Heydər Əliyev
və vətəndaş cəmiyyəti
quruculuğu
Bu
gün Azərbaycanın vətəndaş cəmiyyəti
institutlarının keçdiyi inkişaf yoluna nəzər
saldıqda, göz önünə ilk olaraq 1990-cı illərin
əvvəllərinin böhranlı vəziyyəti və
bundan doğan ictimai, iqtisadi, çətinliklər gəlir.
Çünki müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda
nəinki QHT sektorundan, yaxud yüksək hüquqi pilləyə
ucalmış vətəndaş cəmiyyətindən
danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin
müstəqil dövlət olaraq varlığının
qorunması sual altında idi.
Məhz belə bir məqamda- 1993-cü
ildə, ictimai-siyasi durumun apogeyinə yetişdiyi zamanda Heydər
Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə
qayıtdı. Milli lider Azərbaycan dövlətçiliyinin
bütün vacib sferalarda möhkəmləndirilməsi ilə
yanaşı güclü vətəndaş cəmiyyətinin
formalaşması məsələsini də proitet istiqamət
kimi diqqətində saxlayırdı.
Təbii ki, belə böyük
miqyaslı vətəndaş cəmiyyəti şəbəkəsinin
formalaşdırılması qısa zaman kəsimində
reallaşa bilməzdi. Bunun üçün ilk növbədə
ölkədə hüququn aliliyi təmin edilməli, sabit
ictimai münasibətlər zəmini
formalaşdırılmalı, beynəlxalq təcrübə
öyrənilməli, QHT sektoru
cəmiyyətə daşınmalı və bir sıra digər
mühüm mərhələlər keçilməli idi. Heydər
Əliyevin bu sektorun strateji planda inkişafı
üçün atdığı addımlar tezliklə öz
aşkar nəticələrini göstərməyə
başladı.
GƏNCLƏRLƏ
GÖRÜŞ
1993-cü ilin avqustunda Heydər Əliyev
vətəndaş cəmiyyətinin institutlarının ən
fəal təbəqəsi-gənclər təşkilatlarını
bir araya gətirərək onlarla ilk və tarixi
görüşünü keçirdi. Bununla da gənclərə
vətəndaş cəmiyyəti quruculuğu prosesində
öncül yer verilmiş oldu və çox əhəmiyyətli
ictimai münasibətlərə start verildi. Bununla da
hazırda ölkəmizdə sayı iki yüz əlliyə
yaxınlaşan gənclər təşkilatlarının sərbəst,
aşkar çalışma imkanının, fəaliyyətlərinin
stimullaşdırılmasının, gənc, bacarıqlı,
dövlətinə sadiq yeni liderlərin meydana
çıxmasının əsası qoyuldu.
KONSTİTUSİYANIN
QƏBULU
Bu sırada atılan ən mühüm
addımlardan biri də Azərbaycan Respublikasının ana
qanununun hazırlanması və qəbuludur. Belə ki, 1995-ci
ildə bilavasitə ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə yaradılmış Azərbaycan Respublikası
Konstitusiyasının preambulasındakı milli niyyətlərdən
üçüncüsü olan “vətəndaş cəmiyyətinin
bərqərar edilməsinə nail olmaq” müddəası
ölkəmizin sivil gələcəyinə hesablanmış
məqsədyönlü dövlət sisteminin qurulmasından
xəbər verirdi. Bu Konstitusiya həm dövlətçiliyin
əsaslarının güclü sütunlar üzərində
formalaşdırılması, həm də vətəndaş
cəmiyyətinin geniş dairədə təşəkkül
tapması üçün mühüm tarixi sənəd oldu.
Çünki buna qədərki bütün hüquqi-normativ
aktlarda və sənədlərdə insan hüquq və
azadlıqları, o cümlədən insanların birləşmək
hüquqları çox məhdud çərçivələr
daxilində şərtləndirilirdi. 1995-ci il
Konstitusiyasının 58-ci maddəsində təsbit edilmiş
birləşmək hüququ QHT-lərin yaranması
üçün ilkin hüquqi baza rolunu oynadı. Təsadüfi
deyil ki, bu gün beynəlxalq standartlara uyğun şəkildə
fəaliyyət göstərən müasir QHT-lər məhz
Azərbaycanın müstəqillik əldə etməsindən,
xüsusilə 1995-ci il Konstitusiyasının qəbulundan sonra
yaranmağa başlamışdı. Ölkədə QHT fəaliyyətinin
böyük populyarlıq qazanması məhz bu zamana təsadüf
edir.
