HEYDƏR ƏLİYEVİN
NEFT STRATEGİYASI AZƏRBAYCANIN UZUNMÜDDƏTLİ DAVAMLI
İNKİŞAF KONSEPSİYASIDIR
Sosial-iqtisadi
inkişaf tempinə görə dünyanın aparıcı
dövlətləri ilə bir sırada dayanan, beynəlxalq birliyin tamhüquqlu üzvü olan
Azərbaycan Respublikası Heydər Əliyev
dühasının şah əsəridir. Güclü, getdikcə
daha da qüdrətlənən dövlətimizin
qazandığı bütün uğurlar üçün biz
dünya şöhrətli siyasi xadim Heydər Əliyevə
borcluyuq. Zəngin idarəçilik təcrübəsinə,
geniş dünyagörüşünə, çevik siyasi təfəkkürə,
misilsiz bilik və bacarığa malik bu fenomenal şəxsiyyət
daim xalqının rifahı naminə yorulmaq bilmədən
çalışmış, Azərbaycanı aqrar ölkədən
inkişafın postindustrial səviyyəsinə
çatdırmışdır. Məhz buna görə də
ulu öndərin adı dünya siyasi salnaməsinə tarix
yaradan nadir şəxsiyyət kimi yazılmışdır.
Keçmişlə gələcəyi vahid harmoniyada görə
bildiyi üçün respublikamıza rəhbərlik etdiyi
bütün dövrlərdə o, xalqımızı həmişə
irəli aparmış, zamanla ayaqlaşmağa səsləmişdir.
Keçmiş
Sovet İttifaqı dönəmində tək Azərbaycanın
deyil, bütün müttəfiq respublikaların inkişaf
yolu enişli-yoxuşlu olmuşdur. Bəzi
hallarda obyektiv, çox vaxt isə subyektiv xarakter
daşıyan bu qabarma-çəkilmə proseslərində
yalnız Heydər Əliyev kimi zamanın gedişini
düzgün qiymətləndirən lideri olan xalqlar müvəffəqiyyət
qazana bilmişdir. Ötən əsrin ən mahir strateqlərindən
biri kimi hətta ideoloji rəqiblərinin belə
hüsn-rəğbətini qazanmağı bacarmış Heydər
Əliyev fenomeni tarixdə şəxsiyyətin rolunu əks
etdirmək baxımından ümumbəşəri örnəkdir.
Şübhə yoxdur ki, onun siyasi dühasının qüdrəti
hələ uzun müddət dünya alimlərinin tədqiqat
obyekti olacaq, dərindən öyrəniləcəkdir.
Amma bir məsələ, zənnimcə, həmişə diqqət
mərkəzində qalacaq: Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyev respublikanın sosial-iqtisadi inkişaf
prioritetlərini həmişə dəqiqliklə müəyyənləşdirmiş,
dünyanın ümumi inkişaf kontekstindən kənarlaşmaları
vaxtında hiss etmiş, gərgin səylər bahasına
başa gəlsə belə ölkənin qlobal müstəvidə
qalmasına nail olmuşdur. Zamanın daimi
dinamikasını bir an belə gözdən
qaçırmayan, qlobal çağırış və tələbləri
Azərbaycanın ictimai potensialı və mövcud
resursları ilə dialektik asılılıqda qiymətləndirən Heydər Əliyev ölkənin
nicat və yüksəlişini davamlı inkişafda
görmüş, cəmiyyəti daim bu yöndə səfərbər
etmiş, müvafiq zəruri sosiopolitik motivasiyalar vermişdir.
Bəşər
tarixinin industrial inkişaf mərhələsində
keçmiş Sovetlər İttifaqının mütərəqqi
dövlətlərlə müqayisədə xeyli geri
qaldığını vaxtında görüb adekvat nəticə
çıxaran Heydər Əliyev sənayenin müasirləşməsini,
bu sahədə mövcud intellektual potensialın gücləndirilməsini Azərbaycanın
gələcəyi üçün başlıca amil hesab
edirdi. O yaxşı bilirdi ki, güclü, müasir iqtisadiyyat
ölkənin əlverişli geosiyasi mövqe qazanması
üçün əsas şərtdir. Hələ
ötən əsrin 70-ci illərində dünyanın
qloballaşmağa getdiyini müəyyən edən ulu öndər
mümkün inkişaf tendensiyalarını dərindən
araşdırmış, beynəlxalq sistemdə Azərbaycanın
yerini və hərəkət trayektoriyasını özünəməxsus
ustalıqla cızmışdı. O, dünyadakı
geosiyasi mənzərənin enerji resurslarından asılı
olduğunu nəzərə alaraq, Azərbaycan neft sənayesinin
ardıcıl təkmilləşdirilməsi xəttini
hazırlamış və mərhələ-mərhələ
həyata keçirmişdir. Bu xətt artıq yarım əsrə
yaxındır ki, dönmədən davam etdirilən, Azərbaycana böyük uğurlar
qazandıran qalibiyyətli neft strategiyasının dəyişməz inkişaf
vektorudur. Siyasi xarakteristikası etibarilə bu, hansı
ictimai-siyasi şərtlər daxilində yaşamasından
asılı olmayaraq, Azərbaycan Respublikasının
davamlı inkişaf doktrinası olaraq, ən ümumi səciyyə
daşıyır.
