"Heydər
Əliyev: Böyük azərbaycanlı"
Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
bu adda keçirilən konfransda dahi şəxsiyyətin
dövlətimiz, xalqımız qarşısındakı xidmətləri
bir daha diqqətə çatdırılaraq bildirildi ki, nə
qədər Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev
ürəklərdə yaşayacaq
Dünən Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyevin anadan olmasının 90-cı
ildönümü ilə əlaqədar "Heydər Əliyev:
Böyük azərbaycanlı" " mövzusunda konfrans
keçirildi.
Konfrans
iştirakçıları öncə Fəxri xiyabana gələrək
ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş,
məzarı önünə əklil və qızıl
gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq
alim Zərifə xanım Əliyevanın xatirəsi də yad
edilmiş, məzarı önünə qızıl gül dəstələri
düzülmüşdür.
Sonra
"Gülüstan" sarayında Prezident
Administrasiyasının məsul işçilərinin, nazirlərin,
komitə sədrlərinin, Milli Məclisin deputatlarının
və media nümayəndələrinin iştirakı ilə
davam edən tədbiri giriş sözü ilə açan
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra
katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirdi
ki, həmişə olduğu kimi Azərbaycanın hər bir
bölgəsində, ümumiyyətlə azərbaycanlıların
yaşadığı hər yerdə müstəqil Azərbaycan
dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının
yaradıcısı, ulu öndər Heydər Əliyevin xatirəsi
yad edilir, ona insanların hörmət və məhəbbəti
bir daha ifadə olunur. "Azərbaycan tarixinə şöhrət
gətirən parlaq simaların sırasında Heydər Əliyevin
yeri və rolu xüsusi görünməkdədir. Azərbaycanın
müasir tarixi və onun gələcək perspektivləri
bilavasitə Heydər Əliyevin adı, onun müəyyənləşdirdiyi
siyasət, əsasını qoyduğu inkişaf
konsepsiyası ilə əlaqədardır. Heydər Əliyev
böyük bir epoxadır. Bu epoxanın əhəmiyyətli
bir hissəsi, təxminən 40 ili artıq tarixdir. Ancaq
düşünürük ki, Heydər Əliyev epoxası
yalnız tarix deyil, daha çox gələcəkdir, Azərbaycanın
və xalqımızın gələcək taleyini, perspektivlərini
müəyyənləşdirən qüdrətli amildir. Hər
bir şəxsiyyətin miqyası onun xalqın tarixində
oynadığı rolla nə dərəcədə müəyyən
olunursa, o qədər də, bəlkə də ondan artıq dərəcədə
ölkənin, dövlətin və xalqın gələcək
taleyinə təsir göstərmək perspektivləri,
imkanları ilə müəyyənləşmiş olur. Heydər
Əliyevin Azərbaycan tarixində dərin izi ilə yanaşı
təbii ki, bizim hər birimizin inamı bundan ibarətdir ki,
xalqımızın gələcək taleyinə daha
böyük və uzunmüddətli dövrlərdə təsiretmək
imkanlarına malikdir."
"Əlbəttə,
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
dövrlərdə bütün sahələrdəki yüksək
inkişaf və bu inkişafın nəticələri ölkədə
hər kəsə məlumdur" söyləyən Ə.Əhmədov
bildirdi ki, eyni zamanda Azərbaycan vətəndaşlarının
Heydər Əliyev ideyalarına, Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasətə dərindən inam həm də ona görə
diqqət çəkəndir ki, bu ideyalar Azərbaycanın gələcəyinə,
xalqımızın gələcək taleyinə də
böyük müsbət təsir göstərmək
imkanındadır. "Hesab edirəm ki, belə bir qənaətin
formalaşması yalnız nəzəri düşüncələr
və müddəalara söykənmir, eyni zamanda son 10 il ərzində
onun ideyaları əsasında Azərbaycanın böyük
inkişaf mərhələsini dəf etməsi ilə əlaqədardır.
