Qələbələr
partiyası
Dahi şəxsiyyət
Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan
Partiyası biri-birini əvəzləyən uğurları ilə
bu mövqeyini daha da möhkəmləndirir
Dahi şəxsiyyət
Heydər Əliyevin 90 illik yubileyinin ölkəmizdə
yüksək səviyyədə qeyd olunması onun dövlətimiz,
xalqımız qarşısındakı xidmətlərinə
verilən böyük dəyər, ümumxalq sevgisi və
ehtiramının göstəricisidir. Ümummilli liderin “Nə qədər ki Azərbaycan
var, mən də varam. Mən isə Azərbaycanda əbədi
olacağam” fikri də onun bu xidmətlərinin
böyüklüyündən, vətəninə, xalqına məhəbbətindən
qaynaqlanırdı. Bu gün böyük inamla və fəxr
hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan Heydər Əliyevin
şah əsəridir.
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin
mühüm bir hissəsi
yaradıcısı olduğu Yeni Azərbaycan
Partiyası ilə bağlıdır. Həqiqətdə Yeni Azərbaycan Partiyasının
yaranması ulu öndər Heydər Əliyevin 90-cı illərin
əvvəllərində hakimiyyətə
qayıdışı ideyası ilə eyniyyət təşkil
edir. Müstəqilliyimizin ilk illərində ölkəmizdə
yaşanan durum ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışını zərurətə
çevirmişdir. YAP-ın yaranması isə bu zərurətin
əslində təşkilatlanma forması idi. Ulu öndər
Heydər Əliyev 19 noyabr 1994-cü ildə keçirilən Yeni Azərbaycan Partiyasının
yaradılmasının ikinci ildönümü münasibətilə
ümumrespublika müşavirəsində bir daha partiyanın
yaranmasını zəruri edən səbəbləri
açıqlayaraq bildirmişdir: “Şübhəsiz ki, Yeni Azərbaycan
Partiyasının yaranması mənim adım ilə
bağlıdır və bu, mənim iştirakımla
olmuşdur. Lakin mən həmişə həqiqəti
sevmişəm və həyatım da həqiqət üzərində
qurulmuşdur. Buna görə də bildirmək istəyirəm
ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim təşəbbüsümlə
olmayıbdır. Bu partiyanın yaranması Azərbaycanın
demək olar əksər bölgələrində, şəhərlərində,
rayonlarında, əmək kollektivlərində yaranan əhval-ruhiyyədən
irəli gəlmiş bir hadisədir.”
Yeni Azərbaycan Partiyasının təsis
konfransı 1992-ci il noyabrın
21-də Naxçıvan şəhərində
keçirilib. Azərbaycanın müxtəlif regionlarından
təşəbbüs qruplarının 550-dən artıq
nümayəndəsinin iştirak etdiyi konfrans Yeni Azərbaycan
Partiyasının təsis edilməsi haqqında qərar qəbul
etmişdir. Heydər Əliyev konfrans nümayəndələri
tərəfindən açıq səsvermə yolu ilə
Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir.
YAP yaranandan cəmi 6 ay sonra partiyanın
yaradıcısı, xalqımızın ümummilli lideri Heydər
Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtdı və xalqımızın ulu öndərə,
onun yaratdığı partiyaya bağladığı
ümidlər ardıcıl olaraq həyata keçirilməyə
başladı. Yeni Azərbaycan Partiyası iqtidar partiyasına
çevrilərək ölkənin siyasi həyatında
tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi
siyasi qüvvəyə çevrilərək ictimai həyatın
bütün sahələrində tərəqqiyə nail olmaq
məqsədilə yüksək fəallıq nümayiş
etdirmişdir.
“YAP sınaqlardan çıxmış,
böyük və şərəfli yol keçmiş, indi
artıq Azərbaycan cəmiyyətində özünəməxsus
yer tutmuş bir partiyadır.” Ulu öndər Heydər Əliyevin
bu fikri ölkəmizin ictimai-siyasi həyatında mühüm
rol oynayan, illər keçdikcə sıraları kəmiyyət
və keyfiyyət baxımından daha da möhkəmlənən,
ən başlıcası milyonların partiyasına
çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə,
bu gününə və gələcəyinə bələdçilik
edir.