Neft
strategiyasının ideya mənbələrindən,
başlıca konseptual prinsiplərindən danışarkən
ulu öndərin Azərbaycan neft sənayesinin zəngin tarixinə,
önəmli nailiyyətlərinə, şanlı ənənələrinə
istinad etməsi ilk növbədə qeyd olunmalıdır. Tarixi varislik Heydər Əliyevin
uzunmüddətli neft strategiyasının əsas qayəsidir
və bu da təsadüfi deyil. Vətənimiz tarixən
bütün dünyada neftçıxarma işinin beşiyi
kimi tanınmışdır. Eramızdan min illər qabaq Azərbaycan
ərazisində ibtidai üsullarla neft
çıxarıldığı və karvan yolları ilə
müxtəlif ölkələrə
daşındığı təkzibedilməz faktlarla sübut
olunur. Neftin sənaye
üsulu ilə hasil edilməsi, tankerlərlə, dəmir yolu
ilə, boru kəmərləri ilə nəql edilməsi, emal olunması, sahildə,
açıq dənizdə və dənizin dərinsulu hissələrində
neft yataqlarının kəşf və istismar olunması kimi
epoxal hadisələrin əsası Azərbaycanda
qoyulmuşdur. Bakı neftçiləri həmişə
neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və
nəqli sahələrində inqilabi ideyaların generatoru kimi
tanınmış, misilsiz fədakarlıqlar göstərərək,
ən mütərəqqi yenilikləri istehsalatda tətbiq
etmişlər. Buna görə də Bakı uzun əsrlər
ərzində dünyanın neft akademiyası hesab
olunmuşdur.
Lakin
məlumdur ki, Sovet İttifaqında qərarlaşmış
ictimai münasibətlər, o cümlədən əmək
münasibətləri sistemi neft sənayesinin inkişafına
ciddi əngəllər yaradırdı. İkinci Dünya
müharibəsi ərəfəsində və ondan sonrakı
dövrdə hasilatın primitiv
üsullarla durmadan yüksəldilməsi SSRİ-nin əsas xammal və yanacaq
bazası rolunu oynayan mədən sənayesinin, xüsusilə
Azərbaycan neft sənayesinin texniki və texnoloji liderliyi əldən
verməsi, get-gedə dünyanın neft hasil edən digər
ölkələri ilə müqayisədə geriləməsinə
səbəb olmuşdu. Zamanın
çağırışlarına həmişə operativ
reaksiya verməsi ilə tarixdə silinməz izlər
qoymuş Heydər Əliyev 1969-cu ildə respublikanın rəhbərliyinə gələndə
vəziyyəti real qiymətləndirərək,
qarşıya Azərbaycan neft sənayesinin əvvəlki şöhrətini özünə
qaytarmaq, mövcud təbii və intellektual potensialdan səmərəli
istifadə etmək və sektorun dinamik inkişafına nail
olmaq vəzifəsini qoydu. O, mərkəzi
hökumətin diqqətini neft sənayesinin elmi-texnoloji təkmilləşdirilməsi məsələlərinə
yönəldərək, ümumittifaq neft sənayesinin
konseptual inkişaf perspektivlərini müəyyənləşdirən
bir çox təsisatların - elmi-tədqiqat institutlarının,
istehsalat birliklərinin, mühüm strateji müəssisələrin Bakıda cəmləşməsini təmin
edə bildi. 70-80-ci illərdə ulu öndərin rəhbərliyi
ilə neft sənayesinin müasirləşdirilməsi istiqamətində
aparılmış kompleks tədbirlərin nəticələrindən
danışarkən iki məqam üzərində xüsusi
dayanmaq lazım gəlir.
Birincisi,
yaxınmüddətli perspektiv üçün qarşıya
qoyulmuş məqsədlərin
yerinə yetirilməsi idi: yeni yataqlar kəşf olunub istismara
verilmiş, neft ehtiyatları 2 dəfə, qaz ehtiyatları 3 dəfə
artırılmış, mədənlərin yarıdan
çoxu avtomatlaşdırılmış, infrastrukturun yenilənməsi, kadr
potensialının milliləşdirilməsi
və s. sahələr üzrə ciddi irəliləyişə
nail olunmuşdu. Nəticədə SSRİ-nin
neftçıxarma sənayesində Azərbaycanın
öncül mövqeləri qorunub saxlanılmış, eyni
zamanda keçmiş İttifaqın ayrılıqda
götürülmüş bir respublikasında industrial
inkişaf mərhələsinə xas trendlər tətbiq
olunmuş, iqtisadiyyatın yeni əsasda
güclənməsi üçün möhkəm zəmin
yaradılmışdı.
İkinci məqam islahatların strateji
aspektini əhatə edir. Dünyanın XX əsr
tarixini təhlil edərkən biz bu gün aydın şəkildə
görə bilirik ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə Azərbaycanın SSRİ neft sənayesinin
avanqard qüvvəsinə çevrilməsi istiqamətində
aparılmış kifayət qədər riskli, lakin eyni
zamanda son dərəcə cəsarətli və gərgin fəaliyyət,
əslində, gələcəyə hesablanmışdır:
müstəqillik dövründə suveren Azərbaycan dövlətinin
iqtisadi cəhətdən qüdrətlənməsinin təməl
daşları məhz 70-80-ci illərin məqsədyönlü
siyasi addımları ilə qoyulmuşdur. Siyasətçinin
müdrikliyindən və uzaqgörənliyindən
danışırıqsa, bugünkü güclü Azərbaycan
dövlətinin ərsəyə gəlmə tarixi bunun ən
parlaq misalıdır.
Ötən əsrin 90-cı illərində
Azərbaycan dövlət müstəqilliyini bərpa etməsinə
baxmayaraq, hədsiz dərəcədə mürəkkəb və
hətta ilk baxışda çıxılmaz görünən
siyasi reallıqlarla qarşı-qarşıya
qalmışdı. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi, arasıkəsilməyən
xarici təzyiqlər, daxili başıpozuqluq, siyasi çəkişmələr,
elan olunmamış işğalçı müharibə fonunda
hakimiyyət böhranı yaranmış, iqtisadiyyat iflic vəziyyətinə
düşmüşdü. Hələ formal səciyyə
daşıyan gənc dövlətçiliyimiz beşikdəcə
boğulmaq təhlükəsi ilə üzləşmişdi.
