HEYDƏR ƏLİYEV:
TARİX YARADAN TARİXİ ŞƏXSİYYƏT
Dağların
möhtəşəmliyi uzaqdan daha aydın
göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin
böyüklüyü də özünü hələ
keçmiş SSRİ zamanında, üstəlik, həm də
Azərbaycan SSR-in sərhədlərindən kənarda hiss
etdirirdi. Tale elə gətirib ki, uşaqlığım Azərbaycandan
kənarda keçib, tarixi Azərbaycan torpaqları olan Ermənistan
SSR ərazisində doğulub böyümüşəm. Hesab
edirəm ki, bir azərbaycanlının böyük
olmasının hiss edilməsinin ən yaxşı
formalarından biri onu Azərbaycandan kənarda müşahidə
etməkdir.
Hesab edirik ki, Azərbaycanı təmsil
edən azərbaycanlının bu və ya digər parametrlər
üzrə nə qədər böyük şəxsiyyət
olması, nəyə qadir olması daha çox onun Azərbaycandan
kənardakı nüfuzu ilə ölçülür.
Fikrimizcə, bu kriteriya obyektiv kriteriyadır. Azərbaycanda
yaşayan bir azərbaycanlının Ulu öndər Heydər
Əliyev haqqında təsəvvürləri Azərbaycan
reallığı və Azərbaycan ictimai, siyasi informasiya
mühitinin şərtləri içərisində
formalaşır. Lakin Azərbaycandan kənarda yaşayan bir azərbaycanlının
Heydər Əliyev haqqında təsəvvürləri bu
şərtlərin kənarındadır, yəni tamamilə
yad bir mədəniyyətin, yad ictimai münasibətlərin,
yad informasiya mühitinin içərisində
formalaşır. Ona görə də, hesab edirik ki, Heydər Əliyevə
münasibətdə kənardan verilən qiymət daha obyektiv
hesab edilməlidir. Çünki bir azərbaycanlı olaraq sən
xalqının böyük oğlunun nəyə qadir
olduğunu başqalarından eşidirsən, öyrənmiş
olursan. Bu zaman sözün həqiqi mənasında bir şəxsiyyətin
layiqli portreti gözünün qarşısında
canlanır. Lakin məsələ ondadır ki, bu münasibət
çox vaxt heç də obyektiv olmur. Xüsusən də mənim
yaşadığım Ermənistan SSR-də Heydər Əliyevə
münasibət olduqca qısqanc, eqoist və bəzi hallarda isə
aşağılayıcı idi. Bu şərtlər içərisində
bu mühit bizə Onu daha doğru qiymətləndirməyə
imkan verirdi. Biz bilirdik ki, bir azərbaycanlı bizim tarixi
düşmənlərimizi bu qədər narahat edirsə,
onların fikrini bu qədər məşğul edirsə, deməli,
bu adam onların məqsədlərinə mane olan nəhəng
simadır. Mənim Heydər Əliyev haqqında ilkin uşaqlıq
təsəvvürlərim də məhz bu əsaslar üzərində
formalaşıb.
Məlum olduğu kimi, 1982-ci ildə Ulu
öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini təyin edildi və Sovet İttifaqı
Kommunist Partiyası Siyasi Bürosuna üzv seçildi, bunula
da SSRİ-nin faktiki rəhbərlərindən birinə
çevrildi. Bu hadisənin Ermənistanda doğurduğu
rezonans hələ də gözlərimin önündədir.
Ermənilər üçün bu bir məğlubiyyət
günü idi. Ermənilərin bu qədər narahatlıq
keçirməsi, respublikanın bir-birinə dəyməsi mənə
bir daha Heydər Əliyevin nə qədər böyük
insan olduğunu izah edirdi. Bu hadisə Ermənistanda yaşayan
hər bir azərbaycanlını qürurlandırırdı,
SSRİ rəhbərliyində belə bir azərbaycanlının
olması bizim təsəvvürümüzdə qəhrəman
obrazı yaradırdı. Bu hisslər o qədər xoş idi
ki, biz hesab edirdik ki, küçədə, bazarda, ictimai yerlərdə,
yəni harada olsaq, arxamızda güclü bir əl var və
biz ona söykənirdik, ona arxalanırdıq. Hətta məişət
zəminində olan konfliktlər zamanı belə ermənilərin
bizə olan nifrətinin ünvanı Heydər Əliyev olurdu.
Bu, Heydər Əliyevin nə qədər böyük şəxsiyyət
olduğunu bizə hiss etdirirdi.
Bununla bağlı çox maraqlı bir
uşaqlıq xatirəm də var. 1982-ci ildə orta məktəbdə
oxuyurdum, Bakıya qəbula gəlmək niyyətində idim.