GƏNCLƏR
TƏŞKİLATLARININ MİLLİ ŞURASININ YARADILMASI
Ulu öndər tərəfindən vətəndaş
cəmiyyəti qurumları üçün yaradılan
münbit şərait çoxlu sayda yeni QHT-lərin təsis
olunmasını stimullaşdırmış oldu. Bu proses
1995-ci ildə gənclər təşkilatlarının (eyni
zamanda həm də QHT-rin) ilk konfederativ birliyi olan Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli
Şurasının təşəkkül tapması ilə nəticələndi.
BMT-NİN
VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULUĞUNA CƏLB
EDİLMƏSİ
1997-ci ildə bilavasitə dövlət
başçısı Heydər Əliyevin təşəbbüsü
ilə BMT və Azərbaycan hökuməti arasında “Azərbaycan
qeyri-hökumət təşkilatlarının institusional
inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna
kömək” adlı birgə layihənin həyata
keçirilməsi haqqında saziş imzalandı. Layihənin
icrası üçün yaradılmış “QHT-lərin
Resurs və Təlim Mərkəzi” (QRTM) 1998-ci ilin iyun
ayından etibarən ictimai sektorun inkişafı istiqamətində
fəaliyyətə başladı.
QHT-lərin institusional inkişafı və
praktiki fəaliyyətinin beynəlxalq standartlara doğru
istiqamətləndirilməsi müəyyən ictimai-siyasi gərginliklər
dövrünü yaşayan Azərbaycan üçün
çox cəsarətli addım idi. Qeyd etmək zəruridir
ki, bu post sovet məkanında qəbul edilmiş ilk tarixi qərar
idi.
MİLİ
QHT FORUMUNUN YARADILMASI
QRTM-nin qarşısında duran əsas
vəzifələrdən biri də ayrı-ayrılıqda və
pərakəndə şəkildə fəaliyyət göstərən
QHT-ləri birgə fəaliyyətə cəlb etmək,
onların fəaliyyətini əlaqəndirə bilən
çevik bir mexanizm yaratmaq və bununla da ölkənin III
sektor təmsilçiləri arasında ümumi məsələlərdə
həmrəyliyi və iş birliyini təmin etməkdən
ibarət idi. Həqiqətən də xatırlayanlar bilir ki,
həmin dövrdə QHT-lərin fəaliyyətinin əlaqələndirilməsi,
hökumət strukturları, beynəlxalq və donor təşkilatlar,
eləcə də ictimayyətlə effektiv əlaqələrin
qurulması, onların bürokratik əngəllərdən və
təzyiqlərdən birgə müdafiə olunması, ictimai
sektorun inkişafına hərtərəfli yardım göstərilməsi
üçün onların koalisiyasının yaradılmasına
böyük ehtiyac vardı. Dünya təcrübəsinə əsaslanan
belə bir əlaqələndirmə və III sektorun
ehtiyaclarını qarşılamaq mexanizmi kimi Forumun
yaradılması ideyası QHT-lər tərəfindən
böyük dəstək aldı. Beləliklə, vətəndaş
cəmiyyəti quruculuğu sahəsində özünəməxsus
təcrübə sayılan, fəaliyyəti ilə ona olan
ümidləri doğruldan, QHT ictimaiyyətinin güc mərkəzinə
və güvənc yerinə çevrilən
Milli-Qeyri-Hökumət Təşkilatlarının Forumu (MQF)
1999-cu il iyunun 11-də 95 təşkilat tərəfindən
Bakıda təsis edildi. Sözügedən qurumun
yaradılması ilə QHT hərəkatı ölkə
üzrə geniş vüsət aldı, ictimaiyyət
arasında anlayış olaraq bütün dairələrdə
qəbul edilməyə, ən vacibi isə paytaxtdan regionlara
yayılmağa başladı.
