıraram səndən göz-qulaq olar. Bunu dedi, amma mən ürəyimdə Səməd müəllimdən incik qaldım, bir söz də deyə bilmədim. Çıxdım gəldim, yolda da bir az peşmançılıq çəkdim. Aradan bir həftə, on gün keçmiş biz məzunları yığdılar rektorun otağına. O vaxtkı Maarif Nazirliyindən, raykomdan da 7-8 nəfər nümayəndə gəlmişdi. Bütün siyahı oxundu qurtardı, lakin mənim adım oxunmadı. Əlimi qaldırdım və rektorumuz, professor Abdulla Qarayevə adımın səslənmədiyini bildirdim. Rektor dedi “səni aspiranturada saxlayırıq”. Bu sözlərdən sonra gərək mən ona təşəkkür edib əyləşəydim. Amma mən əyləşmədim. Professor soruşdu ki, isə sözün var, bala? Cavab verdim ki, mən bu yaxınlarda Səməd Vurğunun qəbulunda oldum. O mənə məsləhət gördü ki, gedim rayona bir az həyat biliyi qazanım, işləyim. isə getdim Sabirabada.

 

İlk nəsr əsərim olanGəlinpovesti mətbuatda çox tərifləndi

 

Sabirabadda bir il işlədim. Sonra Maarif şöbəsinin müdiri mənə kömək etdi mən ərizə yazdım qayıtdım Bakıya. Bir müddət burada işlədim. Daha sonra Yazıçılar İttifaqından məni Moskvaya, SSRİ Yazıçılar İttifaqı nəzdindəki Ədəbiyyat İnstitutuna oxumağa göndərdilər. Elə Moskvada daGəlinpovestini yazdım. Povest Bakıda çap olundu. Əsər mətbuatda çox tərifləndi. Bununla da mən nəsrə keçdim.

 

35 illik fasilədən sonra yenidən şeir yazdım

 

Gəlin”dən sonra 6 roman (“Vicdan susanda”, “Müqəddəs ocaq”, “Ömürlük əzab”, “Gizlinlər”, “Gecikmiş eşqBulanlıq dünyaromanları), povestlər (“Ayazlı gecələr”, “Həyat bizi sınayır”, “İnsaf nənə”, “Ana intiqamıpovestləri), çoxlu hekayələr, publisistik məqalələr yazmışam, müxtəlif xarici ölkə yazıçılarından tərcümələr etmişəm. Düz 35 il mən şeir yazmadım. Ta ki bizim bu müstəqillik uğrundakı mübarizələrimizə qədər. 89-cu ildə elə bil ürəyimdəki şeir duyğuları təzədən közərdi.Qırmızı qəbirlər”, “Hoydu dəlilərim, hoydu”, “Kişilik haqqında himn s. şeirlərim qəzetlərdə çap olundu. Hətta mənimHoydu dəlilərim, hoyduşeirimə musiqi bəstələndi. Sonralar siyasi-ictimai tədbirlərdə o mahnı oxunurdu. 3 şeir kitabım nəşr olunub.

 

Yazıçı ictimai-siyasi mühitdə vacib rol oynayır

 

Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyevin digər ədəbiyyat xadimlərimizin əsərlərinin hər biri zamanında ictimai-siyasi mühitə çox böyük təsir göstərib. Müstəqillik uğrundakı mübarizələrdə mən əsərlərimlə, məqalələrimlə, hekayələrimlə öz köməyimi etmişəm. Düşünürəm ki, heç az görməmişəm. Hətta Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Qarabağ müharibəsindən bəhs edən “Ana intiqamıpovestimin əsasında tamaşa da səhnələşdirilib. Baş qəhrəmanı Leyla Bədirbəyli oynayırdı.

Mənim fikrimcə, hər bir yazıçının əsas borcu xalqına xidmət etmək, onun yaxşı xüsusiyyətlərini başqa xalqlara tanıtmaq sevdirməkdir. Son zamanlar haqlı etirazlara səbəb olmuş Əkrəm NaibovunDaş yuxularəsəri bu dediklərimin tam əksinədir. Televiziyada izləmişəm, qəzetlərdəki yazılardan da görürəm ki, Əkrəm çox böyük səhv edib. Yazıçıya yaraşmayan bir hərəkət edib. 1989-cu ildə o yenə həmin buDrujba narodov”da, jurnalın redaktoru ilə müsahibəsi çap olunmuşdu. Əkrəm orada da həmin səhvi etmişdi. Xalq haqqında o cür danışmaq, xalqa çirkab atmaq, xalqı təhqir etmək, olmayan, baş verməyən hadisələrdə xalqı günahlandırmaq - bu yazıçıya yaraşmayan hərəkətdir. Əksinə elə romanlar, povestlər yazılmalıdır ki, dünyada onun xalqının hər bir nümayəndəsini sevsinlər, ona məhəbbət bəsləsinlər. Yazıçının ən birinci arxası elə xalqıdır! Öz xalqı onu yaşatmasa, yazıçının əsəri başqa hansı dilə tərcümə olunur olunsun, o yaşamayacaq. ƏkrəmDaş yuxular”ını hansısa iştahla yazıb. Ermənilərə qahmar çıxıb, ermənilərə dəstək verib. Onlar bu dəqiqə hər yerdəDaş yuxular”ı əllərində bayraq ediblər. Bu baxımdan da Əkrəmin bu hərəkəti ilə heç cür barışa bilmərəm. Mən şəxsən ondan o cür hərəkəti gözləmirdim. Xalqa qara yaxmaq ziyalılıqdan da, insanlıqdan da kənar bir şeydir.

 

İndi çox darıxıram

 

Beynimdə təzə bir mövzu var. Səhhətim imkan vermir deyə yaza bilmirəm. Sonuncu romanımı da yenidən işləmək, yeni fikirlərimi ora daxil etmək istəyirəm. Yəni bu yaşda da mən hələ tükənməmişəm. Əsl şairlərin, yazıçıların ilahidən vəhyləri gəlir. Obrazlar, hadisələr hamısı beyində, ürəkdə hazırlanır. Başqalarını bilmirəm, amma məndə belədir. Hələ yazıb-yaratmaq həvəsim tükənməyib. Gözlərim imkan versə, Allahın köməkliyi ilə qələmimi işlətmək həvəsindəyəm...

 

 

Günel Eyyubova

 

İki sahil.- 2013.- 3 may.- S.30.