Tarixi boyunca bəlkə də ən ağır
sınağa məruz qalmış Azərbaycan xalqının
ümummilli lider Heydər Əliyevin ətrafında sıx
birləşməsi həmin dövrdə ən düzgün
addım, ən doğru seçim oldu. Bu möhtəşəm
qayıdış Azərbaycanın milli nicatına təminat
yaratdı, ölkəni
iflasa uğramaqdan, dünya xəritəsindən silinməkdən
xilas etdi. Siyasi, sosial və iqtisadi xarakter daşıyan dərin
və sistemli böhranın dəf edilməsi, müstəqilliyin qorunub
saxlanılması və möhkəmləndirilməsi,
dövlətin təsisatlandırılması,
uzunmüddətli, etibarlı iqtisadi-siyasi sabitlik
yaradılması kimi kardinal məsələlərin həlli
yollarını araşdıran ulu öndər dünya siyasətində
karbohidrogen resursları uğrunda gedən çoxəsrlik
mübarizədən yararlanmaq qərarına gəldi.
Azərbaycanın həqiqətən
müstəqillik və suverenlik yolunu tutmaq, malik olduğu
yeraltı sərvətlərin sahibi olmaq əzmini
nümayiş etdirən bu güclü siyasi gediş zəruri
resursların defisiti ilə şərtlənirdi: Xəzərin
dərinsulu hissələrindəki yataqlarda istismara başlamaq və
hasil olunacaq təbii sərvətləri dünya bazarlarına
çıxarmaq Azərbaycanın o zamankı imkanları
xaricində idi. Bunun
üçün böyük maliyyə vəsaitinə, yeni
texnologiyalara ehtiyac vardı. Yaranmış
situasiyada optimal çıxış yolu transmilli xarici neft
şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın
qurulmasından keçirdi. Bu, dərin
kataklizmlərlə müşayiət olunan həmin tarixi
dövrün sosial-iqtisadi şərtləri daxilində
müstəsna siyasi iradə və mətinlik, ardıcıl səylər
və yorulmaz fəaliyyət tələb edən, lakin
ümummilli mənafelər baxımından ən uyğun
konseptual yanaşma idi. Ulu öndərin özünəməxsus
siyasi müdrikliklə seçdiyi bu yol həm də gənc
Azərbaycan dövlətinin geosiyasi mövqelərinin möhkəmlənməsinə yönəlmişdi.
Xalqımızın müasir tarixində yeni neft
strategiyası kimi özünə əbədi yer tutmuş həmin
konsepsiyanın məqsəd və məramı sadə və
sadə olduğu qədər də dahiyanə idi: xarici sərmayədarların
köməyi ilə neft-qaz sektorunun gücləndirilməsi, yataqların
birgə istismar olunması, hasil ediləcək xam neftin
dünya bazarlarına çıxarılması və əldə olunacaq
böyükhəcmli maliyyə vəsaitlərini
iqtisadiyyatın digər sahələrinə yönəltmək
yolu ilə sosial-siyasi dirçəlişə nail olunması.
Azərbaycanın yeni neft strategiyası
dünyanın siyasi landşaftının dəyişən mənzərəsi
(qloballaşma, SSRİ-nin süqutu, sosialist düşərgəsinin
dağılması, “ikiqütblü dünya” modelinin
sıradan çıxması və s.) ilə harmonik şəkildə
uzlaşırdı və təbii ki, beynəlxalq birliyin nəzər-diqqətini
cəlb etdi. Lakin bütün geopolitik
başlanğıclar kimi, bu strateji doktrina da ciddi müqavimətlə
rastlaşırdı. Buna baxmayaraq,
zamanın hər üzünü görmüş ulu öndər
Heydər Əliyev bütün sınaqlara, maneələrə
mətanətlə sinə gərdi və tez bir zamanda Qərbin
aparıcı neft şirkətləri ilə
danışıqlara başladı. Artıq 2003-cü ildə - yeni neft
strategiyası ilk bəhrələrini verdikdən sonra
Vaşinqtonda çıxışı zamanı Prezident Heydər
Əliyev həmin hadisələri belə
xatırlamışdı: “Biz 1994-cü ildə neft müqaviləsi
imzalayarkən bu, çoxlarına xülya kimi
görünürdü. Müxtəlif fikirlər,
müxtəlif iddialar var idi və getdikcə bunlar güclənirdi.
Amma biz öz qərarımızda qəti idik.”
Məlum dairələrin təsir və təzyiqləri
altında gərgin bir atmosferdə keçən
danışıqların uğurla nəticələnməsində
və kontraktların imzalanmasında Heydər Əliyev siyasətinin
dərin bilicisi möhtərəm Prezidentimiz İlham Əliyevin
bilavasitə iştirakı və oynadığı müstəsna
rol xüsusi qeyd edilməlidir. Beynəlxalq
biznes mühitinin qanunlarını kamil bir tərzdə mənimsəmiş,
yüksək iqtisadi menecment səriştəsinə, zəngin
diplomatik bilik və bacarığa malik İlham Əliyev əsl
Qərb siyasi təfəkkürü üslubunda
formalaşdırdığı təkzibolunmaz arqumentləri
ilə danışıqlar prosesindəki çətinlikləri
ustalıqla aradan qaldırdı və tərəfdaşları
Azərbaycanın milli maraqlarına uyğun sərmayə
layihəsi imzalamağa razı saldı. Bütün etirazlara,
fikir və mövqe ayrılıqlarına baxmayaraq, Heydər Əliyevin
siyasi qətiyyəti, İlham Əliyevin diplomatik əzmkarlığı
sayəsində son dərəcə sərt geosiyasi
reallıqlara rəğmən, 1994-cü il sentyabrın 20-də
Bakıda, “Gülüstan” sarayında yüzlərlə
yüksək rütbəli yerli və xarici qonağın
iştirakı ilə Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən “Azəri”, “Çıraq”
yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
30 il müddətinə birgə kəşfiyyatı, işlənməsi
və hasilatın bölgüsü üzrə “Əsrin
müqaviləsi” imzalandı. Bu, tarixi əhəmiyyəti
etibarilə Azərbaycan və hətta Xəzər hövzəsi,
postsovet regionu hüdudlarını aşan bir hadisə idi.