Yeni Azərbaycan Partiyasının
yaradılmasının 15 illiyi şərəfinə ziyafətdəki
çıxışı zamanı Prezident İlham Əliyev
bir daha partiyanın hansı zərurətdən
yarandığını diqqətə çatdıraraq
bildirmişdir: “Yeni Azərbaycan Partiyası müxalifət
partiyası kimi yaradılmışdı. Ancaq indiki müxalifətdən
fərqli olaraq, biz dövlətə, dövlətçiliyə
yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. Deyə
bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda
siyasi davranış, siyasi mədəniyyət nümunəsini
göstərmişdir. Biz müxalifətdə əlimizdə
daş-kəsəklə yox, əlimizdə qələmlə
çalışırdıq. İdeyalarımızı,
fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə,
ictimai tədbirlərdə irəli sürürdük.
Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum
dərəcədə siyasi mədəniyyət göstərmişdik.
Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət
yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə
arxalanaraq, Azərbaycanın uğurlu gələcəyinə
çalışırdıq.”
Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı, Yeni Azərbaycan Partiyasının
iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın
bugünkü uğurlarını təmin edən ən
başlıca şərt olmuşdur. 1993-2003-cü illər Azərbaycan
tarixinə dirçəliş illəri kimi daxil olub. İqtisadi sahədə yaşanan tənəzzül
aradan qaldırıldı, siyasi proseslər müsbət məcrada
inkişaf etməyə başladı. Ölkəmizdə
siyasi plüralizm, demokratiya, söz azadlığı bərqərar
oldu. Çoxpartiyalı sistemin yaradılmasında Yeni Azərbaycan
Partiyasının rolu inkaredilməzdir.
Bir sözlə, Yeni Azərbaycan Partiyası öz mövqeyini
başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti
ilə təmin etdi.
Həmin çıxışında tarixdə
şəxsiyyətlərin roluna xüsusi diqqət yönəldən
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin
fəaliyyətini buna bariz nümunə kimi qeyd etmişdir:
“Bütün dövrlərdə - həm 1970-ci illərdə
və 1980-ci illərin əvvəllərində Azərbaycan
Kommunist Partiyasının rəhbəri olduğu dövrdə,
həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər
Əliyev öz fəaliyyəti ilə doğma xalqına xidmət
etmişdir.” Hakimiyyətinin hər
iki dövründə xalqa, vətənə xidmət ulu
öndər Heydər Əliyevin fəaliyyətinin əsasını
təşkil edib.
Ölkədaxili proseslərə Yeni Azərbaycan
Partiyası çox böyük təsir edir. Partiyanın sıralarında
600 min üzv birləşir. Bu, Heydər Əliyev
ideyalarına, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin gələcəyinə inamın
göstəricisidir. Yeni Azərbaycan Partiyasının 1998,
2003 və 2008-ci il prezident, 1995, 2000, 2005 və 2010-cu il
parlament, 1999, 2004 və 2009-cu il bələdiyyə seçkilərində
uğur qazanmasını şərtləndirən də məhz
bu amillərdir. “Ona görə iqtidar partiyasıyıq ki,
bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki,
biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın
qarşısında duran bütün məsələlərdə
biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu
siyasəti aparırıq” deyən Prezident İlham Əliyev
bildirir ki, siyasət ilk növbədə, praktik işlərdir.
“Bizim əməlimiz, bizim işlərimiz, verilən sözlərə
sadiqliyimiz - bütün bunlar, əlbəttə, Yeni Azərbaycan
Partiyasının nüfuzunu da qaldırır və deyə
bilərəm ki, onu Azərbaycanın siyasi səhnəsində
yeganə ciddi siyasi qüvvəyə çeviribdir.”
20 ildən artıq dövrə nəzər
salarkən bu faktı qeyd etməliyik ki, tarix bu partiyanı qələbələr
qazanmaq üçün yaradıb. Ötən bu müddət
ərzində YAP daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən
qalib çıxıb və özünü Azərbaycan
xalqına qaliblər partiyası kimi tanıdıb.
O da aydındır ki, qarşıdakı
illər üçün hədəflər müəyyənləşdirilərkən
ötən illərin uğurlarının təhlilinə böyük
zərurət yaranır. Dövlətimizin düzgün təmələ
əsaslanan siyasəti nəticəsində
yaşadığımız il daim əvvəlki ildən daha
böyük uğurlarla zəngin olur. Prezident İlham Əliyevin
vurğuladığı kimi, hər sahə üzrə
proqramların mövcudluğu, onların xalq tərəfindən
dəstəklənməsi və yüksək səviyyədə
icrası uğurların davamlılığına
böyük stimul verir. Həmin proqramlarda prioritetlər müəyyənləşdirilir,
onların icra mexanizmləri və sərf olunacaq maliyyə vəsaitləri
öz əksini tapır.