Həmin dövrdə o zamankı Gümrü şəhərinə
valideynlərimlə birgə alış-veriş məqsədilə
getmişdik. Gümrü şəhərində
avtovağzaldan bazar meydanına qədər olan ərazidə
müxtəlif dükanlar var idi. Avtovağzalın ətrafında
isə yarımdairəvi bir park salınmışdı. Bu
parkın əsas simvolu iki ədəd salxım söyüd
ağacı idi və hər söyüd ağacının
altında bir qaynayan bulaq var idi. Bu park ermənilərin və
azərbaycanlıların sevimli istirahət yeri idi. Bu
yarımdairəvi parkın gözəl bir guşəsində
Siyasi Büro üzvlərinin portretləri qoyulmuşdu və
bu portretlər əlifba sırası ilə düzülmüşdü.
Burada Mərkəzi Komitənin birinci katibindən sonrakı
yerdə, səhv etmirəmsə, Andropovdan sonra Heydər Əliyevin
portreti üçüncü dayanırdı. Biz saatlarla bu
portretin qarşısında durur, qürur hissi keçirirdik
ki, baxın, bir azərbaycanlı harada dayanıb. Yenə bir dəfə
bir neçə sinif yoldaşımla bərabər bu şəklin
önündə durarkən bir neçə nəfər erməni
gələrək şəkilə qeyri-normal davranmaq istədi.
Bu zaman bizim aramızda münaqişə yarandı. Qısa
müddətdə bu münaqişədən ətrafdakılar
xəbər tutdu, böyüklər işə qarışmalı
oldu. Valideynlərimiz bazarda olduğu üçün biz
avtovağzal meydanından bazaradək qaçmalı olduq.
Bazar tünlük olduğuna görə hesab edirdik ki, orada
sığınacaq tapa bilərik. Həqiqətən də
bazarda izimizi azdıra bildik.
Bu xatirəni yazmaqda məqsədim bir
daha onu göstərməkdən ibarətdir ki, Heydər Əliyevin
Siyasi Büronun üzvü olması düşmənlərimizi
nə qədər narahat edirdi. Böyüyəndən sonra
anladım ki, onların bu narahatlığı əsaslı
imiş. Sonradan öyrəndim ki, Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrdə dəfələrlə edilən
cəhdlərə baxmayaraq, ermənilər Azərbaycandan bir
qarış torpaq qopara bilməyiblər. Halbuki digər birinci
katiblərin zamanında on hektarlarla, yüz hektarlarla Azərbaycan
torpaqları ermənilərə verilib. Sonradan öyrəndim
ki, Dağlıq Qarabağ probleminin qaldırılmasına dəfələrlə
cəhdlər göstərilib və Siyasi Büronun
üzvü kimi Heydər Əliyev bunun qarşısını
alıb. Sonradan öyrəndim ki, hətta 1980-ci illərin
sonunda Heydər Əliyevin istefaya məcbur edilməsinin səbəblərindən
biri Dağlıq Qarabağ məsələsinin qaldırılması
və bölgənin ermənilərə verilməsi ilə
bağlı satqın SSRİ rəhbərliyinin planları
olub. Bütün bunları mən sonradan öyrəndim. Amma
bunları bilmədən belə, düşmənlərimizin
Ona olan münasibəti uşaq təxəyyülümlə mənə
öyrədirdi ki, bu insan nə qədər böyük şəxsiyyətdir.
Həmin illərdə daha bir maraqlı
hadisə baş verdi. Biz orta məktəbdə oxuyarkən, yəni
1982-ci ildə o dövrdə Maarif Müdirliyi
adlandırılan rayon təhsil şöbəsindən gəlib
bildirdilər ki, Ermənistandakı azərbaycanlı kəndlərində
təhsil alan azərbaycanlılar orta məktəbi
qurtardıqdan sonra heç bir imtahan vermədən SSRİ ali
hərbi məktəblərinə qəbul olunurlar, həmçinin,
deyirdilər ki, bu qərar Heydər Əliyevin göstərişi
ilə qəbul olunub. Bu, Ermənistandakı kəndlərdə
yaşayan azərbaycanlılarda qəribə əhval-ruhiyyə
yaratmışdı. Qadınlar deyirdilər ki, bu yaxşı
qərar deyil, övladımızı 25 illiyə ailədən
uzaqlaşdırır. Biz çox sonralar anladıq ki, bu, Ulu
öndər Heydər Əliyevin nə qədər
böyük uzaqgörənliklə atdığı addım
imiş və bu qərarın qəbul olunması
üçün O nə qədər əziyyət çəkib.
Sonrakı hadisələr göstərdi ki, Heydər Əliyev
hələ Sovet dönəmində ən böyük Azərbaycan
milliyyətçisi idi. Ulu öndər Heydər Əliyev o
zaman qəbul etdiyi bu qərarlarla, əslində Azərbaycanın
gələcəyinə xidmət edirdi. Kim bilir, bəlkə də
müstəqil Azərbaycanın gələcəyini
düşünürdü.