Dünya neft sənayesi tarixində yeni bir mərhələnın
başlanğıcı qoyulurdu. “Əsrin müqaviləsi”
XX əsrin ən möhtəşəm qlobal enerji layihələrindən
biri olaraq, Azərbaycanın
zəngin neft salnaməsinin ən parlaq və əlamətdar səhifəsini, ümummilli lider Heydər Əliyevin
yeni neft strategiyasının ana xəttini təşkil edən
epoxal bir sənəd idi.
Artıq həmin dövrdən 19 il keçir. Kontrakt çərçivəsində
qazanılmış nailiyyətlər göz
qabağındadır: ölkə üzrə neft və qaz
hasilatı sahəsində misilsiz yüksəliş qeydə
alınmış, mükəmməl axtarış-kəşfiyyat
və qazma metodlarının tətbiqi nəticəsində Azərbaycanın
proqnozlaşdırılan neft ehtiyatları 4 milyard tona, qaz
ehtiyatları isə 6 trilyon kubmetrə qədər
artırılmışdır. Ölkənin
neft-qaz sektoruna xarici şirkətlər tərəfindən 50
milyard ABŞ dollarına yaxın bir həcmdə sərmayə
qoyulmuş, regional və qlobal əhəmiyyətli 30-dan
çox yeni layihə üzrə işlər
görülmüşdür. Respublikanın
enerji müstəqilliyi tam təmin olunmuş, Azərbaycan təbii
qaz idxal edən ölkədən beynəlxalq miqyasda
mühüm qaz ixracatçısına çevrilmişdir.
Hazırda Xəzər dənizinin Azərbaycan
sektorunda hasil edilən təbii qaz həcmləri
Gürcüstan, Türkiyə, Rusiya, İran və
Yunanıstana ixrac olunur.
Azərbaycanın neft strategiyası sistemli və davamlı xarakter
daşıyır. Bu kursun zəfər təntənəsi
də onun sistemli mahiyyətindən irəli gəlir.
Neft sənayesi zəncir
halqaları kimi sıx bağlı olan yüzlərlə, minlərlə
komponentin ahəngdar qovuşmasından yaranan vahid, monolit
sistemdir. Bu sistemin bir tsiklində atılan
addımlar mütləq o biriləri ilə uzlaşdırılmalıdır.
Neft sənayesi həm də daim yenilənən,
ardıcıl müasirləşən bir sektordur. Burada davamlılıq vacib şərtdir. Heydər
Əliyevin dahiyanə
neft strategiyasının bu qədər uzunmüddətli və
effektiv olmasının başlıca səbəblərindən
biri də sistemlilik və davamlılığın zərgər
dəqiqliyi ilə gözlənilməsidir. Faktlar
və rəqəmlər də fikrimizi sübut edir.
Məlum olduğu kimi, 1970-ci ilə qədər
Xəzər dənizində istifadə olunan texniki vasitələr
dənizin cəmi 40 metrədək dərinliyində işləməyə
imkan verir, perspektiv strukturlar isə daha dərin sahələrdə
yerləşirdi. Ulu öndər əvvəlcə
o dövr üçün mütərəqqi sayılan “Xəzər”
tipli üzən qazma, sonra isə “Şelf” tipli yarımdalma
üzən qazma qurğularının alınmasına nail
oldu. Qazmada səmərəliliyin yüksəlməsi
tezliklə dənizin 80-350 metr dərinliklərində
bir-birinin ardınca adları hazırda bütün dünyada
məşhur olan karbohidrogenlərlə zəngin “Günəşli”
(1979), “Çıraq” (1985), “Azəri” (1987), “Kəpəz”
(1989) kimi yataqların kəşf edilməsinə imkan
yaratdı. Müstəqillik illərində yeni
neft strategiyası çərçivəsində işlərə
başlananda isə artıq daha müasir qurğulara ehtiyac
duyulurdu. Dərinsulu kəşfiyyat bloklarında qazma
işlərini sürətləndirmək üçün 4 nəhəng
qurğunun - “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” və
“Lider”in (Xəzərdəki ən əzəmətli bu
qurğu hazırda ulu öndər Heydər Əliyevin
adını daşıyır) əldə olunmasına o
dövr üçün böyük məbləğdə -
700 milyon ABŞ dollarından artıq sərmayə
qoyulmuşdu. Ötən müddətdə layihələrin həyata
keçirilməsində öz “missiyaları”nı layiqincə
daşımış həmin qurğular bu gün də kəşfiyyat-qazma
işlərində mühüm rol oynayır.
Amma qanunauyğun bir məsələdir ki,
qarşıda duran vəzifələr miqyasına görə
ilbəil dəyişir, böyüyür, innovativ xarakter
alır. Layihə-plan işlərində
uzunmüddətli hədəflər əsas
götürülür. Qarşıdakı
illərdə hasilatın yüksəldilməsi məqsədi
ilə Xəzər dənizi akvatoriyasında neft-qaz əməliyyatlarının
genişləndirilməsi, yeni yataqların
açılması, kəşf olunmuş yataqların sənaye
istismarına başlanılması nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənilməsinin
2-ci fazasına hazırlıq işləri başa
çatmaqdadır. Yeni
açılmış “Abşeron” yatağında kəşfiyyat
işləri davam etdirilməlidir. Azərbaycan
neftçilərinin daxili imkanlar hesabına kəşf etdikləri
və istismarına başladıqları “Ümid”
yatağında yeni quyular qazılmalıdır. Eyni
zamanda “Naxçıvan”, “Babək”, “Zəfər”, “Məşəl”,
“Şəfəq”, “Asiman” və digər perspektivli strukturlarda
axtarış-kəşfiyyat işlərinə start verilməli,
bir sözlə, Xəzər dənizinin Azərbaycan sektorunda
qazmanın intensivliyi artırılmalıdır. Mövcud qurğuların sayı və texniki
imkanları isə məhduddur. Bunu nəzərə
alaraq, növbəti mərhələ üçün dənizin
1000 metrədək dərinliklərində 8-10 min metr qazma
gücünə malik 4 ədəd son nəsil yeni üzən
qazma qurğusunun tikilməsinə qərar verilmişdir.