ÖLÜM
HÖKMÜNÜN LƏĞVİ
1998-ci ilin 10 fevralında Azərbaycan Respublikasında
ölüm cəzasının ləğv olunması ilə əlaqədar
“Azərbaycan Respublikası Cinayət, Cinayət Prosessual və
İslah-Əmək Məcəllələrinə dəyişikliklər
və əlavələr edilməsi haqqında” Qanun qəbul
edilmişdir. Qanuna əsasən ölüm hökmü cəza
sistemindən çıxarılmış və
ömürlük azadlıqdan məhrumetmə cəza
növü ilə əvəz olunmuşdur. Ömürlük
azadlıqdan məhrumetmə əsas cəza növü kimi Azərbaycan
Respublikasının 30 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq
edilərək 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə
minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
42-ci maddəsində nəzərdə tutulan cəzanın
sisteminə daxil edilmişdir. Bu qanunun qəbulu ölkəmizin
hüquq sisteminin sivil normalara
uyğunlaşdırılması baxımdan nə qədər
mühüm hadisə idisə, bir o qədər də insan
hüquq və azadlıqlarının qorunması
yönündə vacib humanist akt kimi dəyərləndirilməlidir.
MƏTBUAT
ÜZƏRİNDƏN SENZURANIN LƏĞVİ
Müasir dövrdə cəmiyyətə
təsir imkanı baxımından ən üstün imkanlara
malik institutlardan biri də kütləvi informasiya vasitələridir.
Məhz bu baxımdan adıçəkilən sektorun
inkişaf səviyyəsi həm də o dövlətdəki
ümumi yüksəliş səviyyəsinin, demokratik durumun
göstəricisi sayılır. Ölkəmizin uzun illər
totalitar Sovet cəmiyyəti daxilində yaşamasına
baxmayaraq, müstəqilliyimizi bərpa etdikdən cəmi
beş il sonra ümummilli lider Heydər Əliyev tərəfindən
8 avqust 1998-ci ildə “Qlavlit”in - Senzura idarəsinin ləğv
olunması kimi cəsarətli və vətəndaş cəmiyyəti
quruculuğu yönündə mühüm qərar qəbul
edildi. 7 dekabr 1999-cu ildə isə Azərbaycan
Respublikasının prezidenti, cənab Heydər Əliyev tərəfindən
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan
Respublikasının Qanunu imzalanaraq qüvvəyə mindi.
2003-cü ildə isə beynəlxalq təcrübənin daha
bir öncül nümunəsindən yararlanılaraq cəmiyyət,
dövlət orqanları və kütləvi informasiya vasitələri
arasında münasibətlərin ictimai tənzimlənməsi
mexanizmi kimi Mətbuat Şurası yaradıldı. MŞ
keçən dövr ərzində KİV-in bütün əlaqəli
inistitutlarla münasibətlərinin ictimai mexanizm olaraq tənzimlənməsi
yönündə mühüm orqana çevrilib.
Elektron KİV sahəsində
ümummilli lider Heydər Əliyev tərəfindən qəbul
edilən mühüm qərarlardan biri də televiziya və
radioaların fəaliyyətinin geniş hüquqi
bazasının yaradılması ilə bağlıdır. Belə
ki, 2002-ci il iyunun 25-də “Televiziya və radio yayımı haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Həmin
Qanunun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli Fərmanının
1-ci bəndi ilə Milli Televiziya və Radio Şurası
yaradıldı. Bu gün ölkəmizdə 30-dək mərkəzi
və regional televiziya və radionun fəaliyyət göstərməsi,
bu sahədə plürastik cəmiyyətin mövcudluğu məhz
Heydər Əliyevin KİV-lə də bağlı uzaqgörən
siyasətinin bariz göstəricilərindən sayılır.