Qeyd edək ki, həmin dövrdə
doğrudan da, hərbi ali məktəblərə qəbul
olunan Ermənistanda yaşayan azərbaycanlı gənclərdən
sonrakı illərdə xeyli hərbçi kadr yetişdi və
bir neçəsi bu gün Azərbaycanın Milli Qəhramanıdır.
Beləliklə, Ulu öndərin Sovet
dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə
gördüyü işlərin mahiyyətinə diqqət
yetirdikdə görürük ki, o dövrdə verilən qərarlar
qeyri-adi uzaqgörənliklə xalqımızın gələcəyinə
hesablanmışdı. Ulu öndərin Sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə
formalaşdırdığı sosial, iqtisadi, intellektual təməllər
sonradan müstəqil Azərbaycanın üzləşdiyi
çətin sınaqlardan çıxmasında
yardımçı oldu.
Ulu öndərin istər Sovet
dövründə, istərsə də müstəqillik illərində
Azərbaycana rəhbərlik etməsi zəngin irs yaratdı.
Bu irsin hərtərəfli araşdırılması və
öyrənilməsi bir çox sahələr kimi, siyasi elm
nöqteyi-nəzərindən də böyük önəm
daşıyır. Heydər Əliyev irsinə politoloji aspektdən
yanaşdıqda görürük ki, Ulu öndərin
1993-cü ildən etibarən müstəqil Azərbaycana rəhbərlik
etdiyi dövrdəki fəaliyyəti siyasi elmdə yeni
konseptual fikirlərin meydana çıxması
üçün özündə kifayət qədər zəngin
təcrübəni birləşdirir. Müstəqil Azərbaycanın
qurucusu olan Heydər Əliyev milli dövlətin institusional və
ideoloji əsaslarının, sağlam siyasi, iqtisadi, hüquqi
sistemin qurucusudur. Müstəqil milli dövlətin
yaradılması prizmasından baxdıqda, Ümummilli lider
Heydər Əliyevin siyasi irsinə bir neçə
mühüm aspektdən yanaşmaq olar. Bunlar içərisində
liderlik keyfiyyətləri, siyasi elitanın formalaşması,
siyasi təşkilatlanma, milli birlik və milli ideologiyanı
xüsusi qeyd etmək lazımdır.
Milli
dövləti və milli elitanı formalaşdıran lider
Liderlik fenomeni və onun mahiyyəti hər
zaman tədqiatçıların diqqət mərkəzində
olub. Dövr, zaman dəyişdikcə,
liderlik fenomeninə yanaşmalar, münasibət də
müvafiq olaraq zənginləşib, yeni çalarlar
qazanıb. Buna səbəb dəyişən
reallığın özü ilə bərabər, yeni tələblərə
cavab verən, öz zəkası, düşüncəsi,
uzaqgörənliyi ilə toplumun böyük əksəriyyətindən
bir addım öndə olan, ən gözlənilməz məqamlarda
belə möhkəm iradəsi və əzmkarlığı
ilə vəziyyətdən çıxış yolunu müəyyən
edən şəxsiyyətlərin siyasət meydanına gəlməsini
tələb etməsidir. Liderlik fenomeni tarix boyu
dövləti, xalqı müəyyən amal uğrunda səfərbər
edən, irəliyə doğru aparan qüvvə kimi
çıxış edib.
Bu bir həqiqətdir ki, bu gün Azərbaycanın
bir dövlət kimi mövcudluğu, stabil və inamlı
inkişafı liderlik amili ilə birbaşa
bağlıdır. Məlum olduğu kimi,
müstəqilliyin ilk illərində Azərbaycan siyasi, sosial,
hərbi burulğanlar içərisində məhv olmaq təhlükəsi
ilə üz-üzə idi. Sovet
imperiyasının dağılması və Azərbaycanın
müstəqilliyinin elan olunması kimi mühüm tarixi hadisələri
ehtiva edən və 80-ci illərin sonlarından etibarən
yaranan yeni siyasi situasiyada meydana çıxan bir sıra
qüvvələrin liderlik iddiaları ölkəni daha
böyük fəlakətlərə doğru sürükləyirdi.
Zaman göstərdi ki, liderlik heç də
sosial böhrandan, siyasi boşluqdan və xaosdan önə
çıxmaq məqsədi ilə istifadə etmək cəhdi
deyil. Yaxud liderlik heç də siyasi,
iqtisadi böhranların, kataklizmlərin səbəb olduğu
xalq hərəkatına öndən qoşularaq
özünü irəlidə hiss etmək demək deyil.
Lider öz ağlı, iradəsi, qərar qəbul
etmək səriştəsi, kütlələrə doğru
yolu göstərmək bacarığı ilə xalqı
arxasınca apara bilən şəxsdir. Dövrün
xüsusiyyətlərindən, situasiyadan, cəmiyyətin
siyasi təşkili səviyyəsindən asılı
olmayaraq, toplumu və dövləti müəyyən məqsədə
çatmaq uğrunda səfərbər edən və irəliyə
doğru aparan şəxs həqiqi lider hesab oluna bilər.