Sadalanan faktlar, fikrimcə, neft sənayesinin davamlı inkişafı barədə
əyani təsəvvür yaradır. Biz hardan haraya gəlmişik
və hədəflərimiz nədir: ötən əsrin 70-ci
illərində Azərbaycan neftçiləri Xəzər dənizinin
70-80 metr dərinliklərində kəşfiyyat-axtarış
işləri apara bilirdilərsə, bu gün söhbət
1000 metrlik dərinliklərdən gedir.
Uzun illər Xəzər hövzəsində
unikallığını qoruyub saxlamış yeganə neft
donanmasının tarixi də hasilat sənayesinin
inkişafına sistemli yanaşmanın öyrənilməsi
aspektində maraqlı material verir. Ötən əsrin 70-80-ci illərini zəruri
üzən vasitələrlə təminat baxımından Xəzər
Dəniz Neft Donanmasının “qızıl dövrü”
adlandırmaq mümkündür. Həmin
illərdə Donanmanın tərkibində 400-dən çox
gəmi var idi. Unikal borudüzən,
geofiziki-kəşfiyyat, kran gəmiləri, tankerlər yeni
neft strategiyasının uğur qazanmasında əhəmiyyətli
rol oynamışdır. Hələ “Əsrin
müqaviləsi” üzrə danışıqlar gedən zaman
xarici tərəfdaşlar gəmi infrastrukturunun
mövcudluğunu Azərbaycanın mühüm
üstünlüyü kimi vurğulayırdılar. Neft Donanmasının yeniləşdirilməsi xətti
ötən müddətdə ardıcıl davam etdirilmiş,
bu məqsədlə birgə müəssisələr,
alyanslar yaradılmışdır. Lakin
ixtisaslaşmış neft gəmilərinin texnoloji parametrlər
üzrə kardinal yenilənməsi problemi zaman-zaman
bütün kəskinliyi ilə ortaya çıxırdı.
Dəniz daşımaları həcminin
böyüməsi, Hərbi Dəniz Qüvvələrinin, Gəmiçilik
İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin artan
ehtiyacları Bakıda gəmiqayırma zavodunun
inşasını zərurətə çevirirdi. Dövlət Neft Şirkəti bunları nəzərə
alaraq 2010-cu ildə daxili və xarici tərəfdaşları
ilə birlikdə Xəzər dənizində analoqu olmayan belə
bir zavodun tikintisinə başladı. Hazırda
inşaat işləri sona çatmaqdadır. Bu il zavodun məhsulu olan ilk gəminin suya
buraxılması nəzərdə tutulur. Yeni
müəssisə Xəzər hövzəsindəki digər
ölkələrin də müasir tanker və gəmilərə
tələbatının ödənilməsi üçün
mühüm əhəmiyyət kəsb edəcəkdir.
Neft sənayesinin strukturuna nəzər
yetirdikdə hasil olunan karbohidrogenlərin qəbulu,
saxlanılması və dünya bazarlarına
çıxarılması məqsədlərinə xidmət
edən təhlükəsiz ixrac neft və qaz kəmərləri
sistemi, yeraltı qaz anbarları, neft terminalları və s.
infrastrukturların əhəmiyyəti
öz-özlüyündə aydın olur. Çünki
enerji ehtiyatlarının mənimsənilməsi və
istismarı prosesində son məqsəd xammal və məhsulların
istehsalçılara, yaxud istehlakçılara
çatdırılmasından ibarətdir. Neft
strategiyasında bu istiqamətdə davamlı inkişaf məsələlərinə xüsusi yer ayrılması
da bununla bağlıdır.
Sovetlər Birliyində neft sənayesi vahid
ixrac-nəql sistemi üzrə fəaliyyət göstərsə
də, bu sistemin respublika ərazisindəki seqmentləri
strateji əhəmiyyət daşıyırdı.
Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”
çərçivəsində ilk neftin dünya
bazarlarına çıxarılması məhz o dövrdən
mövcud olan Bakı-Novorossiysk kəməri vasitəsi ilə
həyata keçirilmişdi. Bu, müstəqil
Azərbaycanın ixrac-nəql sisteminin formalaşması
istiqamətində ilk uğurlu addım idi və sonrakı
ardıcıl fəaliyyət üçün böyük təkan
oldu. 1997-ci ilin martında Azərbaycan və
Gürcüstan arasında neftin Bakı-Supsa marşrutu üzrə
nəqli haqqında saziş imzalandı və 1997-ci ilin
aprelində uzunluğu 850
kilometr, illik buraxılış gücü 5 milyon ton olan
Bakı-Supsa kəməri, həmçinin Supsa terminalı
istismara verildi. Paralel olaraq böyük neft həcmlərinin nəql
olunması üçün nəzərdə tutulan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin
inşası istiqamətində çoxşaxəli işlərə
başlanıldı və ən müasir mühəndis-texnoloji
fikrin məhsulu olan 1769 kilometr uzunluğunda mürəkkəb
konstruksiyalı bu xəttin tikintisi qarşısında
yaradılan, mahiyyətcə, siyasi xarakterli problemlər də
addım-addım aradan qaldırıldı. Əslində,
BTC-nin bütün çətinlikləri marşrut məsələsi
ilə şərtlənirdi. Bu kəmər
de-fakto Bakını inkişaf etmiş Qərb ölkələri
ilə bağlayan etibarlı enerji körpüsü kimi nəzərdə
tutulmuşdu və odur ki, layihə ətrafında mübahisələr
də geosiyasi səciyyə daşıyırdı. Təsadüfi
deyil ki, 2006-cı ildə kəmərin rəsmən fəaliyyətə
başlaması KİV-də dünya neft sənayesinin
inkişafının dönüş nöqtəsi kimi dəyərləndirildi. BTC-nin əfsanədən reallığa çevrilməsi
dünya istehlakçılarının əlavə enerji mənbəyindən
fasiləsiz neft həcmləri ilə təmin edilməsi ilə
qalmadı, həm də dünyanın xam neftlə təchizatında
monopoliyaya son qoydu. Yeni əsrin əvvəlində
“Şahdəniz” yatağının kəşf edilməsi və
istismara başlaması BTC-nin daha bir önəmini
açıb göstərdi. Belə ki,
“Şahdəniz” qazının nəqli məqsədinə xidmət
edən Cənubi Qafqaz boru kəməri (CQBK) məhz BTC-nin
inşası zamanı əldə olunmuş təcrübədən
yararlanmaqla ona paralel olaraq çəkildi. Bu,
CQBK-nin inşası üçün bir çox texniki
prosedurların aradan qalxması və kəmərin tikinti
işlərinin olduqca qısa müddətdə başa
çatdırılması üçün əlverişli
imkan yaratdı.