Ötən on il ərzində Azərbaycan onun müəyyənləşdirdiyi
ideyaların və siyasətin Heydər Əliyevin layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
həyata keçirilməsi nəticəsində böyük
inkişaf mərhələsi keçib. İqtisadiyyat yüksək
sıçrayışla inkişaf edib. İqtisadi inkişaf
zəminində əhalinin rifah halı əhəmiyyətli dərəcədə
yaxşılaşıb. Azərbaycan dövləti daha
güclü, qüdrətli və əzəmətli olub,
regional liderə çevrilib, dünya birliyində özünə
layiqli yer tutub. Eyni zamanda Azərbaycanın gələcək
perspektivləri geniş şəkildə xalqımızın
qarşısında açılmaqdadır. Beləliklə də,
Azərbaycan vətəndaşları Heydər Əliyev
ideyalarının və onun müəyyənləşdirdiyi
siyasətin yenə də Azərbaycana və xalqımıza
xidmət etdiyini görür və bu xidmətin uzun illər
davam edəcəyinə, Heydər Əliyev epoxasının Azərbaycan
xalqının taleyini uzun illər müşaiyət edəcəyinə
inanır."
YAP sədrinin
müavini qeyd etdi ki, Heydər Əliyevin xatirəsinə həsr
olunmuş 11-ci konfrans keçirilir. "Bu konfransın
mövzusunu müəyyənləşdirərkən "Heydər
Əliyev: Böyük azərbaycanlı" mövzusunun
üzərində dayandıq. Hesab etdik ki, Heydər Əliyevin
Azərbaycan dövləti və xalqı
qarşısındakı xidmətlərini ən ümumiləşdirilmiş
şəkildə ifadə etmək üçün uğurlu
məfhumlardan biri böyük azərbaycanlı ola bilər.
Azərbaycanın qüdrətini, gücünü, möhtəşəmliyini
bu sözdən daha yaxşı ifadə etmək mümkün
deyil. Azərbaycanın Heydər Əliyevin müəyyənləşdirdiyi
konsepsiya əsasında bundan sonra da inkişaf mərhələsini
yaşayacağını da bu ifadədən yaxşı əks
etdirmək mümkün deyil. "Heydər Əliyev:
Böyük azərbaycanlı" mövzusu əsasında təşkil
olunan konfransda sözsüz ki, ulu öndər Heydər Əliyevin
ayrı-ayrı sahələrin inkişafı istiqamətində
gördüyü işlər, əldə olunan uğurlar bir
daha diqqətə çatdırılacaq."
Baş
nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov
bildirdi ki, dövləti qurub-yaradan, məhv olmaq təhlükəsindən
xilas edən, mənalı ömrünü xalqına sədaqətlə
xidmətə həsr edən, həyatda məqsədi qurub-yaratmaq
olan insanlar dahi şəxsiyyətlərdir. Tarixi isə belə
şəxsiyyətləri çox nadir hallarda yetişdirir və
həm də bu xoşbəxtlik tək-tək xalqa nəsib
olur. "Xalqımız xoşbəxtdir ki, XX əsr Azərbaycana,
xalqımıza 2 böyük və əvəzolunmaz nemət
bəxş etmişdir: dövlət müstəqilliyi və əbədi
lider. Dövlət müstəqilliyi hər bir xalqın həyatında
ən dəyərli nemətdir. Bu dəyərli neməti əldə
etmək nə qədər çətindirsə, onu qorumaq,
möhkəmləndirmək bir o qədər çətin,
ağır və mürəkkəbdir. Bu mühüm tarixi vəzifənin
öhdəsindən isə yalnız sözün əsl mənasında
həqiqi lider gələ bilər. Bəli, XX əsrin Azərbaycana,
xalqımıza, dünyaya bəxş etdiyi ən böyük
vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi
xadim, xalqımızın əbədi lideri, dünənin, bu
günün və sabahın aparıcı siyasi qüvvəsi
olan Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər
Əliyevdir. 90 illik bir zaman axarını vərəqlədikcə
açıq-aydın görürük ki, Heydər Əliyev
böyük siyasət qalasının ən uca zirvəsini fədakarlıqla
fəth edə bilmişdir. Ulu öndər kiçik bir məmləkətin
adını bütün dünyaya tanıtmağa nail
olmuşdur. O, qəlbi daim bəşəri duyğularla
döyünən ümüumbəşər övladı, ən
böyük azərbaycanlı idi. Dünya siyasət
meydanında cərəyan edən proseslərə təsir
baxımından dahi siyasətçi həmişə öz
sözü, öz çəkisi, öz dəst-xətt ilə
seçilmişdir. XX əsrin sonlarında Azərbaycanda
dövlətçilik ənənələrinin bərpa edilib
zənginləşdirilməsi, Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi,
dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi
inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq
nüfuzunun sürətlə artması, strateji müttəfiqlərin
qazanılması Heydər Əliyevin uzaqgörən və zəngin
siyasi fəaliyyəti sayəsində mümkün oldu."