Bu baxımdan, milli lider adını tam mənası ilə
doğruldan Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışını və müstəqil dövlətə
rəhbərlik fəaliyyətini nəzərə aldıqda
görürük ki, O, hadisələrin axarına
qapılmadı, əksinə əsl öndər kimi ölkədə
və regionda gedən proseslərdən xalqın, dövlətin
mənafeyi naminə maksimum istifadə etdi, bununla kifayətlənməyərək,
bir sıra hallarda hadisələrin axarını münasib
istiqamətə yönləndirməyi bacardı. Ulu öndər Azərbaycanı nəinki kritik
siyasi, iqtisadi, sosial, hərbi durumdan çıxardı, həmçinin,
ölkənin demokratik və hüquqi əsaslarda
inkişafının, vətəndaş cəmiyyətinin
formalaşmasının əsasını qoydu.
Siyasi idarəetmədə liderlik elə
bir fenomendir ki, o, siyasi sistemin xüsusiyyətlərindən,
siyasi rejimin növündən asılı olmayaraq, əhəmiyyətini
və aktuallığını itirmir.
Demokratik cəmiyyətlərdə dövlət
idarəçiliyinin mükəmməl hüquqi-normativ əsaslarının
yaradıldığı, demokratik təsisatların
formalaşmasının tam başa çatdığı
mühitdə də siyasi liderin mənəvi xüsusiyyətlərinin,
idarəetmə keyfiyyətlərinin, əxlaqi dəyərlərinin,
iradəsinin, xarizmasının əhəmiyyəti qorunub
saxlanır. Bu baxımdan, demokratik,
hüquqi dövlət quruculuğu yolunda irəliləyən
Azərbaycan üçün Ulu öndərin liderlik məktəbinin
dərindən öyrənilməsi və bu irsin gələcəyin
liderləri olacaq gənclərə öyrədilməsi
olduqca mühüm önəm kəsb edir.
Ulu öndərin liderlik xüsusiyyətlərinin
və idarəetmə fəaliyyətinin Azərbaycanda milli
elitanın formalaşmasındakı rolu da diqqətəlayiqdir.
Məlumdur ki, XX əsrin 20-ci illərində Azərbaycanın
zor gücü ilə sovetlərin tərkibinə
qatılmasından sonra xalqımızın siması olaraq,
üzə çıxacaq elmi və siyasi elita sıradan
çıxarıldı və məhv edildi. Bu vəziyyət 1969-cu ildə Ulu öndərin
respublikamıza ilk dəfə rəhbərliyə gələnədək
dəyişməz qaldı. Amma bu dövrdən
başlayaraq, Ümummilli lider Azərbaycanın siyasi, iqtisadi,
ictimai və digər sahələrində idarəçiliyi həyata
keçirəcək azərbaycanlı kadrları yerləşdirdi,
eyni zamanda, formalaşmaqda olan milli elitanın yenilənməsində
iştirak edəcək gəncləri SSRİ-nin nüfuzlu
universitetlərində təhsil almağa göndərirdi. Ulu öndər 1982-ci ilə qədər - Moskvaya gedənədək
respublikadakı vacib sahələrə azərbaycanlı
kadrları yerləşdirdi. Lakin 1987-ci ildə Ulu
öndəri müxtəlif çirkin oyunlarla vəzifəsindən
kənarlaşdıran Qorbaçov Azərbaycana Vəzirov kimi
antimilli ruhlu “rəhbəri” təyin etməklə, siyasi
elitadakı sistemi tamamilə dağıtdı. 1988-1990-cı
illər ərzində bütövlükdə Azərbaycanın
ictimai-siyasi həyatında baş vermiş hadisələr,
xüsusilə, 20 Yanvar faciəsi, sonradan isə hakimiyyətə
gələn Mütəllibovun “hakimiyyəti” dövründə
Xocalı soyqırımının törədilməsinə,
siyasi idarəçiliyi hərbi güc vasitəsilə qəsb
edən AXC-Müsavatın dövründə isə
torpaqlarımızın işğal olunmasına yol
açılması milli elita və milli dövlət məsələsini
daha da aktuallaşdırdı.
Belə bir məqamda Azərbaycanı
uçuruma aparan siyasi oyunlardan usanmış xalq yenidən
milli dövlət sahibi olmaq, dünyaya inteqrasiya etmək,
torpaqlarını düşmən tapdağından azad etmək
və gələcək nəsillər üçün firavan
dövlət qurmaq üçün ölkəni uçuruma
aparanları hakimiyyətdən saldı və layiq olan lideri
idarəçilik sükanı arxasına dəvət etdi.