1999-cu ildə kəşf olunan, 2006-cı
ildən işlənilən, ehtiyatları 1,2
trln. kubmetr qaz və 240 mln. tondan
artıq kondensat həcmində qiymətləndirilən
“Şahdəniz” yatağı hazırda dəniz
akvatoriyalarında mövcud olan ən iri qaz-kondensat
yataqlarındandır. Bu yataqda hasilatın başlanması ölkənin daxili tələbatını
ödəməyə və xaricdən qaz idxalına son
qoymağa imkan vermiş, Azərbaycanın enerji müstəqilliyi
tam təmin edilmişdir. Hasil olunan qaz Səngəçal
terminalında ilkin emaldan keçirilərək, ümumi
uzunluğu 997 km, ötürmə qabiliyyəti ildə 20 mlrd.
kubmetr təşkil edən CQBK vasitəsi
ilə Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə
Gürcüstana və Türkiyəyə ixrac olunur. Yatağın işlənilməsinin 2-ci mərhələsində
əlavə illik qaz hasilatı həcminin minimum 16 milyard
kubmetrə çatdırılması
planlaşdırılır. Hasil olunacaq həcmlərin
“Cənub qaz dəhlizi” strategiyası çərçivəsində
Avropa ölkələrinə ixrac edilməsi üçün
ciddi iş aparılır. 2011-ci ildə
Bakıda imzalanmış Birgə Bəyannamə bu istiqamətdə
praktiki başlanğıc üçün fundamental zəmin
yaratmışdır. Ümumiyyətlə,
2025-ci ilədək Azərbaycanın ümumi qaz ixrac
potensialının minimum 40-50 milyard kubmetrə
çatdırılması və bunun da çox hissəsinin
Avropa bazarına göndərilməsi nəzərdə
tutulur. CQBK-nin ötürücülük qabiliyyətinin
artırılması üzrə işlər görülsə
də, belə böyük qaz həcmlərinin Avropaya fasiləsiz
nəqlini təmin etmək iqtidarında olan yeni bir kəmərin yaradılması zəruridir. Azərbaycan
Prezidenti İlham Əliyev belə bir qaz-nəql sisteminin
qurulması haqqında təşəbbüs irəli
sürmüş və Transanadolu boru kəməri (TANAP) layihəsinin
müvafiq dəstək almasına nail olmuşdur. Yeni kəmərin
ötürücülük qabiliyyəti ilk mərhələdə
16 milyard kubmetr
təşkil edəcək. Sonradan bu həcmin 30
milyard kubmetrədək artırılması imkanları da nəzərdə
tutulur. Azərbaycan tərəfi hesab edir ki, bu kəmər
“Cənub qaz dəhlizi”nin əsasını təşkil edəcək:
ilk mərhələdə “Şahdəniz”, “Ümid”,
“Abşeron” yataqlarından, habelə mövcud perspektiv
strukturlardan hasil olunan Azərbaycan qazı, ikinci mərhələdə
isə Xəzər dənizi hövzəsi və digər
Şərq ölkələrində çıxarılan təbii qaz həcmləri bu kəmər
vasitəsi ilə nəql olunacaq. Başqa sözlə, Avropa
Birliyi üçün həyati əhəmiyyət
daşıyan “Cənub qaz dəhlizi”nin
möhkəmləndirici əsası rolunu məhz TANAP və
onun operatorluğunu öz üzərinə
götürmüş Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti (ARDNŞ) oynayacaqdır. Beləliklə,
Azərbaycanın neft strategiyası beynəlxalq enerji təhlükəsizliyinə
yönəlmiş qlobal səylərin tam mərkəzində
yer alır. Mövcud ixrac neft və qaz kəmərləri
sisteminin diversifikasiya olunması Xəzəryanı ölkələrdə
hasil olunan enerji daşıyıcılarının tranziti
üçün sabit dəhliz kimi respublikamıza real imkanlar
yaradır.
Ölkə sənayesinin və əhalinin
yanacaq təminatını həyata keçirən, ixrac
öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirən
neft-qaz emalı və neft kimyası kompleksinin inkişafı
da strateji istiqamətlərdən biri kimi daim ulu öndərin
diqqət mərkəzində olmuşdur.
1976-cı ildə Azərbaycan KP MK-nın oktyabr plenumundakı məruzəsində
o, neftayırma zavodlarının yenidən qurulmasını “ən
mühüm problem” adlandırmışdı. Ulu
öndər bu məsələni keçmiş
İttifaqın ən yüksək hakimiyyət
instansiyalarında qaldırmış, emal zavodlarının
köklü şəkildə yenidən qurulması
üçün hökumət qərarları əsasında
böyük vəsait ayrılmasına müvəffəq
olmuşdu. Bu gün müstəqil Azərbaycanın
neft emalı və neft kimyası kompleksinin bütün dominant
qurğuları məhz həmin dövrdə inşa
edilmişdir. 1976-cı ildə “ELOU-AVT-6”, 1980-ci ildə
yüksək oktanlı benzin istehsal edən “Katalitik Riforminq”,
1986-cı ildə “Neftin kokslaşdırılması”,
1993-cü ildə “Katalitik krekinq” qurğuları tikilib
istismara buraxıldı, 1981-ci ildə EP-300, 1982-ci ildə isə
“Polimer-120”
qurğularının təməli qoyuldu. Neft emalında
keyfiyyət dəyişiklikləri sənayenin və ictimai həyatın
digər sahələrində də inkişafa güclü təkan
verdi. Emal zavodlarının istehsal güclərindən səmərəli
istifadə etmək məqsədi
ilə Rusiya və Qazaxıstandan xam neft idxalına
başlanılmış, yükdaşıma həcmləri
artmışdı.