Ə.Həsənov
bildirdi ki, bütün mənalı həyatını Azərbaycanın
tərəqqisinə, əhalinin güzəranının,
rifah halının yaxşılaşdırılmasına həsr
edən ümummilli lider Heydər Əliyevin ən
böyük arzularından biri də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli,
zəbt olunmuş torpaqlarımızın erməni
işğalçılarından azad edilməsi, bir milyondan
artıq soydaşımızın öz doğma yurd-
yuvalarına qayıtması idi. "O, bunun üçün
daim var qüvvəsi ilə çalışırdı. Məhz
Heydər Əliyevin diplomatiyası sayəsində
münaqişənin əsil mahiyyəti, Azərbaycanın
haqq səsi dünya ictimaiyyətinə
çatdırıldı, Ermənistanın təcavüzkar
siyasəti ifşa edilərək, qələbəmizin siyasi,
diplomatik zəmini formalaşdırıldı, BMT Təhlükəsizlik
Şurasının qətnamələri qəbul olundu”.
Bildirildi
ki, son on ildə Heydər Əliyev siyasətinin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində dövlətimiz öz daxili resursları
üzərində güclü iqtisadi zəmin yaratmış
və gələcəyə böyük ümidlərlə,
nikbinliklə baxır.
Ə.Həsənov
dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi nəticəsində öz
doğma yurd-yuvalarından didərgin düşmüş
soydaşlarımıza diqqət və qayğısından
geniş bəhs etdi. Bu inam ifadə olundu ki, Prezident İlham Əliyevin
səyləri nəticəsində ölkəmizin ərazi
bütövlüyü bərpa ediləcək, işğaldan
azad olunacaq ərazilərdə həyat tamamilə yenidən
qurulacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına
qayıdacaqlar. Bütün xalqımız kimi, məcburi
köçkünlər də rəhbər, lider kimi
yalnız cənab İlham Əliyevə inanır, etibar edirlər.
Çünki Azərbaycana belə layiqli siyasi
davamçını ulu öndər Heydər Əliyev bəxş
etmişdir.
Milli Məclis
sədrinin birinci müavini Ziyafət Əsgərov
çıxışında ulu öndər Heydər Əliyevin
"Mən həmişə fəxr etmişəm və bu
gün də fəxr edirəm ki, mən azərbaycanlıyam"
tezisini bir daha xatırlatdı. Bildirdi ki, Heydər Əliyevin
azərbaycançılıq ideologiyasının əsas
prinsiplərindən biri o idi ki, dilindən, dinindən, etnik mənsubiyyətindən
və siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan
bütün azərbaycanlıların vətənidir.
Diqqəti
ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıtdığı dövrə
yönəldən Z.Əsgərov bildirdi ki, dahi şəxsiyyət
belə bir ağır vəziyyətdə ölkə daxilində
siyasi sabitliyi təmin etmək, iqtisadi siyasətin prioritetlərini
müəyyənləşdirmək, kompleks islahatlar
proqramının həyata keçirilməsinə baza yaradan
konsepsiya hazırlamaq kimi çətin vəzifənin öhdəsindən
məharətlə gəldi. Bununla da əsaslı
sosial-iqtisadi dəyişikliklərə start verildi.