QHT-LƏRƏ
AÇIQ DƏSTƏYİN VERİLMƏSİ
Ötən zaman kəsiminə nəzər
saldıqda bir daha xatırlayırıq ki, müstəqilliyimizin
ilk on ilinin reallığı ondan ibarət idi ki,
“qeyri-hökumət təşkilatı” ifadəsi bəzi
hökumət rəsmiləri tərəfindən ehtiyatla
qarşılanır və ya dövlət (hökumət) əleyhinə
olan qurumlar kimi qəbul olunur və bu səbəbdən də
onlarla hər hansı bir ciddi əməkdaşlıqdan imtina
edilirdi. Bütövlükdə Azərbaycan cəmiyyətinin
geniş təbəqələrinin həyatımızın ən
müxtəlif sahələrini əhatə edən
çoxşaxəli QHT fəaliyyəti haqqında təsəvvürləri
çox məhdud idi. Təbii ki, belə şəraitdə
effektiv şəkildə çalışmaq, cəmiyyət
üçün zəruri olan işləri, tələbləri
uğurla icra etmək çox çətin idi. Ümummilli
liderimiz Heydər Əliyev digər bütün sahələrdə
olduğu kimi, ictimai sektorla da bağlı ilkin vacib qərarı
qəbul edərək, arada olan buzu sındırmaq və QHT-lərə
münasibətdə formalaşmış ədalətsiz
steorotipi aradan qaldırmaq missiyasını öz üzərinə
götürərək 3 nəfər QHT rəhbərini
(Qadın və İnkişaf Mərkəzinin sədri Elmira
Süleymanova, SECA beynəlxalq fondunun prezidenti Rövşən
Xəlilov və Milli QHT Forumunun
prezidenti Azay Quliyev) 1999-cu ilin noyabr ayında ATƏT-in
İstanbul Sammitində iştirak edən nümayəndə
heyətinin tərkibinə daxil etdi. Və bu missiyanın
davamı olaraq, İstanbul Sammitinin yekununa həsr edilmiş
müşavirədə Heydər Əliyev QHT nümayəndələrinə
çıxış etmək imkanı da yaratmaqla dövlət
başçısı kimi onlara öz müsbət münasibətini
bir daha bəyan etmiş oldu. Bu addım hazırda mövcud
olan şəffaf dövlət-QHT münasibətlərinin
hakimiyyət ierarxiyasında ən yüksək səviyyədə
zəminin formalaşdırılması demək idi.
QHT
QANUNVERİCİLİK BAZASININ YARADILMASI
1998-ci ildə “Qrant haqqında”, 2000-ci
ildə “QHT-lər (ictimai birliklər və fondlar) haqqında”
yeni qanunun qəbul edilməsi ümummilli liderimiz Heydər Əliyevin
yaradıcı dühasının məhsullarından
sayılır. 2003-cü ildə “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” qanunun qəbul edilməsi QHT-lərin
qeydiyyatında vahid sistemin tətbiqini təmin etdi. Sonrakı mərhələdə də
bu sahədə yeni qanunların qəbulu daim uğurla davam
etdirilir.
İNSAN
HÜQUQLARININ QORUNMASI
İlk dəfə insan hüquqları
üzrə müvəkkil institutunun təsis edilməsi Azərbaycan
Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli “İnsan və
vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında” Fərmanda nəzərdə tutulmuşdur. 18 iyun
1998-ci ildə İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramının təsdiq edilməsi
haqqında sərəncam imzalanmışdır. 30 noyabr
1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab
Heydər Əliyev İnsan Hüquqları üzrə Elmi-Tədqiqat
İnstitutunun yaradılması haqqında sərəncam
vermişdir. 2001-ci il dekabr ayının 25-də Avropa İnsan
Hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiyasının təsdiq edilməsi
Azərbaycanın bir daha sivil standartların, vətəndaş
hüquqlarının təmininin dəyişilməz istiqamət
olduğunu sübut etdi.
BƏLƏDİYYƏLƏRİN
YARADILMASI
Birbaşa demokratiyanın ən
uğurlu modellərindən olan yerli özünüidarəetmə
inistitutunun yaradılması da məhz Heydər Əliyevin
adı və titanik siyasi fəaliyyəti ilə əlaqədardır.
Belə ki, 2 iyul 1999-cu il tarixdə Bələdiyyələrin
statusu haqqında Azərbaycan Respublikasının Qanunu qəbul
edilmişdir. Həmin tarixdə eyni zamanda “Bələdiyyələrə
seçkilərin qaydaları haqqında” qanun da qəbul
olunmuşdur. Yerli özünüidarəetmə ilə
bağlı keçən dövr ərzində bir çox
vacib qanunlar qəbul edilib ki, bu sırada 15 oktyabr 1999-cu ildə Bələdiyyənin Nümunəvi
Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan
Respublikasının Qanununu, 30 noyabr 1999-cu ildə Bələdiyyə
qulluğu haqqında Azərbaycan Respublikasının Qanununu,
7 dekabr 1999-cu ildə Bələdiyyə mülkiyyətinə
əmlakın verilməsi haqqında Azərbaycan
Respublikasının Qanununu, Bələdiyyələrin əraziləri
və torpaqları haqqında Azərbaycan Respublikasının
Qanunu və Bələdiyyələrin maliyyəsinin əsasları
haqqında Azərbaycan Respublikasının Qanununun qəbul
edilməsini göstərmək olar. Bundan başqa bələdiyyə
fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə
indiyədək onlarla digər qanunlar qəbul etmiş, ölkənin
əlaqəli qanunvericiliyinə müvafiq əlavə və dəyişikliklər
edilmiş, müvafiq sərəncamlar imzalanmışdır.