Neft emalı və neft-kimya
qurğularının təkmilləşdirilməsi, mövcud
imkanlar daxilində müasirləşdirilməsi, səmərəliliyin
artırılması, məhsulların keyfiyyətinin yüksəldilməsi
xətti müstəqillik dövründə də
ardıcıl davam etdirilmiş, mühüm nəticələr
əldə olunmuşdur. Lakin ölkənin
ümumi inkişafı
fonunda keyfiyyət standartları ilbəil yüksəlir, əhali və sənayenin
yanacağa ehtiyacı durmadan artır, amma fiziki və mənəvi
cəhətdən köhnəlmiş qurğularla bu
ehtiyacları təmin etmək mümkün deyil, zavodların
mövcud ərazisi isə yeni qurğular tikilməsi
üçün məhduddur. Bu və digər səbəblər müasir standartlara cavab verən
Neft-Qaz Emalı və Neft-Kimya kompleksinin inşasını
labüd edir. Tikinti-quraşdırma mərhələsi
2013-2020-ci illəri əhatə edəcək bu kompleks Azərbaycan tarixində ən
nəhəng sənaye layihəsidir və ölkənin gələcək
inkişafına etibarlı təminat verəcəkdir. Respublikanın ən azı yaxın 50-60 illik gələcəyi
baxımından həyati əhəmiyyət daşıyan bu
layihənin gerçəkləşdirilməsi ARDNŞ-ə
həvalə olunmuşdur. Yüksək
etimadı doğrultmaq üçün bütün qüvvələri
səfərbər etmişik. İstehsal
gücü etibarilə yaxın coğrafi məkanda analoqu
olmayacaq Qaz emalı, Neft emalı, Neft kimyası
zavodlarından, habelə elektrik stansiyasından ibarət
kompleksin inşasına hazırlıq işləri başa
çatmaqdadır. Yeni kompleks neft-qaz emalı və
neft-kimya məhsullarının keyfiyyətinin yüksəldilməsi,
ən yüksək Avropa standartlarına
uyğunlaşdırılması, ölkənin ixrac
potensialının gücləndirilməsi, ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün müstəsna
imkanlar yaradacaqdır.
Neft strategiyasının məzmun və
mündəricəsi spektr etibarilə geniş olsa da,
bütün inkişaf vektorları vahid bir koordinat oxu üzərində
kəsişir ki, həmin düyün nöqtəsini də
müasirləşmə və qloballaşma təşkil edir.
Səbəb aydındır: fəaliyyət sferasının
qloballaşması və durmadan müasirləşməsi
dünya neft sənayesinin ümumi cəhətidir. XXI əsr bu səciyyənin universallaşması
nöqteyi-nəzərindən yeni üfüqlər
açır. Beynəlxalq neft-qaz bazarı o qədər
qloballaşır ki, inkişaf və uğur artıq transmilli
keyfiyyət kəsb edir: bir
ölkənin hüdudları çərçivəsində
qapanıb qalmaq mümkün deyil. Ulu öndərin siyasi
kursunu yeni dövrün hədəflərinə istiqamətləndirən
möhtərəm Prezidentimiz İlham Əliyev cənabları
ARDNŞ qarşısında beynəlxalq miqyasda çevik,
modern, nüfuzlu və rəqabətədavamlı bir qurum kimi
tanınmağı prioritet vəzifə olaraq qoymuşdur. Şirkətimiz
son illərdə bu istiqamətdə çətin, lakin şərəfli
bir yol keçmişdir. Artıq yalnız
Azərbaycanın deyil, regionun, bütün MDB məkanının
ən böyük şirkətlərindən olan ARDNŞ beynəlxalq
bazarlarda iştirak payını artırmış,
coğrafiyasını genişləndirmişdir. Şirkət ölkə hüdudlarından kənarda
iri investisiya proqramları həyata keçirir, cəlbedici
layihələr icra edir, inamlı addımlar atır. Xarici ölkələrdə əldə etdiyimiz
aktivlər Azərbaycan dövlətinin mülkiyyəti olaraq,
dividentlər gətirir, respublikanın iqtisadi
gücünün möhkəmlənməsinə xidmət
edir. Gürcüstanda, Türkiyədə, Ukraynada, Birləşmiş
Ərəb Əmirliklərində, Rumıniyada, nəhayət,
Avropanın mərkəzində - İsveçrədə
ARDNŞ-ə məxsus neft-emal və neft-kimya, logistika kompleksləri,
terminallar, qazpaylayıcı şəbəkələr,
zavodlar, limanlar, neft bazaları, yanacaqdoldurma və texniki servis
məntəqələri üzərində Azərbaycanın
üçrəngli möhtəşəm
bayrağı dalğalanır.
Bu isə iqtisadi səmərə ilə yanaşı, Vətənimiz
Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi
baxımından əlavə imkanlar deməkdir.
Neft sənayesinin yüksəlişi,
iqtisadi resurslar möhtərəm Prezidentimiz İlham Əliyevin
də qeyd etdiyi kimi, “məqsəd yox, vasitədir”.