Milli
ideologiyanın formalaşması və milli birlik
Müstəqilliyinə qovuşduğu ilk
gündən Azərbaycan çox gərgin proseslərin
içərisində idi. Keçmiş SSRİ-nin süquta
uğradığı dövrdə Azərbaycanda və
müstəqilliyini qazanan digər respublikalarda baş
qaldırmış bir sıra milli-etnik zəmində konfliktlər
içərisində Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi mürəkkəbliyi və
genişmiqyaslı olması ilə seçilirdi. Dağlıq Qarabağ probleminin bəzi xarici
qüvvələr tərəfindən dəstəklənməsi
və ardıcıl olaraq Cənubi Qafqazdakı bu konfliktin bir
sıra ölkələrin xarici siyasətinin məhz bu təməl
üzərində formalaşdırılması Azərbaycandakı
daxili vəziyyəti bir qədər də mürəkkəbləşdirirdi.
Paralel olaraq, həmin dövrdə ölkə
daxilində başqa proseslər də baş verirdi. Erməni separatçıları tərəfindən
törədilən etnik separatçılıq hadisələrinin
ölkədə yaşayan ayrı-ayrı təzyiq
qrupları tərəfindən dəstəklənməklə
geniş miqyasda Azərbaycanın bütün siyasi
coğrafiyasına yayılması qarşıya məqsəd
qoyulmuşdu.
Belə bir şəraitdə xalqın təkidli
tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə
qayıdan Ulu öndər milli birliyin yaradılmasının zəruriliyini
hiss edirdi. Bunun üçün Azərbaycan
xalqının bütün sosial zümrələrini, etnik,
siyasi təbəqələrini birləşdirəcək
ümumi bir formulaya ehtiyac var idi. Bu məsələdə
ideoloji faktorun rolunu düzgün qiymətləndirən Ulu
öndər azərbaycançılıq məfkurəsini cəmiyyətdəki
bütün etnosların və konfessiyaların
maraqlarını ödəyəcək, ideoloji yarğanlara
bölünmüş Azərbaycan cəmiyyətini birləşdirəcək
ideya-siyasi struktur kimi irəli sürdü. İlk dəfə məhz, Ümummilli lider azərbaycançılığı
tam dolğun konsepsiya şəklinə salaraq onun müstəqil
Azərbaycan dövlətçiliyinin əbədiyaşar
olmasına, milli birliyin bərpasına və yeni cəmiyyət
quruculuğu prosesinə töhfə verə biləcək bir
ideologiyaya çevrilməsi üçün yeni
çalarlarla zənginləşdirdi. Azərbaycançılıq
ideologiyası dinindən, dilindən, etnik mənsubiyyətindən
asılı olmayaraq, hər bir azərbaycanlını vahid
amal, ideya və Vətən ətrafında birləşdirir.
Azərbaycançılığı təbliğ
etməkdə Ulu öndərin məqsədi hər bir azərbaycanlıya
vətənpərvərlik hissini, tarixi torpaqlarımıza,
dilimizə, mədəni irsimizə, dövlət rəmzlərimizə
məhəbbət aşılamaq idi. Azərbaycançılıq
ideologiyasını mənimsəyən və onu şüurlu
şəkildə qəbul edən hər bir insan öz vətəndaşlıq
borcunu dərk etməli, müstəqil dövlətimiz ətrafında
sıx birləşərək Azərbaycanın
inkişafı üçün əlindən gələni əsirgəməməlidir.
Bu ideologiyanı bütövlükdə, Azərbaycanın
bölünməzliyinin və stabil inkişafının siyasi
əsası kimi dəyərləndirmək olar.
Təsadüfi deyil ki, azərbaycançılığın
cəmiyyətimizdə qəbul edilməsi və mənimsənilməsi
çox qısa zaman ərzində baş verdi.
Çünki bu ideologiyanın əsasını
təşkil edən humanizm, xoşgörü, dini-etnik
müxtəlifliyə tolerant münasibət, vətənə
sədaqət kimi mənəvi dəyərlər Azərbaycan
xalqının genetik xüsusiyyətləri olmaqla
bütün dövrlərdə özünü göstərir.
Lakin qeyd etdiyimiz kimi, müstəmləkə rejimindən
müstəqil dövlətçiliyə keçid
dövründə vəziyyəti gərginləşdirən
obyektiv və subyektiv faktorların təsiri, eləcə də,
respublikada gedən ictimai-siyasi proseslərdəki xaotik vəziyyət,
iqtisadi tənəzzül, habelə ölkənin hərbi təcavüzlə
üzləşməsi ilə eyni vaxtda xalq kütlələri
arasında yaşanan təşviş və
çaşqınlıq cəmiyyətdə mənfi
tendensiyaların, mənəvi aşınmanın baş
qaldırması ilə nəticələnmişdi. Vəziyyəti düzgün dəyərləndirən
Ulu öndər azərbaycançılıq
ideologiyasını siyasi-ictimai əhəmiyyət kəsb edən,
dövlətçilik prinsiplərinin keşiyində duran
sistemli konsepsiya şəklində cəmiyyətə təqdim
etdi. Azərbaycançılığın
dövlət siyasəti səviyyəsinə yüksəldilməsini
göstərən ən bariz cəhət bu ideologiyanın
sadaladığımız əsas prinsiplərinin
Konstitusiyanın müddəalarında öz əksini
tapmasıdır.