Z.Əsgərov
dövlət başçısı İlham Əliyevin ulu
öndər Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi
barədə sərəncamında qeyd olunan fikirləri bir
daha diqqətə çatdırdı: " Dünya
iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində
iqtisadi liberallaşma, kredit reytinqlərimizin artması,
iqtisadiyyatımızın rəqabət qabiliyyətinin
yüksək mövqedə olması, büdcəmizin və
valyuta ehtiyatlarımızın ildən-ilə
çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev
tərəfindən yeni prinsiplər əsasında qurulan
iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir. Azərbaycanda
qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər
Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.
Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları
ilə Heydər Əliyev torpağın şəxsi
mülkiyyətə çevrilməsi ilə ölkəmizin ərzaq
təhlükəsizliyini təmin etmiş oldu. Bu gün
müxtəlif kənd təsərrüfatı komplekslərinin
uğurlu fəaliyyəti onun aqrar siyasətinin parlaq təzahürüdür."
Çıxışda
bir daha qeyd olundu ki, azadlıq, müstəqillik hər bir
xalqın müqəddəs amalıdır. 1993-cü ilin
iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan Heydər Əliyevin müdrikliyi və əzmkarlığı
sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən
xilas oldu.
Dahi
şəxsiyyətin Azərbaycan dövləti və xalqı
qarşısındakı xidmətlərindən geniş bəhs
edən Z.Əsgərov vurğuladı ki, məhz bu siyasətin
bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən
yüksək zirvələri fəth edir.
O da
bildirdi ki, müasir dövrümüzdə Azərbaycanın
konstitusion dövlət kimi təşəkkül tapması
ölkədə ictimai-siyasi prosesələrlə
müşayiət olunan tarixi şəraiti və bu müstəvidə
fəaliyyət göstərən siyasi liderin dinamik mübarizə
xətti ilə bağlıdır. Konstitusiya mövcud dövlətin
bütöv hüquq sisteminin özəyi kimi
çıxış edən, ölkə vətəndaşlarının
əksəriyyətinin maraq dairəsində olan ictimai həyatı
və əsas dövlət qurumlarının fəaliyyətini
tənzimləyən normativ hüquqi aktdır. Ulu öndər
Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul
edilməsində gərgin liderlik əməyi və töhfəsi
danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin
möhkəmləndirilməsi, Azərbaycanın dünya
birliyində nüfuzunun daha da artması baxımından
çox mühüm ictimai-siyasi hadisə kimi qiymtəndirilməlidir.
Azərbaycan Konstitusiyasında müasir sivil cəmiyyətin
inkişaf istiqamətlərini müəyyənləşdirən
və konstitusiyalı quruluşun əsaslarını təşkil
edən ideya və dəyərlər geniş şəkildə
öz əksini tapmışdır.
Z.Əsəgrov
Konstitusiyamızda insan hüquq və azadlıqlarının
yüksək səviyyədə qorunmasına xidmət edən
maddələrin çoxluq təşkil etdiyini önə
çəkərək bildirdi ki, dövlətin ali məqsədi
insanların hüquqlarını qorumaq, onların layiqli həyat
səviyyəsini təmin etməkdir.
Milli Məclisin
deputatı, Bakı Dövlət Universitetinin rektoru, YAP
İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov
bildirdi ki, yubileylər hesabat xarakteri daşıyır. Dahi
şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyinin belə
yüksək səviyyədə keçirilməsi onun Azərbaycan
dövləti, xalqı qarşısındakı xidmətlərinə
verilən dəyərdir.
A.Məhərrəmov
dahi şəxsiyyətin təhsilin, elmin inkişafı istiqamətində
gördüyü işlərdən, əldə olunan
uğurlardan geniş bəhs etdi. Qeyd etdi ki, elm və təhsil
ictimaiyyətinə göstərilən yüksək diqqət
və qayğını, ölkəmizin bütün sahələrdə
qazandığı böyük nailiyyətləri
respubilkamızın nüfuzlu ali təhsil ocağı olan
Bakı Dövlət Universitetinin çoxsaylı tələbə-müəllim
heyəti də yaxından hiss edir və dərin rəğbət
hissi ilə qarşılayır.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, təsadüfi
deyil ki, Heydər Əliyevin fəaliyyət istiqamətlərindən
birini onun sosial siyasətində gender bərabərliyinin
gücləndirilməsi həmişə ön planda olub.