Olduqca böyük gücə malik həmin vasitə
Azərbaycan xalqının maddi rifah halının durmadan
yüksəlməsinə xidmət göstərir. Neft strategiyası yarım əsrə yaxındır
ki, cəmiyyət həyatının bütün sahələrinə
inkişaf və tərəqqi bəxş edir, ümummilli
yüksəlişin etibarlı bazisi rolunu oynayır. Bu sektordan gələn gəlirlər genişhəcmli
sosial-iqtisadi proqram və layihələrin həyata
keçirilməsində başlıca maliyyə
qaynağıdır. Neft gəlirlərinin insan
kapitalına transformasiyası, samballı ictimai sərmayə
mənbəyinə çevrilməsi həm Neft Fondu, həm
dövlət büdcəsi, həm də ARDNŞ-in maliyyə
imkanları vasitəsilə paralel şəkildə davamlı
olaraq həyata keçirilir. Ölkənin ən böyük
vergi ödəyicisi olan Şirkətimiz büdcə ödəmələri
ilə yanaşı, öz maliyyə vəsaitləri
hesabına ölkədə aparılan sosial-iqtisadi inkişaf
proqramlarında, o cümlədən yoxsulluğun azaldılması,
işsizliyin aradan qaldırılması proqramlarında, mədəni, elmi və ekoloji
proqramların həyata keçirilməsində yaxından
iştirak edir və mübaliğəsiz demək olar ki,
bütün bu prosesdə aparıcı rol oynayır.
“2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən həyata keçirilən Azot
gübrəsi-karbamid istehsalı zavodu ARDNŞ tərəfindən
inşa olunur. Təməli 2011-ci ilin
dekabrında dövlətimizin başçısı cənab
İlham Əliyev tərəfindən Sumqayıtda qoyulmuş
zavodun tikinti işləri müasir texnologiyalar əsasında
həyata keçirilir. Ammonyak istehsalı,
karbamid mayesi və əmtəəlik karbamid istehsalı
bölmələrindən ibarət olacaq zavodun istismara
buraxılması ilə ARDNŞ həm də kənd təsərrüfatının
inkişafına ciddi dəstək verəcəkdir.
Şirkət yerinə yetirdiyi sosial layihələrdə
yeni, daha müasir standartlar yaradılmasına xüsusi diqqətlə
yanaşır. “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramına (2004-2008-ci illər)” və “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər Proqramı”na əsasən, ARDNŞ-in maliyyə
vəsaiti hesabına Lənkəran, Şirvan,
Naxçıvan, Bərdə, Gəncə, Qazax, Qəbələ,
Zaqatala, Quba, Şamaxı, Cəlilabad və digər şəhərlərdə
tikilib istifadəyə verilmiş regional müalicə-diaqnostika
mərkəzləri buna bariz nümunədir. Avropa, Amerika və
Yaponiya şirkətlərinin istehsalı olan ən müasir
tibbi avadanlıqlarla təchiz edilmiş, Azərbaycan səhiyyəsinin
inkişafında bütöv bir mərhələ
açmış, bölgələrimizə yeni səhiyyə
xidməti mədəniyyəti gətirmiş bu mərkəzlər
qısa bir zamanda əhalinin
etimadını qazanmışdır. Şirkət
eyni zamanda ölkədə təhsil sisteminin
inkişafını diqqət mərkəzində saxlayır,
gənc neftçi mütəxəssislərin hazırlanması
məqsədi ilə müxtəlif təqaüd proqramları
həyata keçirir. Heydər Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın bilavasitə təşəbbüsü
və rəhbərliyi ilə reallaşdırılan “Yeniləşən
Azərbaycana yeni məktəb” proqramına mühüm
töhfələr verən ARDNŞ tərəfindən indiyədək
Balakən, Zaqatala, Lerik, Qusar, Goranboy, Ağsu, Göygöl
rayonlarında və Bakı şəhərində onlarla yeni
məktəb binaları inşa edilmiş, əsaslı təmir
olunmuş, müasir səviyyədə komplektləşdirilmişdir.
Elm Fondunun təsis olunması, Bakı Ali Neft Məktəbi
kimi yeni tipli tədris mərkəzinin yaradılması bir daha
göstərir ki, neft strategiyası ölkə həyatının
bütün sahələrini əhatə edir. Şirkət bundan sonra da Azərbaycanın
sosial-iqtisadi inkişaf proseslərində fəallığını
artıracaq, təhsilin, səhiyyənin, elmin, mədəniyyətin,
idmanın yüksəlişinə sərmayə yatırmaqda
davam edəcəkdir. Çünki bu fəaliyyətin
hədəfi Azərbaycanın daha işıqlı gələcəyi,
xalqımızın maddi rifahının durmadan yüksəlməsidir.
Dövlətimizin başçısı
İlham Əliyev cənabları neftçilərə
inamını dəfələrlə
vurğulamışdır: “Mən əminəm ki, bu gün
dünyanın aparıcı enerji şirkətləri
sırasına daxil olmuş Azərbaycan Dövlət Neft
Şirkəti gələcəkdə də öz
imkanlarını genişləndirəcək, ölkəmiz
üçün lazım olan yeni layihələri uğurla
icra edəcəkdir”. Neftçilərimizin daha
böyük qələbələr naminə göstərdikləri
əzmkarlıq da məhz bu inamdan qaynaqlanır. Zəngin tarixi ənənələrə malik neft sənayemiz
əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham
Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən
inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində
daha uca zirvələr fəth edəcək, öz şərəfli
salnaməsinə yeni-yeni zəfərlər yazacaqdır.
Ölkəmizdə gündən-günə vüsət alan, məramı xalqımızın rifah
halının daha yüksəklərə
qaldırılması, Azərbaycanın inkişaf etmiş
ölkələr sırasında layiqli yerinin təmin edilməsi
olan genişmiqyaslı quruculuq işləri Heydər Əliyev
neft strategiyasının dünənki, bugünkü və gələcək
təntənələrinin bariz nümunəsidir.
Rövnəq
Abdullayev,
Milli Məclisin
deputatı,
ARDNŞ-in prezidenti
İki
sahil.- 2013.- 9 may.- S.12-14.