Lakin bu bir həqiqətdir ki, azərbaycançılığı
insanlara qəbul etdirən və ümummilli ideologiya səviyyəsinə
yüksəldən amil məhz Ulu öndərin
çıxışları və səsləndirdiyi lakonik
tezislər oldu. Dahi şəxsiyyət, mahir natiq Heydər
Əliyevin irəli sürdüyü ilk belə tezislərdən
biri belə səslənirdi: Azərbaycanın dövlət
müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir.
Bu tezis dərhal Azərbaycanın
bütün sosial və etnik zümrələri tərəfindən
mənimsənildi. Müstəqil Azərbaycan
dövləti Azərbaycanda yaşayan hər bir Azərbaycan vətəndaşının
sərvəti kimi qiymətləndirildi, xarakterizə olundu.
Azərbaycan xalqının mürəkkəb
etnik-siyasi strukturunu təşkil edən hər bir fərd bunu
mənimsədi və anladı. Cəmiyyət
tərəfindən dərk olundu ki, müstəqil Azərbaycan
dövləti varsa və o bir sərvətdirsə, o hər
bir fərdin sərvətidir. Etnik kimliyindən,
hansı sosial zümrəyə aid olmasından asılı
olmayaraq, bu dövlət varsa, vətəndaşın təhlükəsizliyi,
azadlığı, rifahı təmin olunacaqdır.
Həmin dövrdə siyasi zəmində
baş verən proseslərə paralel olaraq intellektual zəmində
də yeni keyfiyyət dəyişikliyi baş verirdi.
Milliyyətçilik radikal platformadan intellektual platformaya
transfer olunurdu. Hesab etmək olar ki, bu, Azərbaycanın
siyasi sisteminin formalaşmasında yeni mərhələ idi.
Ona görə də, Ulu öndər Heydər Əliyevin
irəli sürdüyü tezislər xalq tərəfindən
tərəddüdsüz qəbul olunur, mənimsənilirdi və
artıq xalqın hər bir nümayəndəsi öz sərvəti
hesab etdiyi milli dövlətinin müdafiəçisinə
çevrilirdi. Əlbəttə ki, həmin
dövrdə Azərbaycanda demokratik əsasda yeni intellektual cəmiyyət
formalaşmağa başladı. Bu, uzun illər
boyu ziyalıları repressiyalara məruz qalmış bir
xalqın siyasi tarixində yeni mərhələ idi. Çünki hər bir fərdin, öz
potensialını realizə edəcək yeni bir cəmiyyətin
formalaşması, bütövlükdə xalqın
inkişafını şərtləndirən amil idi. Baş verən yeni keyfiyyət dəyişikliklərindən
narahat olan, daxili və xarici təzyiq qrupları artıq Heydər
Əliyev faktı ilə üz-üzə qalmışdı,
onların bütün planları pozulmuşdu. Çünki qısa müddətdə etnik
separatçılığa son qoyulmuşdu. 1993-cü ilin iyun hadisələri zamanı Ulu
öndər Heydər Əliyev hələ prezident seçilmədən
öncə parlamentin Sədri kimi Azərbaycanda vətəndaş
müharibəsinin qarşısını aldı. Anti-azərbaycançı
mərkəzlərin əsas planlarından biri o idi ki, ölkənin
cənubunda, şimalında, qərbində və s. daim
intriqada olan ayrı-ayrı güc mərkəzləri
yaratmaqla mərkəzi dövlətin formalaşmasına mane
olsunlar, Bakı və Bakıətrafı region isə tamamilə
istismarçı ölkələr arasında
bölünsün, onun sərvəti mənimsənilsin. Bu, kökləri çox qədimə söykənən
bir plan idi.
Belə bir mərhələdə,
planlarının baş tutmadığını görən
qruplar müxtəlif yollarla, qiyam, çevrilişlər yolu
ilə Heydər Əliyevi Azərbaycanın mərkəzi
hakimiyyətindən uzaqlaşdırmağa cəhd etdilər.
Çox maraqlıdır ki, həmin dövrdə
Heydər Əliyev tərəfindən başqa bir tezis irəli
sürüldü. Bu siyasi tezis də o
dövrdə Azərbaycanın ictimai-siyasi həyatını əks
etdirən bir aynaya bənzəyirdi, onun bütün səciyyəvi
xüsusiyyətlərini özündə əks etdirirdi.
Bu tezis bir cümlədən ibarət olsa da, Azərbaycanın
bütün siyasi reallığını özündə
ehtiva etdirdi: Müstəqilliyi əldə etmək nə qədər
çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir.
Doğrudan da, 1993-cü ildən 1995-ci ilə
qədər baş verən prosesləri müşahidə etsək,
bu illər çevriliş, qiyam illəri kimi Azərbaycanın
siyasi tarixinə həkk oldu.