Beynəlxalq tədbirlərin təşkilində
Yeni Azərbaycan Partiyasının rolu hər zaman yüksək
dəyərləndirilir. 2011-ci ildə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı
ilə 30 ölkədən 60-a yaxın nümayəndənin
iştirakı əsasında “Modernləşmə siyasəti:
yeni iqtisadi və sosial çağırışlar” adlı
beynəlxalq konfrans günümüzün aktual, beynəlxalq
ictimaiyyəti düşündürən məsələlər
ətrafındakı müzakirələrin aparılması,
Azərbaycanın qazandığı uğurların təqdimatı
baxımından xüsusi əhəmiyyət kəsb etdi.
Dövlət başçısının tədbir
iştirakçılarına ünvanladığı təbrik
məktubunda da bildirilmişdir ki, bəşəriyyətin
üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi
və sosial inkişaf modelinə yenidən baxmağı tələb
edir. Gələcək nəsillərin inkişaf və rifah
içində yaşaması bugünkü
çağırışlara düzgün cavabların
tapılmasından çox asılıdır. Bu səbəbdən
dünyanın 30-dan artıq ölkəsindən gəlmiş
nümayəndələrin iştirakı ilə
sözügedən çağırışlar ətrafında
fəal dialoqun təşkil edilməsi təqdirəlayiq hadisədir.
Dövrümüzün aktual problemlərinə çevrilən
yeni iqtisadi və sosial çağırışlara dair fikir
mübadiləsi aparmaq niyyəti ilə Bakıya toplaşan
siyasətçilər, alimlər, ictimai xadimlər ölkəmizdə
həyata keçirilən islahatlar və onların nəticələrini
əyani olaraq görmək imkanına malik oldular. Dövlət
başçısının tədbir
iştirakçılarına məktubda bu inam da ifadə olunmuşdur
ki, müxtəlif milli təcrübələr barəsində
təqdimatlar müasir cəmiyyəti düşündürən
problemlərin həllinə yönəlmiş səylərə
əhəmiyyətli dəstək ola bilər.
Beynəlxalq əhəmiyyətli tədbirlər
davamlılığı ilə diqqət çəkir. Ötən
il Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ərəfəsində
partiyanın təşkilatçılığı ilə
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı adlı
qurumun VII Baş Assambleyasının ölkəmizdə
keçirilməsi də əhəmiyyətli hadisələrdən
oldu.
Qeyd edək ki, beynəlxalq əməkdaşlıq
YAP-ın fəaliyyətinin əsas istiqamətlərindəndir.
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə
Yeni Azərbaycan Partiyası arasında sıx əməkdaşlıq
ələqaləri mövcuddur. YAP Asiya Siyasi
Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin
18 nəfərdən ibarət İdarə Heyətinin üzvlərindən
biridir. Baş Assambleyanın Bakıda keçirilməsinı
şərtləndirən əsas amil də məhz Azərbaycanın
bugünkü uğurlu inkişafıdır.
20 ildən artıq şərəfli yol
keçən, bütün çətinliklərdən,
fırtınalardan uğurla çıxan Yeni Azərbaycan
Partiyasını qarşıdakı onilliklərdə daha
möhtəşəm nailiyyətlər gözləyir. YAP da
öz proqramını daim yeniləşdirir, populist vədlərdən
uzaq olduğunu nümayiş etdirir. Ölkəmiz 2013-cü il prezident
seçkiləri ərəfəsindədir. Hər zaman
vurğulandığı kimi, siyasət görülən
işlər, real məsələlərdir. Azərbaycanın
bugünkü uğurları cənab İlham Əliyevin bu il
keçiriləcək prezident seçkilərində də
xalqın dəstəyini qazanaraq yenidən Prezident seçiləcəyinə
əsas verir. Bu qələbə növbəti illər
üçün nəzərdə tutulan hədəflərə
çatmağa yol açmaqla yanaşı, Yeni Azərbaycan
Partiyasının qələbələr partiyası
olduğunu bir daha təsdiqləyəcək. Dövlətə,
xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni
Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir.
Yeganə Əliyeva
İki sahil.- 2013.- 9 may.- S.18.