İndiki qlobal inkişaf zəminində dünyanın gender
balansı böyük əhəmiyyət daşıyır.
Ölkəmiz genderlə bağlı yeniliklərə ilk imza
atan dövlətlərlə bir sıradadır. Bu gün
dövrün iqtisadi-siyasi, elmi-mədəni səviyyəsi və
sosial siyasətin gender aspekti ümummilli liderin uzaqgörən
siyasətinin nəticəsi və qlobal təfəkkürünün
cəmiyyətə verdiyi töhfələrdir.
Milli Məclisin
Komitə sədri, Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirdi ki, Azərbaycan
inkişafında yeni mərhələyə qədəm qoyub.
Yeni dövrün əsas hədəfi Azərbaycanı
yaxın zamanlarda inkişaf etmiş ölkələr
sırasında görməkdir.
Bildirildi
ki, neft strategiyasının əsas tərkib hissəsi olan və
qlobal əhəmiyyət daşıyan Bakı-Tbilisi- Ceyhan və
Bakı-Tbilisi Ərzurum neft- qaz kəmərlərinin
reallaşması ilə regional çərçivədən
çıxaraq dünyəvi əhəmiyyəti ilə fərqlənən
ölkəmizin investisiya imkanlarının artması da
düşünülmüş siyasətin Prezident İlham Əliyev
tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir.
Ölkə əhalisinin sosail müdafiəsinin mükəmməl
və etibarlı şəkildə təmin edilməsi istiqamətində
görülən işləri də diqqətə
çatdıran Ş.Hacıyev vurğuladı ki, əsası
ümummilli Heydər Əliyev tərəfindən qoyulmuş
sosial siyasət 2003-cü ildən başlayaraq Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sosial siyasət modeli ölkə əhalisini qlobal
böhranlardan müdafiə edir və insanların daimi olaraq
rifah halının yüksək saxlanılmasını
labüdləşdirir. Respublikamızın biri-birini tamamlayan
beynəlxalq münasibətlər sistemində, qlobal layihələrin
reallaşmasında Azərbaycanın önəminin artması
bu siyasətin uğurudur. Azərbaycanın dünya ölkələri
sırasında sayılıb-seçilən, qüdrətli və
zəngin bir dövlətə çevrilməsi ideyası dəyişib-yeniləşən
zamanın tələbindən və gələcəyin
inkişaf modelini aydın görə bilən strateji
düşüncənin və siyasi iradənin vəhdətindən
bəhrələnir.
Sonda
YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bir daha
çıxış edərək ulu öndər Heydər Əliyevin
"Azərbaycan dünyaya günəş kimi doğacaq"
fikrini xatırladaraq bildirdi ki, ulu öndərin uzaqgörənliklə
qeyd etdiyi bu tezis həqiqətə çevrilib:
"Doğrudanda da Azərbaycan sürətli inkişafı,
dinamik yüksəlişi ilə dünyaya günəş
kimi işıq saçır. İllər keçdikcə bu
günəşin parıltısı daha da güclənir.
Ümummilli lider Heydər Əliyev eyni zamanda bildirirdi: "Nə
qədər ki Azərbaycan var, mən də varam. Mən isə
Azərbaycanda əbədi olacağam!" Hər bir Azərbaycan
vətəndaşı ulu öndərin müdrikcəsinə
dediyi bu sözlərin həqiqət olduğunu qəbul edir.
Azərbaycanın bugünkü reallıqları, sürətli
inkişafımız, dövlətimizin gücünün,
qüdrətinin durmadan artması, bütün bunlardan da ən
vacib olan hər bir kəsin qəlbində Heydər Əliyevin
xatirəsinə dərin hörmət ondan xəbər verir
ki, dahi şəxsiyyət bizimlədir. Nə qədər Azərbaycan
dövləti, xalqı var, Heydər Əliyev ürəklərdə
yaşayacaq."
Yeganə Əliyeva
İki
sahil.- 2013.- 7 may.- S.4-5.