1993-cü ilin 4 iyun qiyamı, 1994-cü ilin 3-4 oktyabr, 1995-ci
ilin 16-17 mart hadisələri və bunların kölgəsində
qalan digər sui-qəsdə cəhdlər, generalların
çevrilişi, ciddi ictimai rezonans doğuran digər hadisələr
baş verdi. Bu dövrə nəzər
saldıqda görürük ki, Azərbaycan 1991-ci ildə
formal müstəqillik əldə etmişdi, ancaq müstəqilliyin
qeyri-formal olması üçün, həqiqətən də
müstəqil siyasət yeritməsi üçün olduqca
ciddi problemlər var idi. Ona görə də,
bu şüar tamamilə yerində səslənmiş siyasi
tezis idi.
O dövrdə Ulu öndər Heydər Əliyev
daha bir məşhur siyasi tezis ilə çıxış
etdi. Bu tezis Azərbaycan xalqı tərəfindən
qısa müddətdə mənimsənildi. Tezis belə
idi: “Mən həmişə fəxr etmişəm və bu
gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Bu tezisin daxili məzmununu, mahiyyətini təşkil
edən əsas siyasi qayə, məqsəd ondan ibarət idi
ki, Azərbaycanda etnik kök və dini mənsubiyyət
etibarilə ən müxtəlif insanlar yaşaya bilər,
ancaq Azərbaycan siyasi coğrafiyasında onların
hamısının ümumi adı azərbaycanlıdır, hər
biri bərabərhüquqlu Azərbaycan vətəndaşıdır.
Beləliklə, bu tezis həm ölkədə
dini etnik bərabərliyi təmin etdi, həm də vahid millət
formulasının yolunu açmış oldu. İstər dini-etnik, istərsə də ideoloji
platformada Azərbaycan xalqının birliyi təmin olundu,
qısa müddətdə azərbaycançılıq
ideyası ideologiyaya çevrildi. Bu
ideologiyanın xalq tərəfindən mənimsənilməsi
də qısa müddətdə təmin edildi və vahid azərbaycanlı
milli kimliyi, vahid azərbaycanlı siyasi, mədəni kimliyi,
sosial kriteriyalar baxımından isə azərbaycanlı identikliyi
yarandı.
Bütün bu proseslərdə Heydər Əliyevin
arxasında duran və təşkilatlanmaqda olan qüvvətli
bir siyasi güc var idi. Bu Yeni
Azərbaycan Partiyası idi. Bu partiya
ictimai-siyasi məsələlərdə, cəmiyyətdə
baş verən proseslərin düzgün istiqamətləndirilməsində
Ulu öndərin ən universal siyasi alətlərindən biri
idi.
YAP-ın
yaradılması Azərbaycan siyasi mühitində
mühüm hadisə idi
Şübhəsiz ki, SSRİ-nin
dağıldığı dövrdə baş verən hadisələr
ölkədə yeni siyasi sistemin formalaşmasını şərtləndirmişdi.
İmperiyanın çöküşü
özü ilə bərabər 70 ildən çox bir
dövrdə Sovet cəmiyyəti kimi xarakterizə olunan bir cəmiyyətin
əldə etdiyi dəyərləri də
çökdürdü. Eyni zamanda, həmin
rejimə xas olan özünəməxsus siyasi sistem
dağıldı. Belə bir şəraitdə
ölkəni idarə edən o zamankı gücləri təsnifatlandırmağa
çalışsaq, iki qrupda birləşdirə bilərik.
Onlardan biri köhnə kommunistlər,
partokratlar, digəri isə radikal milliyyətçi qruplar idi.
Həmin dövrdə baş verən prosesləri
izlədikdə görürük ki, özlərini milliyyətçi
və demokrat kimi tanıdan qruplarda bu keyfiyyətlərin
heç biri, yəni, nə milli maraqlara xidmət edən
milliyyətçilik var idi, nə də həqiqi
demokratiyanın təşəkkül tapmasına xidmət edəcək
demokratik prinsiplərə riayət olunurdu. 1990-cı illərin əvvəllərində gedən
partiyalaşma əsasən, ayrı-ayrı liderlərin
şifahi şüarlarına və onların ətrafında
olan qruplaşmaların məhdud siyasi
dünyagörüşünə, hətta bəzi hallarda
marginal maraqlarına söykənirdi. Ona
görə də, həmin siyasi qruplaşmaların heç
biri Azərbaycan xalqı tərəfindən dəstəklənmir
və xalqın maraqlarına cavab verən kütləvi təşkilata
çevrilə bilmirdi. Belə bir şəraitdə
Ulu öndər Heydər Əliyevin Azərbaycan
ziyalılarının müraciətinə cavabından sonra
partiya yaratmaq fikrini bildirməsi Azərbaycanın siyasi
üfüqlərində doğacaq günəşin ilkin
şəfəqləri idi.