DÖVLƏT
DƏSTƏYİ ŞURASININ TƏSİS EDİLMƏSİ
Bu gün ulu öndərin Azərbaycanda
vətəndaş cəmiyyətinin təşəkkülü
ilə bağlı arzularının böyük ictimai mütəşəkəlliklə
reallaşması bütün dünyanın gözü
qarşısında baş verir. Heydər Əliyevin
böyük müdrikliklə, uzaqgörənliklə on illər
öncə müəyyənləşdirdiyi siyasi kurs nəticə
etibarilə hazırda ölkə QHT-lərini cəmiyyətin
ən fəal, dinamik və çevik ictimai qüvvəsinə
çevirmişdir. Hörmətli Prezidentimiz, cənab
İlham Əliyev də bu siyasəti uğurla davam etdirərək,
ölkədə vətəndaş cəmiyyətinin
inkişafı üçün zəruri tədbirlərin həyata
keçirilməsi istiqamətində mühüm irəliləyişlərə
nail olmuşdur. Şübhəsiz ki, bu sırada ən
mühüm hadisə 2007-ci ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının
yaradılması olmuşdur ki, bununla da QHT-lərin
inkişafında yeni bir mərhələnin
başlanğıcı qoyuldu. Şuranın simasında Azərbaycanda
çevik, cəmiyyətə açıq milli donorun
yaradılması, ona ayrılan vəsaitin il-ildən artırılması
cənab Prezident İlham Əliyevin vətandaş cəmiyyətinin
inkişafına nə dərəcədə böyük
önəm verməsinin bariz göstəricisi
sayılmalıdır. Keçən 5 illik fəaliyyəti ərzində
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası 1800-dən artıq QHT layihəsinin
reallaşdırılmasına ümumilikdə 12 milyon manata
yaxın vəsait ayırıb.
QRANT
ALAN ÖLKƏDƏN QRANT VERƏN ÖLKƏYƏ
ÇEVRİLMƏSİ
Bu gün nəinki ölkəmizdə, hətta
əcnəbilərin də etiraf etdiyi kimi dünyada yeni normalar
sistemi-Azərbaycan standartları yaranmaqdadır. QHT sektorunda da
Azərbaycan modelinin yaranması özünü bir sıra
ölçülərdə göstərir ki, onlardan da biri
artıq Azərbaycanın ölkə xaricində, beynəlxalq
camiyədə fəaliyyət göstərən inistitutlara
yönəlik yardım konsepsiyasıdır. Sevindirici
haldır ki, ötən müddət ərzində Azərbaycan
vətəndaş cəmiyyəti sektorunun qazandığı
təcrübə beynəlxalq
konfranslarda örnək kimi səsləndirilməkdədir.
2011-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurası nümunəsi, ən nümunəvi model kimi
Avropa vətəndaş cəmiyyəti strukturlarına
tövsiyə edilmişdir ki, bu da ölkəmizin müstəqilliyini
bərpa etməsinin elə də uzun zaman müddəti
olmamasına rəğmən sözügedən sahədə
xeyli uğurlar qazanmasının sübutudur.
Sonda isə fikrimi Azərbaycanı qrant alan ölkədən
qrant verən ölkəyə çevirən və
güclü vətəndaş cəmiyyəti qurmaqda çox
qərarlı olan hörmətli Prezidentimiz cənab İlham Əliyevin
2 oktyabr 2006-cı ildə Milli Məclisin payız sessiyasının
açılışında etdiyi çıxışdan bir
hissəni xatırlamaqla yekunlaşdırmaq istəyirəm:
“...Vətəndaş cəmiyyətinin yaradılması və
möhkəmlənməsi, demokratikləşmə prosesinin
möhkəmlənməsi, hüquqi dövlətin
qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət
deyil, Azərbaycanın hərtərəfli inkişafı
üçün başlıca şərtdir”.
Azay
Quliyev,
Azərbaycan
Respublikasının Prezidenti
yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının
sədri, Milli Məclisin deputatı
İki
sahil.- 2013.- 7 may.- S.16; 19.