Çox keçmədən 1992-ci il noyabr ayının 21-də Yeni Azərbaycan
Partiyası (YAP) ən müxtəlif təzyiqlər
altında Naxçıvanda yaradıldı. YAP yarandıqdan
sonra partiyanın Proqram və Nizamnaməsi məhz Ulu öndərin
öz əli ilə yazıldı. Proqram və
Nizamnamənin ruhu əsas etibarilə ondan ibarətdir ki,
milli-mənəvi, ümummilli dəyərlərə söykənməklə
müasir Azərbaycan inşa etmək. Hesab
edirik ki, “Yeni Azərbaycan” adının mahiyyəti də elə
bundan ibarət idi.
YAP yaradılmasının ilkin mərhələsindən
başlayaraq ümumxalq partiyası kimi qəbul edilmişdi. Çünki xalqın milli-etnik kimliyindən, sosial
statusundan asılı olmayaraq, bütün təbəqələri
həvəslə bu partiyaya qoşulurdu. Təsadüfi
deyil ki, azərbaycançılıq ideologyası YAP-ın
proqramında da öz əksini tapmışdı.
YAP-ın yaradılması Ulu öndər
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında
tarixi xidməti idi. İlk dövrdən
başlayaraq YAP ölkənin siyasi həyatında
mühüm rol oynamağa başladı. 1993-cü ildə
keçirilən prezident və 1995-ci il
parlament seçkilərində YAP qalib oldu, müstəqil Azərbaycanın
Konstitusiyasının formalaşmasında xüsusi xidmətlər
göstərdi. Partiyanın proqramında əksini tapan prinsiplərin
mühüm bir hissəsi hüquqi platformaya transfer olunmaqla, Azərbaycanın
Konstitusiyasında öz əksini tapdı. Bu prinsiplər bərabərhüquqlu
vətəndaşlıq, söz və mətbuat, fikir, vicdan
azadlığı, tolerantlıq idi, Azərbaycanın
hüquqi dövlət olması yolunda atılan addımlar idi,
sosialyönümlü iqtisadiyyatla bağlı hüquqi-siyasi
tezislər idi və s. Bütün bunlar gələcəkdə
inşa olunacaq müstəqil Azərbaycan dövlətinin
siyasi-hüquqi əsaslarını
formalaşdırırdı.
Beləliklə, YAP-ın keçdiyi
dövrə qısa nəzər salsaq görərik ki, bu
partiya ən mürəkkəb dövrdə yarandı,
sonrakı mərhələlərdə ölkə daxilində
sabitləşdirici faktora, bir növ siyasi stabilizatora
çevrildi. Azərbaycan cəmiyyətinə
siyasi əxlaqla, siyasi mədəniyyətlə, eləcə də,
siyasi hüquqla bağlı yeni dəyərlər gətirdi.
YAP fəaliyyət göstərdiyi bütün dövrlərdə
opponentləri, yəni, müxalifət partiyaları və vətəndaş
cəmiyyətinin digər subyektləri ilə münasibətlərini
qarşılıqlı dialoq və sivil üsullarla qurmağa
çalışdı. Azərbaycan cəmiyyətinə
sadaladığımız dəyərləri gətirməklə,
tərəddüd etmədən deyə bilərik ki, YAP
özü də bir dəyərə çevrildi. Bu gün YAP Azərbaycan cəmiyyətində bir
siyasi dəyərdir. Bu, bütövlükdə
Azərbaycanın siyasi tarixində arzu edilən mərtəbələrdən
biri idi. Ötən illər ərzində
YAP-ın rəhbər tutduğu siyasi ideologiyanın istiqamətlərini
təhlil etsək görərik ki, YAP neokonservativ partiya kimi fəaliyyət
göstərir. Nəzərə alsaq ki, neokonservatizmin əsasında
liberalizm və modernləşmə dayanır, o zaman görərik
ki, partiyanın Azərbaycanı müasir siyasi dəyərlərə,
milli-mənəvi dəyərlərimizə söykənən
və Avropaya inteqrasiya edən modern bir ölkə kimi
inkişaf etdirmək yönündə fəaliyyəti buna
uyğundur.
Sirr deyil ki, bu gün Azərbaycan
Respublikasının gənc bir dövlət kimi hərtərəfli
sosial-iqtisadi inkişafa nail olması, tam müstəqil daxili və
xarici siyasət kursu həyata keçirməsi, beynəlxalq
münasibətlərdə nüfuz və söz sahibi olan bir
dövlətə çevrilməsi Ulu öndərin
düşünülmüş, rasional, milli maraqlara söykənən
və uzaq gələcəyə hədəflənən siyasi
kursunun, strategiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi sayəsində mümkün olub.
Hikmət BABAOĞLU,
“Yeni Azərbaycan”
qəzetinin
Baş
redaktoru
İki
sahil.- 2013.- 9 may.- S.28.